Məhkəmə qərarları › İş №2(009)-128/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-128/2023

05.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-128/2023 05.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Çernovski küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə (Bakı şəhəri, Səbail rayonu, ÇERNYAXOVSKİ, Ev-16/A) köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Çernovski küçəsi, mənzil 22 (Bakı şəhəri, Səbail rayonu, ÇERNYAXOVSKİ, Ev-16/A) ünvanından iddiaçını və 2 övladını qovub. Bu mənzil həyat yoldaşının adına olmağına baxmayaraq burada tikinti işləri aparıb və onun təkidi ilə Cavabdeh adına qeyd etdirib. Hal-hazırda o və övladları anasına aid 1 otaqlı yataqxanada məcburiyyət qarşısında yerləşməli olublar. Onkoloji xəstəlikdən əziyyət çəkir, imkansız və köməksiz vəziyyətdədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı onu aldadıb, ona görə də onlar boşanmışlar. Onu döydüyünə görə isə mühafizə orderi var. Onlar bir yerdə yaşaya bilməzlər. Yeni mənzil almaq məsələsində iddiaçıya güvənmir. Ev və torpağa dair heç bir sənəd yoxdur. Köhnə jek evidir. Çapayevdə yaşayırdılar, atası da orada yaşayırdı. Sonra işləyib bu evi 240 manata almışdır. İddiaçı ilə 2014-cü ildə boşanmışlar. Boşanmadan sonra bir evdə yaşamışlar. Dekabr ayında evdən çıxıb getmişdir. O tutulduğundan 1 ay 17 gün həbsxanada olmuşdur. Hal-hazırda bu evdə yaşayır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan kommunal xidmətləri ödəmək haqqında məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, ÇERNYAXOVSKİ, Ev-16/A ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı kommunal xərclər onun tərəfindən ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, ÇERNYAXOVSKİ, Ev-16/A ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin ev özbaşına tikilidir, dövlət reyestrində hüquqi qeydiyyatdan keçməmişdir, özbaşına tikili hazırda sökülməyib və mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə hesab edir ki, qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyil. Məhkəmə iclasında cavabdeh məişət zorakılığı ilə bağlı mühafizə orderi verildiyindən onların bir evdə yaşamasının mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, bu qərar iddiaçının köçürülməsini istisna edə bilməz sadəcə icra mərhələsində nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Beləliklə məhkəmə yaranmış hazırkı vəziyyətdə, belə nəticəyə gəlir ki, özbaşına tikiliyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasada, MM-in 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin köçürülməsinə qadağalar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Çernovski küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinə (Bakı şəhəri, Səbail rayonu, ÇERNYAXOVSKİ, Ev-16/A) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar