Məhkəmə qərarları › İş №2(009)-1313/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1313/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1313/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı Cavabdeh (X15 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh (X15 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2874 (iki min səkkiz yüz yetmiş dörd) avronun manata olan rəsmi məzənnəsinin və 77 (yetmiş yeddi) manat dövlət rüsumunun iddiaçı olaraq onun xeyrinə məcburi tutulması, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 2874 (iki min səkkiz yüz yetmiş dörd) avro məbləğində pulun (borcun) 2023-cü ilin bank uçot dərəcəsini (9.0 %) əsas götürməklə 259 (iki yüz əlli doqquz) avronun manata olan rəsmi məzənnəsinin Cavabdeh (borcludan) onun xeyrinə məcburi tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2236/2015 saylı 19 noyabr 2015-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(103)-391/2016 saylı 26 yanvar 2016-cı il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )-2236/2015 saylı 19 noyabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-745/l 6 saylı 20 aprel 2016-cı il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(103)-391/2016 saylı 26 yanvar 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-745/l 6 saylı 20 aprel 2016-cı il tarixli qərarından narazı qaldığı üçün mənə Cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı ilə avropa şikayətimiz təmin edilərək Cavabdeh qızma 6580 avro maddi və 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16. 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı - tərəfimdən Cavabdeh göstərdiyim hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aramızda 23 fevral 2015-ci il tarixli «Hüquqi xidmət haqqında» müqavilə bağlanmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% (otuz faiz) miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Müqavilənin 4.1-cü bəndinə əsasən bu müqavilə 23 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. Müqavilənin 4.2-ci bəndinə əsasən göstərilməsi nəzərdə tutulan xidmətlər tam başa çatdıqdan sonra və xidmət haqqı ödənildikdən sonra bu müqavilə ləğv edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək 6580 avro maddi və 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Göründüyü kimi, 9580 avro məbləğində pul vəsaitinin 30 % (otuz faiz) - 2874 (iki min səkkiz yüz yetmiş dörd) avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 2874 (iki min səkkiz yüz yetmiş dörd) avro məbləğində vəsaitin mənə ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən mənə ödənilməmişdir, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı Cavabdeh xx.xx.2023-cü il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdehin həyat yoldaşı (Eldar Məmmədov) tərəfindən xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilərək alınmışdır. Məhkəmənin nəzərinə çatdırır ki 23 fevral 2015-ci il tarixli «Hüquqi xidmət haqqında müqavilə tək Cavabdeh ilə deyil, digər şəxslərlə (sifarişçilərlə) bağlanmışdır (Bir müqavilədə 9 nəfər). Həmin müqavilədə sifarişçilərdən biri olan X9 ilə arasında olan hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizəsi qismən (30% xidmət haq hissəsində) - xidmət haqqı olaraq 2550 (iki min beş yüz əlli) avro məbləğində pulun T.Muratovadan tutularaq ona ödənilməsi hissəsində təmin edilməsi qət edilmişdir. Eyni şərtlərlə sifarişçilər ilə arasında bağlanmış digər müqavilələrdən irəli gələn hüquq və vəzifələrə (öhdəliklərə) rayon və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilərək iddia ərizələri qismən (30% xidmət haqqı hissəsində) təmin edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/11 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarix qərarında adları qeyd edilən (hüquqlarını müdafiə etdiyi) 7 nəfərdən - 4 nəfərə qarşı iddia ərizələri təmin edilmiş və qəbul edilmiş qərarlar hazırda icra mərhələsindədir. Qalan 3 nəfərə qarşı iddia ərizələri birinci instansiya məhkəməsinin icraatındadır (məhkəmə qərarları əlavə edilir). Beləliklə Cavabdeh tərəfindən ona Avropa İnsan Hüquqları Məhkəməsin müraciətin edilməsinə tapşırıq verilmiş, cavabdehə verilməsi qət edilmiş kompensasiya qəbul edilmiş və bununla da nümayəndə olaraq tərəfindən onun adından edilmiş müraciətin bəyənildiyi nümayi etdirilmişdir. Bir daha qeyd edir ki, Cavabdeh ilə aralarında bağlanmış 23 fevral 2015-ci i tarixli «Hüquqi xidmət haqqında» müqavilənin 4.1-cü bəndində göstərilmişdir ki, “bu müqavilə 23 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. Həmin müqavilə əsasında o üzərinə düşən öhdəlikləri yerinə yetirərək N.X13 Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlayıb və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən müqavilə təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət etməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. O hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında N.X13 Hüquqları Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlayıb və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, Sadiq Bağırov ingilis dilini yaxşı bildiyi üçün onunla razılığa gəlmiş, məhz Avropa Məhkəməsinə gedən şikayətləri tərcümə etmək üçün ondan köməklik göstərməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş Cavabdeh öz izahatında iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələblərinə aşağıda qeyd olunan səbəblərdən qəti şəkildə etiraz edir. Belə ki, müqavilənin bağlanmasından əvvəl iddiaçı özünü Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlərə vəkillər kolegiyasının üzvü kimi təqdim etmiş və ona qızına məxsus mənzilə görə əlavə kompensasiyanın dövlətdən tutulması ilə bağlı ona hüquqi xidmət göstərilməsini təklif etmişdir. O və onunla qonşuluqda yaşayan sakinlər iddiaçının həqiqətən vəkil olduğuna inanaraq, xx.xx.2015-ci il tarixdə hüquqi xidmət haqqında müqaviləni imzalamışdırlar, Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında təmsil edilməsi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin predmetinə daxil edilməmişdir. Hüquqi xidmət haqqında müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikası ərazisində müqavilədə nəzərdə tutulan xidmətləri peşəkar səviyyədə və keyfiyyətlə göstərməyi öz öhdəsinə götürmüşdür. Onun pul tələbinə dair mülki iş hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq hər üç məhkəmə instansiyalarından keçmiş və nəticədə, tələblər təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı elan olunandan bir müddət sonra iddiaçı həmin qərardan Avropa İnsan Hüquqları məhkəməsinə şikayət verilməsi üçün onu sövq etməyə çalışmış, lakin o, buna razı olmamışdır. Bundan başqa müqavilədə tərəfin razılığı olmadan 3-cü şəxsin cəlb edilməməsi göstərilmiş, lakin iddiaçı Sadiq Bağırovu xidmətin göstərilməsi üçün işə cəlb etmişdir. Belə ki, hüquqi xidmət haqqında müqaviləyə əsasən heç bir tərəf digər tərəfin yazılı razılığı olmadan hazırkı müqavilənin icrasını və ya ondan irəli gələn hər hansı marağı və ya öz öhdəliklərini üçüncü şəxsə həvalə edə bilməz. Həmçinin bildirmişdir ki, o, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə dair iddiaçıya tapşırıq verməmişdir. Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə kompensasiya ödənilməsi qərara alınmış və həmin kompensasiyanı almaq üçün iddiaçı ona zəng edərək etibarnamə verməli olduğunu bildirmiş, o isə etibarnamə verməkdən imtina etmişdiş və kompensasiyanı təxminən bir il bundan öncə özü şəxsən almışdır. Həmçinin bildirmişdir ki, əri tərəfindən milli məhkəmələrdə işə baxılan zaman dəfələrlə iddiaçıya pul ödənilmişdir. İddiaçı ilə onun arasında Avropa İnsan Hüquqları məhkəməsində təmsilçilik xidmətlərinə görə hər hansı xidmət haqqının ödənilməsi barədə heç bir şifahi və yaxud yazılı razılıq olmamışdır. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X15 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki iş üzrə iddianın mahiyyəti ilə tanışdır, iddiada qonorar tələb edilən iş üzrə İddiaçı cavabdehi bütün milli məhkəmələrdə nümayəndə qismində təmsil etmiş, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin tərtib olunmasında isə yaxından iştirak etmişdir. Şikayət üzrə cavabdehi Avropa Məhkəməsində o təmsil etsə də, hüquqi dəstək hissəsində İddiaçı köməyi olub. Cavabdehlə İddiaçı razılaşmasına görə, işləri müvəffəqiyyətlə yekunlaşacağı halda cavabdehə ödəniləcək kompensasiya məbləğinin 30 faizi qədər İddiaçı mükafat verilməli idi. Bakı şəhərində olmadığı üçün məhkəmə iclasında iştirak edə bilmir və hazırkı ərizəni izahatı kimi qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, Rasim Bababyev vəkil kimi özünü təqdim etmişdir. Cavabdeh onun qonşusu olub, onunla 30 il bir məhəllədə yaşayıblar. Müqavilə bağlayıblar ki, İddiaçı ölkə daxili mübahisələri həll etsin. Notariusa gedəndə Nazilə xanım da müqavilənin surətini götürmək istədi, lakin müqavilənin surəti ona təqdim edilmədi, Avropa məhkəməsinə şikayət verilməsi üçün Cavabdeh tərəfindən iddiaçıya tapşırıq verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır. Üzeyir Hacıbəyov 3, mənzil 12 ünvanında yaşayır. O, evlər söküləndə bir neçə nəfər şəxlər müqavilə bağladılar ki, iddiaçı onların hüquqlarını müdafiə etsin. Bütün instansiyalar bitəndən sonra Avropa məhkəməsinə müraciətlə bağlı razılıq verib. Xırda rüsumlar üçün 100 manat ödəniş edib. Cavabdeh və digər şəxslərin işləri ilə bağlı İddiaçı ona bildirmişdi ki, 7 nəfərin şikayətini artıq göndəriblər Avropa Məhkəməsinə, onun şikayəti isə gecikdiyi üçün ayrılıqda göndəriləcək idi. O da10000 avroya yaxın pul alıb, 30% müqaviləyə uyğun ödəyib İddiaçı. Əlavə olaraq da 500 avro hədiiə kimi verib, çünki o heç inanmırdı ki, kompünsasiya ala bilər, lakin İddiaçı 5 il əziyyət çəkib nail olub buna. Məcburiyyət və ya onları aldatma olmayıb, məsələn qonşuları Aytən və Tanya inanmadılar ki, kompensasiya ödənilə bilər, notariusa da getmədilər. 20 manat kağızlar üçün 100 manat isə Avropa məhkəməsinə rüsumla bağlı pul verib, Avropa məhkəməsinə şikayəti oxuyub şəxsən özü imzalayıb. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, eləcə də üçüncü şəxsin yazılı izahatını, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli notariat qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı etibarnamə verərək müvafiq hərəkətləri etməyə etibat etmişdir. - Hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh və digərləri arasında müqavilə bağlanmışdır, Hüquqi Xidmət haqqında Müqavilədən görünür ki, icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçilərin” (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçıya” ödənilir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-745/2016 saylı, 20 aprel 2016-cı il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi birinci instansiya məhkəməsinin qərararı ilə təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən şikayətlər təmin edilməmiş, qərara dəyişdirilmədən saxlanılmışdır. Avropa Məhkəməsinin qərarından görünür ki Cavabdeh 6580 avro maddi və 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh müraciət edərək, 3 gün müddətində xidmət haqqı olaraq 2874 avro məbləğində vəsaitin ona ödənilməsini təmin edilməsini, əks təqdirdə aidiyyati hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçilərin” (iddiaçıların) hər biri (ayrıayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçıya” ödənilir. Həmçinin müəyyən edilmişdir ki, milli məhkəmələr tərəfindən iddia təmin edilməmiş və cavabdeh Avropa Məhkəməsinə müraciət etmiş, Avropa Məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh 6580 avro maddi, 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Məhkəmə iddianın xidmət haqqının ödənilməsinə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi xidmət haqqında 23 fevral 2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, icraçi sifarişçiyə hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və “Sifarişçilərin” (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında “İcraçıya” ödənilir. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını öncədən proqnozlaşdıra bilməzdilər. Belə olan halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir. Avropa Məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh 6580 avro maddi və 3000 avro mənəvi, cəmi 9580 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Məhkəmə “cavabdehin “hüquqi xidmət haqqında müqaviləyə əsasən heç bir tərəf digər tərəfin yazılı razılığı olmadan hazırkı müqavilənin icrasını və ya ondan irəli gələn hər hansı marağı və ya öz öhdəliklərini üçüncü şəxsə həvalə edə bilməyəcəyi, iddiaçının isə Sadiq Bağırovu xidmətin göstərilməsi üçün cəlb etməsi ilə bağlı”-dəlilinə münasibət bildirərək qeyd edir ki, üçüncü şəxs qismində cəlb edilmiş X10 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiada qonorar tələb edilən iş üzrə İddiaçı cavabdehi bütün milli məhkəmələrdə nümayəndə qismində təmsil etmiş, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin tərtib olunmasında isə yaxından iştirak etmişdir. Şikayət üzrə cavabdehi Avropa Məhkəməsində o təmsil etsə də, hüquqi dəstək hissəsində İddiaçı köməyi olub. Məhkəmə iddiaçının izahatında və 3-cü şəxsin yazılı izahatında, həmçinin şahid X3 ifadəsində göstərdiklərinə qiymət verərək, cavabdehin bununla bağlı dəlillərinin əsassız olması nəticəsinə gəlir. Bundan başqa, məhkəmə cavabdehin “Avropa Məhkəməsinin qərarına əsasən ona ödənilməli olan kompensasiyanın alınması üçün iddiaçıya etibarnamə verməməsi və ümumiyyətlə Avropa Məhkəməsinə şikayət verməsi üçün tapşırıq verməməsi ilə bağlı dəlillərinə də qiymət verərək qeyd edir ki, cavabdeh öz izahatında 9580 avro məbləğində kompensasiyanı aldığını təsdiq etmişdir. Başqa sözlə, cavabdeh iddiaçının hərəkətini bəyənmiş və kompensasiyanı qəbul etmişdir. Cavabdeh əri tərəfindən iddiaçıya dəfələrlə pul ödənildiyini qeyd etsə də, bununla bağlı hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Məhkəmə, şahid X5 ifadəsinə qiymət verərək, İddiaçılə arasında hüquqi xidmət haqqının ödənilməsinə dair məhkəmə mübahisəsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunu nəzərə alır və onun ifadəsini qərəzsiz ifadə kimi qiymətləndirməməklə sübut növü kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə qeyd edilənləri və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh ödənilmiş 9580 avro məbləğində pulun 30 faizi olan (9580x30/100) 2874 avro hüquqi xidmət haqqı kimi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. - 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Məhkəmə iddianın faiz borcu kimi 259 avro pulun cavabdehdən tutulması hissəsinin isə əsassız olması və rədd edilməsi nəticəsinə gəlir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, zgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasına münasibət bildirərək hesab edir ki, tərəflər arasında hüquq münasibətləri avro ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh (ödəniş günü üçün Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun) 2874 (iki min səkkiz yüz yetmiş dörd) avro və ödənilmiş 77 manat dövlət rüsumunun 55 manat hissəsi İddiaçı xeyrinə tutulmalı, dövlət rüsumunun 22 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə (ödəniş günü üçün Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun) 2874 (iki min səkkiz yüz yetmiş dörd) avro və ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manat hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar