Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1406/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi E.S.Abbasovun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2003-cü ildə Bülbül adına orta ixitisas müsiqi məktəbini bitirmişdir. 2007-ci ildə Bakı Musiqi Akademiyasını fortepiano üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2008-2016-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllimə, konsertmeyster (pianoçu) vəzifəsində çalışmışdır. 2009-2022-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin C.Cahangirov adına xorda konsertmeyster vəzifəsində çalışmışdır. Konsertmeyster vəzifəsinə yer olmadığı üçün onu xor ifaçısı kimi işə götürdülər, amma əvvəldən axıra kimi konsertmeyster (pianoçu) kimi çalışmışdır. 2019-cu ildə yeni sədr Rövşən Məmmədov təyin olunmuş və attestasiya keçirtmişdir. Attestasiyadan əla, təriflə keçirtmiş və cavabları gələn günü açıqlamışlar. Komissiyanın üzvü, dirijor, Azərbaycan xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fəxrəddin Kərimov onun peşəkarlığını təsdiqləmişdir. xx.xx.2022-ci ildə AZTV-nin sədri Rövşən Məmmədov 2-ci dəfə attestasiya keçirtmişdir. Bütün attestasiya videoya çəkilmişdir. Çox gözəl, mükəmməl attestasiyadan keçmişdir. Saat 10.30-dan 16.30-a qədər xor üçün müşayiət etmişdir. Martın 14-ü onları attestasiya ilə bağlı işə çağırmışlar. Boş kağıza imza atmaqlarını tələb etmişlər. Hamısı soruşmuşlar ki,”nəyə imza atırıq”, dedilər ki, “heç nə soruşmayın ki, imzalayın”. Kadrlar şöbəsinin işçisi əli ilə kağızın yarısını örtmüş, dedi “imzalayın”. Cəmi bir aydan sonra aprelin 8-i attestasiyanın cavablarını açıqlamışlar, demişlər ki, “işdən azad oldunuz” və adını portaldan dərhal silinmişdir. Neçə il ərzində bütün konsertlərdə, çəkilişlərdə ifa etmişdir, öz işini həmişə mükəmməl və keyfiyyətlə yerinə yetirmişdir. Çox məsuliyyətli və lazımlı işçisidir. Bunu bir yerdə işlədiyi hər kəs təsdiq edə bilər. İşdən çıxarılmasını eşidəndə bütün həmkarları çox təəcüblənmişlər və demişlər ki, Fidanı işdən çıxartmaq xora hörmətsizlik deməkdir. Onu qaytarmaq üçün akt tərtib etmişlər, amma yenə də işə qaytarmamışlar. Öz istəyi ilə işdən çıxmasa əmək kitabçalarını korlayacaqlarını bildirmişlər və korlamışlar. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onu xor ifaçısı kimi işdən çıxartmışlar. Attestasiyadan əvvəl iclas keçirilmişdir. Sədr iclasda vurğulamışdır ki,”attestasiyanın məqsədi hər birinizi işdən azad etmək üçün deyil, səviyyənizi yoxlamaq üçündür, 1-ci dəfə keçməsəz, o zaman 2-ci və 3-cü attestasiya keçiriləcək”. Nəticədə sözünü tutmadı, işdən azad etmişdir. Onu çox haqsız işdən çıxartmışlar. Peşəkar işçini necə işdən çıxartmaq olar. Öz işini çox sevir və işinə qayıtmaq istəyir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" QSC tərəfindən onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli 263k/d nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmağa görə məbləğin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, attestasiyanın təlimata və qanunvericiliyə uyğun olmadan keçirilməsi barədə öz mülahizələrində yazılı şəkildə geniş şərh vermişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz ərizəsi məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, 2019-cu ildə "xxxx" QSC-də attestasiya keçirilməmişdir. Cəmiyyətin sədri "xxxx" QSC-nin “Səsyazma evinin” və musiqi kollektivlərinin işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə attestasiya keçirilməsinə dair 600/kd saylı, xx.xx.2021-ci il tarixli əmr imzalamışdır. Attestasiyanın keçirilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq 7 nəfərdən ibarət tərkibdə attestasiya komissiyası yaradılmışdır. Həmin komissiyanın tərkibi, sədrlik edən Azərbaycan opera müğənnisi, pedaqoq, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımova, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının xalq artisti Gülbacı İmanova və digər təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsi ilə Kadrlar və Xüsusi İşlər Departamenti nümayəndələrindən ibarət formalaşmışdır. Qeyd olunan attestasiyada suallar attestasiya komissiyası tərəfindən müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli əmrə müvafiq olaraq xx.xx.2022-ci il tarixindən attestasiya keçirildi. Əmək Məcəlləsinin 65-ci maddəsinin 6-cı bəndinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparıldı. Eyni zamanda İddiaçı attestasiya komissiyasının üzvləri tərəfindən yalnız tutduğu vəzifə (peşə), əmək funksiyası, ixtisası (peşəsi) üzrə attestasiya edilmişdir. Həmin attestasiyada İddiaçı cavabları attestasiya komissiyasını qane etməmiş və komissiya tərəfindən müvafiq rəy verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Cahangir Cahangirov adına “Xor”-alt kateqoriyalı ifaçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Həmin tarixdən də əmr “E.gov.az” portalında yerləşdirilib. Beləliklə də, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. İş üzrə Bakı Musiqi Akademiyası tərəfindən verilmiş Fərqlənmə Diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.2007-ci il tarixdə Bakı Musiqi Akademiyasının müsiqişünaslıq ali peşə istiqamətinin fortepiano ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. İş üzrə Səadət Sarayı Bakı Nikah evi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X5 ilə X2 arasında xx.xx.2010cu il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1612 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, o, xx.xx.2009-cu il tarixdə "xxxx" QSC-nin C.Cahangirov adına “Xor” kollektivinə ali kateqoriyalı alt ifaçısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2014-cü il tarixdə həmin kollektivdə yarımştata keçirilmiş, xx.xx.2015-ci il tarixdə həmin kollektivdə tam ştata keçirilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə "xxxx" QSC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 2354 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı C.Cahangirov adına “Xor” ali kateqoriyalı alt ifaçısı vəzifəsinə işə qəbul (təyin) edilmişdir. Əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi ali kateqoriyalı alt ifaçısı 0,5 ştat əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. İş üzrə "xxxx" QSC-nin 600 k/d, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, "xxxx" QSC-nin işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə işçilərin attestasiyasını aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əmək edilməklə aparılması və rəsmiləşdirilməsi, attestasiyadan keçən işçilərin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçilərin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməsi, attestasiya yalnız təsdiq olunmuş suallar (yaradıcı işçilər üçün) müvafiq yaradıcılıq tapşırıqları, habelə işçinin gördüyü işlər haqqında məlumatlar və təqdim olunmuş sənədlər əsasında həyata keçirilməsi, attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməsinin təmin etməsi attestasiya komissiyasına tapşırılması, bu Əmrin tələblərinin pozulması Cəmiyyətin daxili qaydalarının ciddi pozulması hesab edilməsi və təqsirli işçilərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas sayılması; qanunvericiliyə uyğun olaraq “Səsyazma evi”nə müsiqi kollektivlərinin attestasiya olunacaq işçilərinin əhatə dairəsinin müəyyənləşdirilməsi "xxxx" QSC-nin “Kadrlar və Xüsusi İşlər” departamentinə tapşırılması, "xxxx" QSC-nin “Səsyazma evi”, S.Rüstəmov adına X9 Orkestri, Niyazi adına Simfonik Orkestri, T.Əhmədov adına Estrada-Simfonik Orkestri, G.Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblı, “Qaytağı” instrumental ansamblı, Ə.Cavanşirov adına “Uşaq Xoru”, V.Mustafazadə adına “Sevil” vokal instrumental ansamblı və C.Cahangirov adına “Xor”un işçilərinin attestasiyasının keçirilməsi üçün Attestasiya komissiyaların yaradılması; 1.2. xx.xx.2022-ci il tarixdə Cahangir Cahangirov adına “Xor”un işçilərinin attestasiyasının keçirilməsi üçün 7 nəfərdən ibarət Attestasiya Komissiyasının yaradılması əmr edilmişdir. İş üzrə "xxxx" QSC-nin işçisi İddiaçı attestasiya üzrə xx.xx.2022-ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiya vərəqəsinin “Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar”ını nəzərdə tutulan 7-ci bəndinə əsasən “İfa zamanı templərə düzgün münasibət göstərmirdi” (bənd 7.1), “İfa zamanı ifaçıları dinləmirdi” (bənd 7.2), “Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri”ni nəzərdə tutulan 8-ci bəndinə əsasən “İfa səviyyəsi qane etmədi”, “Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi”ni nəzərdə tutulan 10cu bəndinə əsasən “Səslərin miqdarı: 1 nəfər – lehinə, 6 nəfər əleyhinə”, “Attestasiya komissiyasının tövsiyələri”ni nəzərdə tutulan 11-ci bəndinə əsasən “Öz üzərində işləsin” kimi qeydlər göstərilmişdir. Attestasiya vərəqəsinin “Attestasiyadan keçən işçinin rəy və təklifləri”ni nəzərdə tutulan 9-cu bəndinə əsasən İddiaçı tərəfindən “Я осталась довольна аттестацией» kimi qeyd edilmişdir. İş üzrə Attestasiya Komissiyasının xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, "xxxx" QSC-nin “Səsyazma evi”nin Cahangir Cahangirov adına Xorun işçilərinin xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiyasının nəticələri üzrə attestasiya komissiyası Cahangir Cahangirov adına Xorun 24 nəfər işçilərin tutduğu vəzifəyə uyğun hesab edilməsi, 13 nəfər işçilərin, o cümlədən İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır. İş üzrə "xxxx" QSC-nin 263k/d nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən çıxarışının surətindən görünür ki, "xxxx" QSC-nin “Səsyazma evi”nin və müsiqi kollektivinin işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Niyazı adına Simfonik Orkestri, xx.xx.2022-ci il tarixdə C.Cahangirov adına “Xor”, xx.xx.2022-ci il tarixdə S.Rüstəmov adına X9 Orkestri, xx.xx.2022-ci il tarixdə Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri, xx.xx.2022-ci il tarixdə G.Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblı, “Qaytağı” instrumental ansamblı, Ə.Cavanşirov adına “Uşaq Xoru”, V.Mustafazadə adına “Sevil” vokal instrumental ansamblı, xx.xx.2022-ci il tarixdə “Səsyazma evi”nin işçilərinin attestasiyası keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq 2022-ci ilin aprelin 08-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Cəmiyyətin C.Cahangirov adına “Xor” ali kateqoriyalı alt ifaçısı İddiaçı tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və yekun haqq-hesabı aparılmışdır. İş üzrə xxxxxxx0001X0 saylı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC-nin 263 k/d saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Bakı 4 saylı mediasiya təşkilatının mediatoru X3 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/4-01246 nömrəli arayışından görünür ki, "xxxx" QSC İddiaçı tərəfindən təsvir edildiyi kimi, yəni əmək müqaviləsinə qanunsuz xitam verilməsi və işə bərpa ilə təsvir edilən əmək mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə saat 09.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı "xxxx" QSC-nin C.Cahangirov adına Xorun ali kateqoriyalı alt ifaçısı vəzifəsinə işə qəbul olunmuşdur. Lakin iddiaçı 2009-cu ildən "xxxx" QSC-nin C.Cahangirov adına Xorda konsertmeyster (pianoçu) vəzifəsində çalışmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli əmri ilə işçilərin attestasiya keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və bununla bağlı 7 nəfərdən ibarət komissiyası yaradılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, komissiya tərəfindən İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına (peşəsinə) dair uyğunluğunu müəyyən etmək üçün onun ifası (pianoda) dinlənilmişdir. Həmin attestasiyada İddiaçı cavabları attestasiya komissiyasını qane etməmiş və komissiya tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlinmiş, keçirilmiş attestasiyanın nəticələrinə görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə əmr qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı attestasiyadan əvvəl iclas keçirilməsini və iclasda keçirilən attestasiyanın işçinin azad edilməsi üçün deyil, səviyyələrin yoxlanılması məqsədi ilə keçirməsini, birinci dəfə keçirmədiyi təqdirdə yoxlanışın 2 və 3-cü dəfə keçirəcəyinə dair rəhbərliyin mövqeyi bildirməsini, onun attestasiyadan piano ifaçısı kimi yoxlanılmasını, attestasiya vərəqəsinin boş halda ona imzalatdırılmasını,mükəmməl ifa ilə attestasiyadan keçsə də, sonradan əsassız işdən azad olunmasını nəzərə alaraq işdən azad olunması barədə əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Göstərilən Məcəllənin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” və “ə” bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək kimi əsas hüquqları vardır. Həmin Məcəllənin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən əmək funksiyalarının düzgün yerinə yetirilməsi işçinin əmək vəzifəsinə aiddir . Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Eyni Məcəllənin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir (bənd 1). Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir (bənd 3). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən:
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir. İddiaçı əmək müqaviləsi üzrə C.Cahangirov adına Xorun ali kateqoriyalı alt ifaçısı vəzifəsinə qəbul edilsə də, attestasiyada onu alt ifaçısı kimi deyil, piano ifaçısı kimi peşəkarlıq səviyyəsi yoxlanılmış, ifa səviyyəsi yoxlanılarkən “qane etmədi” qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əmək münasibətlərində olduğu cavabdehin təşkil etdiyi attestasiyadan keçərkən işə götürüldüyü vəzifəyə uyğun deyil, başqa sənət üzrə yoxlanıldığından, bununla da qanunun attestasiyanın keçirilməsinə dair tələblərinin pozulması halı aşkar olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinini «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. AR Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı işdən azad olunması barədə 263 k/d saylı xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına Xorun ali kateqoriyalı alt ifaçısı vəzifəsinə bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev