Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1272/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Z.Y.Ələkbərovun iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqı və gecikməyə görə ödənc tələbi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqı və gecikməyə görə ödənc tələbi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh onunla xx.xx.2019-cu il tarixdə EA-180/2019 saylı əmək müqaviləsi bağlayaraq fırıncı vəzifəsinə işə götürmüşdür. Əmək haqqı məbləği onun "xxxx"da açılmış əmək haqqı kartına cavabdehin bank hesabından köçürmələr olunmuşdur. Sonradan əmək müqaviləsinə dəyişiklik edərək əmək haqqının 1679,10 manat olması və əvvəlki əmək müqaviləsinin qüvvədən düşməsi barədə rəsmi razılaşmalar olmuşdur. Dəyişiklik olan müddətdə də cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqları var idi. Bununla bağlı iradları bildirəndə qalıq pulların birdəfəlik ödəniləcəyinə söz vermişlər. Əmək müqaviləsinə xitam verildikdən sonra da ödənilməmiş əmək haqqı qalığı qalmışdır. Həmin vaxtdan bu vaxta qədər rəsmi qaydada müraciət etsə də, ödənişləri ödəyəcəklərinə söz versə də, bu barədə heç bir müsbət nəticə əldə olunmamışdır. Əksinə həmin vəsaitin cavabdehdə qalması onun maddi və mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Artıq həmin müddətdən ona məlum olmuşdur ki, cavabdeh ona yalan vədlər verərək onun hüquqlarının bərpası üçün heç bir ödəniş etmək istəmir. Cavabdeh üzərinə düşdüyü öhdəliyi yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hətta həmin pul vəsaitini ona vaxtında ödəmədiyi üçün müəyyən çətinliklərlə üzləşmişdir ki, bu da onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Odur ki, cavabdeh ona maddi ziyandan başqa mənəvi zərərin əvəzi 10.000 manat məbləğində ödəməyə borcludur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehdən onun xeyrinə ödənilməmiş əmək haqqının ödənilməsi, məhkəmə qətnaməsi icra olunan günədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində pul vəsaitinin tutularaq ona verilməsi, mənəvi zərərin əvəzi olaraq 15.000 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MMC-nin əvvəlki direktoru olmuş Elruz Fətiyev ilə EA-180/2019 saylı əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı pide ustası kimi işə qəbul olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə əlavə edilmiş ******* saylı əmək kitabçasından da görünür ki, ona xx.xx.2019-cu il tarixdən kitabça açılmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş bank çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq ayda iki dəfə olmaqla 750 manat pul köçürülüb. Göründüyü kimi, cavabdeh əvvəlki rəhbərliyin dövründə avans şəklində pullar alıb. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma əlavə edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi ilə əmək haqqı ilə bağlı razılaşmaları 2019-cu ildən başlanmış, əmək haqqında dair dəyişiklər 2021-ci ildə baş verdiyindən xəbəri olmuşdur. Eyni zamanda bildirmək istəyir ki, İddiaçı işlədiyi “Pidem” struktur vahidi ictimai iaşə məkanına aiddir və “Dəniz Moll” iri ticarət mərkəzində fəaliyyət göstərir. Covid-19 ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx.xx.2020-ci il tarixli qərarına əsasən, xx.xx.2020-ci il tarixdən həmin qərarının 2 saylı əlavəsində nəzərdə tutulmuş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə, habelə iri ticarət mərkəzlərinin nəzdindəki ictimai iaşə məkanlarının fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə“ xx.xx.2020-ci il tarixli 178 nömrəli qərarının 1.13 bəndinə əsasən xx.xx.2020-ci il tarixdən iri ticarət mərkəzlərinin nəzd indəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatların və ictimai iaşə məkanlarının fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikasının Navzirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.2.2-ci bəndinə əsasən, 2021-ci ilin 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilmişdir. Yuxarıda qeyd olunan səbəblər üzündən, işçi öz əmək funksiyaları 2020-ci ilin 31 mart tarixindən 2021-ci ilin iyun 10-a qədər yerinə yetirə bilməmişdir. Bundan əlavə, əmək funksiyalarının xüsusiyyətləri nəzərə alaraq, evdən, habelə distant (məsafədən) iş və ya teleiş formasında işlənməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının ərazisində xüsust karantin dövründə iş rejiminin tənzimlənməsi barədə xx.xx.2020ci il tarixli 122 saylı qərarı ilə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə tövsiyyə edilsə də məcbur edilməmişdir. Yuxarıda qeyd edildiyi müddət ərzində işçi işləməyinə baxmayaraq, Cavabdeh MMC koronavirus (Covid-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyini almasa da öz məhdud maliyyə imkanları çərçivəsində işçilərə dəstək olmaq üçün müəyyən ödənişləri həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində müraciət edə bilər. Nəzərə alınsa ki, İddiaçı əmək haqqı 2019-cu ildən verilməyə başlanılmış, eyni zamanda 2021-ci ildə əmək müqaviləsinə müvafiq dəyişiklik edilməsindən xəbərdar olması və cavabdeh tərəfindən, əgər həqiqətən hüquqları pozulmuşdursa, o zaman iddiaçı həmin tarixdən aşkar etdiyi üçün 1 il ərzində məhkəməyə müraciət etməli idi. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən pul tələbləri üzrə iddia müddəti 1 il müəyyən edilmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı könüllü surətdə ərizə yazaraq əmək haqqının bir hissəsinin kəsilməsinə etirazı olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın əsassız olması və iddia müddətinin buraxılmasını nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin pide ustası vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə “İşəgötürən” qismində Cavabdeh MMC ilə “İşçi” qismində Geyik Ozgur arasında bağlanmış xx.xx.2019-cu il tarixli, EA-180/2019 saylı əmək müqaviləsinin surətindən görünür ki, Geyik Ozgur Cavabdeh MMC-nin pide ustası (Pidem Restoranı) peşəsinə işə qəbul edilmişdir. Bu Müqavilə xx.xx.2019-cu il tarixədək bağlanılır. İşçinin tam əmək haqqının aylıq miqdarı 1660,34 manat təşkil etmişdir. Əmək haqqı hər ay işçinin Azərbaycandakı bank hesabına köçürülmə yolu ilə ödənilir. İş üzrə “İşəgötürən” qismində Cavabdeh MMC ilə “İşçi” qismində Geyik Ozgur arasında bağlanmış 180/2019 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 180/2019-3 saylı xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmasından görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdən etibarən işçinin əmək haqqının 1679,10 manat təşkil etməsi, bu razılaşmanın qüvvəyə mindiyi müddətdən EA-180/2019 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 7.1-ci maddəsinin qüvvədən düşmüş hesab edilməsi barədə razılığa gəlmişlər. İş üzrə "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 49.354,63 manat əmək haqqı ödənilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən həmin MMC-də pide ustası vəzifəsində işləyən Geyik Ozgura ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, onunla Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, EA-180/2019 saylı əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitəcəkdir. Bildirmək istəirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndini əsas gətirərək (əmək müqaviləsinin müddətinin qurtarması) onunla bağlanılmış xx.xx.2019-cu il, EA-180/2019 saylı əmək müqaviləsinin müddəti uzadılmayacaqdır və xx.xx.2022-ci il tarixdə xitam veriləcəkdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 71.2-ci maddəsinə əsasən əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azzərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respblikasının ərazisini tərk etməlidir. Cavabdeh MMC-nin rəhbərliyi adından işlədiyi dövrdə göstərdiyi fəaliyyətə görə təşəkkür edir. İddiaçı xx.xx.2022-ci il tarixdə bildirişlə tanış olmuşdur. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli BHG-TE22/071 saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin pide ustası Ozgur Geyik xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarmasına görə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Ozgur Geyikə 86,3 istifadə edilməmiş məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi və son haqq-hesabının ödənilməsi müvafiq qaydada təmin edilməsi əmr edilmişdir. Əsas kimi əmək müqaviləsinin müddətinin qurtarması haqqında xx.xx.2022-ci il tarixli HR-016/22 nömrəli bildirişi qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ozgur Geyikə Cavabdeh MMC tərəfindən 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayına qədər əhatə edən dövr üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Araşdırma nəticəsində Ozgur Geyik tərəfindən imzalanmış Covid-19 pandemiyası ilə əlaqədar iş yerlərinin qorunub saxlanılması və restoran biznesinin davamlı fəaliyyət göstərməsi üçün əmək haqqının müvafiq hissəsinin tutulmasına dair razılıq ərizəsi aşkar olunmuşdur. Bundan əlavə, Cavabdeh MMC-nin baş direktorunun Covid-19 pandemiyasının yaratdığı fəsadları nəzərə alaraq, təcili təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 1 nömrəli və xx.xx.2020-ci il tarixli 7 nömrəli əmrlər mövcuddur. İş üzrə "xxxx" ASC-nin hesabdan çıxarışdan görünür ki, İddiaçı 2020-ci ilin aprel-may ayları üçün 1500 manat, 2020-ci ilin iyun-noyabr ayları üçün 1200 manat, 2020-ci ilin noyabr-2021-ci ilin may ayları üçün 750 manat əmək haqqı ödənilmişdir. İş üzrə İddiaçı tərəfindən yazılmış ərizənin surətindən görünür ki, o, Covid-19 Qlobal Pandemiyası ilə əlaqədar olaraq şirkətin çəkdiyi maddi zərəri anlayaraq, bu müddətdə iş yerlərinin qoruyub-saxlanılması və restoran biznesinin davamlı fəaliyyət göstərməsi üçün, növbəti ayların əmək haqqından bir hissəsinin kəsilməsinə etiraz etmir. İş üzrə Cavabdeh MMC-nin baş direktorunun “Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixindən etibarən iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyətinin müvəqqəti dayandırılması göstərişinə və Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 122 saylı Qərarına əsasən fəaliyyətinə icazə verilməyən sahələr – iri ticarət mərkəzləri və “Pidem” şəbəkəsinin yerləşdiyi “Mall”arn fəaliyyətinin dayandırılmasını nəzərə alaraq, iş yerlərinin saxlanılması lakin gəlir olmadığı müddətdə böhranın idarəedilməsi məqsədilə, təcili təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli 7 No-li əmrdən çıxarışından görünür ki, Cavabdeh MMC-nin “28 Mall”, “Gənclik Mall” və “Dəniz Mall”da yerləşən “Pidem” şəbəkəsində fəaliyyət göstərən əməkdaşlarının əmək haqları 2020-ci ilin noyabr və dekabr aylarında 50%-la ödənilməsi əmr edilmişdir. İş üzrə Cavabdeh MMC-nin baş direktorunun “Covid-19 Qlobal pandemiyasının yaratdığı fəsadları nəzərə alaraq, iş yerlərinin saxlanılması lakin gəlir olmadığı müddətdə böhranın idarəedilməsi məqsədilə, təcili təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsinə dair” xx.xx.2020-ci il tarixloi 1 No-li əmrdən çıxarışından görünür ki, Cavabdeh MMC-nin Restoran bölməsinin əməkdaşlarına əmək haqları 4 ay müddətinə (may, iyun, iyul, avqust) 30% və 60% olmaqla azaldılması, əmrin may, iyun, iyul, avqust aylarına şamil edilməsi əmr edilmişdir. İş üzrə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/9/2023-00937 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ödənilməmiş əmək haqqı tələbi və gecikdirməyə görə ödənc tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar da rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış və həmin əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh şirkətə pide ustası (Pidem restoranı) vəzifəsinə 1660,34 manat aylıq əmək haqqı ilə işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmaya əsasən iddiaçının əmək haqqı 1679,10 manat təşkil etmiş, müvafiq ödənişlər çıxıldıqdan sonra iddiaçıya hər ay 1500 manat məbləğində əmək haqqı verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “Covid-19” pandemiyasının yaratdığı fəsadları nəzərə alaraq, iş yerlərinin saxlanılması lakin gəlir olmadığı müddətdə böhranın idarəedilməsi məqsədilə Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən Restoran bölməsinin əməkdaşlarına əmək haqları bir neçə ay müddətinə 30% və 60% olmaqla azaldılması barədə əmr qəbul edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən səlahiyyətinə icazə verilməyən sahələr – iri ticarət mərkəzləri və “Pidem” şəbəkəsinin yerləşdiyi “Mall”arın fəaliyyətinin dayandırılmasını nəzərə alaraq, iş yerlərinin saxlanılması lakin gəlir olmadığı müddətdə böhranın idarəedilməsi məqsədilə Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən “28 Mall”, “Gənclik Mall” və “Dəniz Mall”arda yerləşən “Pidem” şəbəkəsində fəaliyyət göstərən əməkdaşlarının əmək haqları bir neçə ay müddətində 50%-la ödənilməsi barədə əmr qəbul edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “Covid-19” pandemiyası ilə əlaqədar iş yerlərinin qorunub saxlanılması və restoran biznesinin davamlı fəaliyyət göstərməsi üçün əmək haqqının müvafiq hissəsinin tutulması dair razılıq ərizəsi imzalanmışdır. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayına qədər əhatə edən dövr üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı əmək müqaviləsinin müddətinin qurtarmasına görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh arasında olan razılaşmaya əsasən əmək müqaviləsinə dəyişiklik edilmiş və onun əmək haqqının 1679,10 manat müəyyən olunmuşdur. Dəyişiklik olan müddətdə də cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqları var idi. Bununla bağlı iradlarını bildirəndə qalıq pulların birdəfəlik ödəniləcəyinə söz vermişlər. Əmək müqaviləsinə xitam verildikdən sonra da ödənilməmiş əmək haqqı qalığı qalmışdır. Cavabdeh ona yalan vədlər verərək onun hüquqlarının bərpası üçün heç bir ödəniş etmək istəmir. Həmin pul vəsaitini ona vaxtında ödəmədiyi üçün müəyyən çətinliklərlə üzləşmiş, bu da onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən iddiaçı cavabdehdən onun xeyrinə ödənilməmiş əmək haqqının ödənilməsi, məhkəmə qətnaməsi icra olunan günədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində pul vəsaitinin tutularaq ona verilməsi, mənəvi zərərin əvəzi olaraq 15.000 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). AR Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının pozulması ilə bağlı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx.xx.2020-ci il tarixli 122No-li qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılması, eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən Covid-19 pandemiyasının yaratdığı fəsadları nəzərə alaraq təcili təxirəsalınmaz tədbirlər planının həyata keçirilməsinə dair əmrlər qəbul edilmiş, əməkdaşlarının əmək haqlarının pandemiya dövründə 30%-50%-la ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, dünyada baş verən pandemiya ilə əlaqədar işçilərin əmək fəaliyyətinin həyata keçirilməsi müvəqqəti məhdudlaşdırıldığından, Azərbaycanda da bununla əlaqədar müvafiq orqanlar tərəfindən tövsiyə xarakterli qərarlar qəbul edildiyindən cavabdehin qeyd edilən halla bağlı gördüyü tədbirlər təqdirəlayiq hesab edilməlidir. Məhkəmə mülki iş üzrə mühasibatlıq ekspertizası təyin etsə də, ekspert təqdim olunan sənədlər əsasında tədqiqat aparılmasının mümkün olmaması qənaətinə gələrək, ekspertizanın aparılmasından imtina etmişdir. Lakin məhkəmə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 2020-ci ilin aprel-may ayları üçün 1500 manat, 2020-ci ilin iyun-noyabr ayları üçün 1200 manat, 2020-ci ilin noyabr-2021-ci ilin may ayları üçün 750 manat əmək haqqı verilmiş, bu hal isə sadə arifmetik hesabatı ilə ödənilməmiş əmək haqqının 7050 manat təşkil etməsi anlamına gəlir. Məhkəmə tərəfindən həmçinin iddiaçının Covid-19 pandemiyası ilə əlaqədar iş yerinin qorunub saxlanılması və restoran biznesinin davamlı fəaliyyət göstərməsi üçün əmək haqqının müvafiq hissəsinin tutulmasına dair razılığının olması müəyyən edilmişdir. Yəni iddiaçının əmək haqqının kəsirlə verilməsinə dair iradə ifadəsi olmuşdur. Məhkəmə qeyd edir ki, iradə - insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Beləliklə cavabdeh təşkilat tərəfindən ölkədə baş verən pandemiya ilə əlaqədar iş yerlərinin saxlanılması, lakin gəlir olmadığı müddətdə böhranın idarəedilməsi məqsədilə həmin müddət üçün də əmək haqqının (müəyyən bir hissəsinin) verilməsi ilə bağlı qərar qəbul edilməsini, iddiaçıya 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayına qədər əhatə edən dövr üzrə müvafiq ödənişlər həyata keçirilməsini və iddiaçının bununla bağlı razılığın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ödənilməmiş əmək haqqının ödənilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məhkəmə qətnaməsi icra olunan günədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində pul vəsaitinin tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Cavabdehin nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayına qədər olan müddət ərzində ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ödənilməsi ilə əlaqədar olduğundan, əmək haqqı ilə bağlı mübahisənin həlli üçün isə qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan 1 ildən əvvəlki müddət üçün ödənilməyən əmək haqqının tələb edilməsi ilə bağlı iddia tələbi,eyni zamanda iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar da təmin edilməməlidir. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürdüyündən, həmçinin qaldırılan iddia tələbinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzi kimi 15.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərində işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 196-cı maddəsinin 5-ci bəndinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya qarşı mənəvi ziyan vurulmasına əsas olan hər hansı əməllərə və ya hərəkətlərə yol verməsi müəyyən edilmədiyindən, iddia tələbi 15.000 manat mənəvi ziyanın tutulması hissəsində də təmin edilməməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən onun xeyrinə ödənilməmiş əmək haqqının ödənilməsi, məhkəmə qətnaməsi icra olunan günədək gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində pul vəsaitinin tutularaq ona verilməsi, mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1272/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1272/2023
28.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver