Məhkəmə qərarları › İş №2(009)-1317/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1317/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1317/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü ildə Cavabdeh1 MMC-nin baş direktoru Cavabdeh2 ilə Qusar rayonu, Urva kəndində olan torpaq sahəsində fərdi tikintisi və təmir haqqında 30 nömrəli müqaviləsi imzalamışlar. Müqaviləyə əsasən evin tikintisi təmirlə birlikdə iki ayda başa çatdırılması nəzərdə tutulmuşdur. Razılaşmaya əsasən tikintinin başlanğıcında smeta dəyərinin 30% (35.000 manat) və hər bir mərhələ başa çatdıqdan sonra növbəti 30% (35.000 manat) ödənməli və bütün tikinti-təmir işləri başa çatdıqdan sonra təhvil-təslim mərhələsində qalan 11.000 manatın ödənməsi nəzərdə tutulmuşdur. Aradan 3 ay keçməsinə baxmayaraq tikintidə işlər getmirdi və çətinliklə o, Elçinlə əlaqə yaratmış və Elçin şirkətin maliyyə vəziyyətinin ağır olmasını səbəb gətirərək tikintidə işləri lazımi qaydada apara bilmədiyini bildirmiş və onda onun yanında Elçinin onun iş icraçısı kimi təqdim etdiyi Elşən adlı şəxs var idi, imkan varsa ikinci mərhələ ödənişinin etməsi xahiş etmişlər və tez bir zamanda işi bərpa etməyə və tikintini tez bir zamanda başa çatdıracaqlarına söz vermişlər. O, pulunu şənbə günü onlara çatdıra biləcəyini bildirəndə, onlar xahiş etmişlər ki, pulu həmin gün onlara çatdırmalıdır və onlar səhərisi gün bütün tikinti materiallarını tikintiyə yola salacaqlar, nəqliyyat xərclərinə qənaət məqsədi ilə birdəfəyə bütün lazımi materialları, dam örtüyünü də nəzərə almaqla, alıb ora yola salacaqlarını bildirmişlər. Bundan 1 ay keçməsinə baxmayaraq tikintidə iş getmirdi və vəd etdiyi tikinti materiallar alınıb ora göndərilməmişdir. Pulu alan gündən Elçin onun zənglərinə cavab verməmiş, o, Elşənlə əlaqə yaratmağa çalışmış və bu da heç bir nəticə verməmişdir. Onda olan nömrələrin heç biri zənglərinə cavab vermirdi. O, Dövlət orqanlarına şikayət etmək qərarına gəlmiş, Elçinin vatsapla sms yazmış, Elçin ona zəng edərək görüşüb məsələni yoluna qoyacağını bildirmişdir. “Qara Qarayev” metrostansiyası yaxınlığında görüşərək yanında Mirağa adlı şəxs də vardı və özünü iş adamı kimi təqdim etmişdir. Elçin onun iş icraçısının Elşənin verilmiş pulların mənimsədiyini və şirkətin bütün tikintilərində işlərin dayandığını bildirmişdir. Mirağa da Elçini təhdid etməsini və işlərin düzgün qura bilməməsini, ona işlərin düzgün qurmaq üçün məsləhətlərin verməsini, axırda Elçinin bütün yarımçıq qalmış tikintilərini Elçinə kömək məqsədi ilə başa çatmağı boynuna götürməsini, istəyirsə onun da tikintini öz öhdəsinə götürəcəyini, noyabrın 31-də tikintini başa vurub təhvil verəcəyini və işin bərpası üçün 15.000 manatı o biri mərhələnin pulundan öncədən ödəməli olduğunu bildirmişdir. Mirağa atasının tikintiyə nəzarəti üçün ora göndərəcəyini və qısa zamanda tikintini başa çatdıracağını vəd etmişdir. O, işin bərpa olunduğu halda hissə-hissə 15.000 manatı ödəmə etməsinə razılaşmış və iş bərpa edilmişdir. Mirağanın atası o, 15.000 manatı hissə-hissə ödəyənə kimi tikintidə olmuşdur. Belə ki, birinci mərtəbənin betonunu tökmüşlər, havalar soyuğuna görə işləyə bilməmişlər. Axırda razılaşmışlar ki, havalar açılana kimi gözləsinlər və ən geci aprel ayının axırına kimi tam təhvil verəcəklər. 2024-cü ilin mart ayının ortalarında o, Elçinə zəng etmiş və işə nə vaxt başlayacağını soruşmuş, sonuncu Türkiyədə müalicədə olduğunu və aprelin 9-da işə başlayacağını bildirmişdir. Aprel ayının 13-də zəng etmiş və fəhlələrlə ora getdiyini bildirmişdir. O, zəng edib kənddən öyrənmişdir ki, heç kim gəlməyib və tikintidə də heç bir iş getmir. Həmin 13 aprel tarixindən ya Elçinin, ya Elşənin ya da Mirağanın mobil nömrələrinin heç biri cavab vermir, ofislərini də dəyişmişlər və o, heç birini tapa bilməmişdir.Ümumiyyətlə o, 85.000 manat ödəniş etmişdir, lakin bunun müqabilində 25.000 manatlıq iş görülüb və aradan çıxmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı dələduzluğu və fırıldağçılığı özlərinə peşə seçmiş bu adamların onu aldadaraq ondan aldığı 85.000 manatın tikinti işinin həyata keçirilməmiş hissəsinin 60.000 manat hissəsinin alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, cavabdehlə müqavilə bağlayarkən onun rəhbəri şirkətini elə təqdim etmişdir ki, o, onların tikinti sahəsində etibarlı şirkət olmasına inanmışdır. Eyni zamanda sosial şəbəkələrdə həmin şirkətin tikdiyi tikililərin sahibləri də onları tərifləmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, şirkət onlar haqqında mənfi fikir söyləyənlərin rəylərini sosial şəbəkələrdən silirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə “İcraçı” qismində Cavabdeh1 MMC-nin baş direktoru Cavabdeh2 ilə “Sifarişçi” qismində İddiaçı arasında bağlanılmış fərdi evin tikintisi və təmiri haqqında xx.xx.2023-cü il tarixli, 30 saylı müqaviləsinin surətindən görünür ki, ”Sifarişçi” ona məxsus Qusar rayonu Urva kəndində yerləşən torpaq sahəsində, layihəyə uyğun təsdiq olunmuş ümumi sahəsi 200 kv.m.olan 2 mərtəbəli fərdi evin tikintisini “İcraçı”ya həvələ edir (bənd 2.1). “Sifarişçi” və “İcraçı”nın razılaşmasına əsasən evin tikintisi115.000 manat təşkil edir (bənd 2.2). “Sifarişçi” “İcraçı”ya ümumi ödənişin ilkin olaraq 30%, 2-ci mərhələ 30%, 3-cü mərhələ 30%, sonda 10% ödəyir (bənd 2.3). Hər ödənişin istifadəsindən sonra “İcraçı” “Sifarişçi”yə verilən məbləğə uyğun olaraq görülən işin siyahısını təqdim edir (bənd 2.4). “İcraçı” razılaşdırılmış layihəni yüksək keyfiyyətlə və bütün tikinti normativlərinə uyğun olaraq tikib “Sifarişçi”yə təhvil verməsi və tikilən evə 15 il zəmanət verməsi (tikintiyə aid olmayan səbəblər istisna olmaqla) (bənd 3.1) və “Sifarişçi” ilə razılaşdırılmış vaxtda, tikintiyə başlanan tarixindən 2 ay sona tam təhvil verməsi (bənd 3.2) öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş kassa mədaxil orderlərindən görünür ki, Qusar rayonunda tikinti təmir işlərinə görə İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 35.000 manat, xx.xx.2023-cü il tarixdə 35.000 manat, xx.xx.2023-cü il tarixdə 5.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat məbləğində pul ödənilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ünvanlanmış xx.xx.2024cü il tarixli xəbərnamənin surətindən görünür ki, fərdi tikintisi və təmiri üçün bağlanılan 30 nömrəli müqaviləyə əsasən tikintisinin başa çatdırılması vaxtından 1 il vaxt keçməsinə baxmayaraq tikintinin heç 10-15% işi tamamlanmayıb və tikintidə də heç bir iş aparılmır. Tikintinin ümumi məbləğinin 80% həcmində 85.000 manatın ödənilməsinə baxmayaraq Cavabdeh1 MMC ancaq 20- 25.000 manatlıq iş görmüşdür və aradan çıxmışdır. Bu əməlləri ilə əlaqədar DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətlə müraciət etmişdir. Xəbərdar edir ki, 5 gün müddətində onunla əlaqə saxlasalar və ya 7 gün ərzində,yəni xx.xx.2024-cü il tarixinə ödənmiş məbləğin işin görülməmiş hissəsinin 60.000 manatın ona geri qaytarmasalar məhkəməyə müraciət edəcəkdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/4973 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən: -1-ci və 2-ci suallar üzrə: Qusar rayonu, Urva kəndində iddiaçının istifadəsində olan torpaq sahəsində yerləşən yarımçıq tikilinin tikinti-təmir işlərinə xərclənən vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 20.428,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 30 saylı fərdi evin tikintisi və təmiri haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən tərəflər iddiaçıya məxsus Qusar rayonu Urva kəndində yerləşən torpaq sahəsində ümumi sahəsi 200 kv.m. olan 2 mərtəbəli fərdi evin tikintisi və təmir işlərinin görülməsi üçün 115.000 manata razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən cavabdeh tikinti və təmir işlərinin 2 ay müddətinə başa çatdırılmasını öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 35.000 manat, xx.xx.2023-cü il tarixdə 35.000 manat, xx.xx.2023-cü il tarixdə 5.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, cəmi 85.000 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh təşkilatı arasında bağlanmış fərdi evin tikintisi və təmiri haqqında müqaviləsinin şərtinə onun tərəfindən əməl edilərək, cavabdehə cəmi 85.000 manat məbləğində pul ödənilmiş, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, sifarişə uyğun işi yerinə yetirməmiş, tikintinin ancaq 20.000-25.000 manat civarında iş görmüşdür. O, cavabdehdən ödənilmiş 85.000 manat məbləğin tikinti işinin görülməmiş 60.000 manat hissəsinin geri qaytarmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 MMC-dən ondan aldığı 85.000 manatın tikinti işinin həyata keçirilməmiş 60.000 manat hissəsinin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə iddiaçının mülkiyyətində olan Qusar rayonu, Urva kəndində iddiaçının istifadəsində olan torpaq sahəsində yerləşən yarımçıq tikilinin tikinti-təmir işlərinə xərclənən vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 20.428,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilə sifariş əsasında evin tikintisi və təmir işlərinin görülməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləyə əsasən 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Məhkəmə podratçının üzərinə götürdüyü öhdəliyin pozulmasını və tam yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının (sifarişçinin) öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulun təmirə sərf olunmamış hissəsinin qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qanunun bu tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçının (sifarişçinin) müqavilədən imtinası podratçının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu üçün, yəni podratçı üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində və tam həcmdə görmədiyi üçün, iddiaçı evin tikintisi və təmir işlərinin görülməsi üçün ödənilmiş 85.000 manatdan icra edilməyən iş üçün qalmış və təmirə xərclənməmiş 60.000 manatın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə iddiaçının istifadəsində olan torpaq sahəsində yerləşən yarımçıq tikilinin tikinti-təmir işlərinə xərclənmiş vəsaitin ümumi dəyəri 20.428 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə 85.000 manat ödəniş etməsini, lakin cavabdeh bunun müqabilində 25.000 manat civarında işin görülməsini göstərilərək, ödənilmiş pulun təmir-tikinti işlərinə sərf olunmamış hissəsinə görə 60.000 manat məbləğində pul tələb olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə görülmüş işlərə görə xərclənən pul vəsaitinin 20.428 manat olması müəyyən edilsə də, iddiaçı həmin xərcin 25.000 manat olmasını qeyd edərək tələbində cavabdehdən 60.000 manat pulun tutulmasını xahiş etdiyindən, qanunvericilikdə isə məhkəmə tərəfindən yalnız verilmiş tələb üzrə qərar qəbul edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli, cavabdehdən iddiaçının xeyrinə 60.000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə 60.000 (altmış min) manat məbləğində pul tutulsun. Cavabdeh1 MMC-dən dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 200 (iki yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar