Məhkəmə qərarları › İş №2(009)-1436/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1436/2020

24.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1436/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin Cavabdeh qarşı «artıq alınmış pensiya məbləğinin qaytarılması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi Cavabdeh qarşı «artıq alınmış pensiya məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3347,20 manat məbləğində dövlət vəsaitinin cavabdehdən alınaraq Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 31 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsindən mərhum atası X1 əmək pensiyasının ölümündən sonra da aldığı faktı aşkarlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh atası (X1) ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni İdarəyə vaxtında təqdim etmədiyindən, 2013-cü ilin noyabr ayından 2014-ci il avqust ayı da daxil olmaqla əmək pensiyası mərhumun plastik kartına tam məbləğdə köçürülmüşdür. Nəticədə 5496 (beş min dörd yüz doxsan altı) manat artıq pensiya alınmışdır. Kapital bankın Səbail filialı tərəfindən plastik kart hesabından alınmamış 1648,80 (bir min altı yüz qırx səkkiz manat səksən qəpik) manat İdarənin hesabına bərpa olunmuş, lakin 3847,20 (üç min səkkiz yüz qırx yeddi manat iyirmi qəpik) borc yenə də qalmışdır. Bu məbləğin 500 (beş yüz) manatı xx.xx.2015-ci il tarixdə Kapital Bank tərəfindən İdarənin hesabına qaytarılmış, lakin qalan 3347,20 (üç min üç yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğ vətəndaş tərəfindən ödənilməmişdir. İdarə tərəfindən Cavabdeh, yaranmış 3347,20 manat borcu Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra xx.xx.2015-ci il tarixdə məktub göndərilərək, xəbərdarlıq edilmiş, əks halda qanunamüvafıq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İdarə tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, mənimsənilmiş dövlət vəsaitinin qaytarılması, vətəndaş tərəfindən həyata keçirilməmiş və nəticədə 3347,20 manat dövlət borcu İdarənin hesabına ödənilməmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə onu da qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarının 3.1 və 3.2-ci bəndlərinə əsasən, “xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Məhkəmə qeyd edilənlərə əsasən, hazırki mübahisənin publik (ümumi) hüquq münasibətlərindən yarandığı qənaətinə gələrək hesab edir ki, iddiaçının iddia ərizəsi inzibati məhkəməyə aid olduğudan iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Ona görə də, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin Cavabdeh qarşı «artıq alınmış pensiya məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıyahəmin iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin Cavabdeh qarşı «artıq alınmış pensiya məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar