Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1392/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialının nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən azd olunması barədə Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialının 27 noyabr 2020-ci il tarixli, K-3844 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və ona 01 dekabr 2020-ci ildən başlayaraq işə bərpa olunan günə qədər orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17.11.2014-cü ildə Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialına 2-ci dərəcəli aşpaz köməkçisi vəzifəsi üzrə işə qəbul edilmişdir. Bu barədə tərəflər arasında 12 noyabr 2014-cü il tarixli, 732 saylı Əmək Müqaviləsi bağlanmışdır. 02.04.2016-cı ildə 1-ci dərəcəli aşpaz köməkçisi vəzifəsinə keçirilmişdir. Bu barədə tərəflər arasında 975 saylı Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2-ci bəndinə əsasən bu Müqavilə müddətli bağlanmış və bu Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında 1 (bir) il müddətinə, yəni 02.04.2016-cı il tarixindən 01.04.2017-ci il tarixinədək bağlanmışdır. Bu müqavilə bitdikdən sonra əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı 1 (bir) həftə ərzində tərəflərdən biri digərini müqavilənin xitamı ilə bağlı xəbərdarlıq etməsə, müqavilə eyni müddətə eyni şərtlərlə uzadılmış hesab olunur. Həmin Müqavilənin 6-cı bəndinə əsasən işçiyə hər ay 617,93 manat (altı yüz on yeddi manat doxsan üç qəpik) məbləğdə əmək haqqı ödənilir. Daha sonra tərəflərin razılığı ilə 975 saylı Əmək Müqaviləsinə dəyişiklik edilərək əmək haqqı aylıq 679,72 manat müəyyən edilmişdir. Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialının 27 noyabr 2020-ci il tarixli, K-3844 saylı əmri ilə 01 dekar 2020-ci il tarixindən Əmək Məcəlləsinin 72.5-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Bildirmək istəyir ki, onunla bağlanmış Əmək Müqaviləsinə göstərilən maddə ilə xitam verilməsi tamamilə qanunsuzdur. Belə ki, həmin maddə ilə işçinin işdən azad olunması üçün 2 şərtin olması vacibdir: 1) Tərəflərin qarşılıqlı razılığı 2) Əmək Müqaviləsində müvafiq bəndin olması. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsində belə bir bənd yoxdur. Həmçinin onunla Əmək Müqaviləsinin müddətli bağlanmasına baxmayaraq, o, 5 ildən artıq fasiləsiz işlədiyi üçün həmin Əmək Müqaviləsi müddətsiz sayılır. O, göstərilən əmrin qanunsuz sayılması və ona görə də ləğv olunması üçün ərizə ilə həmin müəssisəyə və X14 müraciət etmiş və onların cavabını aldıqdan sonra məhkəməyə müraciət etmək qərarına gəlmiş, yəni onun tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, işdən azad olunması barədə əmri və əmək kitabçasını 04.12.2020-ci il tarixdə alsa da, işdən azad olunması ilə bağlı verilmiş əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötməmişdir, belə ki, Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialının 27 noyabr 2020-ci il tarixli, K-3844 saylı əmrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 müraciət etmiş, onlardan cavab aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialının nümayəndəsi və vəkili X19 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının əmək müqaviləsinə 27 noyabr 2020-ci il tarixli K-3844 saylı əmrlə 01 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə uyğun olaraq (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürməsi əsası ilə) xitam verilmişdir. Qeyd olunan xitamla bağlı iddiaçıya 20 noyabr 2020-ci il tarixində xəbərdarlıq məktubu, 04 dekabr 2020-ci il tarixində isə işdən azad edilmə haqqında əmr və əmək kitabçasının əsli təqdim edilmiş, 01 dekabr 2020-ci il tarixində isə son haqq-hesabla bağlı ödəniş iddiaçının bank hesabına köçürülmüşdür. Xüsusi ilə qeyd etmək istəyirlər ki, iddiaçı son iş günündə cavabdehə məxsus əmlakı təhvil-təslim etməmiş və eyni zamanda, əmək müqaviləsinə xitamla bağlı əmri və əmək kitabçasını da cavabdehdən almamışdır. Bunu nəzərə alaraq, cavabdeh HR-2379 saylı, 03 dekabr 2020-ci il tarixli məktubu iddiaçının yaşadığı ünvana göndərmişdir. Həmin məktubda bir daha bildirilmişdir ki, 27 noyabr 2020-ci il tarixli, K-3847 saylı əmrlə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) 01 dekabr 2020-ci il tarixində xitam verilmiş, əmrlə işçi tanış olub imzalamaqdan imtina etdiyinə görə, əmrin bir nüsxəsi işçiyə məktubla təqdim edilir və iddiaçı tərəfindən cavabdehə yaxınlaşaraq təhvil-təslim etməsi və əmək kitabçasının alınması xahiş olunur. Bununla da, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə ona əvvəlcədən 20 noyabr 2020-ci il tarixində bildiriş, 01 dekabr 2021-ci il tarixində son haqq-hesab, 03 dekabr 2020-ci il tarixində məktub və həmin məktubla əmr və yekunda 04 dekabr 2020-ci il tarixində əmək kitabçası verilmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində tarix qeyd edilməmişdir, lakin məhkəmə tərəfindən hazırlıq iclası 07 may 2021ci il tarixə təyin edildiyindən, hesab edirik ki, iddiaçı tərəfindən məhkəməyə 2021-ci ilin aprel-may ayları ərzində müraciət edilmişdir. Nəzərə alsaq ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bütün sənədlər 20 noyabr - 04 dekabr 2020-ci il tarixlərində iddiaçıya verilmişdir, İddiaçı tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş bir aylıq iddia müddətini ötürmüşdür. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, o, ilkin olaraq müəssisəyə və X14 müraciət edib və həmin qurumlardan cavab aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçı bildirir ki, Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Yuxarıda qeyd olunanla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, ƏM-nin 294.1-ci maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin maddənin ikinci hissəsində vurğulanır ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək Məcəlləsinin 294.4-cü maddəsinə görə, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Yuxarıda qeyd olunanlarla bağlı bildirmək istəyirlər ki, iddiaçının çalışdığı müəssisədə nə kollektiv müqavilə, nə də həmkarlar ittifaqları təşkilatı və onun nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutulmamışdır. Bununla da, iddiaçı tərəfindən X14 müraciəti 294.2-ci maddəsinin şərtlərinə uyğun gəlmir. Əlavə olaraq, iddiaçının şikayətinə X12 02 fevral 2021-ci il tarixində baxılaraq şikayət təmin edilməmişdir. Bu barədə cavabdehin yazılı sorğusuna cavab olaraq həmin qurumdan 24 fevral 2021-ci il tarixində məktub göndərilərək, iddiaçının və digərlərinin əmək müqavilələrinə xitam verilməsi zamanı qanun pozuntusunun aşkar edilmədiyi bildirilir. Hesab edirlər ki, iddiaçı X13 cavabı ilə razı qalmadığı halda, həmin quruma qarşı məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsində qeyd olunur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Nəzərə alsaq ki, fərdi əmək mübahisələrinin həllində iddia müddəti bir ay müəyyən edilmiş və iddiaçı 20 noyabr - 04 dekabr 2020-ci il tarixlərində əmək müqaviləsinə xitam verilməsi barədə bütün sənədləri əldə etmişdir, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və onun məhkəməyə müraciət etmək hüququ keçmiş hesab olunmalıdır. Odur ki, İddiaçı Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialı ilə İddiaçı arasında bağlanmış 02.04.2016-cı il tarixli, 975 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialına 1-ci dərəcəli aşpaz köməkçisi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi 02.04.2016-cı il tarixdən 01.04.2017ci il tarixədək bağlanmış, əmək haqqı 617,93 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus 17.11.2014-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.11.2014-cü il tarixdə Cavabdeh MMCnin “X21 Otel” Bakı filialında 2-ci dərəcəli aşpaz köməkçisi vəzifəsinə qəbul edilmiş, 02.04.2016-cı il tarixdə Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialında 1-ci dərəcəli aşpaz köməkçisi vəzifəsinə keçirilmiş və 01.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) tutduğu vəzifədən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialı tərəfindən İddiaçı ünvanlanmış 20 noyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, "Cavabdeh” MMC-nin “X21 Otel Bakı” Filialı tərəfindən onunla bağlanmış 975 saylı əmək müqaviləsinə 01 dekabr 2020-ci il tarixində xitam veriləcəkdir. Onun mövcud olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “ç” bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) əsasən xitam veriləcəkdir (dövr edən pandemiyanın şirkətin gündəlik fəaliyyətinə mənfi təsir göstərməsi və nəticədə ümumi mənfəətə ziyan dəyməsi). Bu tendensiya pisləşməyə doğru gedir və minimum 1 il davam edəcəyi proqnozlaşdırılır. Nəzərinə çatdırılır ki, bu bildirişlə yuxarıda qeyd olunan maddənin öhdəliyinə əsasən, Cavabdeh MMC-nin “X21 Otel Bakı” Filialı onunla mövcud olan 975 saylı əmək müqaviləsinin şərtlərinə uyğun olaraq (vəzifə, brutto əmək haqqı, iş şərtləri və öhdəliklər) onunla 01 sentyabr 2021-ci tarixli yeni əmək müqaviləsinin bağlanılması öhdəliyini götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialının 27.11.2020-ci il tarixli, K-3844 nömrəli əmrindən görünür ki, İddiaçı 01.12.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) tutduğu 1-ci dərəcəli aşpaz köməkçisi vəzifəsindən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialı tərəfindən İddiaçı ünvanlanmış 03.12.2020-ci il tarixli HR-2378 nömrəli məktubundan görünür ki, 27.11.2020-ci il tarixli K-3844 saylı əmrə əsasən, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) 01 dekabr 2020-ci il tarixindən xitam verilmişdir. Həmin tarixdə şirkətə yaxınlaşıb, müvafiq əmr ilə tanış olub, lakin imzalamaqdan imtina etdiyi üçün onun nüsxəsini ona təqdim edirlər. Ondan, şirkətə yaxınlaşaraq təhvil-təslim etməyi (maddi məsuliyyət müqaviləni imzaladığını əsas götürərək) və əmək kitabçanı təhvil almağı xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş surətli poçt qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialı tərəfindən göndərilmiş məktubun surətini 03.12.2020-ci il tarixdə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialı tərəfindən təqdim edilmiş “təhvil verilən əmək kitabçalarının qeydiyyat kitabı”ndan çıxarışdan görünür ki, İddiaçı ******* nömrəli əmək kitabçasını 04.12.2020-ci il tarixdə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialı tərəfindən təqdim edilmiş 01.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı hesabına son haqq-hesab olaraq 931,31 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 tərəfindən Cavabdeh” MMC-nin “X21 Otel” Bakı filialına ünvanlanmış 24.02.2021-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı və digərlərinin Cavabdeh MMC-nin “X21 Otel Bakı” filialınında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və digər instansiyalara ünvanladıqları müraciətlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və araşdırmanın yekunu olaraq şikayətçilərə 12.02.21-ci il tarixdə **********6 nömrəli məktubla İddiaçı, X16, X6, X3 və X8 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin (Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi) “ç” bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə) əsasən 01.09.2021-ci il tarixdə yeni əmək müqaviləsi bağlamaq şərti ilə 01.12.2020-ci il tarixdən xitam verildiyi, Süleyman Firdovsi oğlu X1 əmək müqaviləsinə 01.10.2021-ci il tarixdə yeni əmək müqaviləsi bağlamaq şərti ilə 05.01.2021-ci il tarixdən xitam verildiyi və X7, X17, X9, X4 və X18 əmək müqavilələrinə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən qanunvericiliyə uyğun olaraq xitam verildiyi və son haqq-hesablar əmək müqavilələrinin xitam verildiyi gün bank hesablarına köçürüldüyü qeyd edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 17.11.2014-cü il tarixdə Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialında 2-ci dərəcəli aşpaz köməkçisi vəzifəsinə qəbul edilmiş, 02.04.2016-cı il tarixdə Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialında 1-ci dərəcəli aşpaz köməkçisi vəzifəsinə keçirilmiş, Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialının 27.11.2020-ci il tarixli, K-3844 nömrəli əmrinə əsasən İddiaçı 01.12.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) tutduğu 1-ci dərəcəli aşpaz köməkçisi vəzifəsindən azad olunmuş, Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialı tərəfindən təqdim edilmiş “təhvil verilən əmək kitabçalarının qeydiyyat kitabı”ndan çıxarışa əsasən İddiaçı ******* nömrəli əmək kitabçasını 04.12.2020-ci il tarixdə qəbul etmiş və 01.12.2020-ci il tarixdə İddiaçı hesabına son haqq-hesab olaraq 931,31 manat məbləğində pul köçürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, həmin əmrlə Cavabdeh MMC-nin “X21 Otel Bakı” Filialı iddiaçı ilə mövcud olan 975 saylı əmək müqaviləsinin şərtlərinə uyğun olaraq (vəzifə, brutto əmək haqqı, iş şərtləri və öhdəliklər) iddiaçı ilə 01 sentyabr 2021-ci tarixli yeni əmək müqaviləsinin bağlanılması öhdəliyini üzərinə götürmüşdür. Hazırda iddiaçı işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. (2-ci hissə) Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialı ilə İddiaçı arasında bağlanmış 02.04.2016-cı il tarixli, 975 nömrəli əmək müqaviləsinin 9-cu maddəsindən görünür ki, bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70. 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla Tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı 1 (bir) təqvim ayı qabaqcadan yazılı xəbərdar edilməlidir. İş materialları və işin faktiki hallarından da göründüyü kimi, iddiaçının əmək müqaviləsinə 27 noyabr 2020-ci il tarixli K-3844 saylı əmrlə 01 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə uyğun olaraq (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürməsi əsası ilə) xitam verilmişdir. Qeyd olunan xitamla bağlı iddiaçıya 20 noyabr 2020-ci il tarixində xəbərdarlıq məktubu, 04 dekabr 2020-ci il tarixində isə işdən azad edilmə haqqında əmr və əmək kitabçasının əsli təqdim edilmiş, 01 dekabr 2020-ci il tarixində isə son haqq-hesabla bağlı ödəniş iddiaçının bank hesabına köçürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürənin hərəkətlərində hər hansı bir qanunpozuntusuna yol verilməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı məhkəmə iclasında işdən azad olunması barədə əmri və əmək kitabçasını 04.12.2020-ci il tarixdə aldığını, lakin Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialının 27 noyabr 2020-ci il tarixli, K-3844 saylı əmrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 müraciət etdiyindən və onlardan cavab aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etdiyindən, işdən azad olunması ilə bağlı verilmiş əmrin ləğv edilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin ötmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı özü də məhkəmə iclasında əmək kitabçasını 04.12.2020-ci il tarixdə götürdüyünü və hazırki iddia tələbi ilə məhkəməyə hüququnun pozulmasının aşkar edildiyi gündən 1 ay müddət keçdikdən sonra müraciət etdiyini etiraf etmiş, lakin müddəti ötürməsini X14 müraciət etməsilə əlaqələndirmişdir. Əmək kitabçasını 04.12.2020-ci il tarixdə almasına və hüququnun pozulmasının aşkar edildiyi gündən 1 (bir) ay müddətində məhkəməyə müraciət etməli olduğunu bilməsinə baxmayaraq iddiaçı hazırki tələblə 27.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin “işə bərpa” hissəsi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə eyni zamanda iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbinin işə bərpa hissəsi əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilərək rədd edildiyindən, iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nin “X21 Otel” Bakı filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1392/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1392/2021
27.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver