Məhkəmə qərarları › İş №2(009)-1292/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1292/2021

17.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1292/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi H.E.Cəlilovun iştirakları ilə İddiaçı cavabdeh “X2” MMC-yə qarşı əmək haqqının, maddi və mənəvi təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı əmək haqqının, maddi və mənəvi təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayından etibarən “X2” MMC-yə məxsus restoranda baş aşbaz vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə əmək haqqı 1000 manat idi. Maaşının bir hissəsini əldən, bir hissəsini isə kart vasitəsi ilə alırdı. Həmin restoranda çalışdığı müddət ərzində daima məsuliyyətlə yanaşaraq, etdiyi vəzifənin öhdəsindən layiqingə gəlməyə çalışmış, buna görə də kollektivin hörmətini qazanmışdır. “X2” MMC-yə işə düzələrkən onunla bir müddət sonra əmək müqaviləsi bağlanacağını bildirsələr də, onunla əmək müqaviləsi bağlamamışlar. Müqavilə bağlanmasını tələb etdikdə isə, “onsuzda əmək kitabçanız var müqaviləyə nə ehtiyac varki?” demişlər. Bununla da bütün işçilər kimi onun da əmək hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonar isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsindən səfərbərliyə cəlb edilmiş və 2-ci Qarabağ Müharibəsində iştirak edərək torpaqlarının işğaldan azad edilməsində iştirak etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə ona məlum olmuşdur ki, onu və ondan başqa bir neçə iş yoldaşlarını hərbi xidmətdə olduqları müddətdə onların məlumatları olmadan işdən azad etmişlər. Həminin cavabdeh müəssisə onlara heç bir məlumat vermədən onların adları ilə müqavilə bağlamış və onu həmin müqavilədə aşbaz olaraq göstərmiş, əmək haqqını isə 300 manat göstərmişdir. Bütün bu qanunsuzluqlarla bağlı həm cavabdehə, həm də müvafiq qurumlara müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Bütün bu olanlarla bağlı Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə müraciət etmiş və məsələ ilə bağlı izahat vermişdir, lakin qanuni müraciətləri cavabsız qalmışdır. “X2” MMC-nin qeyri-qanuni hərəkətinin nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “X2” MMC-nin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona haqsız yerə işdən çıxarıldığı və 3 aydır işsiz olduğu üçün 3000 manat məbləğində işsizlik təzminatı, 500 manat məbləğində əlavə işlədiyi saatların əvəzi, səfərbərlikdə olduğu müddətdə ödənilməli olan maaşının əvəzi olaraq 2000 manat, 3000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 8500 manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdeh “X2” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onunla əmək müqaviləsi bağlanılmamış, o əmək müqaviləsinə imza atmamışdır. 300 manata heç kim heç yerdə aşbaz işləməz. Onun əmək haqqısı 1000 manat təşkil etmişdir. Doğrudur karta dekabr ayınadək pul yüklənmiş, lakin həmin məbləğ onun real əmək haqqı məbləğindən azdır. Əmək müfəttişliyinin araşdırması nəticəsində MMC inzibati məsuliyyətə cəlb olunmuşdur ki, ona son haqq-hesab vermədiyi üçün. Ondan sonra cavabdeh son-haqq hesab vermişdir. Hesab edir ki, idia tələbində tələb etdiyi məbləğlər ona verilməlidir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi “X2” MMC-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı 03.09.2020-ci il tarixdə aylıq əmək haqqı 300 manat olmaqla 31.12.2020-ci il tarixədək müddətli əmək müqaviləsi ilə aşbaz vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edilmişdir. İşə qəbul olunduğu və işdən azad olunduğu vaxtadək bütün aylar üzrə iddiaçıya əmək haqqı ödənilmişdir. Məhkəməyə təqdim etdiyi ödəniş tapşırığı ilə bu tam təsdiq olunur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi mövcud olmuşdur, lakin iddiaçı müxtəlif orqanlara şkayət etmiş, bu şikayət əsasında aparılan araşdırma zamanı cəmiyyətin keçmiş işçisi olan Faiq Mirzəyev seyfdən sənədləri götürmüş, lakin sonradan həmin əmək müqaviləsi tapılmamışdır. Eyni zamanda iddiaçı işə qəbul olunduğu tarixdə onun əmək müqaviləsi bildirişində müvafiq qeydiyyat aparılmışdır. İddiaçı ilə əmək haqqının 1000 manat olması barədə hər hansı razılıq mövcud deyil. İddiaçı 300 manat əmək haqqı ilə işə qəbul edilmişdir, bütün əmək haqqı və təzminatları ödənilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə 03.09.2020-ci il tarixli K/09 saylı əmrə əsasən İddiaçı 03.09.2020-ci il tarixdən “xxxx” MMC-yə aşbaz vəzifəsinə təyin edilmişdir. İş üzrə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı “xxxx” MMC-yə 03.09.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək aşbaz vəzifəsinə təyin edilmiş və əmək haqqı məbləği 300 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəməyə təqdim edilmiş əmək haqqı cədvəlindən belə məlum olur ki, 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün İddiaçı əmək haqqı ödənilmişdir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, 03.09.2020-ci il tarixdə “X2” MMC-yə aşbaz vəzifəsinə işə qəbul edilmiş və 30.12.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli 264 No-li arayışın kserosurətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, 28.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 08.11.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan “E-Sosial” elektron potalında olan bildirişin kserosurətindən görünür ki, İddiaçı 03.09.2020-ci il tarixdən “X2” MMC-də aşbaz vəzifəsində işləmiş, əmək haqqı 300 manat təşkil etmiş, müqavilənin müddəti 31.12.2020-ci il tarixdə bitmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 03.09.2020-ci il tarixdə “xxxx” MMC-yə müddətli əmək müqaviləsi ilə aylıq 300 manat əmək haqqı ilə aşbaz vəzifəsində işə qəbul edilmiş və 30.12.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə (müqavilə müddətinin bitməsi ilə) tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına əsasən 28.09.2020-ci il tarixdən qismən səfərbərliyə cəlb edilmiş, 08.11.2020-ci il tarixdə hərbi hissəyə təhvil verilmiş və 26.12.2020-ci il tarixdə təxris olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, “X3” MMC-də aşbaz vəzifəsində işləmiş və əmək haqqısı 1000 manat təşkil etmişdir. Əmək haqqının bir hissəsini kart vasitəsi ilə, digər hissəsini isə əlbəəl almışdır. İşə düzələrkən iddiaçı onunla hər hansı əmək müqaviləsinin bağlanmamasını və əmək hüquqlarının pozulmasını göstərmişdir. Daha sonra iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən səfərbərliyə cəlb edilmiş və hərbi xidmətdən qayıtdıqdan sonra onun işdən azad edildiyini müəyyən etmişdir. İddiaçı hesab edir ki, cavabdeh onu qanunsuz işdən çıxartdığına görə ona 3 aylıq əmək haqıq əvəzi kimi 3000 manai, 500 manat əlavə işlədiyi saatların əvəzini, səfərbərlikdə olduğu müddətdə ödənilməli olan əmək haqqının əvəzi olaraq 2000 manat, 3000 manat mənəvi təzminat, cəmi 8500 manat məbləğində ona pul ödəməlidir. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunun göstərilən tələbindən göründüyü kimi son haqq-hesaba istifadə edilməmiş əmək məzuniyyətinə pul əvəzi ilə bərabər ödənilməli olan əmək haqqı və digər ödəmələr daxildir. İddiaçı səfərbərlikdə olduğu müddət üçün (2 ay) cavabdehdən 2000 manat əmək haqqı ödənilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsi müddətli olmaqla əmək haqıq məbləği 300 manat müəyyən edilmişdir və həmin məbləğ iddiaçıya işə daxil olduğu vaxtdan işdən azad olunduğu vaxtadək tam ödənilmişdir. Belə olan halda məhkəmə iddiaçının səfərbərlikdə olduğu müddət ərzində əmək haqqının ödənilməməsi barədə tələbini əsassız hesab edir. Digər tərəfdən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının rəsmi əmək haqqı məbləği 300 manat təşkil etmişdir. İddiaçı işəgötürən tərəfindən ona hər ay 1000 manat əmək haqqı ödənildiyini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin iddiaçının əsassız olaraq işdən çıxarılması və 3 aydır işsiz olduğu müddət üçün 3000 manat işsizlik təzminatının ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə olan əmək münasibətlərinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verdiyi üçün, ona hər hansı təzminatın ödənilməsi qanunda nəzərdə tutulmamışdır. Əmək qanunvericiliyində əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verildiyi zaman işçiyə müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Bu müavinət yalnız işçi ilə əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən ödənilir. Lakin iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xtam verilidyi üçün, iddiaçı ona hər hansı müavinətin ödənilməsini tələb etməkdə haqlı deyil. Digər tərəfdən işsizlik təzminatı işəgötürən tərəfindən ödənilməsi qanunla nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi işsizlik təzminatı kimi 3000 manat pulun tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əlavə işlədiyi saatlar üçün 500 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının nə əvəzçilik üzrə, nə də əvəzetmə üzrə əlavə olaraq işəgötürən tərəfindən işə cəlb edilməsi ilə bağlı hər hansı sübutlar təqdim olunmamışdır. Eyni zamanda iddiaçı da əlavə işə cəlb edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzi kimi 3000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. AR Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərində işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyəti müəyyən edilmişdir. AR Əmək Məcəlləsinin 196-cı maddəsinin 5-ci bəndinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya qarşı mənəvi ziyan vurulmasına əsas olan hər hansı əməllərə və ya hərəkətlərə yol verməsi müəyyən edilmədiyindən, iddia tələbi 3000 manat mənəvi ziyanın tutulması hissəsində də təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddiaçı cavabdeh “X2” MMC-yə qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona haqsız yerə işdən çıxarıldığı və 3 aydır işsiz olduğu üçün 3000 manat məbləğində işsizlik təzminatı, 500 manat məbləğində əlavə işlədiyi saatların əvəzi, səfərbərlikdə olduğu müddətdə ödənilməli olan maaşının əvəzi olaraq 2000 manat, 3000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 8500 manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdeh “X2” MMC-dən tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar