Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1466/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi R.A.Nəsirovun iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, əmək müqaviləsinə əsasən Cavabdeh ASC İdarəsinə 19.10.2012-ci ildən o, sahə ustası vəzifəsinə işə götürülmüşdür. 19.12.2014-cü il tarixdən işi yaxşı bacardığı üçün sahə rəisi vəzifəsinə təyin olunmuşdur. 02.12.2019-cu il tarixdən X2 sahəsi İV sahəyə ən yüksək 12-ci dərəcəsi ilə təltif olunmuşdur. Yanvar-fevral aylarında 2021-ci il tarixdə tədbirlər planına əsasən o, cavabdehdən boruları dəyişdirmək üçün materiallar tələb etmişdir. Cavabdeh bildirmişdir ki, boruları dəyişmişlər. O, rəhbərliyə çatdırmışdır ki, heç bir boru dəyişdirilməmişdir. Onda yazı var ki, təqdimatı dəyişmə ilə bağlı yazan təminat şöbəsinin rəisi Səyyad Qurbanovdur. Lakin o demişdir ki, onun təqdimatdan xəbəri yoxdur. Bundan sonra onu sədr Yaşar Həsənov yanına çağırmış və soruşmuşdur ki, “niyə boruları dəyişdirmirsən?” O, demişdir ki, bu barədə təminat şöbəsinin rəisinə çatdırmışdır. Sədr dedi ki, “get ərizəni yaz işdən çıxmağın barədə”. O, öz etirazını bildirmişdir. Sədr kadrlar şöbəsinə göstəriş vermişdir ki, onu ƏM-nin 70-ci maddəsi “C” bəndi ilə azad olunması barədə əmr çıxartsın. Qeyd olunan əmr qanunsuz və qərəzlidir. Çünki onun bu işdə qanuna zidd olan təşkilatın hərəkətlərini çoxlu məlumatı var. Təchizat məsələsi Cavabdeh ASC demək olar ki, yox dərəcəsindədir və o, bütün detalları bazarda alıb gətirirdi öz səlahiyyətilə. O, təkcə rəis kimi deyil, həm də çilingər fəaliyyət göstərmişdir. Bunu işlədiyi sahələrin işçiləri təsdiq edə bilərlər. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1990-cı ildən könüllü olaraq döyüşlərdə iştirak etmişdir. Cavabdeh bu barədə bilərək onu belə qiymət vermişdir. Əgər o, pis işçi idi, nəyə görə sahə rəisi vəzifəsinə təyin etmişdilər və sonradan ƏM-nin 70-ci maddəsinin “C” bəndinə əsasən işdən azad etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh 30.03.2021-ci il tarixli Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə istinad etdiyi əmrin ləğv edilməsi və onu vəzifəsinə bərpa edilməsi əmək haqqı ödənilməklə cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, onlardan və bütün sahə rəislərindən tələb olunurdu ki, gördükləri işi gün ərzində çəkib öz rəislərinə göndərilməlidir. Onlar da belə etmişlər. Dəmir boru qeyri-qanuni torpağın altına salınır. Bunlar dərk etmirlər ki, dəmir boru torpaqla təmasda olmamalıdır. Əslində bu borular uzun müddətdir dəyişilmir, ancaq deşilən yerlər qaynaq yolu ilə bərpa olunur. Qeyd olunan boruların deşilməsi barədə 3 ildir tədbirlər planında göstərir, bu da kompyuterdə öz əksini tapmışdır. Bütün çətinliklərə baxmayaraq su itkisinin qarşısını maksimum səviyyədə almışdır. Dəfələrlə boruların dəyişdirilməsi barədə rəhbərliyə məlumat vermiş, elə onun bu təkidləri nəticəsində onu işdən azad etmişlər. 2020ci ilin yay aylarında pandemiya ilə əlaqədar işə çıxmamışdır. Onun işdən azad edilməsi qərəzli olmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək və yazılı etirazını təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı Cəmiyyətin 19.10.2012-ci il tarixli, 06/868 saylı əmrinə əsasən 19.10.2012-ci il tarixdən İEM-X X2 Sahəsi, İV sahəyə usta peşəsinə işə qəbul olunmuşdur. Cəmiyyətin 19.12.2014-cü il tarixli, 006/1227 saylı əmrinə əsasn İEM-X X2 Sahəsi, İV sahəyə 19.12.2014-cü il tarixdən i/m və i/ş üzrə rəis vəzifəsində keçirilmişdir. 2020/2021-ci illərin payız-qış mövsümündə İddiaçı xidməti ərazisində baş vermiş su axıntılarının vaxtında qarşısını almamış, bununla yanaşı baş vermiş qəzalar haqqında Mərkəzi Dispetçer Xidmətinə məlumat verməyərək yaşayış binalarına və digər sosial obyektlərə gedən istilik enerjisinin təchizatının məcburiyyət qarşısında dayandırılmışdır. İddiaçı işə səhlənkarlığı nəticəsində Zığ yolu küçəsi, 12B, 22, 22B, Cavanşir küçəsi, 32,34 və 823-cü keçid ünvanlarındakı yaşayış binalarının istilik enerjisi təchizatının dayandırılmasında istehlakçıların haqlı narazılığına səbəb olmuşdur. Bununla bağlı bir neçə dəfə rəhbərlik və İEM-X X2 Sahəsinin rəisi tərəfindən şifahi şəkildə İddiaçı işinin düzgün təşkil edilməməsi ilə bağlı irad bildirilsə də, İddiaçı işində hər hansı dönüş yaratmamışdır. Xidməti ərazisində yerləşən yaşayış binalarına gedən istilik xəttində baş vermiş su axıntısı barədə Mərkəzi Dispetçer Xidmətinə və həmçinin də X2 Sahəsinin rəisinə hər hansı məlumat verməməsi səbəbinin araşdırılması məqsədi ilə İddiaçı izahat tələb edildikdə, o, bu halın baş verməsinə səbəb zirzəmidə özbaşına bərkitmə işlərinin gördüyünü izah vermişdir. Cəmiyyətin nümayəndələri tərəfindən aktlaşdırılaraq İddiaçı əmək qanunvericiliyinə əsasən intizam tənbehi verilmişdir. Bundan əlavə Cəmiyyətin nümayəndələri tərəfindən İddiaçı xidməti ərazisinə baxış keçirilmiş, xidməti ərazisində bir çox ünvanlanda su axıntısının baş verməsi halın və baş vermiş su itkinlərinin aidiyyatı üzrə məlumat verilməməsi müəyyən olunmuşdur. Buş vermiş su itkilərinin qarşısının vaxtında alınmamasının və ya baş vermiş su itkiləri barədə aidiyyatı üzrə vaxtında məlumat verilməməsinin səbəbini araşdırılması məqsədi ilə 18.03.2021-ci il tarixdə İddiaçı idarəyə gələrək izahat verməsi tələb olunmuş, lakin İddiaçı Kadr, Sosial və Hüquq Məsələləri şöbəsinə gəlməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq əmək qanunvericiliyinə əsasən İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyinə görə işdən azad olunaraq əmək müqaviləsinə xitam verilməsinə dair təqdimatla Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuşdur. Həmkarlar İttifaqı Komitəsinin üzvləri və İddiaçı iştirakı ilə müraciət araşdırılmış və HİK-nın qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) İddiaçı işdən azad olunaraq əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Cavabdeh ASC-nin 30.03.2021-ci il tarixli 06/267 nömrəli əmrinə əsasən İEM-X X2 Sahəsi, İV sahəsinin i/m və i/ş üzrə rəisi İddiaçı 30.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. İş üzrə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış 19.10.2012-ci il tarixli əmək müqaviləsinin (kontraktın) kserosurətindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin İEM-X X2 Sahəsi, 4 sahəsinə 8 dərəcəli usta vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin 2-ci maddəsinə əsasən müqavilə müddətsiz bağlanmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı əmək funksiyası kimi usta peşəsinə aid olan əmək funksiyalarının icrası olmuşdur. İş üzrə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış 19.12.2014-cü il tarixli əmək müqaviləsinin (kontraktın) kserosurətindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin İEM-X X2 Sahəsi, 4 sahəsinə 11 dərəcəli istilik məntəqələri və istilik şəbəkələri üzrə rəis vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinin 2-ci maddəsinə əsasən müqavilə müddətsiz bağlanmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı istilik məntəqələri və istilik şəbəkələri üzrə rəis vəzifəsinə aid olan əmək funksiyalarının icrası olmuşdur. İş üzrə xxxxxxx000102 saylı, 19.12.2014-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş 19.12.2014-cü il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı Cavabdeh ASC-nin İEM-X-X2 Sahəsinin 4-cü sahəsinə istilik məntəqələri və istilik şəbəkələri üzrə rəis vəzifəsində işləyir. İş üzrə Cavabdeh ASC-nin 27.01.2021-ci il tarixli 06/82 saylı əmrdən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına laqeyd yanaşaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska) düzgün istifadə etməyərək müəssisə daxili sanitariya-epidemioloji qaydalarını pozduğuna görə (təqsirkarın əməli, yəni hərəkət və ya hərəkətsizliyi nəticəsində) görə İEM-X X2 Sahəsi, İV sahənin i/m və i/ş üzrə rəisi İddiaçı töhmət elan olunmuşdur. Əsas: İddiaçı izahatı. İş üzrə İddiaçı tərəfindən yazılmış izahatlardan görünür ki,16.03.2021-ci il tarixdə Zığ yolu 22a, 22c və 22v gedən xətt Zığ yolu 22 zirzəmindən keçir (tranzit xətt), həmin xəttin zəif yerlərini möhkəmləndirmişlər. 17.03.2021-ci il tarixdə Zığ yolu 22d müvəqqəti istilik sistemini dayandırdıqlarına görə zirzəmidə müəyyən bərkitmə işləri (qaynaq) görmüşlər. İş üzrə Cavabdeh ASC-nin X1 rəis müavini Səyyad Qurbanov, Abonent və Müştəri Xidmətlər Şöbəsinin ərizə və şikayətlər üzrə aparıcı iqtisadçı Afiq Əliyev və İEM-X İSİS-nin rəisi Kamil Ələkbərov tərtib edilmiş 18.03.2021-ci il tarixli aktdan görünür ki, İEM-X İSİS-nin xidməti ərazisində yerləşən 4-cü sahənin ərazisində sahə rəisi İddiaçı səhlənkarlığı səbəbindən istilik xətlərində su axıntısı aşkar edilmişdir: 1.Zığ yolu 12b saylı yaşayış binasının d=25 mm-lik dik dayağında; 2.Zığ yolu 22 saylı yaşayış binasının giriş və çıxışda d=114 mm, d-89 smm-lik məhəllədaxili istilik xətlərində; 3.Zığ yolu 22 b saylı yaşayış binasının zirzəmisində d=40 mm-lik aşağı paylama istilik xəttində; 4.Cavanşir küçəsi 32 saylı yaşayış binasının qarşısında d=159 mm-lik İ kontur istilik xəttində (yol hissədə);
5. 828-cü keçid, 4 saylı yaşayış binasının arxasından keçən d=159 mm-lik İ kontur istildik xəttinin üç yerində; 6.Cavanşir küçəsi 34 saylı yaşayış binasının arxasından keçən d=159 mm-lik İİ kontur məhəllədaxili istilik xəttində üç yerdə çox güclü su axıntısı. İş üzrə Cavabdeh ASC-nin 18.03.2021-ci il tarixli 06/249 saylı əmrdən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrinə və vəzifə borcuna (öhdəliklərinə) səhlənkar yanaşıb xidməti ərazisində baş vermiş qəzaları vaxtında aradan qaldırılması üçün əməli tədbir görməyib su itkisinə yol verərək istehsalat intizamını pozduğuna görə İEM-X X2 Sahəsi, İV sahənin i/m və i/ş üzrə rəisi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsas: MDX-nin mühəndis dispetçeri T.Əliyevin təqdimatı, akt, İddiaçı izahatı. İş üzrə Mərkəzi Dispetçer Xidmətinin X4 Vəliyev tərəfindən Cavabdeh ASC-nin sədri Yaşar Həsənova ünvanlanmış 18.03.2021-ci il tarixli təqdimatdan görünür ki, 18.03.2021-ci il tarixdə saat 08.50-də Zığ yolu 12b ünvanında axıntı ilə bağlı İEM-x-İSİS-in sahə rəisi İddiaçı zəng etmiş, zənglərinə cavab verməmiş, nə də ki həmin ünvanda su axıntısı barədə MDX-nə məlumat verməmişdir. Bu barədə tədbir görülməsi üçün müvafiq şöbəyə göstəriş verilməsini xahiş etmişdir. İş üzrə İEM X İSİS-nin rəisi Kamil Ələkbərov, baş mühəndisi Nəbi Qurbanov, Tikinti və İnkişaf şöbəsinin mühəndisi Xalis Cəlilov tərəfindən tərtib edilmiş 18.03.2021-ci il tarixli aktdan görünür ki, Zığ yolu 12b saylı binanın aşağı paylama istilik xəttində axıntı yaranmış və bu barədə sahə rəisi tərəfindən heç bir tədbir görülməmişdir. İş üzrə TİŞ-nin rəis müavini Səyyad Qurbanov tərəfindən Cavabdeh ASC-nin sədrinə ünvanlanmış 19.03.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, İEM-X X2 Sahəsi, İV sahənin i/m və i/ş üzrə rəisi İddiaçı yazılı və dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq xidməti ərazisində səhlənkarlıq edərək baş vermiş qəzaların aradan qaldırmayıb su axıntısına yol verərək öz əmək funksiyalarını kobud şəkildə pozduğuna görə işdən azad olunaraq bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün aidiyyatı üzrə göstəriş verməsini xahiş etmişdir. İş üzrə Həmkarlar İttifaqı Komitəsinin sədri Elnur Rəsulov, Həmkarlar İttifaqı Komitəsinin üzvü Raziyyə Heydərova, Həmkarlar İttifaqı komitəsinin üzvü Vazeh Həmidov tərəfindən tərtib edilmiş 19.03.2021-ci il tarixli aktdan görünür ki, İEM X İSİS-nin İV sahənin i/m və i/ş üzrə rəisi İddiaçı xidməti ərazisində baş vermiş su axıntılarının aradan qaldırılmaması haqda izahat yazmıq tələb olunsa da, izahat verməkdən imtina etmişdir. İş üzrə Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinin iclasının 149 saylı protokolundan 19.03.2021-ci il tarixli çıxarışından görünür ki, İEM X İSİS-nin İV sahənin i/m və i/ş üzrə rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunmasına etiraz etməməsi qərara alınmışdır. İş üzrə Cavabdeh ASC-nin 30.03.2021-ci il tarixli 06/267 saylı əmrin kserosurətindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrinə və vəzifə borcuna (öhdəliklərinə) səhlənkar yanaşıb xidməti ərazisində baş vermiş qəzaları vaxtında aradan qaldırılması üçün əməli tədbir görməyib su itkisinə yol verdiyinə, eyni zamanda da su itkisinin qarşısının alınması məqsədi ilə aidiyyatı üzrə m əlumat verməyib, istehlakçıların haqlı narazılığına səbəb olaraq əmək funksiyalarını kobud şəkildə pozduğuna görə (təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi nəticəsində) İEM-X X3 Sahəsi, İV sahəsinin i/m və i/s üzrə rəisi İddiaçı 30.03.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunaraq əmək müqaviləsinə xitam verilmişdir. İEM-X X2 Sahəsinin rəisi Kamil Ələkbərova öz kollektivində sahə və qazanxana rəisləri ilə geniş müzakirə apararaq belə halların yol verilməməsi üçün müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Əsas: TİŞ-nin rəis müavini S.Qurbanovun təqdimatı, İEM-X İSİS-nin rəisi K.Ələkbərovun izahatı, akt, qəza baş vermiş ərazinin şəkilləri Sədrin təqdimatı, HİK-nin protokolu. İş üzrə tərtib edilmiş 21.05.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh ASC-nin İEM-X-İSİSnin İV sahəsinin bütün işçiləri təsdiq edirlər ki, keçmiş rəisləri İddiaçı Saleh oğlu başda olmaqla onlara verilən bütün tapşırıqları yerinə yetirmişlər. Tapşırıq yerinə yetirilmədikdə, tapşırığı icra etməyən şəxsin hər gün maaşı 4 saat kəsilir (qeyri-qanuni olsa belə), məsələn 4 tapşırığı gec yerinə yetirdikdə ay ərzində 2 gün az maaş alırlar. Bu təsdiq edilir ki, onlar bütün tapşırıqları vaxtında yerinə yetirmişlər. Onlar keçmiş rəiləri İddiaçı çox razıdlırlar və onun son dərəcədə bacarıqlı, səriştəli işçi olduğunu təsdiq etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 19.10.2012-ci ildən Cavabdeh ASC-yə usta vəzifəsinə işə qəbul olunmuş və 19.12.2014-cü il tarixdən peşəkarlığı nəzərə alınaraq sahə rəisi vəzifəsinə təyin olunmuşdur. Cavabdeh ASC-nin 30.03.2021-ci il tarixli 06/267 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, işəgötürən tərəfindən qəbul edilmiş əmr qanunsuz və əsassız olmuşdur. 2021-ci ilin tədbirlər planına əsasən o, işlədiyi müəssisənin məsul şəxslərinə bəzi ünvanlarda boruların dəyişdirilməli olduğu üçün materiallar tələb etmişdir. Lakin ona bildirdilər ki, borular dəyişdirilib. O, rəhbərliyə məlumat verərək bildirmişdir ki, heç bir boru dəyişilməyib və bununla bağlı onda fotoşəkillər mövcddur. Belə ki, iddiaçı xidmət etdiyi ərazisində dəyişilməli olan boruların fotoşəkillərini çəkib şöbə rəisinə göndərmişdir. Lakin ona bildirmişlər ki, artıq bununla bağlı şöbə rəisi təqdimat vermişdir. Bundan sonra iddiaçı sədr tərəfindən çağırılmış və ona boruların dəyiqşdirilməməsi ilə bağlı irad bildirilmişdir. Lakin ididaçı buna etiraz etmiş və bildirmişdir ki, o, boruların dəyişdirilməsi ilə bağlı təminat şöbəsinin rəisinə məlumat vermis, lakin lazım olan materialların verilməsi təmin olunmamışdır. Lakin buna baxmayaraq cavabdeh təşkilatın sədri ona ərizə yazıb işdən çıxmağı bildirmiş, lakin o, ərizə yazmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçı hesab edir ki, barəsində qəbul edilmiş əmr qərəzli, qanunsz və əsassız olduğu üçün ləğv edilməli, o əvvəlki işinə bərpa edilməli və məcburi işburaxma ilə bağlı ona əmək haqqı ödənilməlidir. Məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək qeyd edir ki, həmin sənədlər iddiaçı barəsində qəbul edilmiş mübahisəli əmrin qanuni və əsaslı olmasını təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar). Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Beləliklə, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin bibaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. İş materiallarından olan 27.01.2021-ci il tarixli əmrdən görünür ki, iddiaçıya tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadə etməyərək müəssisə daxili sanitariya-epidemioloji qaydalarını pozduğuna görə AR Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. 18.03.2021-ci il tarixli əmrdə iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrinə və vəzifə borcuna səhlənkar yanaşıb xidməti ərazisində baş vermis qəzaları vaxtında aradan qaldırılması üçün tədbir görməyib su itkisinə yol verərək istehsalat intizamını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan 18.03.2021-ci il tarixli aktdan (Akt cavabdeh təşkilatın X1 rəis müavini Səyyad Qurbanov və Abonent və Müştəri Xidmətlər Şöbəsinin əməkdaşları Afiq Əliyev və Kamil Ələkbərovun iştirakı ilə tərtib edilmişdir) görünür ki, iddiaçının xidmətində olan binalara baxış keçirərkən aşkar edilmişdir ki, həmin ünvanlardakı istilik xətlərində su axıntısı var. 19.03.2021-ci il tarixli aktdan (X5 Komitəsinin sədri və üzvləri tərəfindən tərtib edilmişdir) isə görünür ki, iddiaçı xidməti ərazisində baş vermis su axıntılarının aradan qaldırılmaması haqda izahat yazması tələb olunsa da, o, izahat verməkdən imtina etmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməmişdən qabaq ona tibbi maskadan istifadə etməməyinə görə töhmət (2021-ci ilin yanvar ayında), sonra isə əmək vəzifələrinə səhlənkar yanaşıb xidməti ərazisində baş vermis qəzaları vaxtında aradan qaldırılması üçün tədbir görmədiyinə görə şiddətli töhmət verilmiş və sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Həmkarlar İttifaqına təqdimat verilmişdir. Həmkarlar İttifaqı tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmiş və bundan sonra cavabdeh təşkilatın 30.03.2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində göstərilənləri qəbul etməyərək göstərmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillər onun çəkdiyi və göndərdiyi şəkillərdir. Belə ki, şifahi göstərişə əsasən iddiaçı aşkar etmiş nöqsanları və gördüyü işlərin şəkillərini çəkib şöbə rəisinə göndərmişdir. Lakin cavabdeh həmin şəkilləri ona qarşı istifadə edərək guya həmin nöqsanların onun xidməti ərazisinə baxış keçirilərkən aşkar olunduğunu qeyd etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən tərtib edilmiş 18.03.2021-ci il tarixli aktın mötəbərliyi şübhəlidir və həmin aktda göstərilən nöqsanların məhz onu tərtib etmiş şəxslər tərəfindən aşkar edilməsi mübahisəlidir. Digər tərəfdən həmin aktdan iddiaçı tərəfindən su axıntılarının aradan qaldırılmaması qeyd olunsa da, həmin nöqsanların aradan qaldırılmaması məhz iddiaçının günahı, səhlənkarlığı və əmək vəzifələrinin kobud şəkildə pozulması nəticəsində baş verməsi müəyyən olunmur. Belə ki, iddiaçının sahə rəisi kimi əmək müqaviləsi üzrə vəzifələrinə xidməti ərazisində baş vermis qəzaların aradan qaldırılması daxildir. Lakin həmin qəzalar aşkar olunduqdan sonra onların aradan qaldırılması üçün başqa tədbirlərin də görülməsi tələb olunur. Yəni baş vermis qəzanın aradan qaldırılması üçün müvafiq materialların (boruların və digər avadanlığın) təchiz olunması tələb olunur. Əgər aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün lazım olan bütün material və avadanlıq təchiz edildikdən sonra iddiaçı baş vermis qəzanın aradan qaldırılması üçün hər hansı tədbir görməsə idi, bu halda onun bu hərəkətləri əmək vəzifələrinin və funksiyaların kobud pozulması kimi hesab edilə bilər. Lakin göründüyü kimi iddiaçının öz əmək funksiyalarını kobud şəkildə pozulmasını təsdiq edən və kifayət qədər güclü olan sübutlar cavabdeh tərəfindən təqdim edilə bilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi yaranmış nasazlıqlar barədə vaxtında rəhbərilyə məlumat verilməməsini qeyd etmiş, lakin belə məlumatın hansı qaydada (rəsmi və ya şifahi) verilməli olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Vəzifə təlimatında sahə rəisinin məlumat verməli olması onun vəzifəsi kimi müəyyən edilmiş, lakin bu məlumatın hansı formada verilməsi göstərilməmişdir. İddiaçı məlumatın telefon və ya şifahi formada idarə getməklə rəhbərilyi bildirilməsini qeyd etmişdir. Cavabdeh tərəfindən eyni zamanda iddiaçının işlədiyi əvvəlki dövr ərzində belə bir məlumatın yazılı formada təqdim edilməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim olunmamışdır. AR Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətldəndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan bir neçəsi işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və ya əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Yəni işçinin əmək vəzifələrinin kobud şəkildə pozulma maddi ziyanın vurulması ilə nəticələnməlidir. Mülki qanunvericiliyə əsasən maddi ziyanın vurulması real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş 18.03.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, iddiaçının cavabdeh olduğu xidməti sahəsində olan bir neçə ünvanlarda istilik xətdində su axıntılarının olması aşkar edilmişdir. Lakin həmkarlar ittifaqı komitəsinin iclasında çıxış edən baş mühəndis Nəbi Qurğanov göstərilən aktda istinad edərək göstərmişdir ki, iddiaçı su axıntılarının yerləri barədə məlumatları rəhbərliyə və mərkəzi dispetçer xidmətinə verilməsini gizlətmiş və bu da xidməti ərazisində istiliklə təmin olunan binalarda yaşayan sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə bununla bağlı qed edir ki, iddiaçının qəza barədə mərkəzi dispetçer xidmətinə məlumat verməsi kimi əmək vəzifəsinin olması əmək müqaviləsində əks olunsa da, yuxarıda qeyd edildiyi kimi bu məlumatın hansı formada verilməsi konkret müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının belə bir məlumatı verməyi gizlətməsi və ya aşkar etdikdən sonra qəsdən verməməsi də inandırıcı və ağlabatan hesab edilmir. Yəni cavabdeh tərəfindən tərtib edilmiş 18.03.2021-ci il tarixli aktın mötəbərliyi şübhəli olduğu üçün, eyni zamanda həmin akt iddiaçının öz əmək funksiyalarını kobud şəkildə pozulmasını və yerinə yetirilməməsi təsdiq etmədiyi üçün, iddiaçı ilə əmək müqaviləsinə məhz aktda göstərilən əsaslara görə xitam verilməsi qanuni hesab edilə bilməz. Digər tərəfdən aktda istilik xəttlərində su axıntıların aşkar edilməsinin müəyyən edilməsi qeyd edilsə də, həmin faktlar barədə iddiaçı tərəfindən hər hansı məlumat verilməməsi də mübahisəlidir. Belə ki, məhkəmə iclasında iddiaçı göstərmişdir ki, istilik xətlərinin boruları dəmirdəndir və həmin borular torpağın altına salınır. Lakin borular dəmirdən olduğu üçün, onlar torpaqla təmasda olmamalıdır. Digər tərəfdən həmin borular uzun müddətdir ki, dəyişilmir və su sızıntı olan yerlər qaynaq yolu ilə bərpa olunur. Həmin boruların dəyişdirilməsi ilə bağlı o, 3 ildir öz tədbirlər planında göstərmiş, bu da kompüterdə əz əksini tapmışdır. Buna baxmayaraq iddiaçı su itkisinin qarşısını maksimum səviyyədə almaq üçün ondan asılı olan bütün tədbirləri görmüşdür. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyalarını, vəzifə borcunu qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməsi nəticəsində cavabdehə hər hansı formada maddi ziyanın vurulması ilə bağlı mötəbər sübutlar da təqdim olunmamışdır. Təqdim olunmuş fotoşəkillərə gəldikdə isə məhkəmə bir daha qeyd edir ki, onların mötəbərliyi işin faktiki hallarına görə mübahisəlidir. Yəni həmin şəkillərin də kim tərəfindən çəkilməsi mübahisəli hal olduğu üçün, onlar cavabdehin gətirdiyi dəlillərin və təqdim etdiyi sübutların əsası kimi qiymətləndirilə bilməz. Ona görə həmin sübutların mötəbərliyi şübhəli olduğu üçün iddiaçı ilə əmək müqaviləsini AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməsi yolverilməzdir. Bundan başqa fotoşəkillərdə əks olunan faktlar, yəni su boruların qüsurlu olması, boruların qüsurlu olması nəticəsində suyun axıdılması özü-özlüyündə baş vermiş hadisə ilə iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olmasını təsdiq etmir. Yəni həmin şəkillər mövcud olan faktı əks etdirsə də, iddiaçının həmin faktların baş verməsində təqsirli olmasını təsdiq etmir. Bu səbəbdən də həmin fotoşəkillər nə iddiaçının əmək funksiyalarının kobud şəkildə pozulması və ya lazımınca yerinə yetirilməməsini təsdiq edən sübut kimi, nə də həmin hərəkətlər nəticəsində iddiaçı tərəfindən cavabdehə ziyan vurulmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Əmək funksiyaların və vəzifələrin pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalı və bütün bunlar işəgötürənə maddi ziyanın vurulması, yaxud mənafeyinə ciddi xələl gətirilməsi ilə nəticələnməlidir. AR Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə iddiaçının öz əmək vəzifələrini və funksiyalarını kobud şəkildə və səhlənkarlıq nəticəsində yerinə yetirməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəmə iclasında müəyyən edilməmişdir və cavabdeh bu halları təsdiq edən kifayət qədər güclü olan sübutları təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsiin “ç” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş 30.03.2021-ci il tarixli əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının işə bərpa tələbi əsaslı hesab edildiyi üçün, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələb də əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi əsaslı hesab edilib təmin olunduğu üçün və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün, hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanununa əsasən iddia qiyməti 500 manatdan artıq olduqda, dövlət rüsumu 30 manat ödənilir. Məhkəmə hesab edir ki, hazırki tələb qiymətli olduğu üçün və iddiaçıya məcburi işburaxmaya görə ödənilməli olan əmək haqqı 500 manatdan çox olduğu üçün, tutulmalı olan dövlət rüsumu 30 manat təşkil etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 30.03.2021-ci il tarixli 06/267 saylı əmri ləğv edilsin, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, sahə rəisi vəzifəsinə bərpa edilsin. Cavabdeh ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev