Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1452/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “ Azərbaycan Dövlət İqtisad Universiteti” X5 barəsində 13 aprel 2023-cü il tarixli, 253/3/2023 nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Azərbaycan Dövlət İqisad Universitetində işləmişdir. 1995-ci ildə həmin universiteti bitirərək həmin ildə X3 fakültəsinin dekanlığında katibə vəifəsində işə başlamışdır. Daha sonra 1996-cı ildədən Qiymətin əmələ gəlməsi kafedrasının laborantı vəzifəsində işləmişdir. Bir il sonra baş laborant vəzifəsinə qəbul olunmuşdur. Son vaxtlar Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin X8 böyük laborantı vəzifəsində işləmişdir. Azərbaycan Dövlət İqisad Universitetinin rektoru prof.Ədalət Muradovun xx.xx.2023-cü il tarixli əmri ilə onun da işlədiyi vəzifə də daxil olmaqla bəzi ştatların ləğv edilməsi qərara alınmış və həmin əmrdə birbaşa olaraq göstərilmişdir ki, həmin vəzifələrin yerinə işçilərə yeni vəzifələr təklif edilməsi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Universitet rəhbərliyi tərəfindən onun barəsində qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi haqqında 253/3/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmr imzalanmışdır. Həmin əmrdə Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin X8 böyük laborantı kimi onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixindən ləğv edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsininn 77.3-cü maddəsinə əsasən on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinəti, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr hesabına istifadə edilməmiş əmək məzuniyyətinə görə ona 47 gün kompensasiya və son haqq-hesab ödənilməsi əmr edilmişdir. Guya İddiaçı 2-ci dərəcəli əlil və əmək qabiliyyətsiz olması ilə əlaqədar başqa vəzifəyə keçirilməsinin təklif olunmadığı nəzərə alınması qeyd olunmuşdur. O bu qeyd olunan əsla razı deyil. Onun ikinci qrup əlilliyinin olması onun işinə maneçiliyi yoxdur. O işinin öhdəsindən layiqincə gəlir. Qanunsuz olaraq işə buraxılmadığı üçün X6 şikayət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Barəsində çıxarılan əmrlə razı deyil və hesab edir ki, əmr və işdən azad olunmağı qanunsuz olmuşdur. Qeyd olunan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Cavabdeh heç bir əsas və səbəb olmadan onu işdən azad etmişdir. Bütün bunlar qərəzin və cavabdehin qanunsuz hərəkətlərinin nəticəsidir. Onun himayəsində uşaqları var, (biri əlildir) qanunsuz olaraq işdən azad olunmağı ailəsinin də güzəranına mənfi təsir göstərmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində hal-hazırda o, işsiz qalmışdır, ailəsinin qazanc yeri kəsilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, o, həyat yoldaşından boşanmışdır və hal-hazırda ailənin yeganə qazanc gətirəni odur və onun himayəsində biri 17 və digəri 21 yaşında iki övladı vardır və 21 yaşında olan oğlu da ikinci qrup əlildir. Onun işdən çıxarılmasına əsas kimi əmək qabiliyyətsiz olması göstərilmişdir. Bundan sonra o, əmək qabiliyyətinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə 2 nömrəli X2 müraciət etmişdir və onun barəsində Həkim Psixiatr Komissiyasının xx.xx.2023cü il tarixli 3380 saylı rəyindən görünür ki, onun hal-hazırda laborant işləməyə əks-göstəriş yoxdur. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixdə verilmiş arayışından da görünür ki, o, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilər. Ona görə də, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun əsassız olduğundan təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının 31 may 2022-ci il tarixli EŞ JNd 183 qərarına əsasən UNEC-də bütün kafedra və struktur bölmələrdəki laborant (böyük laborant) ştatları ləğv edilmiş və bu haqda iddiaçı da daxil olmaqla işçilər müvafiq qaydada məlumatlandırılmışlar. Bir ilə yaxın müddətdə davam edən proses nəticəsində əksər ixtisar olunan işçilər razılıqlarına əsasən əmək haqları saxlanılmaqla başqa vəzifələrə keçirilmişlər. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 0085003AAD4L Forma 88 üzrə xx.xx.2021ci il tarixli qiymətləndirmə nəticəsində İİ dərəcəli əlillik təyin olunmuş və əmək zəmanətində əvvəlki müayinədən fərqli olaraq “əmək qabiliyyətsiz” kimi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının başqa işə keçirilməsi mümkün olmamışdır və qüvvədə olan əmək qanunvericiliyin tələblərinə (işdənçıxma müavinətinin verilməsi, Həmkarlar ittifaqı Komitəsinin razılığı və s.) riayət edilməklə İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 253/3/2023 nömrəli əmrin surəti və əmək kitabçası son iş günü 13 aprel 2023-cü il tarixində rəsmi olaraq təqdim olunmuşdur. Buna baxmayaraq, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296 maddəsinin tələblərini pozaraq fərdi əmək münasibətlərində iddia müddətlərinə üzürlü səbəbi olmadan riayət etməmişdir. Göstərilənləri nəzərə alaraq bildirir ki, işəgötürənin hərəkətləri qanuvericiliyin tələblərinə tam uyğundur və buna görə də, İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan UNEC-in Elmi Şurasının EŞ 183 saylı, 31 may 2022-ci il tarixli qərarından görünür ki, UNEC-də tədris Laboratoriyalarının laborant (böyük laborant) ştatları istisna olmaqla bütün kafedra və struktur bölmələrdəki laborant (böyük laborant) ştatlarının ləğv edilməsi, UNECdə “Müəllim assistenti” və “İcraçı assistent” ştatlarının yaradılması qərara alınmışdır. İş materiallarında olan UNEC-in Tədris-köməkçi heyət haqqında 97/3/2003 saylı, 13 fevral 2023cü il tarixli əmrindən görünür ki, UNEC-in kafedralarında aparılan işlərin təşkilinin səmərəliliyinin daha da artırılması üçün "Universitetin bütün kafedra və struktur bölmələrində laborant (böyük laborant) ştatlarının ləğv edilməsi haqqında" UNEC-in Elmi Şurasının xx.xx.2022-ci il tarixli EŞ-183 №-li Qərarının icrası ilə əlaqədar həmin vəzifələrdə çalışanların 51 nəfəri icraçı assistent vəzifəsinə, 6 nəfəri digər struktur bölmələrə keçirilmiş, 3 nəfər isə işdən azad olmuşdur. 5 nəfər sosial və ödənişsiz məzuniyyətdə, 2 nəfər isə müvəqqəti işçi olmaqla, 22 nəfər laborant (böyük laborant) vəzifələrində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Elmi Şuranın həmin qərarının icrasını tam təmin etmək məqsədilə: 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "ə" bəndinə əsasən tədris laboratoriyaları istisna olmaqla "Biznes və logistika", "Xarici dillər", "İqtisadiyyat", "Rəqəmsal texnologiyalar və tətbiqi informatika", "İctimai idarəetmə və sosial innovasiyalar", "Maliyyə və audit", "Azərbaycan dili" və "Riyaziyyat və statistika" kafedralarının böyük laborant - 9 ştat və laborant - 5 ştatın əmr imzalandığı tarixdən 2 ay sonra ləğv edilməsi; 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "ə" bəndinə əsasən Tədrisin metodiki və keyfiyyat təminatı mərkəzinin Metodiki işlər bölməsindən 1 "Böyük laborant" ştatın əmr imzalandığı tarixdən 2 ay sonra ləğv edilməsi; 3. "Biznes və logistika", "Xarici dillər", "İqtisadiyyat", "Rəqəmsal texnologiyalar və tətbiqi informatika", "İctimai idarəetmə və sosial innovasiyalar", "Maliyyə və audit", "Azərbaycan dili" və "Riyaziyyat və statistika" kafedralarının və Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin 16 (o cümlədən İddiaçı da daxil olmaqla) əməkdaşlarının əmrlə tanış edilməsi və təklif olunan vəzifələrdən imtina etdikləri halda onlarla bağlanmış əmək müqavilələrinə xitam veriləcəyi barədə məlumatlandırılmalarının müvafiq kafedra müdirləri və dos. E.H.Azadova həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktoru dos.X7, direktor müavini b/m X10 və X8 rəhbəri X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, TMKTM-in X8 böyük laborantı İddiaçı xx.xx.2023-cü il tarixində Tədris-köməkçi heyət haqqında verilmiş xx.xx.2023-cü il tarixli 97/3/2023 nömrəli əmrlə tanış edilmişdir. İddiaçı bu aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin xx.xx.2023-cü il tarixli iclasının 72 saylı protokolundan çıxarışdan görünür ki, "Universitetin bütün kafedra və struktur bölmələrində laborant (böyük laborant) ştatlarının ləğv edilməsi haqqında" UNEC-in Elmi Şurasının xx.xx.2022-ci il tarixli EŞ-183 №-li Qərarı və "Tədris köməkçi heyət haqqında" UNEC-in xx.xx.2023-cü il tarixli 97/3/2023 №-li əmri ilə kafedra və struktur bölmələrdəki böyük laborant və laborant ştatları ləğv edilir. Ştatının ixtisar olunması, 2-ci dərəcəli əlil və əmək qabiliyyətsiz olması ilə əlaqədar Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin X8 böyük laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsi sədri Rüfət Süleymanlı tərəfindən Universitetin rektoru prof Ədalət Muradova ünvanlanmış İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli Xidməti məlumatdan görünür ki, Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin xx.xx.2023cü il tarixli iclasında "Universitetin bütün kafedra və struktur bölmələrində laborant (böyük laborant) ştatlarının ləğv edilməsi haqqında" UNEC-in Elmi Şurasının xx.xx.2022-ci il tarixli EŞ-183 №-li Qərarı və "Tədris köməkçi heyət haqqında" UNEC-in xx.xx.2023-cü il tarixli 97/3/2023 №-li əmri ilə kafedra və struktur bölmələrdəki böyük laborant və laborant ştatının ixtisar olunması, 2-ci dərəcəli əlil və əmək qabiliyyətsiz olması ilə əlaqədar Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin X8 böyük laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə UNECin Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir. İş materiallarında olan UNEC-in əmək müqaviləsinə xitam verilməsi haqqında 253/3/2023 saylı, 13 aprel 2023-cü il tarixli əmrindən görünür ki, "Universitetin bütün kafedra və struktur bölmələrində laborant (böyük laborant) ştatlarının ləğv edilməsi haqqında" UNEC-in Elmi Şurasının xx.xx.2022-ci il tarixli EŞ-183 №-li Qərarı, "Tədris köməkçi heyət haqqında" UNEC-in xx.xx.2023-cü il tarixli 97/3/2023 №-li əmrinin 2-ci və 3-cü bəndi və İddiaçı əmək qabiliyyətsiz olması nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin X8 böyük laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair arayışından görünür ki, sonuncu müayinə üzrə İddiaçı xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik təyin olunmuş və o, əmək qabiliyyətsiz hesab olunmuşdur. Təqdim olunmuş 2 nömrəli X1 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 3380 saylı rəyindən görünür ki, İddiaçı hal-hazırda laborant işləməsinə əks-göstəriş yoxdur. Təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair arayışından görünür ki, sonuncu müayinə üzrə İddiaçı xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik təyin olunmuş və əmək zəmanətində “Əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilər” qeyd olunmuşdur. Təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi tərəfindən X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən ərizəçi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixli 253/3/2023 saylı əmrlə Əmək Məcəlləsinin 80-ci maddəsinin (əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) tələblərinə uyğun olaraq Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi, onun tutduğu böyük laborant vəzifəsinin ixtisara düşməsi barədə xx.xx.2023-cü il tarixli 97/3/2023 nömrəli əmrlə tanış edilməsinin xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirildiyi, son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və işdənçıxarma müavinəti) 2182.94 manat (iki min bir yüz səksən iki manat 94 qəpik) məbləğində hesablanaraq onun əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. Ərizəçiyə müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, UNEC-in kafedralarında aparılan işlərin təşkilinin səmərəliliyinin daha da artırılması üçün "Universitetin bütün kafedra və struktur bölmələrində laborant (böyük laborant) ştatlarının ləğv edilməsi haqqında" UNEC-in Elmi Şurasının xx.xx.2022-ci il tarixli EŞ-183 №-li Qərarının icrası ilə əlaqədar UNEC-in Tədris-köməkçi heyət haqqında 97/3/2003 saylı, 13 fevral 2023-cü il tarixli əmri ilə "Biznes və logistika", "Xarici dillər", "İqtisadiyyat", "Rəqəmsal texnologiyalar və tətbiqi informatika", "İctimai idarəetmə və sosial innovasiyalar", "Maliyyə və audit", "Azərbaycan dili" və "Riyaziyyat və statistika" kafedralarının və Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin 16 (o cümlədən İddiaçı da daxil olmaqla) əməkdaşlarının əmrlə tanış edilməsi və təklif olunan vəzifələrdən imtina etdikləri halda onlarla bağlanmış əmək müqavilələrinə xitam veriləcəyi barədə məlumatlandırılmaları əmr edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Tədris-köməkçi heyət haqqında verilmiş xx.xx.2023-cü il tarixli 97/3/2023 nömrəli əmrlə tanış edilmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Cavabdehin 253/3/2023 saylı, 13 aprel 2023-cü il tarixli əmri ilə "Tədris köməkçi heyət haqqında" UNEC-in xx.xx.2023-cü il tarixli 97/3/2023 №-li əmrinin 2-ci və 3-cü bəndi və İddiaçı əmək qabiliyyətsiz olması nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən ləğv edilmişdir. Eləcə də, sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair arayışı ilə İddiaçı xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik təyin olunmuş və o, əmək qabiliyyətsiz hesab olunmuşdur. İddiaçı iddia tələbinin əsası kimi əmək qabiliyyətli olduğu halda, əmrdə onun əmək qabiliyyətsiz kimi göstərilməsinə, himayəsində biri əlil olmaqla iki uşağının olmasına, ailənin yeganə qazanc gətirəni olmasına istinad etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının işdən azad olunmasına dair cavabdehin xx.xx.2023-cü il tarixli əmrində istinad olunan onun “Əmək qabiliyyətsiz olması” qeyd olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair arayışı xx.xx.2021-ci il tarixli olduğu halda, əmək zəmanətində “Əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilər” qeyd olunmuş Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair arayışı isə xx.xx.2023-cü il tarixdə, yəni iddiaçı işdən azad olunduqdan sonra verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin iəğv edilməsi qadağandır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının 17 və 2-ci dərəcəli əlilliyi olan 21 yaşlı iki övladı vardır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmrin ləğv edilməsi və işə bərpa edilməsi) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini və Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddətinin axımının başlanması obyektiv anla, yəni iddiaçıya müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi andan hesablanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 13 aprel 2023-cü il tarixindən işdən çıxarıması barədə məlumatlı olmuş, ona işdən azad ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq edilsə də, lakin iddiaçı bu barədə imza etməkdən imtina etmiş, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bununla da, o, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1452/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1452/2023
24.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver