Məhkəmə qərarları › İş №2(009)-1433/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1433/2021

10.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1433/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Cavabdeh ona məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. O, isə məcburiyyət qarşısında qalaraq qızına məxsus olan və Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mənzildə qızı və onun ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehə dəfələrlə evdən çıxması barədə xəbərdarlıq etsə də, cavabdeh onun xəbərdarlıqlarına məhəl qoymaraq əksinə dəyir ki, “mən heç yerə getmirəm, hara istəyirsən şikayət elə ev mənimdir, kim gəlirsə gəlsin bu evdən çıxmayacam”. Cavabdeh onun ünvan 1 ünvanında yerləşən mənzilində yaşaması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yolverilməzdir. Cavabdehin onun mənzilində yaşaması onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi vəziyyətinə mənfi təsir edir. Cavabdeh ona məxsus olan bütün sənədləri də özündə saxlayır və ona vermir. Buna görə də evin ona məxsus olmasını təsdiq edən çıxarış və digər sənədləri məhkəməyə təqdim edə bilmir. Dəfələrlə onun tərəfindən cavabdehə evdən çıxarılmasını bildirdiyinə baxmayaraq, cavabdeh evdən çıxmamaqda israrlı olmuşdur və hazıradək həmin mənzildə yaşayır. Həmin mənzil onun mülkiyyəti sayılır. Göründüyü kimi, mülkiyyətində yaşamaq, istifadə və sərəncam vermək hüquqları cavabdeh tərəfindən məhdudlaşdırılıb. Cavabdehə görə mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh qeyd etdiyi mənzildə yaşayır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi,ev 10 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 1993-cü ildə Ceyhun evlənib qaynanasıgildə yaşamış, o, bacısının yanına Moskvaya getmiş, gələndə görmüşdür ki, oğlu evini söküb obyekt eləyib, o buna narazılığını bildirmişdir. Oğlu 2003-cü ildən ailəsi ilə birlikdə onun mülkiyyətində olan evə köçüb bu günədək yaşayır, o isə həmişə qızıgildə qalmış, oğluna görə mülkiyyətində olan evdə yaşaya bilməmişdir. Ümumiyyətlə onunla birlikdə yaşamaq qeyrimümkündür. Doğrudur hər iki qızına ev alıb vermişdir, onlar onun övladlarıdır. Oğluna isə heç nə düşmür, ona görə də onu mülkiyyətində olan evdən çıxarmaq istəyir. Evin digər paylı mülkiyyətçiləri onun bacı və qardaşlarıdır, hər üçü rəhmətə getmişdir. 2003-cü ildən sonra dəfələrlə Ceyhundan evdən çıxmasını tələb etmiş, lakin o evdən çıxmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, anadan olduğu 1972-ci ildən həmin evdə yaşamışdır. 1993-cü ildə evlənmiş, atası Azərbaycan prospekti, 14 ünvanda ev alaraq yaşamaq üçün ona vermiş və onu qeydiyyatdan çıxararaq həmin evə qeydiyyata salmışdır. 2003-cü ilədək həmin evdə yaşamış, sonra atası demişdir ki, o hazırda yaşadığı evə köçsün, həmin evi isə özünə götürmüşdür. 2003-cü ildən hazırki vaxtadək ailəsi ilə birlikdə İ.Əfəndiyev küçəsi, 10 saylı evdə yaşayır. anası 6 ay bundan qabaq vəfat etmişdir, atası və anası son vaxtlar onunla yaşamışdır. Hazırda həmin evdə o, ailəsi ilə və vəfat edən əmisinin iki övladı yaşayır. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, İlyas Əfəndiyev küçəsində yerləşən 10 saylı ev paylı mülkiyyət hüququ üzrə (hər biri ¼ hissədə) İddiaçı, X2, X3 və X1 adlarına daşınmaz əmlakın dövlət ryestrində qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsində yerləşən 10 saylı ev öz hüquqi statusuna görə paylı mülkiyyətdədir. İddiaçı həmin evin 1/4 hissəsinin mülkiyyətçisidir . Məhkəmə ilk növbədə qeyd edir ki, paylı mülkiyyətdə olan evə dair onun mülkiyyətçiləri bərabər şəkildə sərəncam verilər. AR Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Qeyd edilən Məcəllənin 215.5-ci maddsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evin yalnız ¼ hissəsinin mülkiyyətçisi olduğu üçün, eyni zamanda mübahisəli evin naturada real bölgüsü həyata keçirilmədiyi üçün, cavabdehin paylı mülkiyyətdə olan mübahisəli evdən çıxarılması barədə iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Digər tərəfdən hazırki tələb üzrə bütün mülkiyytəçilər iddiaçı qismində çıxış etmədiyi üçün qaldırılan iddia əsassızdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh iddiaçının oğludur, onun ailə üzvüdür, anadan olduğu vaxtdan 1993-cü ilə qədər və 2003-cü ildən hazırki vaxtadək mübahisəli evdə yaşayır. AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, cavabdeh 2003-cü ildən hazırki vaxtadək mübahisəli evdə yaşadığı üçün, o, qanunun yuxarıda göstərilən tələbləri baxımından həmin evə istifadə hüququ əldə etmişdir. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli qərarına əsasən yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. AR Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qanunun və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yarandığından, həmin hüquqlar kompensasiya verilməsi yolu ilə itirilmədən onun mənzildən çıxarılması barədə tələb əsaslı hesab edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanından çıxarılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar