Məhkəmə qərarları › İş №2(009)-1409/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1409/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1409/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 332, Yeni qaydalarla: AZ 1000, ünvan 1 olan istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci il təvəllüdlüdür. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 332, Yeni qaydalarla: AZ 1000, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. 19.03.2020-ci il tarixdə notariat kontorunda alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Hal-hazırda o həmin mənzilin mülkiyyətçisidir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. Lakin Cavabdeh1 və Cavabdeh2 mənzili təhvil versə də, hal-hazırkı vaxtadək qeydiyyatdan çıxmamışdır. Cavabdehin onun mənzilində qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan DƏDRX RX ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 332, Yeni qaydalarla: AZ 1000, ünvan 1 İddiaçı adına 29.03.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 19.03.2021-ci il tarixli, AN-İ-0871441 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 332, Yeni qaydalarla: AZ 1000, ünvan 1 İddiaçı satmışdır. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 332, Yeni qaydalarla: AZ 1000, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 203.1-ci maddələrinə əsasən cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, qeydiyyatdan çıxarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə olan halda, məhkəmə, cavabdehin adı çəkilən evə hər hansı əşya hüququnun olmadığını, eləcə də onun faktiki olaraq həmin ünvanda yaşamamasını nəzərə alaraq hesab edir ki, cavabdehin qeydiyyatı formal xarakter daşıyır, onların həmin yaşayış evindən istifadə hüququ olmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin mənzilə qeydiyyatı notarial əməliyyatları ilə bağlı formalaşmış mövcud təcrübəyə əsasən iddiaçının öz əmlakı üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, Cavabdeh1 mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ona verilən çıxarışda mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, əşyanın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüququnu (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilə mülkiyyəti əldə etmişdir. Belə olan halda, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 332, Yeni qaydalarla: AZ 1000, ünvan 1 istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Çünki MM-nin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehin mənzilə dair istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 332, Yeni qaydalarla: AZ 1000, ünvan 1 olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 332, Yeni qaydalarla: AZ 1000, ünvan 1 qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar