Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1326/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi Ş.M.Qədiməliyevin iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mülki işçi kimi işləmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmasına səbəb isə guya onun narkotik vasitələrdən istifadə etməsi olmuşdur. Lakin bu tamamilə əsassız və cəfəngiyyatdır. Ona qarşı son vaxtlar qərəzli münasibət bəslənmiş, tez-tez işdən könüllü olaraq çıxması tələb edilmiş, əks halda özlərinin çıxaracağını bildirmişdirlər. Belə ki, işdə olan vaxtı onu ilan sancmış, bu səbəbdən də uzun müddət müalicə olunmuşdur. Bildirmək istəyir ki, istehsalat rəisi, komandir əvəzi X8 ona gəlib müalicə olunmasını və bütün xərclərin özlərinin qarşılayacağını bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh heç bir müalicə xərcini qarşılamamış, hamısı özü tərəfindən ödənilmişdir. Bu barədə heç bir yerə şikayəti olmamışdır. İşə çıxdıqda isə ondan “sağlamlıq haqqında” arayış tələb edilmişdir. O, isə həkimlə əlaqə saxlamış, ona ilan sancmağına görə bu arayışı verə bilməyəcəyini, yalnız xəstəlik haqqında arayış verə biləcəklərini bildirmişdir. O, da bunu işlədiyi yerə bildirmiş, lakin ona inanmamışlar və onu 3 saylı poliklinikaya yoxlanışa aparmışlar, orada Musa adlı həkimin qəbulunda olmuşdur. Musa həkim də eyni sözləri demiş, onun müalicə olunmalı olduğunu bildirmişdirlər. Buna baxmayaraq, yenə də onu işə buraxmamışlar, bu səbəbdən də tərəfindən X6 şikayət edilmiş, araşdırma aparılmış və yenidən işə buraxılmışdır. Lakin buna baxmayaraq ona heç bir əsas olmadan töhmət verilmiş, əlavə ödənişlərdən məhrum edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi ondan işdən könüllü olaraq çıxması tələb edilmiş, əks halda özlərinin çıxaracağını bildirmişdirlər. O, isə bunun üçün heç bir əsaslarının olmadıqlarını və işdən çıxmayacağını bildirmişdir. Mart ayının 27-si xidmətdən çıxmasına 1 saat qalmış növbə rəisi Rəşad Ağayev ona postu tərk etməsini, yanına gəlməsini və narkoloji də analiz verməsini tələb etmişdir. Analiz vermiş və ona nəticənin pozitiv çıxdığı, yəni narkotik vasitə qəbul etdiyini bildirmişdirlər. Analizlə o, tanış olmamış, nəticəsi ona təqdim edilməmişdir. Onlardan yenidən analiz götürmələrini tələb etsə də, ilk başda razılaşmamış, daha sona oranın mayor rütbəsində olan əməkdaşı özünün şəxsən aparıb onu yoxlamadan keçirəcəyini bildirərək arxayın etmişdir. Lakin buna baxmayaraq yenidən yoxlamadan keçirilməmiş, qeyd etdiyi kimi Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən işdən qanunsuz olaraq azad edilmişdir. Hazırda heç bir yerdə iş tapa bilmir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iş üzrə hərtərəfli və obyektiv araşdırılma aparılmalı və iddia tələbi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı qanuni əsaslarla işdən azad edilmişdir. Belə ki, mütəmadi olaraq hərbi hissələrin həm hərbi, həm də mülki şəxsləri narkotik vasitələrin təsiri altında olunmalarının müəyyən etmək məqsədilə müayinələrdən keçirilirlər. Şübhəli məqam olduğu halda bu müayinələr tez-tez baş verə bilər. Mart ayının 27-də Gözətçi mühafizə bölməsinin rəisi M.Bayramov tərəfindən növbədə olan mühafizəçilərin bəzilərinin özünü aparmalarında şübhə yarandığı üçün hərbi hissənin komandirinin şəxslərin müayinədən keçirilməsi xahiş olunur, 12 nəfər müayinədən keçirilmiş, onlardan 2 nəfərində, o cümlədən İddiaçı sidik nümunəsində narkotik maddənin qəbul etmə faktı aşkar edilmişdir. Ona görə o, əmək qanunvericiliyin tələblərinə əsasən işdən azad edilmişdir. İddiaçıya qarşı hər hansı qərəzi olmamış, müayinə aparan X4 Nazirliyinə tabe deyil, Səhiyyə Nazirliyinin tabeliyindədir, aparılan müayinəni şübhə altına almaq doğru deyil. Müayinə aktının qeyd hissəsində təkrar sidik nümünəsinə Ağayev tərəfindən toz şəkilli maddə qatıldığı üçün müayinə olunmamışdır. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin Dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi X10 öz ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissəyə mart ayında gəlmiş, işçiləri tanımamışdır. Mart ayının 27-də mühafizəçilərin narkotik vasitə qəbul etmə şübhəsi olduğu üçün 12 nəfərin sidik nümunəsindən müayinələr götürülüb Narkoloji Dispanserə təqdim edilmişdir, həmin vaxtı o, da iştirak etmişdir, müayinələrin nəticələri elan edilərkən İddiaçı narkotik vasitə qəbul etməsi qeyd olunmuş, İddiaçı etiraz edərək narkotik vasitə qəbul etmədiyini bildirmiş, ondan təkrar sidik nümunəsini götürülməsi qərara alınmış, orada olan polis işçiləri ilə birlikdə ayaqyolunda sidik nümunəsi verən Ağayevə yaxınlaşarkən onun əlinin içində limon duzu olduğunu görüb bunu ona bildirərkən Ağayev səs-küy salaraq buna etiraz etmiş, sidik nümunəsinə həmin maddə qatıldığı üçün ekspert tərəfindən müayinə olunmasından imtina edilmişdir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2020-ci ildə ştat dəyişikliyi ilə əlaqədar olaraq Gözətçi mühafizəsi bölməsinin 4-cü dərəcəli mühafizəçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “b” bəndində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, 64 No-li əmrindən çıxarışının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Dövlət sirrinin mühafizəsi üzrə bölməsinin, 3-cü tarif dərəcəsinə müvafiq mühafizəçisi vəzifəsinə 3 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əsas: İddiaçı ərizəsi və 298 No-li xx.xx.2017ci il tarixli əmək müqaviləsi. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri Elman Əliyev və Kadrlar bölməsinin rəisi Teyyub Paşayev tərəfindən tərtib edilmiş arayışından görünür ki,hərbi hissə komandiri tərəfindən gözətçi mühafizəsi bölməsinin mühafizəçisi mülki işçi İddiaçı xx.xx.2021-ci il tarixli, 69 No-li əmrinə əsasən öz vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmədiyinə və müəssisəxadili intizam qaydalarını pozduğuna görə və xx.xx.2022-ci il tarixli, 476 No-li əmrinə əsasən öz funksional vəzifəsini layiqincə yerinə yetirməyərək əmək intizamı qaydalarını pozduğuna görə “töhmət” verilmişdir. İş üzrə N nömrəli hərbi hissə ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin (kontraktın) surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə Gözətçi mühafizəsi bölməsinin mühafizəçi vəzifəsinə təyin edilmişdir. Əmək Müqaviləsi “47/f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Res. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəblərə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3 il 7 ay 21 gün müddətinə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2020-ci il tarixdən işə başlayır (bənd 2.4). İşçiyə hər ay 389 manat məbləğində əmək haqqı ödənilir (bənd 4.1). İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin gözətçi mühafizəsi bölməsinin rəisi mülki işçi Mahir Bayramov tərəfindən həmin hərbi hissənin komandirinə verilmiş xx.xx.2023-cü il tarixli raportun surətindən görünür ki, işə gələrkən onda növbədə olan mühafizəçilərin bəzilərinin özünü aparmalarında şübhə yarandığı üçün onların tibbi müayinədən keçirilməsinə və araşdırma aparılmasına göstəriş verilməsini xahiş etmişdir. İş üzrə N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 1-T nömrəli əmrinin 2 nömrəli əlavəsinin 1.71-ci bəndinə əsasən təyin edilmiş aşağıdakı tərkibdə komissiya, komissiyanın sədri: kadrlar bölməsinin rəisi mayon T.Paşayev, komissiyanın üzvləri: dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi mayor T.Mehdiyev, məxfi hissənin rəisi gizir E.Məmmədov, yanğından mühafizə komandasının rəisi gizir F.Babayev, gözətçi mühafizəsi bölməsinin rəisi mülki işçi M.Bayramov, 4 nömrəli istehsalat sexinin texniki (istehsalatın təşkili üzrə) mülki işçi T.Ağacanov və Həmkarlar ittifaqı komitəsinin sədri K.Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, gözətçi mühafizəsi bölməsinin rəisi mülki işçi X2 raportuna əsasən xx.xx.2023-cü il tarixdə gözətçi mühafizəsi bölməsində və yanğından mühafizə komandasında araşdırma aparmışlar, işçilər arasında narkotik maddələrin qəbulu ilə bağlı şübhələr müəyyən edilmişdir. Komissiyanın rəyi: narkotik maddələrin qəbulu ilə bağlı araşdırmanın nəticələrinin yoxlanılması üçün növbədə olan şübhəli şəxsi heyət tibbi müayinədən keçirilmək üçün Narkoloji dispanserə göndərilsin. İş üzrə Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış N nömrəli, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, hərbi hissənin N nəfər mülki işçiləri dispanserdə ekspress test üsulu müayinə olunmuş və götürülən sidik nümunələrində heç bir narkotik vasitə qəbul faktı aşkar olunmamışdır. Lakin 2 nəfər – X9 və İddiaçı narkotik vasitə olan THC (marixuana) qəbul faktı aşkar olunmuşdur. İş üzrə Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş narkotik sərxoşluq vəziyyətin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 198/2023 nömrəli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə analiz götürülmüş, ekspress-testə müvafiq olaraq müayinə zamanı İddiaçı sidiyində OPİ qr. narkotik maddələr, AMP (amfetamin), MTD (metadon) aşkar olunmadı, test (-) mənfi. THC (+) müsbət. Qeyd: vətəndaşın xahişi ilə təkrarən sidik nümunəsi götürülən zaman ora xüsusi toz şəkilində maddə əlavə edildiyi üçün təkrar müayinə aparılmamışdır. İş üzrə N nömrəli hərbi hissənin həmkarlar ittifaqı komitəsinin iclasının protokolundan xx.xx.2023-cü il tarixli, 4 №-li çıxarışın surətindən görünür ki, hərbi hissədə işləyən mülki işçilər Sumqayıt şəhər Narkoloji dispanserində müayinədən keçirilmiş, Narkoloji dispanserin verdiyi xx.xx.2023-cü il tarixli N nömrəli məktuba əsasən Gözətçi mühafizəsi bölməsinin mühafizəçisi İddiaçı və Yangından mühafizə komandasının yanğınsöndürəni X3 narkotik vasitə olan THC (marixuana) qəbul etməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinin tələblərini pozduğuna görə həmin işçilər haqqında tədbir görülməsi üçün hərbi hissə komandirinə məktub ünvanlanması qərara alınmışdır. İş üzrə N nömrəli hərbi hissənin Həmkarlar İttifaqı Komitəsinin sədri Kazım Cəfərov tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, N nömrəli hərbi hissənin həmkarlar ittifaqı komitəsinin xx.xx.2023-cü il tarixli iclasında Gözətçi mühafizəsi bölməsinin mühafizəçisi İddiaçı və Yanğından mühafizə komandasının yanğınsöndürəni X3 marixuana qəbul etməsi faktı aşkar olunmsı müzakirə olunmuşdur. Narkotik maddədən istifadə etdiklərinə görə onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinin tələblərini pozmuşdur. Ona görə də onlar haqqında tədbir görülməsi üçün göstəriş verməsi həmkarlar ittifaqı komitəsinin üzvləri adından xahiş edilmişdir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin gözətçi mühafizəsi bölməsinin rəisi mülki işçi Mahir Bayramov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, xx.xx.2017-ci ildən N nömrəli hərbi hissənin gözətçi mühafizəsi bölməsinin mühafizəçisi vəzifəsində işləyən İddiaçı işlədiyi müdddət ərzində özünü nizam intizamsız bir işçi kimi göstərmiş, vəzifəsinin yerinə yetirilməsində çətinlik çəkmiş, verilən tapşırıqları gec qayrayır. Rəislərin verdiyi tapşırıqları aqressiv qəbul edir, bilik və hazırlıq səviyyəsi zəifdir. Vəzifəsinin öhdəsindən gəlməyə çətinlik çəkir. Kollektiv arasında özünü aparmağı bacarmır, daima iş yoldaşları ilə mübahisələr edir. İş üzrə N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 52 saylı əmrin surətindən görünür ki, İddiaçı, Gözətçi mühafizəsi bölməsinin mühafizəçisi, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Narkoloji Dispanserində narkoloji müayinədən keçirilən zaman narkotik vasitə olan THC (marixuana) qəbul etməsi faktı aşkar olmuşdur. Azzərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin “b” bəndinin tələblərini pozduğuna görə onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “b” bəndində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi olan dövr üçün istifadə olunmamış məzuniyyətə görə 21 təqvim günü hesabı ilə kompensasiya ödənilmişdir. Əsas: Sumqayıt şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli N nömrəli məktubu (dax.ol.No 1392). İş üzrə N nömrəli hərbi hissənin komandiri tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, N nömrəli hərbi hissədə Gözətçi mühafizəsi bölməsində mühafizəçi vəzifəsində işləmiş vətəndaş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinə (narkotik maddələrdən istifadə etdiyinə görə) müvafiq olaraq əmək vəzifələrini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Nəzərinə çatdırırlar ki, N nömrəli hərbi hissə Müdafiə Nazirliyinin birinci dərəcəli obyektləri sırasına daxildir. Vətəndaş İddiaçı N nömrəli hərbi hissədə işləməsi məqsədəuyğun hesab edilmir. İş üzrə Mediasiya Şurasının Sumqayıt 1 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00860 saylı arayışından görünür ki, işə bərpa tələbinə dair mübahisəsi üzrə İddiaçı və X5 (hərbi hissənin nümayəndəsi) xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş narkotik sərxoşluq vəziyyətin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 371/2023 nömrəli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə analiz götürülmüş, ekspress-testə müvafiq olaraq müayinə zamanı İddiaçı sidiyində OPİ qr. narkotik maddələr, THC (marixuana), MTD (metadon), AMP (amfetamin), TML (tramadol) aşkar olunmadı, test (-) mənfi. Qeyd: 04.2023-cü il tarixdən “Kannabioidlərin epizodik qəbulu” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş üzrə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışından görünür ki, N nömrəli hərbi hissə (Aviasiya Təmiri zavodu) hüquqi şəxsdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı tərəfindən təsdiq olunmuş Aviasiya Təmiri Zavodunun Nizamnaməsi əsasında hərbi təmir müəssisəsi kimi fəaliyyət göstərir. İşçilərin işə qəbulu və işdən azad olunması hərbi hissə komandirinin əmri əsasında aparılır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci ildən mülki işçi kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin gözətçi mühafizəsi bölməsinin mühafizəçi vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, gözətçi mühafizəsi bölməsinin rəisinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış raportuna əsasən xx.xx.2023-cü il tarixdə gözətçi mühafizəsi bölməsində və yanğından mühafizə komandasında növbədə olan mühafizəçilərin bəzilərinin özünü aparmasında şübhə yarandığı üçün onların tibbi müayinə keçirilməsinə və araşdırma aparılmasına göstəriş verilməsi xahiş olunmuş, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli göstərişi ilə komissiya yaradılmış və hərbi hissədə işləyən mülki işçilər Sumqayıt şəhər Narkoloji dispanserində müayinədən keçirilmiş, nəticədə gözətçi mühafizəsi bölməsinin mühafizəçisi mülki şəxs İddiaçı narkotik vasitə olan THC (marixuana) qəbul etməsi faktı aşkar olunmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı sidiyi ekspress-test üsulu ilə analiz edilmiş, analiz onun iştirakı ilə götürülərək keçirilmiş və analizin nəticəsində İddiaçı sidiyindən THC (marixuana) qəbul etməsi faktı aşkar edilməsi ilə əlaqədar Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi, şöbə müdiri həkim-narkoloqu və feldşerin iştirakı ilə müvafiq akt tərtib edilərək N nömrəli hərbi hissəsinə göndərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı müayinə nəticəsindən narazı qaldığı üçün ondan təkrar sidik nümunəsi götürülmüş, lakin onun tərəfindən həmin sidik nümunəsinə toz şəkilli maddə əlavə edildiyi üçün təkrar müayinə aparılmamışdır. Bu hal xx.xx.2023-cü il tarixli aktda da müvafiq qeydlə və məhkəmə iclasında dindirilən şahid ifadəsi ilə də təsdiq olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıda müayinə zamanı narkotik vasitə olan THC (marixuana) qəbul edilməsi faktı müəyyən edildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmri ilə onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “b” bəndində sadalanan bəndin mövcudluğu ilə bağlı) əmək müqaviləsinə xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. O, analizlə tanış olmamış, nəticəsi ona təqdim edilməmişdir. Yenidən analiz götürmələrini tələb etsə də, yenidən yoxlamadan keçirilməmişdir. Hazırda o, heç yerdə iş tapa bilmir. Bu səbəbdən iddiaçı onun işə bərpa olunmasını və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin, “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinin ləğv etmək, «d» bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda, qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «b» bəndinə əsasən alkoqollu işçilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə qeyd edir ki, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından birinin əmək vəzifələrinin kobud şəkildə pozulması çıxış edir. Məhz bu maddə ilə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən hallar dəqiq şəkildə müəyyən edilmişdir. Bu hallardan biri işçinin alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, sərxoş vəziyyətdə olmasıdır ki, belə hala yol verilməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu sayılır. Məhkəmə qeyd edir ki, işəgötürənin qanuni mənafeyinə xələl gətirən kobud hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud hüquq pozuntuları iş vaxtı ərzində olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının sidik analizində THC (marixuana) qəbul etməsi faktı aşkar edildiyindən, bu hərəkət əmək qanunvericiliyində əmək vəzifələrinin kobud şəkildə pozulma halı kimi qiymətləndirildiyindən, bununla da işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinin tələblərini pozduğundan, o, düzgün olaraq cavabdeh təşkilat tərəfindən işdən azad edilmişdir. Məhkəmə iddiaçının 2 aydan sonra verdiyi sidik analizində hər hansı narkotik maddənin qəbul edilməsi ilə bağlı faktın aşkar edilməməsi barədə aktda istinad edib əvvəlki analiz nəticəsində verilmiş aktın əsassız olması barədə dəlilləri üzrə qeyd edir ki, narkotik və psixotrop maddələrin qəbulundan uzun müddət keçdikdən sonra həmin halın müayinə zamanı aşkar edilməməsi mümkündür, eyni zamanda iddiaçıdan təkrar müayinəyə üçün sidik nümunəsinin götürülməsi təklif edilsə də, həmin nümunəyə müdaxilə etdiyi üçün (limon duzu qatdığı) təkrar müayinə aparılması mümkün olmamış, bu halın mövcudluğu bir daha xx.xx.2023-cü il tarixli aktın həqiqiliyini və mötəbərliyini təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən və iddiaçının iddia ərizəsində gətirdiyi dəlillər onun işə bərpa olunması üçün əsas olmadığından, iddia tələbi işə bərpa olunması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçının işə bərpa edilməsi ilə əlaqədar iddiası əsassız olduğundan, bu hissədə də iddia əsassızdır və təmin edilməməlidir. Beləliklə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1326/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1326/2023
01.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver