Məhkəmə qərarları › İş №2(009)-1328/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1328/2021

17.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1328/2021 17.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X7, Cavabdeh, nümayəndəsi və vəkili X5, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2, vəkili X10 iştirakları ilə, İddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh qarşı “evə köçürülmə” barədə məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə 28 yanvar 2020-ci il tarixdə bağlanmış ilkin alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsindəki 19 saylı evi 24.200 manata almış və həmin tarixdə mübahisəli evdə yaşayır. Həmin evə dair kommunal xəttləri iddiaçının adına qeydiyyata alınmış, eyni zamanda mübahisəli ünvan üzrə Səbail bələdiyyəsində hazırda bələdiyyə vergi ödəyicisi kimi qeydiyyata alınaraq bələdiyyə ımlak vergiləri ödəyir. Bir müddət keçəndən sonra məlum olmuşdur ki, Cavabdeh və X11 iddiaçının yaşadığı evə iddialıdır, bu səbəbdən də müxtəlif vaxtlarda məhəkəməyə müraciət etmişlər və iddiaları təmin edilməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh 2021-ci ilin mart ayında həmin mübahisəli evə özbaşına girərək iddiaçını əmlakından məhrum etmiş və onun orada yaşamasına imkan verməmişdir. Yaşamaq üçün başqa evi olmadığından iddiaçı kirayə evlərdə yaşayır. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi vermişdir. Etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsindəki mülahizələr əsassız və qanunsuzdur. Belə ki, 2005-ci il tarixdə öz qazandığı vəsait hesabına ünvan 2 ünvanda yerləşən 175 kvm torpaq sahəsinin üzərində ümumi sahəsi 107,68 kv.m olan bir mərtəbəli fərdi yaşayış evini tikdirmiş və həmin vaxtdan bu günədək həmin ünvanda 16 ildir ki, yaşayır. 2005-ci ilin dekabr ayından etibarən həmin evə qeydiyyata alınmaqla işıq sayğacı və qaz sayğacları, 2017-ci ildən isə su sayğacı quraşdırılmışdır. Cavabdeh həmin sayğaclar quraşdırıldığı dövrdən etibarən mütəmadi olaraq və vaxtı-vaxtında kommunal xərcləri ödəmişdir. 2021-ci ilin may ayında ona məlum olmuşdur ki, cavabdehlər X4 iə İddiaçı arasında qanunsuz olaraq qanuni sahibi olan həmin mübahisəli ev üzərində qanunsuz və əsassız olaraq ilkin müqavilə bağlanmışdır. Bildirir ki, cavabdeh X3 heç bir aidiyyatı olmadığı və 1 gün belə yaşamadığı ünvan 2 ünvanda hüquqi baxımdan mövcud olmayan hansısa daşınmaz əmlakın sahibi və sərəncamçısı kimi göstərilməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X15 izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilənləri müdafiə edir. Mətanət xanım İlhamə xanımın keçmiş baldızıdır. Yoldaşı ilə ayrıldıqdan sonra təxmini 2018-ci ildə İlhamə xanım evi X1 və çıxıb getmişdir. Bundan sonra Ağasəməd ilə Mətanət arasında konflikt yaranmışdır. Ağasəməd məhkəməyə müraciət edərək onların çıxarılmasını istəyib, lakin məhkəmə subyektiv hüququnun olmaması ilə bağlı iddianı rədd etmişdir. Qətnamədən görünür ki, İlhamə xanım orada yaşamayıb. İddiaçı ev axtararkən Mətanət xanım evini ona sata biləcəyini deyib. İddiaçı mübahisəli mənzil olduğunu bilsə idi əziyyətlə qazandığı pulu xərcləməzdi. İddiaçı evi alaraq əlavə tikililər inşa etmişdir, hardasa 10000 manat xərc çəkmişdir. Bu ilin mart ayında cavabdeh yaşadığı evə özbaşına girərək iddiaçını əmlakından məhrum etmiş və orada yaşamağa imkan verməmişdir. İddiaçı kirayədə yaşayır, yaşamaq üçün başqa evi yoxdur. Bu səbəbdən də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Etiraz ərizəsində göstərilənləri müdafiə edir. Həmin torpaq sahəsini 2003-cü il tarixdə almışdır. Yoldaşı ilə 2004-cü il tarixdə ayrılmışlar, lakin 2010-cu ildə rəsmiləşdirmişlər. Təmir işləri görmüşdür. Bütün otaqlar onun tərəfindən tikilmişdir. 2018-ci ilin aprel ayında Ağasəmədə satmışdır. 1 ay sonra evi boşaltmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X12 izahat verərək bildirmişdir ki, müxtəlif məhkəmə qətnamələri nümunə kimi göstərilərək cavabdehin subyektiv hüququnun olmadığı bildirilir. Lakin növbəti subyektiv hüququ olmayan şəxs yəni İddiaçı Cavabdeh qarşı iddia qaldırmışdır. Bir-birinə zidd müxtəlif sənədlər təqdim edir. Səbail Bələdiyyəsi tərəfindən verilmiş arayışda İddiaçı 19 nömrəli evdə qeydiyyatda olması göstərilib. Lakin, o heç bir zaman orada yaşamayıb və qeydiyyatda da olmayıb. İddiaçının subyektiv hüququ olmadığından iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 izahat verərək bildirmişdir ki, İlhamə açarı ona təhvil verərək çıxıb getmişdir. O öz vəsaiti hesabına evi tikmiş və 8-9 ay orada yaşamışdır. Sonradan İlhamə və onu əli ilə Ağasəməd ona qarşı müxtəlif iddialar qaldırmış, lakin hamısı rədd olunmuşdur. Ev ona məxsus olduğundan Pünhana satmış, evi təhvil verərək getmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 vəkili X16 izahat verərək bildirmişdir ki, İlhamə xanım özü evi tərk edib getmişdir. Hazırki iddia üzrə cavabdeh, yəni İlhamə xanım Mətanət xanımı evdən çıxarmaq üçün iddia qaldırmış lakin, subyektiv hüququ olmadığı və orada yaşamadığından iddiası rədd olunmuşdur. Sonradan Ağasəməd vasitəsilə Mətanət xanıma qarşı iddia qaldırmış və həmin iddia da rədd olunmuşdur. Məhkəmə qətnaməsi ilə təsdiq olunmuş hallar mübahisələndirilə bilmədiyindən hazırki iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 28.01.2020-ci il tarixli ilkin müqavilədən görünür ki, satıcı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 24200 manata satmağı, alıcı isə daşınmaz əmlakın razılaşdırılmış qiyməti olan 24200 manatı notariusun depozit hesabına qoyaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.01.2020-ci il tarixli, 3M-19 nömrəli reyestrdən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 2(009)974/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh və X4 cəlb edilməklə cavabdeh İddiaçı qarşı mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin ev alğı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün deyil. Yəni əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Qanunvericiliyinin tələblərinə əsasən daşınmaz əmlakların alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməli və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Özbaşına tikililərlə bağlı isə belə müqavilənin rəsmiləşdirilməsi qanunla müəyyən edilməmişdir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakla bağlı hər hansı bir hüquqi hərəkətin edilməsini xüsusi reyestrdə qeydiyyatının müyyənləşdirilməsi, əmlakın mülkiyyətçisinin, habelə istənilən potensial alıcısının hüquqlarının müdafiəsi ilə əlaqədardır. Çünki yalnız qeydiyyata alınmış hüquqları dövlət tanıyır və onun müdafiəsinə təminat verir. Daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatının əhəmiyyəti Konstitusiya Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Mülki Prosessual Məcəllənin 81-ci maddəsindən irəli gələn sübutların mümkünlüyü prinsipi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qanunverici daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sübutetmə vasitəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı müəyyən etmiş və bu halın digər sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq oluna bilməzliyini müyyənləşdirmişdir. Hazırkı mülki işdə isə tərəflərin mübahisəli evin mülkiyyət hüququ ilə onlara məxsus olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi, habelə digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdirlər. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarına əsasən, iddiaçı dövlət reyestrində qeydiyyatdan keçməyən və özbaşına tikili sayılan Bakı şəhəri Səbayıl rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evdə yaşayıb. Bu hal Səbail rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 2(009)974/2020 saylı qətnaməsində öz əksini tapır. Tərəflər arasında baş vermiş qarşılıqlı narazılıqlara və anlaşmazlıqlara görə iddiaçı həmin mənzildən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı mübahisə predmeti olan evə köçmək istəsə də, cavabdeh onu həmin evə buraxmır. Hazırda iddiaçının yaşamağa yeri yoxdur, kirayə qalır və kirayə haqqını ödəməyə imkanı çatmır. İddiaçı özünün yaşadığı Bakı şəhəri Səbayıl rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsini xahiş edir, cavabdeh isə bununla razılaşmayaraq iddiaçının mübahisəli evə köçürülməsinə etiraz edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia təmin olunaraq, iddiaçı, Bakı şəhəri Səbayıl rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməlidir. Belə ki, mübahisə predmeti olan, cavabdehin hazırda yaşadığı, iddiaçının isə köçürülməsini istədiyi Bakı şəhəri Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu mənada, məhkəmə xüsusilə vurğulayır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırkı mübahisədə hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan Bakı şəhəri Səbayıl rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evdə cavabdeh yararlanaraq orada yaşadığı halda, həmin evdə cavabdehlə eyni statusda olmaqla əvvəllər yaşamış, məcburiyyət qarşısında oradan çıxmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçərək yaşamaq tələbinin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi səbəbilə təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət qaydasına uyğun olmazdı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Odur ki, məhkəmə, mübahisə predmeti olan Bakı şəhəri Səbail rayonu Salyan şossesi dalan 2 ünvanında yerləşən evin özbaşına tikili olduğunu, dolayısıyla həmin fərdi yaşayış evinin tərəflərin mülkiyyətində deyil, məhz hər ikisinin faktiki sahibliyində olduğunu nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbayıl rayonu Salyan şossesi dalan 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlə birlikdə yararlanaraq orada yaşaması üçün həmin evə köçürülməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin olunmaqla, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar