Məhkəmə qərarları › İş №2(009)-1331/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1331/2024

05.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1331/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı hüquqi faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum anası X6 xx.xx.1946-cı il tarixdə Ermənistanın Yerevan şəhərində anadan olmuşdur. X1 anası X10 ilə xx.xx.1965-ci ildə birgə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan sonra anasına “Hüseynova” soyadı verilmişdir. Anası xx.xx.2024-cü ildə “durğunluq ürək çatmamazlığı olmadan, əsasən ürəyin zəd.ilə hipertenziv” xəstəliyindən vəfat etmişdir. Anasının doğum qeyd edilmə faktının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, lakin xx.xx.2024-cü il tarixli 3-16-5/8-323/15 saylı cavab məktubu ilə anasının doğulması faktının Qeydiyyat İdarəsi tərəfindən həyata keçirilməsinin qeyri-mümkünlüyü bildirilmiş və məhkəməyə müraciət etmə hüququnun olması izah edilmişdir. Anasının adına mənzil qalmışdır, həmin mənzili o, vərəsə kimi adına keçirtmək istəyir. Notarius vərəsələr dairəsini müəyyən etmək üçün anasının doğum haqqında şəhadətnaməni tələb etmiş, lakin doğum şəhadətnaməsinin olmaması səbəbindən bu mümkün olmamışdır. Hazırda isə anasının doğum haqqında şəhadətnamənin onun üçün hüquqi əhəmiyyəti vardır. Lakin o, bu sənədi başqa cür əldə edə bilmir. Belə ki, arxiv materiallarında anasının doğum akt qeydi aşkar edilməmişdir. Göründüyü kimi, onun üçün hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi anası X3 02 dekabr 1946-cı il tarixdə Ermənistan, Yerevan şəhərində doğumun qeyd edilmə faktının müəyyən edilməsi və ata adı X8, ana adı X9 göstərilməklə adına doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçi İddiaçı öz ərizəsini tam müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalasıdır. Ərizəçinin anası Ceyran onun bacısıdır, xx.xx.1946-cı ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur. Valideynləri 1949-cu ildə Bakı şəhərinə gələndə o, və digər qardaşları Bakı şəhərində anadan olmuşlar. Onların valideynləri X8 və anaları X4r. Analarının qızlıq soyadı Əzimova olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin dayısıdır. Ceyran onun bacısıdır, Ceyran xx.xx.1946-cı ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur. Onların valideynləri X8 və anaları X4r. Analarının qızlıq soyadı Əzimova olmuşdur. İş üzrə Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 ilə X10 arasında xx.xx.1965-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1792 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş üzrə Ordubad rayonunun Əylis kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, X1, anası X2 göstərilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2024-cü ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 169 No ilə qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 xx.xx.1946-cı ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur. İş üzrə Maraqlı şəxs tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazısının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyavtı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin anasının qızlıq soyadı Rzayeva olmuş, atası ilə nikaha daxil olduqdan sonra ərin soyadını qəbul etmiş və nikahdan sonra soyadı Hüseynova olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmişdir ki, ərizəçinin anası xx.xx.1946-cı ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi vərəsəlik işinin açılması üçün notariusa müraciət etmiş, notarius vərəsələr dairəsinin müəyyən etmək üçün C.Hüseynovanın doğum haqqında şəhadətnaməni tələb etmişdir. Lakin C.Hüseynovanın doğum haqqında şəhadətnamənin əslini itirmiş və ərizəçi anasının doğum haqqında şəhadətnamənin dublikatını almaq üçün Səbail rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin orqan bu akt qeydin bərpa edilməsindən imtina etmiş və doğum akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ərizəçi anasının doğum akt qeydlərinin Azərbaycan Respublikası ərazisində qeydiyyat şöbəsi tərəfindən bərpasının qeyri-mümkünlüyü ərizəçinin Azərbaycan Respublikası ilə hüquqi yardımla bağlı müqaviləsi mövcud olmayan Ermənistan Respublikasında icra olunması ilə əlaqədardır. Bu səbəbdən məhkəmə ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etməsini əsaslı hesab edir. AR Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin anasının xx.xx.1946-cı ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olması məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq olunduğundan, eyni zamanda doğum haqqında akt qeydinin bərpası başqa yolla mümkün olmadığından, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 02 dekabr 1946-cı ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuş X5 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında X5 doğum tarixi 02 dekabr 1946-cı il, doğulduğu yer Ermənistan Respublikası Yerevan şəhəri, ata qrafasında – X8 (milliyəti azərbaycanlı), ana qrafasında – X9 (milliyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X5 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar