Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1350/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 və X2 onun ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Bunu məhkəməyə təqdim etdiyi mənzilə dair MH seriyalı, ******* nömrəli çıxarışın surəti ilə təsdiq edir. Məlumat üçün bildirir ki, hazırki iddia ərizəsi üzrə cavabdeh şəxslər qismində cəlb edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 və X5 ona məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatındadırlar. Lakin o, cavabdeh şəxslərin heç birini tanımır və onların onun mülkiyyətində olan mənzilə hansı üsulla qeydiyyata düşmələri barədə məlumatı yoxdur. Hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 və X5 onun ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatındadır, lakin həmin ünvanda yaşamırlar. Hansı ki, bu onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlararını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan başqa, cavabdehlərin onun ünvan 1 ünvanında yerləşən mənzilində pasport qeydiyyatında qalmaları onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Ona görə də hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 və X2 onun ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sonuncu qeydiyyatda olduqları ünvandan məhkəmə iclasına çağırılmışlar, lakin həmin ünvanın olduğu ərazi üzrə 149 saylı MKİS tərəfindən cavabdehlərin göstərilən mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamadıqlarından məhkəmə bildirişi onlara təqdim olunmadan məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış məktub məhkəməyə göndərildiyindən, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 10.12.2008-ci il tarixli, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə X1 ½ hissə, İddiaçı ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 874 nömrəli reyestr kitabının 81306 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 149 saylı MKİS tərəfindən verilmiş 21.04.2021-ci il tarixli, 1331 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə X14, X3, X15, X11, X6, X12, X7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 və X5 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yaşayan iddiaçı, onun həyat yoldaşı və qonşular X17, X8, X9 tərəfindən tərtib olunmuş 21.05.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 və X2 ünvan 1 ünvanında yerləşən mənzildə əvvəl və hazırda da yaşamadıqlarını təsdiq etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında İddiaçı paylı mülkiyyətindədir və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eləcə də onların azyaşlı uşaqları X10 və X5 həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının ailə üzvü deyil, hər hansı qohumluq əlaqəsi yoxdur və cavabdehlər həmin ünvanda yerləşən mənzildə heç vaxt yaşamamışlar. Bu hal iddiaçı tərəfin izahatı ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da öz təsdiqini tapmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eləcə də onların azyaşlı uşaqları X4 və X2 ünvan 1 ünvanında yerləşən mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM-5.1) İddia tələbinin mahiyyətindən də göründüyü kimi iddiaçı cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq, tədqiq edilmiş sübutlara və iddiaçı tərəfin izahatına qiymət verərək cavabdehlərin mübahisəli ünvana istifadə hüquqlarının yaranmadığı qənaətinə gəlir və buna görə də yaranmayan hüquqlara xitam verilməsini mümkün hesab etmir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin və iddiaçının izahatının məzmunundan görünür ki, iddiaçının cavabdehlərin ona məxsus mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilinə pasport qeydiyyatından çıxarılmalarına nail olmaqdır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatda olmaları iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzili (paylı) mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka (ona aid hissədə) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Belə olan halda, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə pasport qeydiyyatında qalmaları iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə, sahib olmasına və barəsində sərəncam verməsinə imkan vermir və maneə yaradır. Buna görə də, məhkəmə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildə pasport qeydiyyatında qalmalarını iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsə də, çıxarılacaq qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eləcə də onların azyaşlı uşaqları X4 və X2 ünvan 1 ünvanında yerləşən mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas olmalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, hazırki qətnamədə cavabdehlərin mənzildən istifadə hüquqlarının yaranmaması halı müəyyən edildiyindən, qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilməli, hazırkı qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, eləcə də onların azyaşlı uşaqları X4 və X2 ünvan 1 ünvanında yerləşən mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Hazırkı qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və X2 ünvan 1 ünvanında yerləşən mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1350/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1350/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver