Məhkəmə qərarları › İş №2(009)-1336/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1336/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1336/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh (Ləğv prosesində olan "xxxx" ASC-nin üçüncü şəxs kimi cəlb edilən) qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44000 (qırx dörd min) manat borcun və ödənilmiş 222 (iki yüz iyirmi iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin sentyabr ayından Ləğv Prosesində olan "xxxx" ASC-də, xx.xx.2019-cu il tarixdən isə Ləğv Prosesində olan "xxxx" ASC-də kreditlərin yığılması departamendə müdir vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə banklara kredit borcu olan və qaytarılmasında problemlər yaradan müştərilərlə əlaqə saxlayıb onlardan borclarının ödənilməsini təmin etmək istəmişdir. Həmin müştərilərdən biri də əvvəllər tanıdığı və yaxşı münasibəti olan hazırki Cavabdehdur. Belə ki, Cavabdeh "xxxx" ASC-də bank bağlanan günə kimi filial müdiri vəzifəsində çalışmışdır və öz adına olan kreditdən başqa ona aidiyyatı olan əlavə 6 şəxsin də adına kredit götürmüş, ödənişlərində ciddi problemlər yaranmşıdır. 2019-cu ilin aprel ayında onunla əlaqə saxlayarkən, ona növbəti may ayında ödəniş edəcəyini bildirmişdir. 2019-cu ilin May ayında bir neçə dəfə Cavabdehla görüşmüş, cavabdeh ona köməklik üçün bu ay ödəniş etməsini, ona olan borcunu sonra qaytaracağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə o Cavabdeh banka olan LD ********** saylı hesabına 50000 (əlli min) azn ödəniş etmişdir. Həmin gün son ödəniş günü idi və cavabdeh həmin gün əməliyyat edilirdi. Təxminən 3-4 gündən sonra Raufla görüşmüş, tərəfindən ödənilmiş çeki ona təqdim etmiş, cavabdeh isə ona yeni əməliyyat olunduğunu və bir müddət sonra ödəniş edə biləcəyini bildirmişdir. Təxminən avqust ayında Cavabdeh ona 5000 azn pul vermişdir. Sonradan ödənişi qaytarmamışdır. Növbəti dəfə isə 26 iyun 2021-ci il tarixdə ona 1000 (bir min) azn vermış və ciddi problemlərinin olduğunu bildirmişdir. Cavabdeh bu günə kimi ona olan borcunu ödəməmişdir. Sonradan İddiaçı ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 44.000 (qırx dörd min) manat məbəğində borc pulun, 13.500 (on üç min beş yüz) manat məbləğində dəbbə pulu, dövlət rüsumu 222 (iki yüz iyirmi iki) manat, cəmi 57.722 (əlli yeddi min yeddi yüz iyirmi iki) manat məbləğində pulun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 44.000 (qırx dörd min) manat məbləğində pulun və 222 (iki yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2019-cu ildən bu günə kimi cavabdeh tərəfindən 44.000 (qırx dörd min) manat məbəğində borc pulun ona vaxtında ödənilmədiyinə görə bank uçot dərəcəsinə müvafiq olaraq 13.500 (on üç min beş yüz) manat məbləğində dəbbə pulu, dövlət rüsumu 222 (iki yüz iyirmi iki) manat, cəmi 57.722 (əlli yeddi min yeddi yüz iyirmi iki) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı 6.000 manat məbləğində borc pulun və ödənilmiş 80 manat dövlət rüsumunun, ümumilikdə 6.080 manatın tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o, Cavabdeh əvəzinə 50.000 manat ödəniş etmişdir. Lakin, təmsil etdiyi şəxs bildirmişdir ki, “belə bir hal olmamışdır. Onun banka böyük məbləğdə kredit borcu olmuş və ödənişi də yalnız özü etmişdir. Həmin vaxt isə İddiaçı bankda kreditlərin yığılması departamentində işləmişdir. İddiaçı ona təklif etmişdir ki, burada faizlər böyükdür, fazilərin azaldılması üçün guya köməklik edəcək və bunun müqabilində ondan 50.000 manat istəmişdir. Cavabdeh isə bunun müqabildində ona yalnız 6.000 manat ödəniş edə biləcəyini bildirmiş və həmin ödənişi də etmişdir. Lakin, sonradan İddiaçı vədini yerinə yetirmədiyi üçün məcbur olub bütün borc məbləğini faziləri ilə birlikdə ödəmişdir. Belə ki, bocun bir qismini nağd ödəmiş, bir qisminin isə müqabilində bankla razılaşmaya əsasən əmlak vermişdir. Bundan sonra isə dəfələrlə İddiaçı pulunu tələb etsə də ala bilməmişdir. İddiaçı 6.000 manat pulu Cavabdeh almasını öz iddia ərizəsində də etiraf etmişdir. Göstərilən halları nəzərə alaraq hesab edir ki, 6.000 manat məbləğində borc pul və ödənilmiş 80 manat dövlət rüsumu, ümumilikdə 6.080 manat İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, 09 yanvar 2019-cu il tarixdə Zaminbanka rəhbər təyin edilmiş, Cavabdeh dəfələrlə otağında olmuşdur, Nağdlaşdırma üzrə Cavabdeh etibarlı adamlar biri olmuşdur. 31 may 2019-cu il tarixə qədər görüşərək ona bildirmişdir ki, 50000 azn ödəyəcək, aralarında inam və etibar olmuşdur. Sonuncu dəfə 29 may 2019-cu il tarixdə Raufla danışmış, Rauf ona bildirmişdir ki, ödəyəcək, 31 may 2019-cu il tarixdə Raufun telefonuna zəng çatmamış, borcu özü ödəmişdir. Cavabdeh 31 may 2019-cu il tarixdə ödəniş etməli idi. Sonradan ona həmin tarixdə əməliyyatda olduğunu bildirmişdir. Saat 17:00-a kimi pulu tapıb gətirib özü ödəniş etmişdir ki, borc gələn aya keçməsin, əmin olmuşdur ki, Rauf həmin pulu ona qaytaracaq. Qəbz üç nüsxədə olmuşdur. Cavabdeh iki dəfə, birinci dəfə avqust ayında 2019-cu il tarixində 5.000 azn qaytarmış, o sonraki dövrdə Fondda işləməmişdir. Sonra pandemiya olmuşdur. Raufa borcunu qaytarmasını demiş, sonuncu isə ikinci dəfə 2021-ci ilin iyun ayında 1000 azn qış parkında qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, O Əmanətlərin Sığortalanması Fondunun işçisi olduğu üçün borcların ödənilməsinin təmin edilməsi ilə bağlı ona heç bir bonus ödənilmirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, o, İddiaçı uzun zamandır ki tanıyır, onunla daha əvvəl də aralarında pul mübahisələri olmuşdur. 2019-cu ildə Ləğv prosesində olan Zaminbank ASC-yə borcu olduğu üçün onu məhkəməyə vermişdilər, bununla bağlı ödənişlərini etmək üçün banka getmiş və İddiaçı orada görmüşdür. Ceyhun ona kassaya pulu ödəməklə bonus qazanacağını bildirərək pulu onun əvəzinə kassaya ödəməyi təklif etmiş, o isə ona etibar etmədiyi üçün imtina etmişdir. 50.000 manatı şəxsən özü ödəmişdir. Əlavə olaraq iddiaçının istinad etdiyi qəbzin saxta olmasını və ilk iddiaçı tərəfindən banka olan borcundan 50000 manatı onun əvəzinə ödənilməsi ilə bağlı aralarında heç bir razılığın olmamasını göstərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianı müdafiə edərək izahatında tərəflər arasında öhdəlik münasibətlərinin yaranmamasına, əsassız varlanma halının olmamasına, iddianın heç bir qanuni əsasının olmamasına istinad edərək ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X3 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmış və izahatında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının təqdim edilmiş 50000 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli qəbzin İddiaçı tərəfindən saxtalaşdırılması ilə bağlı qeyd etmişdir ki, konkret halla bağlı deyil, lakin ümumiyyətlə bildirmək istəyir ki, banka ödənişi təsdiq edən qəbzin özünün və məzmununun saxtalaşdırılması qətiyyən mümkün deyildir. Qəbzin məzmunu bankın əməliyyat sistemində öz əksini tapır. Qəbzin dəyişdirilməsi bankın istənilən əməkdaşının səlahiyyətinə aid deyil, qəbz səhv vurulduğu halda belə, qəbzin yenidən verilməsini təmin etmək üçün informasiya texnologiyaları şöbəsinin əməkdaşları qəbzi geri qaytara bilər, geri qaytarılan əməliyyatın özü də sistemin yaddaşında qalır. Həmçinin bildirmişdir ki, o tarixə olan video görüntülər uzun müddət keçdiyinə görə bankda saxlanılmamışdır. Məhkəmə işdə iştirak edən tərəflərin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ləğv prosesində olan "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi 15 avqust 2022-ci il tarixli Cavabdeh Mayıs oğlunun "xxxx" ASC-də olan LD********** hesabına 50000 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, həmin ödəniş İddiaçı tərəfindən həyata keçirilmişdir. İlk iddiaçı "xxxx" ASC-də bank bağlanan günə kimi filial müdiri vəzifəsində çalışan Cavabdeh həmin bankdan götürdüyü kreditə görə onun razılığı ilə, yəni sonradan qaytarmaq şərti ilə xx.xx.2019-cu il tarixdə sonuncunun banka olan LD ********** saylı hesabına 50000 (əlli min) azn ödəniş etməsinə baxmayaraq cavabdehin bu məbləğdən iki dəfəyə 6000 manatı ödəsə də, qalan məbləği qaytarmamağını, qarşılıqlı iddiaçı isə həmin vaxt bankda kreditlərin yığılması departamentində müdir vəzifəsində işləyən İddiaçı onun banka borcu olmasını bildiyindən fazilərin azaldılması üçün köməkliyə görə ondan 50.000 manat istəməsinə baxmayaraq ona yalnız 6000 manatı verməsini, bunun müqabilində isə onun vədini yerinə yetirmədiyi üçün məcbur olub bütün borc məbləğini faziləri ilə birlikdə ödədiyindən verdiyi həmin 6000 manatı geri qaytarmamasını iddia edirlər. İşin materiallarından görünür ki, ilk iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları Ləğv prosesində olan "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi 15 avqust 2022-ci il tarixli Cavabdeh Mayıs oğlunun "xxxx" ASC-də olan LD********** hesabına 50000 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli qəbzin mövcudluğu və məzmunu ilə əsaslandırır. İlk iddia üzrə cavabdeh isə iddiaya etirazın əsası kimi həmin qəbzin saxta olmasını və ilk iddiaçı tərəfindən banka olan borcundan 50000 manatı onun əvəzinə ödənilməsi ilə bağlı aralarında heç bir razılığının olmamasını, faiz borcunun azaldılması ilə bağlı ona 6000 manat verməsini göstərir. Məhkəmə ilk öncə tərəflərin həqiqətən də bir-birilərini tanımaqla, İddiaçı xx.xx.2019cu il tarixdən Ləğv Prosesində olan "xxxx" ASC-də kreditlərin yığılması departamendə müdir vəzifəsində, Cavabdeh isə "xxxx" ASC-də bank bağlanan günə kimi filial müdiri vəzifəsində işləmələrinin onların izahatları ilə təsdiq edilməsini qeyd edir. Məhkəmə daha sonra hər iki iddia tələbi üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hər iki tərəfin iddialarının əsası kimi istinad etdiyi hallar üzrə irəli sürdükləri dəlillərə qiymət verərək hesab edir ki, ilk iddiaçı tərəf iddiasının əsası kimi istinad etdiyi hallar araşdırma zamanı öz təsdiqini tapmışdır. Belə ki, işin araşdırılmış halları ilə "xxxx" ASC-də bank bağlanan günə kimi filial müdiri vəzifəsində çalışan Cavabdeh həmin banka kredit borcunun olması faktı həm tərəflərin izahatları, həm də iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-565/2020 saylı qərardadının məzmunu ilə təsdiq edilir. Məhkəmə ilk iddia üzrə cavabdehin Ləğv prosesində olan "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi 15 avqust 2022-ci il tarixli Cavabdeh Mayıs oğlunun "xxxx" ASC-də olan LD********** hesabına 50000 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli qəbzin saxta olmasına dair cavabdehin dəlillərini əsassız sayır və hesab edir ki, bu dəlil üzrə rəsmi məktubla surəti təsdiq edilmiş qəbzin məzmununun şübhə altına alınması üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin iş üzrə Ləğv prosesində olan "xxxx" ASCnin nümayəndəsi X3 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxsa da, təqdim edilmiş 50000 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli qəbzin İddiaçı tərəfindən saxtalaşdırılmasına dair izahatında bildirdiyi mövqeyini də nəzərə alır. Həmçinin məhkəmə ilk iddiaçının xx.xx.2019-cu il tarixdə Cavabdeh banka olan LD ********** saylı hesabına 50000 (əlli min) azn ödəniş etməsindən sonra sonuncunun ona iki dəfəyə 6000 manat qaytarması ilə bağlı izahatlarını da inandırıcı sayır. Belə ki, faktiki olaraq Cavabdeh İddiaçı 6000 manatı verməsini etiraf edir, lakin onun təyinatını sonuncunun bildirdiyi kimi qaytarılmalı olan pul deyil, faiz dərəcələrinin azaldılmasına kömək üçün tələb etdiyi pul olmasında israr edir. Məhkəmə ilk iddia üzrə cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək onları əsassız sayır. Belə ki, o bu halların təsdiqi kimi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onun ilk iddiaçıya 6000 manat pulu verməsi faktı isə əvəzinə ödənilən kredit borcunun həqiqətən də ilk iddiaçı tərəfindən ödənilməsinin bir daha təsdiqidir və məhkəmə işin araşdırılmış hallarına əsasən 6000 manatın ilk iddiaçıya hansı məqsədə çatmaq üçün verilən pul kimi deyil, onun cavabdehin əvəzinə ödədiyi 50000 manat puldan qaytarılan məbləğ kimi qiymətləndirir. İlk iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1 və 448.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə hesab edir ki, ilk iddiaçı cavabdehin banka olan kredit borclarını ödəməyinə baxmayaraq sonuncunun həmin məbləğdən 6000 manatı qaytarmaqla qalan 44000 manatı ödəməməklə ilk iddiaçının hesabına əsassız varlanmışdır. Belə ki, iddiaçı iddia ərizəsində borc qismində 50000 manatı cavabdehin məlumatı olmaqla onun əvəzinə ödədiyini göstərsə də, məhkəmə iclasında iddiaçı izahatında pulun 31 may tarixindədək ödənilməli olmasını, cavabdehin həmin gün telefon nömrəsinə zəng çatmadığını, cavabdehin pulu sonradan qaytaracağına əmin olduğu üçün onun əvəzinə pulu hesabına ödədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İlk iddia üzrə cavabdehin ilk iddiaçının hesabına əsassız varlanması həmçinin yuxarıda qeyd edilən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 565/2020 saylı qərardadının məzmunu ilə təsdiq edilir. Belə ki, həmin qərardadda göstərilmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(009)-1713/2019 saylı qətnaməsindən apelyasiya şikayəti versə də, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ərizə göndərilərək iddiadan imtina edildiyi bildirilmiş və hazırkı mülki işin icraatına xitam verilməsi xahiş edilmiş, məhkəmənin qeyd edilən qərardadı ilə də iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiadan imtinası qəbul edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(009)-1713/2019 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Başqa sözlə kredit borcu ödənildiyi üçün iddiaçı iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə bank qarşısında borc öhdəliyinin olmamasında ilk iddiaçının onun əvəzinə ödədiyi 50000 manat məbləğinin də rolu olmuş, lakin o həmin ödənilən məbləğin 6000 manatını ilk iddiaçıya qaytarsa da, qalan 44000 manatı qaytarmamaqla əsassız varlanmışdır. Məhkəmə həmçinin qeyd etməyi də zəruri sayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Məhkəmə həmçinin qeyd edir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı ilk iddia üzrə cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, ilkin iddia 44.000 (qırx dörd min) manat məbləğində pulun cavabdehdən tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə ilk iddianın cavabdehdən 13.500 (on üç min beş yüz) manat məbləğində dəbbə pulu tutulması hissəsinin təmin edilməsini mümkün saymır. Belə ki, ilk iddiaçı tələbinin bu hissəsini cavabdeh tərəfindən 44.000 (qırx dörd min) manat məbəğində borc pulun ona vaxtında ödənilmədiyinə görə bank uçot dərəcəsinə müvafiq olaraq dəbbə pulu kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mülki qanunvericiliyə əsasən öhdəlik münasibətləri üzrə yazılı müqavilə olduğu təqdirdə dəymiş zərərə görə dəbbə pulunun tutulması nəzərdə tutulur. Buna görə də məhkəmə ilk iddia tələbinin dəbbə pulunun tutulması hissəsində əsassız sayır. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddiaçının cavabdehə 6000 manat pulu banka olan kredit borclarının faizlərinin azaldılması məqsədilə verməsi ilə bağlı tələbində və izahatında göstərilənlər onun iddiasının əsaslı olması kimi qiymətləqdirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının cavabdehə 6000 manat pulu banka olan kredit borclarının faizlərinin azaldılması məqsədilə verməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmadığı üçün əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. (MPM 113.2) Məhkəmə ilkin iddianın qismən təmin olunduğunu, qarşılıqlı iddianın rədd edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 222 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ilkin iddia tələbləri artırıldığından, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq (iddia həmin hissədə rədd edilmişdir) 40,50 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 44.000 (qırx dörd min) manat məbləğində pul və 222 (iki yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun kəsir məbləği - 40,50 (qırx manat əlli qəpik) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia rədd edilməli, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 113, 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 44.000 (qırx dörd min) manat məbləğində pul və 222 (iki yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun kəsir məbləği 40,50 (qırx manat əlli qəpik) manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar