Məhkəmə qərarları › İş №2(009)-1383/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1383/2025

15.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1383/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər 30 nömrəli Uşaq musiqi məktəbi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 30 nömrəli Uşaq musiqi məktəbi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 nömrəli uşaq musiqi məktəbinin 02 aprel 2025-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, 01 fevral 2011-ci il tarixdən 30 nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi vəzifəsində çalışır. Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə onun tutduğu vəzifəyə uyğun olmadığı qeyd olunmuşdur. 30 nömrəli uşaq musiqi məktəbinin xx.xx.2025-ci il tarixli qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, 13 il fortepiano müəlliməsi olaraq fəaliyyətini davam etdirmişdir. Peşəsinə olan dərin sevgi, daim öz üzərində çalışmaq meyli ilə seçilmişdir. Attestasiyanın keçiriləcəyi barədə əvvəlcədən ona məlumat verilməmiş, attestasiya zamanı verilən suallara düzgün cavab versə də, attestasiya vərəqində sualların əksəriyyətinə düzgün cavab vermədiyi və tutduğu vəzifəyə uyğun olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, attestasiya barəsində 2 ay öncədən məlumat verilmiş və ədəbiyyat proqramı təqdim edilmişdir. Attestasiyanın videosunu nəzərdən keçirərkən görünür ki, iddiaçıya verilən sualların əksəriyyəti orta çətinlik səviyyəsində suallar olmuşdur. İddiaçı ona verilən sualların böyük əksəriyyətini cavablaya bilməmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı məxsus əmək kitabçasının və xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, X2 30 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı attestasiya vərəqəsinin surətindən görünür ki, keçirilmiş attestasiya nəticəsində öz üzərində çox çalışması tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 30 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. 30 nömrəli Uşaq musiqi məktəbinin direktorunun əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Keçirilmiş attestasiya nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının qərarının və işdən azad olunması barədə əmrin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasınınartırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 70 “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 288 x bəndi İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Məhkəmə ilk öncə iddia tələbinin “Attestasiya Komissiyasının qərarının etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçı ərizəsində suallara düzgün cavab verməsinə baxmayaraq, attestasiya vərəqində əsassız olaraq sualların əksəriyyətinə düzgün cavab vermədiyinin qeyd olunduğuna istinad edir. İddiaçı barəsində keçirilmiş attestasiyanın video qeydiyyatını özündə əks etdirən görüntü məhkəmə tərəfində sorğu ilə AR Mədəniyyət Nazirliyindən əldə edilmişdir. Məhkəmə tərəfindən həmin görüntü nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, Attestasiya Komissiyasının qərarının etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, həmin video yazıdan görünür ki, iddiaçı sualları aşağıdakı şəkildə cavablamışdır: 1-ci sual: İfa etdiyiniz əsərin təhlili haqqında məlumat verin Qismən doğru cavab vermişdir 2-ci sual: Başqa hansı sonata formaları var? Mərhələlər hansılardır? İddiaçı bu suala cavab verə bilməmişdir 3-cü sual: Sonata formasına hansı hissə olmaya bilər? İddiaçı bu suala cavab verə bilməmişdir 4-cü sual: Leggioro nə deməkdir? İddiaçı bu suala cavab verə bilməmişdir 5-ci sual: Vyana klassikləri kimlərdir? Doğru cavab vermişdir. 6-cı sual: Haydnın neçə sonatası var? Doğru cavab vermişdir. 7-ci sual: Bethoven neçə sonata yazıb? Doğru cavab vermişdir. 8-ci sual: Bethovenin sonatalarının mərhələlərini qeyd edin İddiaçı bu suala cavab verə bilməmişdir. 9-cu sual: Bethovenin hansı sonatalarının adları var? İddiaçı bu suala cavab verə bilməmişdir 10-cu sual: Bethovenin “Aylı” sonatasının tonallığını qeyd edin İddiaçı bu suala cavab verə bilməmişdir 11-ci sual Bethovenin “Appasionata” sonatası haqqında məlumat verin İddiaçı bu suala cavab verə bilməmişdir 12-ci sual Polifonik bəstəkarlardan kimlərin adlarını çəkə bilərsiniz? İddiaçı bu suala cavab verə bilməmişdir 13-cü sual Baxın invensiyaları haqqında məlumat verin İddiaçı bu suala cavab verə bilməmişdir 14-cü sual Romantizm dövrünün bəstəkarlarını sadalayın İddiaçı bu suala cavab verə bilməmişdir 15-ci sual Azərbaycan fortepiano ifaçılarının adlarını qeyd edin İddiaçı bu suala cavab verə bilməmişdir 16-cı sual Qara Qarayev haqqında məlumat verin İddiaçı bu suala cavab verə bilməmişdir 17-ci sual Qara Qarayev silsilə əsərində neçə prelüd yazıb? Qara Qarayevin ən məşhur silsiləsinin adı nədir? İddiaçı bu suala cavab verə bilməmişdir Məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının “komissiya üzvlərinin ona qarşı qərəzli olduğu və cavablarının attestasiya vərəqəsində düzgün qeyd edilmədiyi” barədə bildirdiklərinə münasibətdə qeyd edir ki, attestasiyanın video yazısına baxış keçirilən zaman attessasiya komissiyasının üzvlərinin iddiaçıya qarşı heç bir ayrı-seçkilik nümayiş etdirmədiyi, ona hər hansı bir təzyiq etmədiyi, əksinə olaraq iddiaçı sualları cavablandırmaqda çətinlik çəkdiyi vaxtlarda komissiya üzvlərinin iddiaçıya istiqamətləndirici suallar verməklə onun özünü daha rahat və həyəcansız aparmasına yardımçı olduqları müşahidə edilir. Bundan başqa eyni zamanda attestasiyanın video yazısına nəzər yetirərkən müəyyən olunur ki, iddiaçının attestasiya zamanı suallara vermiş olduğu cavablar, habelə cavablaya bilmədiyi sualları attestasiya vərəqəsində qeyd olunanlarla üst-üstə düşür. Məhkəmə iddia tələbinin “07 aprel 2025-ci il tarixli, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında 02 aprel 2025-ci il tarixli əmrin əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, onun işə bərpa edilməyi, işsiz qaldığı müddət ərzində əmək haqqının bərpası və ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Hazırki işdə iddiaçı attestasiya komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən attestasiya komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər 30 nömrəli Uşaq musiqi məktəbi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLIK EDƏN: İLKIN RÜSTƏMLI

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar