Məhkəmə qərarları › İş №2(009)-1296/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1296/2023

04.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1296/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, İddiaçı yaxın qohumu X16 ilə 2009-cu ildə faktiki ailə qurmuşdur. Yoldaşı ondan öncə 1990-cı ildə Nümayəndə ilə nikaha daxil olmuş və bu nikahdan Cavabdeh və X17 dünyaya gəlmişlər. Sonradan 10 fevral 2007-ci ildə onların nikahı pozulmuşdur. O, yoldaşı ilə faktiki nikah münasibətinə daxil olaraq Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanına gəlin köçmüşdür. Həmin ünvanda 2022-ci il aprelin 15-nə kimi evin xanımı olaraq yaşamışdır. Mərhum yoldaşı Vaqifin 14 sot torpaqda yarımçıq tikili bir evi vardı. Onlar birlikdə bir meyvə-tərəvəz mağazası açmışlar. Sonradan böyüdərək ərzaq mağazası edərək işlədirdilər. Birgə yaşadıqları müddətdə 14 sot torpaqda təsərrüfat işləri aparmışdır. İndi o, min bir əziyyətlə qurub yaratdığı evinə gedə bilmir. 14 il o evdə yaşamış, bütün xanımlar kimi evinə lazım olan əşyaları almışdır. Heç gedib əşyalarını götürə bilmir. Qonşularla da yaxşı münasibəti olub. Bununla bağlı 2022-ci il 11 may tarixində qonşular tərəfindən tərtib olunmuş akt da var. Yoldaşı 2022-ci il aprel ayında vəfat etdi. Mərhumun 3 məclisində mərasim zalında altmış nəfərin gözü qarşısında cavabdehin anası Nümayəndə onun üzərinə hücum çəkərək sağlamlığına xəsarət yetirdi. Bu hərəkətlə o təxribat törədərək məclisi dağıtmaq istəyirdi. Onun məqsədi onun qohumları və qardaşları ilə dava çıxarmaq idi. Amma o öz çirkin məqsədinə çata bilmədi, qohumları təmkin göstərərək təxribata uymadılar. Lakin bu hadisədən sonra qadın başqa yola əl atdı və onu yoldaşı ilə 13 il yaşadığı evdən çıxarılmağına nail oldu. Törətdiyi əmələ görə Səbail RPİ-nin 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarı da var. Məsələ ilə bağlı cinayət işi Səbail Rayon Məhkəməsinin icraatındadır. Hal-hazırda cavabdeh və anası onun və mərhum yoldaşının min bir əziyyətlə qurub yaratdığı, onların isə bircə gün də yaşamadığı ünvan 3 ünvandakı mənili qanunsuz olaraq zəbt etmiş, çöl darvazasını, dəmir qapının qıfıllarını dəyişmiş, evin dörd divarına nəzarət kamerası qoymuşlar. Hətta cavabdehin evi qanunsuz zəbt etməsi səbəbindən mərhum yoldaşının il mərasimini evində keçirə bilmədi. iMaraqlıdır ki, atası xəstə olarkən dava-dərmana pul xərcləmədi, amma nədənsə qapıları, qıfılları dəyişməyə pul tapdı. O həmin evdə mərhum yoldaşı ilə 13 ildən artıq yaşamışdır. Orada onun cehizləri, mebeli, qızılları, pulu qalıb. Bu insanlar onları çıxarmağına imkan vermirlər. Bir ildir ki, qohum-qardaşlarının evində yaşayır, boğazlarından kəsib ona çörək verirlər. Çox ağır vəziyyətdədir. Cavabdeh onu zorla evdən çıxarmış, orada yaşamağa qoymur. Bu səbəbdən də məhkəmə qaydasında evə köçürülmə tələb edir. 21 avqust 2023-cü tarixində Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 585 əyar, 12 qram, dəyəri 2000 manat olan 1 ədəd brilliant qaşlı qızıl kişi üzüyünün, 585 əyar, 15 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl tros sepin, 585 əyar, 20 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl sünbül saatın, 585 əyyar, 10 qram, dəyəri 2000 manat olan 1 ədəd 10-luq qızıl klonun, 7 qaş sibir brilliantlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd obadoq qızıl üzüyün, sibir brilliant qaşlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd qızıl fantaziya üzüyünün, 585 əyar, 20 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl sünbül brosletin, 585 əyar, 25 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl kişi sepinin və ya həmin qızıl-zinət əşyalarının dəyərinin, aparılan 3350 manat məbləğində pulun, evin sənədlərinin və ödədiyi 135 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanda ailəsilə və 2 övladı ilə birlikdə yaşayır. Bildirir ki, atası xəstə olduğu üçün uzaq qohumu olan qarşılıqlı iddia üzrə cavabdeh X5 ona xidmət etmək üçün tutmuşdur, bu barədə atası ilə cavabdeh arasında əmək haqqı ödənilməklə cavabdehin onun atasına qulluq etməsinə dair müqavilə bağlanmışdır və bununla da atasının həyatının son illərində cavabdeh ünvan 4 ünvanda yerləşən evdə qulluqçu kimi atasına qulluq etmişdir. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə atasının vəfatının 3-cü günündə yas mərasimi olmuşdur, onların həmin gün mərasimə başlarının qarışmasından, yorğun olmalarından, evin açarının onda olmasından cavabdeh X1-istifadə edərək, xx.xx.2022-ci il tarixdə qardaşları Mahir, Aydın və Aydının oğlu ilə birlikdə gecə yarısı, təqribən saat 01:24 radələrində, gizlicə onların evinə daxil olaraq, onların qızıllarını, sənədlərini, onların evdəki və mağazadakı pullarını aparmışdır. Onun apardığı qızıl-zinət əşyalarının və pulların siyahısı aşağıdaki kimidir: 1. 1 ədəd kişi üzüyü brilliant qaşlı, 585 əyyar, 12 qram, dəyəri 2000 manat; 2. 1 ədəd tros sep, 585 əyyar, 15 qram, dəyəri 1500 manat; 3. 1 ədəd sünbül saat, 585 əyyar, 20 qram, dəyəri 2000 manat; 4. 1 ədəd 10-luq klon, 585 əyyar, 10 qram, dəyəri 2000 manat; 5. 1 ədəd obadoq üzük, 7 qaş sibir brilliantı, 585 əyyar, dəyəri 1000 manat; 6. 1 ədəd fantaziya üzük, sibir brilliant qaşı, 585 əyyar, dəyəri 1000 manat; 7. 1 ədəd sünbül braslet, 585 əyyar, 20 qram, dəyəri 1500 manat; 8. 1 ədəd kişi sepi qalın, 585 əyyar, 25 qram, dəyəri 2000 manat; 9. Evdən aparılan pul 2000 manat; 10. Mağazadan aparılan pul 1350 manat; 11. Evin sənədləri. Onlar Firuzədən soruşanda ki, “sən niyə bizim evdən qızıllarımızı,sənədlərimizi və pullarımızı aparmısan”, cavabında “bəli aparmışam və əcəb eləmişəm” deyərək etiraf etmişdir. Cavabdeh X4 qardaşları Mahir, Aydın və Aydının oğlunun evə gizlicə daxil olduqlarını əks etdirən videogörüntü və Firuzənin qızılları, sənədləri və pulları aparmasını etiraf etdiyi səs yazısı vardır. Yuxarıda göstərilənlərə əsasən 585 əyyar, 12 qram, dəyəri 2000 manat olan 1 ədəd brilliant qaşlı qızıl kişi üzüyünün; 585 əyyar, 15 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl tros sepin; 585 əyyar, 20 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl sünbül saatın; 585 əyyar, 10 qram, dəyəri 2000 manat olan 1 ədəd 10-luq qızıl klonun; 7 qaş sibir brilliantı, 585 əyyar, dəyəri 1000 manat olan 1 ədəd obadoq qızıl üzüyün; sibir brilliant qaşlı, 585 əyyar, dəyəri 1000 manat olan 1 ədəd qızıl fantaziya üzüyünün; 585 əyyar, 20 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl sünbül brosletin; 585 əyyar, 25 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl kişi sepinin və ya həmin qızıl-zinət əşyalarının dəyərinin, aparılan 3350 manat məbləğində pulun, evin sənədlərinin və ödədiyi 135 manat dövlət rüsumunun cavabdeh X3 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat verərək bildirmişdir ki, o, 2009-cu ildə X16 ilə dini kəbinlə ailə həyatı quraraq evlənmiş və ərinin yaşadığı Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanına gəlin köçmüşdür. Həmin ev o köçən zaman yarım tikili vəziyyətdə olmuş, evin birinci mərtəbəsi hazır vəziyyətdə olmuş, ikinci mərtəbəsi isə yarımçıq, qapı, pəncərəsiz olmuşdur. O həmin evə köçən zaman həyətdə bir meyvə-tərəvəz mağazası da olmuşdur. O əri ilə birlikdə həmin yarımçıq tikillinin başa çatdırılmasında yaxından köməklik göstərmiş, həyətdə təsərrüfat işləri aparmış, həyətdəki mağazada əri ilə birlikdə çalışmışdır. Ətrafdakı bütün qonşular və qohumları onları ər-arvad kimi qəbul etmişlər. Ərinin birinci nikahından olan arvadı Aygün onların yaşadığı evə gəlib-getməmiş, lakin övladları ataları ilə əlaqə saxlamışlar. Bununla yanaşı, əri Vaqifin birinci nikahdan olan oğlu Sənanla münasibətləri yaxşı olmamış, Vaqif oğlunun toyunda belə iştirak etməmişdir. Sənan evlənəndən sonra bir müddət kirayədə yaşamış, sonra atası Vaqifdən onu həyat yoldaşı ilə birlikdə yaşamaq üçün onların yaşadığı 268 saylı özbaşına tikiliyə buraxmağı dönə-dönə xahiş etmiş və ondan da atasını yola gətirməsini xahiş etmişdir. O da öz növbəsində həyat yoldaşı Vaqifi yola gətirmək üçün çox cəhdlər etmiş və nəhayət Vaqif onun sözünü dinləyərək, oğlu Sənanı həyat yoldaşı ilə birlikdə yaşamaq üçün öz evlərinə buraxmışdır. Həmin evdə Sənan həyat yoldaşı və körpə uşağı ilə birlikdə birinci mərtəbədə, o isə əri Vaqiflə birlikdə ikinci mərtəbədə yaşamağa başlamışlar. Sənan evə köçəndən sonra tamamilə dəyişmiş və tez-tez səbəbsiz yerə onu döyüb incitmişdir. Onun əri Vaqif 12 aprel 2022-ci ildə xəstələnərək ölmüşdür. Ərinin vəfatının 3-cü günü mərasim evində keçirilərkən, məclisi idarə edən molla qadın onu öz yanında oturtduğuna görə ərinin birinci nikahdan olan arvadı, Sənanın anası Aygün bundan əsəbləşərək, onu məclisdəkilərin gözü qarşısında qolundan sürüyərək yerə çırpmış və o, yerə bərk çırpıldığı üçün xəsarət almışdır. Bu zaman məclisdəkilər onu Aygünün əlindən zorla almışlar. Onun sağ qolu bərk ağrıdığı üçün poliklinikaya müraciət etmiş və onun sağ qolunun sındığı, eləcə də müxtəlif bədən xəsarətləri aldığı müəyyən olunmuşdur. Bundan sonra Aygün barəsində cinayət işi qaldırılmış və hazırda həmin cinayət işinə Səbail rayon məhkəməsində baxılır. Bundan sonra Sənan onun əri ilə birlikdə 2009-cu ildən bəri yaşadığı evdən istifadə etməsinə mane olmuş və sonda evin darvazasının açarlarını dəyişərək onu evə buraxmamışdır. Onun mübahisəli mənzildən başqa digər yaşayış yeri yoxdur və ona məxsus əmlakları həmin mənzildə qalmışdır. O heç vaxt əri Vaqifin qulluqçusu olmamış, mübahisəli evə Vaqifin həyat yoldaşı kimi köçmüşdür. Hal-hazırda Cavabdeh ona qarşı uyğurma qarşılıqlı iddia irəli sürmüşdür ki, onların başları Vaqifin yas mərasiminə qarışdığı vaxtlar, guya o, xx.xx.2022-ci ildə gecə vaxtı qardaşları ilə birlikdə gizlicə evə gələrək, onlara məxsus qızıl-zinət əşyalarını və pulları oğurlamışdır və məhkəməyə də, bu barədə videogörüntü təqdim etmişlər. Bununla yanaşı, cavabdeh və onun anası bununla əlaqədar hal-hazıradək hər hansı şikayət ərizəsi ilə polisə müraciət etməmişlər. Cavabdehin irəli sürsüyü həmin tələb tamamilə əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat verərək göstərmişdir ki, o əri Vaqif Əsədovda 2007-ci ildə ayrılmış və uşaqları ilə birlikdə başqa ünvanda yaşamışdır. Lakin mübahisəli ev onun maddi köməkliyi ilə tikilmişdir. 2009-cu ildə ərinin qohumu olan Firuzə onun da razılığı ilə əri Vaqifə qulluq etməsi üçün mübahisəli evə gətirilmişdir. Firuzəyə qulluqçu kimi o hər ay 200 manat pul vermişdir. Firuzənin evə qulluqçu kimi gətirilməsi barədə onun keçmiş əri X22 arasında 2015 və 2017-ci illərdə akt da imzalanmışdır. Onun oğlu, iş üzrə cavabdeh olan Sənan ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Onun keçmiş əri Vaqif xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun 3 mərasimi keçirilən mərasim evində Firuzə ilə aralarında anlaşılmazlıq olmuş və Firuzə ona şər atmışdır ki, guya o, Firuzəyə xəsarət yetirmişdir. Həmin vaxtlar evin açarları Firuzədə olduğuna görə o, xx.xx.2022-ci il tarixdə qardaşları Mahir, Aydın və Aydının oğlu ilə birlikdə gecə yarısı, təqribən saat 01:24 radələrində, gizlicə onların evinə daxil olaraq, ona məxsus qızılları, evə dair sənədləri, evdəki və mağazadakı pulları aparmışdır. Evin yerləşdiyi torpaq sahəsi onun qaynatasına məxsus olmuş və qaynatası həmin torpaq sahəsini Vaqifin adına keçirtmişdir. Vaqif rəhmətə getdikdən sonra onun qardaşları hər biri torpaqdan pay istəyir və ona görə də, məhkəmələrdə ona qarşı çıxış edirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, öz qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 öz ifadəsində bildirmişdir ki, o, Firuzəni 10 ildən çoxdur ki, qonşu mərhum Əsədov Vaqifin həyat yoldaşı kimi tanımışdır. Onun evi Əsədov Vaqifin evi ilə qonşuluqda yerləşir. Əsədov Vaqifin evinin qarşısında Vaqifin mağazası var və həmin mağazadan alış-veriş edərkən orada daima Firuzəni və Vaqifi bir yerdə işləyən görmüşdür. Onların birlikdə toya, yasa da getdiklərinin şahidi olub. Firuzənin mərhum Vaqifin evində qulluqçu kimi yaşadığı barədə onda məlumat olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X15 öz ifadəsində bildirmişdir ki, o, Firuzənin Vaqifin mağazasında işlədiyini görmüşdür. Lakin onların ər-arvad olduqlarını bilməmişdir. O, aktı imzalasa da nə üçün imzaladığını bilmir. Məhkəmə iclasında iştirak edən şahid X12 öz ifadəsində bildirmişdir ki, o, mərhum Əsədov Vaqifin qardaşıdır. Firuzə isə onların həm yaxın qohumudur, həm də, mərhum Vaqifin həyat yoldaşıdır. Firuzə Vaqifin evində heç vaxt qulluqçu olmamışdır. Vaqif birinci həyat yoldaşı Aygündən 2007-ci ildə boşandıqdan sonra tək yaşadığı üçün anası və qardaşları Vaqifi evləndirmək qərarına gəldilər və qohumları Firuzə ilə Vaqifi dini nikahla evləndirdilər. Vaquf o zamanlar evi tam hazır olmadığı üçün mağazasında gecələyirdi. Mübahisəli evin hazırki vəziyyətə gətirilməsində Firuzənin də böyük əməyi olmuşdur. Belə ki, o da Vaqiflə birlikdə mağazada çiyin-çiyinə işləməklə Vaqifə kömək etmişdir. Firuzə 2009-cu ildə Vaqiflə ailə həyatı qurduqdan sonra daima həmin evdə yaşamışdır. Firuzənin əmlakları da həmin evdədir. Evin tikilməsində və hazırki vəziyyətə gətirilməsində Aygünün hər hansı iştirakı olmamışdır. Sənanın da ailəsi ilə həmin mənzilə köçməsində Firuzənin rolu böyük olmuşdur. Belə ki, Vaqif oğlu Sənanın nə toyunda iştirak etmişdir, nə də, onun həmin evə köçüb yaşamasına razılıq verməmişdir. Vaqifin çox ağır xasiyyəti var idi. Sənanın ailəsi ilə mübahisəli evə köçürülməsində Firuzənin rolu böyük olmuşdur, belə ki, Sənanın həmin evə köçməsi yalnız Firuzənin Vaqifi yola gətirməsi nəticəsində mümkün olmuşdur. Buna baxmayaraq, Sənan ailəsi ilə evə köçdükdən sonra Firuzəni çox incitmişdir. Hal-hazırda da Sənan və anası Aygün Firuzəni evə buraxmırlar. Məhkəmə iclasında iştirak edən şahid X9 öz ifadəsində bildirdi ki, mərhun Əsədov Vaqif onun dayısı oğludur. Firuzə isə onun bacısının qızıdır. Vaqif boşandıqdan bir müddət sonra Vaqifin anası və böyük qardaşı İslam onun yanına gələrək, bildirdilər ki, Vaqif təkdir və Firuzəni Vaqiflə evləndirmək istədiklərini bildirdilər. Lakin o, Firuzəni kəbinsiz verməyə razı olmadı. Sonra onlar molladan kəbin kağızı gətirdilər və bundan sonra o, Firuzəni verməyə razılıq verdi. Firuzə Vaqifin evinə onun arvadı kimi köçmüşdü. O, bir dəfə Firuzəyə dəymək üçün onların yaşadığı evə getmişdir. Ev həmin vaxtı təmirsiz vəziyyətdə olmuşdur. O, Vaqiflə Firuzəyə demişdir ki, əl-ələ verib dolansınlar. Fruzə Vaqiflə ailə qurduqdan sonra özünə məxsus əmlaklarını da həmin evə aparmışdır. Məhkəmə iclasında iştirak edən şahid X18 öz ifadəsində bildirmişdir ki, Firuzə onların bibisi nəvəsidir. 2007-ci ildə Vaqif Aygündən boşanmışdır və o tək yaşayırdı. O, digər qardaşları və anası belə qərara gəldilər ki, Vaqifi evləndirsinlər. O və anası 2009-cu ildə Firuzənin dayısının yanına gedərək, Firuzəni Vaqif üçün istəmişlər. Həmin vaxt mübahisəli ev təmirsiz vəziyyətdə idi. Firuzə ilə Vaqif üçün molla kəbini kəsdirdikdən sonra Firuzənin dayısı Əlisahib onların bir yerdə yaşamasına razılıq vermişdir. Firuzə mübahisəli evə Vaqifin həyat yoldaşı kimi gəlmiş və Vaqifin rəhmətə getdiyi günə qədər onunla birlikdə həmin evdə yaşamışdır. Firuzə Vaqiflə birlikdə mağazada da işləyib ona köməklik göstərirdi. Vaqifin öz oğlu Sənanla münasibətləri pis olduğuna görə Vaqif onun toyunda da iştirak etməmişdi vəSənanı ailəsi ilə birlikdə yaşamaq üçün evə buraxmırdı. Firuzə Vaqifə yalvardı ki, Sənanı evə buraxsın, yalnız Firuzənin yalvarışları sayəsində Vaqif Sənanı evə buraxmışdır. Buna baxmayaraq, Sənan evə köçəndən sonra Firuzəni çox incitdi. İndi də, yalandan Firuzəyə qulluqçu adı qoyaraq onu evdən hər vasitə ilə çıxartmağa çalışırlar. Firuzə tək qadındır, nə övladı, nə valideynləri, nə də bacı qardaşı var, onun yeganə yaşayış sahəsi həmin evdir və Firuzəyə məxsus əmlak da həmin evdədir. Sənangil evin qapısının açarını dəyişərək, Firuzəni evə buraxmırlar. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ 252574 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadərnamədən görünür ki, X16 12 aprel 2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında n2022-ci ilin 04 ayının 13 günündə 466 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavid Məmmədovun 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Nümayəndə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 127.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 11 may 2022-ci il tarixli qonşular tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı həqiqətən Badamdar qəsəbəsi 1 yaşayış massivi, 268 ö/t evdə həyat yoldaşı Vaqif Əsədovla 13 ildən artıq bir müddətdə birlikdə qeydiyyatsız yaşamışlar. İş materiallarında olan xx.xx.2015-ci il tarixli X16 və İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, müqavilə şərtinə əsasən İddiaçı yazaraq bildirir ki, ünvan 5 ünvanda yerləşən X13 aid olan evdə bu şəxsin qulluğunda dayanmaq şərtilə qeydiyyatsız yaşayır. Gələcəkdə aralarında yaşana biləcək hər hansı anlaşılmazlıq olarsa, o, yəni İddiaçı bu şəxsə, yəni X13 aid olan mülkünə, evinə özünü iddiaçı qismində saymır və saymaq fikrində də deyil. Bu müqaviləni oxudu və öz imzası ilə təsdiq edir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli qonşular tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı həqiqətən Badamdar qəsəbəsi 1 yaşayış massivi, 268 ö/t evdə yaşamayıb, X16 öz oğlu Cavabdeh və Sənanın ailəsi və 2 övladı ilə birlikdə yaşayıblar. İş materiallarında olan 10 sentyabr 2023-cü il tarixli qonşular tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı həqiqətən Badamdar qəsəbəsi 1 yaşayış massivi, 268 ö/t evdə həyat yoldaşı Vaqif Əsədovla 13 ildən artıq bir müddətdə birlikdə qeydiyyatsız yaşamışlar. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli qonşular tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı həqiqətən Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 268 ö/t evdə həyat yoldaşı Vaqif Əsədovla 13 ildən artıq bir müddətdə birlikdə qeydiyyatsız yaşamışlar. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavid Məmmədovun 09 yanvar 2023-cü il tarixli ittiham aktından görünür ki, Nümayəndə Əkbər qızının Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı tərtib olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı 2009-cu ildə X16 ilə faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuş və sonuncunun razılığı ilə onun yaşadığı Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, ö/t 268 saylı evə köçərək orada yaşamış və birgə təsərrüfat aparmışdır. xx.xx.2022-ci ildə X16 öldükdən sonra cavabdeh iddiaçının cavabdehin atası ilə birlikdə ailə üzvü kimi yaşadığı mübahisəli evdən qovmuşdur. İddiaçının mübahisəli evdən başqa digər yaşayış sahəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun anologiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx.xx.2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarm ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İşdən görünür ki, iddiaçı cavabdehin atası mərhum X10 ailə üzvü kimi onun razılığı ilə mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş, sonradan mərhumun oğlu olan cavabdeh iddiaçını yaşadığı evdən qovmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən X13 aid olan özbaşına tikiliyə Vaqif Əsədovun razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından və onunla birgə təsərrüfat apardığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada X16 ilə bərabər hüquqlar əldə etmişdir. Ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, qarşılıqlı iddia tələbinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülsün. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərərəs miqaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar