Məhkəmə qərarları › İş №2(009)-1303/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1303/2024

29.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1303/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində kompensasiya tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı şəhəri, Məmmədyarov küçəsində yerləşən 13 saylı evin cavabdehin qanunsuz hərəkətləri nəticəsində söküntüsü ilə əlaqədar qətnamənin icra olunduğu günə kompensasiyanın hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati orqanlardır. Hakim hesab edir ki, hazırki iddia inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan, həmin iddia tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən hakim hesab edir ki, hazırki işə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalı olduğundan, bununla da işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmasına yol verilmədiyindən, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Bakı şəhəri, Məmmədyarov küçəsində yerləşən 13 saylı evin cavabdehin qanunsuz hərəkətləri nəticəsində söküntüsü ilə əlaqədar qətnamənin icra olunduğu günə kompensasiyanın hesablanaraq ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o hazırki tələblə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar