Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1328/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu,Bayıl qəsəbəsi, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı paylı mülkiyyətin 1/3 hissəsinin mülkiyyətçi olduğunu nəzərə alıb evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı ev paylı mülkiyyətdir. Həmin mənzilin 1/3 hissəsi onun, yəni İddiaçı, evin digər 2/3 hissəsi isə iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzilin 1/3 hissəsinin ona məxsus olması barədə Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRXdən xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış verilmişdir. Mülkiyyətçi kimi eyni hüquq və vəzifələrə malik olsa da, ondan fərqli olaraq iş üzrə cavabdehlər həmin evdə yaşayırlar. Cavabdehlər tərəfindən ona və ailə üzvlərinə qarşı edilən hər cür təhqir və əsassız mübahisələrdən bezərək xeyli maddətdir ki, evində yaşamır. İndi başa düşür ki, o, evindən kənar durduqca cavabdehlər ona aid hissədən də sanki onlara aid imiş kimi istifadə edir. Başa düşür ki, iş üzrə cavabdehlər ona və ailə üzvlərinə qarşı qəsdən bu cür süni maneələr yaradırlar ki, onu və ailə üzvlərini evindən uzaq tutsunlar. Buna də nail olublar. Cavabdehlərə görə evinə daxil ola bilmədiyindən mülkiyyətindən istifadə edə bilmir. Paylı mülkiyyətləri tək cavabdehlərə məxsus imiş kimi yalnız onlar sözügedən evdən istədikləri kimi istifadə edirlər. Artıq neçə ildir ki, cavabdehlər süni maneələrlə onu mülkiyyətindən məhrum ediblər. Halbuki o da cavabdehlərdən biri olan Cavabdeh1 nimi sözügedən evin paylı mülkiyyətçisidir. Göründüyü kimi, cavabdehlər tərəfindən ona və ailəsinə şüurlu surətdə yaradılan maneələrə, mübahisəyə görə evinə daxil olub, mülkiyyətindən istifadə hüququnu həyata keçirib, evində rahat yaşaya bilmir. O zorla evinə daxil ola bilmir. Məhz bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş ettmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, məhkəməyə öz etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edilmişdir ki, guya iddiaçıya məxsus olan yaşayış sahəsindən istifadəsinə suni maneələr yaradılmış, mülkiyyətçi kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar həqiqəti əks etdirməyən hallardır. Belə ki, işin faktiki halı bundan ibarət olmuşdur ki, iş üzrə iddiaçı ilkin olaraq qeyd edilən mübahisəli mənzilin naturada bölünməsini tələb etmiş, lakin məhkəmə tərəfindən iddiaçının qeyd edilən iddia tələbi rədd edilmişdir. Bundan əlavə, iddiaçı ilə iş üzrə cavabdehlər, yəni onlar arasında müxtəlif vaxtlarda fərqli predmetlərdə məhkəmə mübahisələri olmuşdur (mənəvi zərərin ödənilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və s. tələbə dair). Həmçinin Cavabdeh3 qarşı hazırkı iş üzrə iddiaçının əri X8 tərəfindən dələduzluq cinayəti törədilmiş, sonuncunun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmişdir. İddiaçının həyat yoldaşı tərəfindən törədilmiş cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olaraq müvafiq olaraq tərəfindən Nizami rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə tərəfindən qeyd edilən iddia tələbi təmin edilmiş və X1 11000 ABŞ dollarının və 5000 manat məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. Göründüyü kimi iddiaçı və onun yaxın ailə üzvlərinin onlara, yəni hazırkı iş üzrə cavabdehlərə qarşı qərəzli mövqeyi vardır və bu səbəbdən də, qərəzli olaraq tərəflər arasında münaqişə yaradılması üçün hazırda yaşayış evinə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı qanunvericilikdə ona verilmiş digər hüquqlarından istifadə etməyərək qanunsuz olaraq tərəflər arasında münaqişə və mübahisənin yaranmasına nail olmağa çalışır. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının bir neçə yaşayış evləri (mənzilləri) var və daimi olaraq Keşlə qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Göründüyü kimi qanunvericilikdə konkret olaraq əmlakın naturada bölgüsü qeyri-mümkün olduqda şəxsin əmlakdakı payının dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik olması qeyd edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçı qeyd edilən hüququndan istifadə etməyərək mübahisəli mənzildə yaşayan digər şəxslərə maneə yaratmaq, tərəflər arasında münaqişə və mübahisənin yaranmasına nail olmaq məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və bu səbəbdən də qeyd edilən iddia tələbi məhkəmə tərəfindən rədd edilməlidir. Qeyd edilənlərə əsasən İddiaçı tərəfindən verilmiş Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə Yüzbəy Mürsəlov küçəsi 26 saylı evə köçürülməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı evin 1/3 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin X3 məxsus qalan 2/3 hissəsi açıq saxlanılmışdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev ö/t 26 qeydiyyatdadır. İş materiallarında olan 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 183 nömrəli arayışından görünür ki, Mürsəlov küçəsi şəxsi ev 26-da 149 saylı MKİS-də olan məlumata əsasən 1/3 hissə İddiaçı məxsusdur və aşağıdakı ailə tərkibi ilə qeydiyyatdadırlar: özü İddiaçı, oğlu X9 və qızı X4. Y.Mürsəlov şəxsi ev 26-da 149 saylı MKİS-də olan məlumata əsasən 2/3 hissə Cavabdeh1 məxsusdur və aşağıdakı ailə tərkibi ilə qeydiyyatdadırlar: özü Cavabdeh1, atası Cavabdeh3 və anası X5. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-10/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-24/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, X10, X7 və X2 qarşı ümumi mülkiyyətdə olan evdə qanunsuz inşa edilmiş tikililərin sökülməsi, evin çıxarış və texniki pasportda göstərilən ilkin vəziyyətə gətirilməsi, ondan sonra onun payının naturada bölünməsi, həmin evin bir hissəsinin kirayəyə verilməsi nəticəsində gəlirdən onun payına müvafiq 1/3 hissənin verilməsi, cavabdehlərin ümumi paylı mülkiyyətdən çıxarılması və s. tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1112/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-24/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-10/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1112/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, tərəflərin izahatları və iş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı evin 1/3 hissəsinin paylı mülkiyyətçisidir. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı evin 1/3 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı özünün qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20ci sahə, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı evə buraxılmamasını mübahisələndirərək, həmin evə köçürülməsini xahiş edir, cavabdehlər isə buna etiraz edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan, cavabdehlərin hazırda yaşadığı, iddiaçının isə köçürülməsini istədiyi Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı evin 1/3 hissəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda -hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Odur ki, məhkəmə, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Y.Mürsəlov küçəsi, 26 saylı evin (habelə iddiaçının köçürülməsini istədiyi 1/3 sahəsinin) paylı mülkiyət olduğunu, məhz sahibliyində olduğunu, eləcə də, ədalət mühakiməsinin səmərəliliyini təmin etmə vasitələrindən biri kimi analogiya institutunun çıxış etdiyini nəzərə alaraq hesab edir ki, hazırkı işdə bu və ya digər şəxsin istifadəsində və ya icarəsində olan yaşayış sahəsinə köçürülməni təmin edən qanunvericilik aktına istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 26 saylı evə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1328/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1328/2023
25.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver