Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1441/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsində düzəliş edərək torpaq sahəsinin 108,8 kv.m şəklində göstərilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 572 nömrəli Sərəncamına uyğun olaraq onunla bağlanılmış xx.xx.2001-ci il tarixli 24 nömrəli torpaq icarə müqaviləsində düzəliş edərək torpaq sahəsinin 108,8 kv.m şəklində göstərilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Bakı şəhər İcra Hakimiyyəti inzibati orqandır. Hakim hesab edir ki, hazırki iddia inzibati orqan üzərinə öhdəliyin qoyulmasını məcbur edən qərar qəbul edilməsi ilə bağlı olduğundan, həmin iddia tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən hakim hesab edir ki, hazırki işə ixtisaslaşdırılmış məhkəmədə, yəni inzibati məhkəmədə baxılmalı olduğundan, bununla da işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmasına yol verilmədiyindən, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraata qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsində düzəliş edərək torpaq sahəsinin 108,8 kv.m şəklində göstərilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o hazırki tələblə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1441/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1441/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver