Məhkəmə qərarları › İş №2(009)-1357/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1357/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1357/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 06 iyul 2022-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1082 manat pulun, 40 manat iddia ərizəsinin yazılması üçün ödənilmiş pulun və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə “Tap.az” internet şəbəkəsi vasitəsi ilə 19 yanvar 2022-ci il tarixdə tanış olmuşdur. İddiaçı cavabdehə onun mənzilində təmir işlərinin görülməsi ilə bağlı müraciət etmişdir. Mənzilin təmirinin həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixdə 230 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 117 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 98 manat, xx.xx.2022-ci il tarixdə 65 manat, xx.xx.2022-ci il tarixdə 237 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 450 manat məbləğində pulu “Emanat” ödəniş terminalı və kart vasitəsi ilə ödəmişdir. Lakin cavabdeh pulu mənimsəmiş, 1082 manat məbləğində heç bir təmir avadanlıqlarını almamış və bu səbəbdən mənzilin təmiri dayanmışdır. Cavabdehin göndərdiyi səs yazıları da sübuta yetirir ki, cavabdeh pulu mənimsəmiş və geri qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı cavabdehin hesabına xx.xx.2022-ci il tarixdə 230 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 117 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 98 manat, xx.xx.2022-ci il tarixdə 65 manat, xx.xx.2022-ci il tarixdə 237 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 450 manat məbləğində pulu “Emanat” ödəniş terminalı və kart vasitəsi ilə ödəmişdir. Eyni zamanda iş materillarında olan sübutlar sırasında olan tərəflər arasında olan telefon danışığının səs yazısından görünür ki, cavabdeh iddiaçıdan pulu aldığını etiraf edir və qısa müddət ərzində qaytaracağını vəd edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh iddiaçının mənzilində təmir-bərpa işlərinin görülməsinə dair razılıq əldə etmişlər. Razılığa əsasən cavabdeh iddiaçının mənzilində müəyyən təmir işləri görməli, iddiaçı isə əvəzində onun dəyərini cavabdehə ödəməli idi. İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 1082 manat pulu müəyyən ləvazimatların alınması üçün cavabdehə ödəməsinə baxmayaraq, cavabdeh pulun müqabilində ləvazimatları almamış və habelə iddiaçı ilə razılaşdırdığı heç bir təmirbərpa işləri görməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə iddia tələbinin 40 manat iddia ərizəsinin yazılması üçün ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassız sayılmalıdır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan halı təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1,082 (bir min səksən iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar