Məhkəmə qərarları › İş №2(009)-1406/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1406/2025

29.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1406/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - Cavabdeh QSC-yə qarşı «mənzil verilməsi» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh-QSC-yə qarşı «mənzil verilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona növbədənkənar mənzilin verilməsi öhdəliyinin cavabdehə həval edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Xidmətində Texniki bazanın sahil matrosu olaraq işləmişdir. xx.xx.1994-cü ildən güzəştli şərtlərlə mənzil növbəsindədir. Lakin 31 ildir ki mənzillə təmin olunmur. Verilmiş cavab məktubunda siyahı üzrə 4-cü olaraq mənzil növbəsində olduğu qeyd edilmişdir. Şifahi aldığı məlumata əsasən ondan aşağı növbələrdə olan işçilər artıq mənzillə təmin olunmuşlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun məzmunda ifadə verərək, iddianın təmin olunmasını xahiş etmişdir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Dövlət Xəzər X1 Dəniz Yollar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 10 iyun 2009-cu il tarixli məktubda qeyd edilir ki, iddiaçı xx.xx.1994-cü ildən güzəştli şərtlərlə siyahı üzrə 4-cü olaraq mənzil növbəsindədir. Cavabdeh QSC tərəfindən iddiaçıya ünvanlanmış 12 fevral 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, məlumat üçün bildiririk ki, siz xx.xx.1994-cü il tarixində ev növbəsinə qəbul olunmusunuz və mənzil növbəsi siyahısında sıra nömrəniz 652-dir. Cavabdeh tərəfindən təqdim olunmuş mənzil növbəsi haqqında arayışda qeyd edilir ki, 2014-cü ildə təsdiq olunmuş ASCO-nun vahid mənzil növbəsi siyahısına əsasən 1100 nəfər mənzil növbəsində olmuşdur. ASCO-nun təşəbbüsü ilə könüllü olaraq həyata keçirilən sosial layihə çərçivəsində ünvan 3 ünvanında tikilmiş 5 bina üzrə 1100 nəfərdən 487 nəfər mənzillə təmin edilmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi X3 Xidmətində Texniki bazanın sahil matrosu vəzifəsində işləməsini, yaşının artıq çox olmasını və 1994-cü il tarixdən mənzil növbəsinə durduğunu göstərir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X3 Xidmətində Texniki bazanın sahil matrosu olaraq işləmiş və 1994-cü il tarixdən mənzil növbəsinə durmuşdur. Hazırda məhkəməyə müraciət edərək, növbədənkənar mənzillə təmin olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Dövlət Xəzər X1 Dəniz Yollar Xidmətində çalışdığı zaman xx.xx.1994-cü ildən mənzil növbəsinə yazılmışdır. İddiaçı onun mənzil növbəsinin əvvəlcə 4-cü olduğuna baxmayaraq sonradan 652-ci sıraya keçirildiyini qanunsuz və əsassız hesab edir. Lakin işdən görünür ki, iddiaçı mənzil növbəsində məhz Azərbaycan Dövlət Xəzər X1 Dəniz Yollar Xidmətinin işçiləri arasında 4-cü sırada olmuşdur. Lakin sonradan həmin qurum ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra iddiaçının işlədiyi qurumla yanaşı ARDNŞ X5 Donanmasının yenidən təşkili yolu ilə Cavabdeh QSC yaradılmışdır. Qurum yaradıldıqdan sonra sözügedən qurumlarda mənzil növbəsinə durmuş bütün işçilərin siyahısı növbəyə durma tarixləri üzrə yenidən siyahıya alınmış və iddiaçı 652-ci sırada müəyyən edilmişdir. Başqa sözlə, iddiaçı mənzil növbəsində 4-cü sırada özünün işlədiyi qurum işçiləri arasında müəyyənləşdirilmişdir, lakin qurumların yenidən təşkilindən sonra tərtib olunan siyahı üzrə müəyyən edilmişdir ki, ümumilikdə 1100 nəfər mənzil növbəsindədir və iddiaçının növbə sırası 652-dir. Cavabdeh QSC-nin keçirmiş olduğu sosial layihələr çərçivəsində həmin 1100 işçidən ən sonuncu olaraq 487-ci növbədə duran işçi mənzillə təmin edilmişdir. Göründüyü kimi iddiaçının növbəsindən sonra gələn növbələr üzrə heç kim mənzillə təmin edilməmişdir. Məhkəmə iddiaçının yaşı ilə bağlı növbədənkənar mənzillə təmin olunmasına dair əsasa münasibətdə isə qeyd edir ki, AR Mənzil Məcəlləsinin 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə və bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara verilir. İddiaçının məhkəmə iclasında bu sadalanan şəxslərin kateqoriyasına daxil olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh QSC-yə qarşı «mənzil verilməsi» barədə iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar