Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1320/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı1, tərcüməçi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 48 saylı evin 7 saylı mənzilinə olan istifadə hüquqlarımı itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 48 saylı evin 7 saylı mənzili 12.08.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzil əvvəllər mərhum X3 adına qeydiyyatdan keçmişdir. X1 Yuriyevna ilə 05.06.1981-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı3 və xx.xx.1988-ci il təvəllüdlü İddiaçı4 adlı övladları var. Həmin mənzil Rüstəm Fətəliyevin atası Musa Fətəliyevin adına orderlə olmuş, daha sonra Musa Fətəliyev mənzilin yarısını oğlu Rüstəm Fətəliyevin, digər yarısını isə digər oğlu Əli Fətəliyevin adına qeydiyyatdan keçirmişdir. Rüstəm Fətəliyev 10.10.2007-ci il tarixdə vəfat etmiş və bundan sonra onun adına olan mənzil iddiaçıların hər birinə ¼ hissədə pay olaraq qeydiyyata alınmışdır. Mənzildə olan şəxslər barəsində “ASAN xidmət” mərkəzindən Forma 2 Arayış aldıqda həmin mənzildə iddiaçılardan başqa iki nəfər cavabdeh X2 və Cavabdeh2 adlı şəxslərin qeydiyyatda olduqları məlum olmuşdur. Bildirirlər ki, hal-hazırda cavabdehlərin iddiaçılara məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və mülkiyyətlərində olan ev üzərində sərbəst sərəncam vermək hüquqları pozulur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmalk Məslələri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinin ******* №-li, MA seriyalı çıxarışından görünür ki, iddiaçıların Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 48 saylı evin 7 saylı mənzili üzərində hər birinin ¼ hissə payı vardır və həmin hissə üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki,03 may 2002-ci il tarixdən bəri xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı3, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı4, 06.12.1968-ci il təvəllüdlü Cavabdeh1 və 08.03.1959-cu il tarixli Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 48 saylı evin 7 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatdan çıxarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə olan halda, məhkəmə, cavabdehin adı çəkilən evə hər hansı əşya hüququnun olmadığını, eləcə də onun faktiki olaraq həmin ünvanda yaşamamasını nəzərə alaraq hesab edir ki, cavabdehin qeydiyyatı formal xarakter daşıyır, onların həmin yaşayış evindən istifadə hüququ olmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin mənzilə qeydiyyatı notarial əməliyyatları ilə bağlı formalaşmış mövcud təcrübəyə əsasən iddiaçının öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehin mənzilə dair istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 48 saylı evin 7 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 48 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1320/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1320/2021
24.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver