Məhkəmə qərarları › İş №2(009)-1276/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1276/2024

24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1276/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlu Ərizəçi hüquqi əhəmiyyətli faktın - anadan olma faktının müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın - anadan olma faktının müəyyən barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, xüsusi icraat qaydasında işlər üzrə məhkəmənin vəzifəsi hüquqi əhəmiyyətli olan faktların mövcud olub-olmamasını, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanların və notariat orqanlarının həyata keçirdikləri hərəkətlərin hüquqauyğun olub-olmamasını təsdiq etməkdən, habelə itirilmiş müəyyən növ sənədlərə hüquqları bərpa etməkdən, habelə şəxsin hüquqi statusunu müəyyən etməkdən və s.-dən ibarətdir. Xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan və hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hakim qeyd edir ki, qanunla hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsinə o halda yol verilir ki, şəxsin doğumu ilə bağlı hər hansı akt qeydi icra edilməmiş olsun. Lakin ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, onun anasının doğumu Ermənistan Respublikasında qeyd edilmişdir, lakin həmin doğum haqqında şəhadətnamə itirildiyi üçün hazırda doğum haqqında yeni şəhadətnamə əldə edə bilmir. Hakim digər tərəfdən edir ki, ərizəçinin anasının doğum akt qeydi Ermənistan Respublikasının Yerevan şəhərində qeyd olunduğu üçün o, anadan olma faktının müəyyən edilməsi ilə bağlı deyil, doğumun qeyd edilmə faktının müəyyən edilməsi (doğum akt qeydlərinin bərpa edilməsi) ilə bağlı məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3№-li qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Hakim eyni zamanda qeyd edir ki, ərizəçi qeyd edilən faktın müəyyən edilməsini onun üçün hüquqi əhəmiyyətli olması ilə əsaslandırmışdır. Lakin konkret həmin faktın ona nə məqsəd üçün lazım olması açıqlanmamışdır. AR MPM-nin yuxarıda qeyd edilən normasında (Maddə 310.1) hüquqi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu konkret göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3№-li qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir (Bənd 1.3) . Digər tərəfdən ərizəçi ərizəsinin giriş hissəsində anasının xx.xx.1946-cı ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmasını qeyd etsə də, xahiş etdim hissəsində anasının doğum tarixinin xx.xx.2024-cü il olması qeyd edilmişdir. Yəni doğum tarixləri ərizədə fərqli qeyd edilmişdir. Beləliklə hakim izah edir ki, ərizəçi anadan olma faktının müəyyən edilməsi ilə bağlı deyil, doğumun qeyd edilmə faktının müəyyən edilməsi (doğum akt qeydlərinin bərpa edilməsi) ilə bağlı məhkəməyə müraciət etmədiyindən, həmçinin qeyd edilən faktın ona nə məqsəd üçün lazım olması konkret göstərilmədiyindən, ərizədə doğum tarixləri barədə fərqli məlumatlar qeyd edildiyindən ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın - anadan olma faktının müəyyən edilməsi barədə ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar