Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-140/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X5 cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ratropoviçlər küçəsi 9, m7, m1) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 34.960 (otuz dörd min doqquz yüz altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 199.88 manatın Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdeh şirkətlə 19 aprel 2017-ci il tarixli, 1/05 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7ci mərtəbəsində 4 otaqlı ümumi sahəsi 221.35 kv.m-dən ibarət mənzilin tikilib təhvil verilməsi üçün razılığa gəlmişdir. Həmin mənzilin müqavilə üzrə bir kv.m qiymətinin dəyəri 1600.0 manat müəyyən edilmişdir. Mənzilin tam dəyərini ödəyərək heç bir borcu qalmamışdır. 19 aprel 2017-ci il tarixli, 1/05 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədə göstərilən 221.35 kv.m mənzilə dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığı zaman məlum olmuşdur ki, mənzilin sahəsi müqavilədə göstərilən sahədən 21.85 kv.m əksik yəni 199.50 kv.m göstərilmişdir. Göründüyü kimi tərəflərin müqavilə üzrə ondan 34.960 (otuz dörd min doqquz yüz altmış) manat artıq pul alınmışdır. Hesab edir ki, Cavabdeh ondan mənzilin hər kv.m-nə görə aldığı artıq məbləği geri qaytarmalıdır. Bununla bağlı Cavabdehnə pretenziya məktubu yollamış pulun geri qaytarılmasını tələb etsə də cavabdeh heç bir hərəkət etməmişdir. Məcburiyyət qarşısında qalaraq pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliyi pozmuş və ondan artıq pul almışdır. Etirazın dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 8o saylı Qərarınının icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 21 saylı, 28 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri. Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi 5-13, 18 saylı və Nizami küçəsi 4 saylı evlərin yerləşdiyi məhəllədə abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılmasını Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yüksək keyfiyyətlə həyata keçirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi 5-13. 18 saylı və Nizami küçəsi 4 saylı evlərin yerləşdiyi məhəllədə əhalinin köçürülməsini və tikinti işilərini həyata keçirərkən Cavabdeh MTK öz fəaliyyətində qanunun aliliyini, mülkiyyətçilərin hüquqlarını, humanist prinsipləri əsas götürmüş, sakinlər tərəfindən etibar və etimad qazanmış bir şirkətə çevrilmişdir. Eyni zamanda, tikinti işiləri Bakı şəhərinin mərkəzi ərazilərində həyata keçirilən pilot layihələrdən biri kimi paytaxtımızın daha da abadlaşmasına, müasirləşməsinə xidmət edir və müvafiq dövlət qurumlarının icazəsi, nəzarəti altında aparılmışdır. Həmin ərazidə yaşamış 71 nəfərdən ibarət mənzil mülkiyyətçiləri Cavabdeh MTK tərəfindən inşa edilmiş 5 girişli yeni, çoxmənzilli yaşayış binasında mənzillərlə təmin edildikdən sonra, digər yaşayış və qeyri-yaşayış sahələri alqı-satqı müqavilələrinə əsasən ayrı-ayrı şəxslərə satılmışdır. İddiaçı Quliyev Rauf ilə Cavabdeh MTK arasında 19 aprel 2017-ci il tarixində “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair Müqavilə № 1/05” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində özü tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci girişinin, 7-ci mərtəbəsində, 4 otaqdan ibarət mənzili Quliyev Raufa satmışdır. İddiaçı Quliyev Rauf öz iddia ərizəsində 19 aprel 2017-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair Müqavilə № 5/008-4-1”-də göstərilən 221,35 kv.m mənzilə dair 13 noyabr 2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” aldıqdan sonra mənzilin sahəsi müqavilədə göstərilən sahədən 21,85 kv.m əksik, yəni 199,5 kv.m olduğunu bildirmişdir. Məhz bu səbəbə görə də iddiaçı Quliyev Rauf Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci girişinin, 7-ci mərtəbəsində, 4 otaqdan ibarət (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Ratropoviçlər küçəsi 9, M7, m1) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 34960,00 (otuz dörd min doqquz yüz altmış) manat və dövlət rüsumu kimi ödənilmiş 199,88 manatın Cavabdeh MTK-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalayacağı mülahizələrə görə hesab edir ki, iddiaçı Quliyev Raufun Cavabdeh MTK-nə qarşı iddia tələbi əsassızdır və o, təmin edilə bilməz. Belə ki, 19 aprel 2017-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair Müqavilə № 1/05”-nin 2.2. bəndində əsasən həmin müqavilə üzrə nəzərdə tutulmuş mənzilin sahəsi çöl divarların ortasından hesablanılır. Yəni mənzilin ara divarları və şaxtası onun sahəsini hesablayarkən nəzərə alınmır. Həmin müqaviləni imzalayarkən iddiaçı Quliyev Rauf iradə ifadəsi göstərərək yuxarıda qeyd etdiyi şərti qəbul etmişdir. Beləliklə hesab edir ki, iddiaçı Quliyev Raufun iddiası əsassız və ədalətsiz olduğu üçün o, təmin edilə bilməz. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq xahiş edir ki, iddiaçı Quliyev Raufun iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılsın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçı X3 Cavabdehnə qarşı “pul” tələbinə dair 2(009)-280/2024 saylı və iddiaçı X1 Cavabdehnə qarşı “pul” tələbinə dair 2(009)-142/2024 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı X3 Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası ayrı icraata ayrılmış və həmin tələbə ayrı icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, həyat yoldaşı olan əvvəlki iddiaşı vəfat etməmişdən qısa müddət əvvəl bütün əmlakını ona bağışlamış və əmalkın hazırki mülkiyyətçisi odur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflərin iradə ifadəsini göstərən aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun ölçülərdə mənzil cavabdehə satılmışdır. Mülki qanunvericiliyə əsasən tərəflər qanuna zidd olmayan forma və məzmunda müqavilə bağlaya bilərlər, qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkilin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh ilə X5 arasında bağlanmış 26 nömrəli, 19 aprel 2017-ci il tarixli müqavilənin 5.2.23-cü bəndindən görünür ki, mənzildə divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilməklə sahənin 160.00 kv.m olmasını təmin etmək tikinti şirkətinin hüquq və vəzifələridir. Həmin müqavilənin 6.3-cü bəndindən görünür ki, mənzilin sahəsinin və həcminin hesablanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” ilə müəyyən edilmiş qaydada aparılır. - Cavabdeh ilə X5 arasında bağlanmış 1/05 nömrəli, 19 aprel 2017-ci il tarixli çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında müqavilədən görünür ki, podratçı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, sahəsi 50.00 m2-dən ibarət mənzilin hissəsini tikib «sifarişçi»yə təhvil verməyi, «sifarişçi» isə öz növbəsində onun sifarişi ilə tikilən mənzil hissəsini qəbul etməyi və həmin mənzil hissəsinin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Bu müqavilənin 1.1.bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış 19 aprel 2017-ci il tarixli, “müqavilə № 26” ilə “sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 160.00 m2-dən ibarət təmirsiz mənzilə birləşdiriləcəkdir. Həmin təmirsiz mənzil ümumilikdə 221.35 m2-dən ibarət olmaqla 4 otaqdan və köməkçi sahələrdən ibarətdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsi, ev 7, 9, 11, 13, 15, ümumi sahəsi 199.50 kv.m olan mənzil 1 (yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, 9, M7, m1) xx.xx.2023-cü il tarixdən X3 adına qeydiyyata alınmışdır. - Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ seriyalı, 430399 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və İddiaçı arasında nikah xx.xx.1976-cı il tarixdə bağlanmış, 4045 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada «Səmədova» soyadı verilmişdir. - Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 450667 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, giriş 9, M7, m1 xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə X5 arasında bağlanmış 1/05 nömrəli, 19 aprel 2017-ci il tarixli çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında müqavilədən görünür ki, podratçı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, sahəsi 50.00 m2-dən ibarət mənzilin hissəsini tikib «sifarişçi»yə təhvil verməyi, «sifarişçi» isə öz növbəsində onun sifarişi ilə tikilən mənzil hissəsini qəbul etməyi və həmin mənzil hissəsinin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Bu müqavilənin 1.1.bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış 19 aprel 2017-ci il tarixli, “müqavilə № 26” ilə “sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 160.00 m2-dən ibarət təmirsiz mənzilə birləşdiriləcəkdir. Həmin təmirsiz mənzil ümumilikdə 221.35 m2-dən ibarət olmaqla 4 otaqdan və köməkçi sahələrdən ibarətdir. Həmçinin müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışa əsasən, yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, giriş 9, M7, m1 xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. X5 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh “Pilot Residence" Mənzil-Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmişdir. Hazırda iddiaçı mülkiyyət haqqında çıxarışda göstərilən sahə ilə 19 aprel 2017-ci il 1/05 nömrəli mənzilin hissəsinin tikintisi müqaviləsində göstərilən sahənin fərqli olmasına görə müqavilə üzrə ödənilmiş pul vəsaitindəki qiymət fərqini, yəni 34960 manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasına, tərəflər arasında bağlanmış müqavilənin müvafiq şərtlərində mənzilin sahəsinin çöl divarlarının ortasından hesablanmasının nəzərdə tutulmasına istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddiaçıya verilmiş çıxarışla bağlı dəlillərə münasibət bildirərək qeyd edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, başqa sözlə iddiaçıyla cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə şamil edildiyi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə qiymət verərək qeyd edir ki, müqavilələrin məzmunundan aydın görünür ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə podrat müqaviləsi kontekstində baxılıb, hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 578.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 59.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. - 59.3-cü bəndinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhərrəclərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2024-cü il tarixli 3-16-16/2-10/830 nömrəli rəyindən görünür ki, Cavabdeh MTK ilə X5 arasında bağlanmış 19 aprel 2017-ci il tarixli, 1/05 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzillərin alqı-satqısına dair müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin faktiki sahəsinin (205,4 kv.metr) müqavilədə göstərilən sahə (221,35 kv.metr) ilə üst-üstə düşmədiyi, belə ki, mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə arasında 15,95 kv.metr fərq olduğu müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin arakəsmə divarlarının altına düşən sahənin 3,0 kv.metr olduğunu nəzərə alaraq, sözügedən mənzilin binanın eskiz layihəsində göstərilmiş bayır və qonşu mənzili ayıran divarların yerləşdiyi sahələr, məhəccərlər və əmsallar nəzərə alınmadan, binanın eskiz layihəsində göstərilmiş ara divarlarının yerləşdiyi sahələr - arakəsmə altı hesablanmaqla içdən-içə sahəsinin 208,4 kv.metr (205,4 + 3,0) təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin ümumi sahəsinin 199,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin binanın eskiz layihəsində göstərilmiş məhəccərlər, bayır və ara divarlarının yerləşdiyi sahələr və əmsallar nəzərə alınmadan içdən-içə sahəsinin 205,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də hesablanmaqla (oxdan-oxa) sahəsinin 221,35 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd: Mənzilin ümumi sahəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablanmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, nəticəyə gələrkən məhkəmə ekspertizası rəyini mötəbər sübut kimi qiymətləndirir və rəydə göstərilənləri nəzərə alır. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, iddiaçı ilə bağlanmış 1/05 nömrəli, 19 aprel 2017-ci il tarixli mənzil hissəsinin tikintisi müqaviləsində aldığı mənzilin sahəsinin 221.35 kv.m olması qeyd edilmişdir. Məhkəmə ekspertizasının rəyi ilə, ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 7-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin binanın eskiz layihəsində göstərilmiş məhəccərlər, bayır və ara divarlarının yerləşdiyi sahələr və əmsallar nəzərə alınmadan içdən-içə sahəsinin 205,4 kv.metr, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr də hesablanmaqla (oxdan-oxa) sahəsinin 221,35 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilir ki, mənzilin sahəsi iddiaçıya müqavilədə göstərildiyi kimi çöl divarlarının ortasından hesablanmaqla təhvil verilmişdir. Lakin, məhkəmə həmin müqavilə şərtini qanunvericiliyin tələbinə uyğun hesab etmir və cavabdeh tərəfin də “tərəflər arasında bağlanmış müqavilələrin müvafiq şərtlərində mənzilin sahəsinin çöl divarlarının ortasından hesablanmasının nəzərdə tutulmuşdur.” – dəlilinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbindən aydın görünür ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və məhz qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bundan başqa, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələri imperativ normalardır və həmin normalara əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhərrəclərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış Cavabdeh ilə X5 arasında bağlanmış 26 nömrəli, 19 aprel 2017-ci il tarixli müqavilənin 5.2.23-cü bəndindən görünür ki, mənzildə divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilməklə sahənin 160.00 kv.m olmasını təmin etmək tikinti şirkətinin hüquq və vəzifələridir. Həmin müqavilənin 6.3-cü bəndindən görünür ki, mənzilin sahəsinin və həcminin hesablanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” ilə müəyyən edilmiş qaydada aparılır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf X5 ilə 1/05 nömrəli, 19 aprel 2017-ci il tarixli mənzil hissəsinin tikintisi müqaviləsini bağlayarkən satılan 50 kv.m sahəyə görə (müqavilə şərtinə əsasən 160 kv.m sahəsi olan mənzilə birləşdirilməklə ümumilikdə 221,35 kv.m təhvil verilməli idi) ondan həmin sahənin dəyəri olan 80.000 (50 kv.m x 1600 manat) manat məbləğində pul vəsaiti alınmışdır. Hazırda isə müəyyən edilir ki, cavabdeh iddiaçıya 221,35 kv.m deyil, 205,40 kv.m sahə təhvil vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya təhvil vermədiyi sahənin (221,35 kv.m – 205,40 = 15,95 x 1600 manat) dəyəri olan 25.520 manat pul məbləğini qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri ümumilikdə 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş “hökumət” ödəniş portalından görünür ki, 199.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh MTK-dan 25.520 (iyirmi beş min beş yüz iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Dövlət büdcəsinə ödənilmiş 199.88 manat dövlət rüsumunun 166.56 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manatın 30 manat hissəsi Cavabdeh Mənzil-Tikinti Kooperatindən, 20 manat hissəsi İddiaçı tutulmaqla Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 25.520 (iyirmi beş min beş yüz iyirmi) manat pul vəsaiti və dövlət rüsumunun 166.56 (bir yüz altmış altı manat əlli altı qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manatın 30 (otuz) manat hissəsi Cavabdeh MTK-dan, 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-140/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-140/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver