Məhkəmə qərarları › İş №2(009)-1350/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1350/2024

09.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1350/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 3 ay sınaq müddət göstərilməklə bir illik fərdi əmək müqaviləsi bağlamışdır. xx.xx.2022-ci ildə Cavabdehndə mütəxəssis kimi fəaliyyətə başlamışdır. Bir ilin tamamında Mərkəzin müdiriyyəti tərəfindən ona xəbərdar edilmədən müqavilə uzadılmışdır. Lakin müqavilənin müddətinin bitməyinə müəyyən zaman qalsa da və X2 xəbərdarlıq vermədən onu qanunsuz şəxsi qərəzliklə müqaviləsinə xitam verilmişdir. O, Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür, müharibə veteranıdır. Ona mənəvi psixoloji zərbələr vurublar. Göründüyü kimi, Mərkəz tərəfindən ona müqavilənin bitməsi və uzadılması barədə rəsmi xəbərdarlıq edilməmişdir. Buna görə də Mərkəzin fəaliyyəti Əmək Məcəlləsinin müvafiq normalarını pozmuşdur. Bundan əlavə onun tərəfindən əmək müfəttişliyinə müraciət edilmişdir. Əmək müfəttişliyi cavabdehin qanunsuz əməllərinə görə Muğam Mərkəzi cərimələmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o, Əfqanıstanda müharibədə iştirak etmiş, müharibə veteranı hesab edilir, 1994-cü ildə Ulu Öndərin tərəfindən qəbul edilən qanunvericilik də onun hüquqlarını müdafiə edir, o, X3 işə götürülərkən direktor Murad Hüseynovla bağladığı əmək müqaviləsini imzalamış, müddət 1 il qeyd edilsə də, 2024-cü ilədək uzadılması ilə bağlı müqaviləni imzalamamışdır. Hesab edir ki, müharibə veteranı olduğu üçün işəgötürən bunu nəzərə almamış onu əsassız işdən azad etmişdir. Müqavilə müddəti bitsə də, işəgötürən onu başqa işlə təmin etməli idi, veteran olmasını və imtiyaza malik olmasını nəzərə alaraq. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki,iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanılmışdır, 2023-cü ildə müqavilə müddəti bitsə də, onunla əmək münavibəti davam etdirilmiş, müqavilə müddəti 1 il, yəni 2024-cü ilin yanvar ayına qədər artırılmış, bu barədə əmək müqaviləsi bildirişində müvafiq dəyişiklik edilmiş və 2024-cü ilin yanvar ayında iddiaçı ilə əmək müqaviləsinin müddəti bitdiyi üçün AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı ilə Muğam Mərkəzi arasında bağlanan müqavilə qanuni olmuş, tərəflərin iradə ifadəsinə uyğun müddətli bağlanılmışdır və həmin müqaviləyə xitam verilərkən işçinin veteran olub-olmaması nəzərə alına bilməz. Nümayəndə həmçinin göstərmişdir ki, yanvar ayında dövlət büdcəsindən ayırmalar olmadığı üçün iddiaçıya son haqq-hesabın verilməsi bir neçə gün gecikmişdir. Yəni bu hal obyektiv səbəbdən baş vermişdir, Əmək Müfəttişliyi isə bunu nəzərə almamış, onları inzibati məsuliyyətə cəlb etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən Ağazadə X1 Muğam Mərkəzinə mühəndis (mülki müdafiə üzrə) vəzifəsinə işə qəbul olunmuşdur. Əmək Məcəlləsinin 47(f) maddəsinə əsasən əmək müqaviləsi müddətli bağlanmış, işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə Əmək Müqaviləsini birtərəfli qaydada poza bilər. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 415 manat təşkil etmişdir. İş üzrə xxxxxxx000102 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Ağazadə X1 Muğam Mərkəzinin mülki müdafiə üzrə mühəndis vəzifəsində işləyir, onunla bağlanmış xx.xx.2022-ci il tarixli müddətli növü əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmış, aylıq əmək haqqı 601 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Cavabdeh 05-k saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndini rəhbər tutaraq Cavabdeh mülki müdafiə üzrə mühəndisi İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilməsi, ona istifadə etmədiyi məzuniyyətə görə 46 təqvim günü müddətinin kompensasiyası ödənilməsi əmr edilmişdir. Əmrin əsası kimi İddiaçı əmək müqaviləsi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, əmək hüquqlarının pozulması ilə əlaqədar Cavabdehnə və məlumat üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə İddiaçı tərəfindən 3-17-5/2-0521/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktublar göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, məktublar müəssisəyə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində çatdırılmışdır. Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərin və tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı İddiaçı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 illik müddətli əmək müqaviləsi bağlanıldığı və bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə xitam verildiyi müəyyən edilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bildirirlər ki, təqdim edilən sənədlərdən və izahatını əlavə olaraq təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışdan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbi pozularaq İddiaçı son haqq-hesabının gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənildiyi məlum olmuşdur. Son haqq-hesabının gecikdirilərək ödənilməsi ilə əlaqədar Cavabdeh vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN1932093 nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin nəzərinə çatdırırlar ki, İddiaçı X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəhbər şəxsinin qəbulunda iştirak etmişdir və əmək qanunvericiliyin tələbləri izah olunmuşdur. Bildirirlər ki, İddiaçı Azərbaycan Respublikasının müharibə veteranı olmasını nəzərə alaraq və sosial dəstək göstərilməsi məqsədilə tərəflərdən Cavabdeh ünvanına işlə təmin olunması barədə müvafiq məktub ünvanlanmış. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00252 nömrəli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi işə bərpa, əmək kitabçası və xitam əmrinin təqdim olunması barədə əmək mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 12.00-da saatında keçirilməsi nəzərdə tutulan Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehnə mühəndis (mülki müdafiə üzrə) vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsi müddətli olmaqla xx.xx.2023-cü il tarixədək bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra, əmək münasibətləri davam etdirildiyindən uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2024-cü il tarixədək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 05-k saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri qəbul edərkən onun əmək hüquqlarını pozmuşdur, o, qərəzli olaraq işdən azad edilmişdir. O, veteran olduğu üçün başqa işlə təmin edilməli idi. Bu səbəbdən iddiaçı işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:

1. əmək müqaviləsinin müddətinin qurtarması;

2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqədar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilərkən veteran olmasını nəzərə alaraq başqa işlə təmin edilməli olmasına dair dəlillər üzrə qeyd edir ki, əmək qanunvericiliyində yalnız işçinin vəzifəsi ixtisara düşdüyü təqdirdə müharibə veteranlarının digər işçilərə münasibətdə üstünlük hüququna malik olması nəzərdə tutulur, işçi belə bir imtiyaza müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işçi ilə əmək münasibətlərinin xitam verildiyi təqdirdə malik deyil. Bu səbəbdən məhkəmə qeyd edilən dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı işə bərpa olunması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar