Məhkəmə qərarları › İş №2(009)-1470/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1470/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1470/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə iddiaçının vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı "mənzilin təqdim edilməsi və ya mənəvi və maddi zərərin tutulması" tələbinə dair ilkin iddia üzrə, eyni zamanda iddiaçı "xxxx" MTK-nin – cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı "mənzilin təqdim edilməsi və ya mənəvi və maddi zərərin tutulması" tələbinə dair ilkin iddia ilə məhkəməyə müraciət edərək "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57.750,00 manat məbləğində vəsaitin "xxxx" MTK-ya ödənilməsi şərti ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzilinin ona təqdim edilməsi, həmin mənzilinin ona verilməsinin mümkün olmayacağı təqdirdə xx.xx.2011-ci il tarixdə MTK-ya odəmiş olduğu 30.000,00 min manat məbləğində vəsaitə görə vurulmuş maddi zərərin əvəzi olaraq 100.000,00 manat, mənəvi zərərin əvəzi üçün 150.000,00 manat məbləğində olmaqla, ümumilikdə 250.000,00 manat məbləğində vəsaitin cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh (bundan sonra MTK) ilə aralarında xx.xx.2021-ci il tarixli, 238 nömrəli “kooperativ mənzil tikintisi haqqında” müqavilə (bundan sonra müqavilə) bağlanılmış və müqavilənin şərtlərinə əsasən, MTK ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzili müqavilə üzrə “alıcı” İddiaçı təhvil verməyi, “alıcı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etmək istəyir ki, müqavilənin “ödəniş qaydalarını tənzimləyən 3-cü maddəsinin şərtlərinə əsasən, “alıcı” müqavilə bağlanan gün mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin, 87 750,00 (səksən yeddi min yeddi yüz əlli) manat məbləğin 33.34 faizi miqdarında ilkin ödənişi etməli olduğu, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməli olduğu müəyyən edilmişdir. Bildirmək istəyir ki, müqavilənin 3-cü maddəsinin tələbinə uyğun olaraq ilkin ödəniş məbləği kimi 30 000,00 (otuz min) manat məbləğində vəsait müqavilə bağlanılan gün tərəfindən MTK-nın kassasına nağd qaydada ödənilmişdir. Bununla bağlı xx.xx.2011-ci il tarixli, 0026 nömrəli kassa mədaxil orderinin qəbzi iddia ərizəsinə əlavə edilir. Qeyd etmək istəyir ki, müqavilənin şərtlərində yaşayış binasının neçə mərtəbədən ibarət olacağı, binanın tikintisinin hansı tarixdə başa çatacağı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmadığından müqavilə bağlanıldığı tarixdən sonra mütəmadi olaraq tikinti işləri gedən əraziyə tərəflərindən baxış keçirilmiş, tikintinin çox zəif templə aparıldığının, bəzi illər hətta uzun müddət dayandırıldığının şahidi olduqlarını, tərəflərindən bununla bağlı MTK-nın rəhbərliyinə iradlar bildirilmiş, MTK-nın rəhbərliyi tərəfindən isə narahatçılıq üçün heç bir əsasın olmadığı, tikintinin başa çatacağı zaman onlar tərəfindən rəsmi qaydada onlara məlumat veriləcəyi və müqavilə üzrə ödənişin qalıq məbləğinin tərəflərindən həmin vaxt ödənilməli olduğu bildirilmişdir. Bütün qeyd olunanlara baxmayaraq binanın tikintisinin digər tikinti şirkətləri ilə müqayisədə həddindən artıq uzun müddət çəkdiyini müşayiət etdiklərindən MTK-nın rəhbərliyindən mütəmadi telefon vasitəsilə tikintinin cari vəziyyəti barədə məlumat əldə etdiyi zaman hər dəfə bir bəhanə ilə tikintinin vaxtında yekunlaşması üçün bir sıra əngəllər olduğu bildirilir, 2020-cı ilin mart ayından etibarən isə pandemiya bəhanəsi ilə tikintinin yekunlaşmasının gecikdiyi bildirilirdi. Yuxarıda da qeyd edildiyi kimi, dəfələrlə əyani olaraq MTK-nın özünə getməklə, MTK-nın rəhbərliyi ilə telefon vasitəsilə əlaqə saxlamaqla tikintinin yekunlaşmasının nə vaxt başa çatacağını, müqavilə üzrə qalıq ödəniş məbləğinin hansı tarixdə ödənilməli olması barədə müraciətlər etsələr də hər dəfə bununla bağlı ona məlumat veriləcəyi bildirilsə də, nə rəsmi, nə də qeyri-rəsmi heç bir məlumat verilməmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə MTK-dan ünvanına alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair pretenziya məktubu göndərilməklə mənzilin qalıq dəyəri olan 57 750,00 (əlli yeddi min yeddi yüz əlli) manat məbləğində vəsaiti 5 iş günü ərzində MTK-ya ödəməyi xahiş edilmişdir. Qeyd olunan məktub xx.xx.2021-ci il tarixində ünvanlarına daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə MTK-nın direktoru olan və onlarla müqaviləni bağlayan Sahib Rüstəmovun qəbuluna gedib. MTK-nın direktoru Sahib Rüstəmov müqavilənin şərtlərinə zidd olaraq onun MTK-ya müqavilədə göstərilən məbləği deyil, hazırda mənzilin bir kvadrat metrinin qiymətinin müasir qiymətlərə görə 1600 (min altı yüz) manat təşkil etdiyini bildirərək, onun ödəməli olduğu məbləğin 2 qatını, konkret olaraq, 126 000 (yüz iyirmi altı min) ödəməli olduğunu və əks təqdirdə ona mənzil verilməyəcəyini bildirdikdə, o onların bu təklifinə qəti etirazını bildirib və xx.xx.2022-ci il tarixdə kooperativin nümayəndəsinə rəsmi etiraz məktubu ünvanlayıb Həmin məktub iddia ərizəsinə əlavə edilir. Bildirmək istəyir ki, MTK-ya ünvanladığı rəsmi etiraz məktubunda tələblərinin qanunsuz və əsassız olduğunu açıq-aşkar qeyd etsə də, MTK tərəfindən Səbail Rayon Məhkəməsinə (bundan sonra məhkəmə) iddia ərizəsi ilə müraciət edilərək, onunla MTK arasında bağlanılmış müqavilənin ləğv edilməsi ilə bağlı qətnamənin çıxarılması xahiş edilmişdir. Qeyd etmək istəyir ki, MTK tərəfindən ünvanlarına göndərilən pretenziya məktubunda və iddia ərizəsində müqavilə şərtlərində qeyd olunan 301 saylı mənzilin deyil, 297 saylı mənzilin ödənişinin tərəflər tərəfindən vaxtında edilmədiyi ilə bağlı fikir irəli sürülmüşdür. Bu halın özü də MTK tərəfindən müqavilə şərtlərinə riayət edilmədiyini, onlara alqı-satqı müqaviləsi ilə satılmış 301 saylı mənzilin onlardan başqa digər şəxs və ya şəxslərə satılması ehtimalını ortaya çıxardı. Tərəflərindən binanın 301 saylı mənzilinə baxış keçirilən zaman həmin mənzildə yaşayış olduğu müəyyən edilmişdir. İddia məhkəmənin hakimi Şəhla xanım Süleymanovanın icraatında idi. Bir neçə baş tutmuş iclas zamanı MTK-nın iddiasının qanunsuz və əsassız olduğu aşkara çıxdıqdan və hakim Şəhla xanım Süleymanova tərəfindən mənzilə yerində baxış keçirilməsi ilə bağlı qərar verildikdən sonra, MTK tərəfindən rəsmi qaydada ərizə ilə müraciət edilərək iddia geri götürüldü. MTK tərəfindən verilmiş iddia geri götürüldükdən 2 gün sonra o MTK-nın nümayəndəsinə zəng edərək, mənzilin aqibətiylə maraqlandıqda, nümayəndə Vəkil1 ona MTK tərəfindən heç bir mənzilin verilməyəcəyi, onun qarşılığında ona bir əvvəl MTK-ya ödəmiş olduğu 30 000 (otuz min) manatın qarşılığında ona 45 000 (qırx beş min) manat pul ödəniləcəyini bildirdi. Sonra isə ünvanlarına xx.xx.2022-ci il tarixli ikinci pretenziya məktubu göndərilərək, guya tərəflərindən müqavilə şərtlərinə əməl edilməməsi səbəbindən MTK-nın müqavilənin icrasına marağının itdiyini qeyd etməklə, on bir il əvvəl ödəmiş olduqları 30000 (otuz min) manat məbləğin geri götürülməklə, müqavilənin ləğvi barədə yazılı razılıq təqdim etməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh MTK xx.xx.2021-ci il tarixli, 238 nömrəli “kooperativ mənzil tikintisi haqqında” müqavilə üzrə öhdəliklərini kobud surətdə pozaraq, mənzilin onlara təhvil verilməsi üçün müqavilə şərtlərinə əsasən 57750,00 (əlli yeddi min yeddi yüz əlli) manat məbləğində vəsaiti ödəməli olmaqlarına baxmayaraq, onlardan əvvəlcə onun iki qatını, daha sonra 126000 manat məbləğində pulun ödənilməsini tələb etmiş, daha sonra isə ümumiyyətlə ona mənzil verilməsindən imtina etmişdir. Bütün qeyd olunanları nəzərə alaraq, Cavabdeh MTK-nın bu qanunsuz əməllərinin qarşısını almaq və müqavilə üzrə hüquqlarının bərpa edilməsi məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Qeyd edildiyi kimi, MTK tərəfindən ünvanlarına göndərilmiş pretenziya məktubu və iddia ərizəsində müqavilədə qeyd olunan 301 saylı mənzilin deyil, 297 saylı mənzilin ödənişini etməyinin tələb edilməsi müqavilə üzrə ona satılmış mənzilin başqa alıcıya da satılması ehtimalını yüksəldir ki, bu da həmin mənzilin ona verilməsi barədə məhkəmə qərarı olacağı təqdirdə, gələcəkdə həmin qərarın icrasının qeyri-mümkün olmasına gətirib çıxara bilər. Bu səbəbdən mövcud yaranmış zərurət onu bildirməyə əsas verir ki, MTK tərəfindən ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzilin ona verilməsini, bu tələb hər hansı əsasdan mümkün olmadığı təqdirdə isə xx.xx.2011-ci il tarixdə MTK-ya ödəmiş olduğu 30 000,00 (otuz min) manat məbləğində vəsaitin əvəzinə 11 il ərzində manatın dəyərinin 218 faiz azalması, hər il artan illik inflyasiya hədləri, əldən çıxmış fayda, ölkə üzrə yaşayış minimumunun 2011-ci ildə 95 manat olması cari ildə isə yaşayış minimumunun 2011-ci ilə nisbətdə 221 faiz artaraq 210 manat olması kimi amillər nəzərə alınaraq, MTK – dan vurulmuş maddi zərərin 100.000 manat, mənəvi zərərin əvəzi üçün isə 150.000 manat məbləğində olmaqla, ümumilikdə 250.000 manat məbləğində vəsait tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1., 23.4, 152.3, 385.1, 389.1, 390.1, 442, 445.7, 448.1, 449.1, 449.2, 1124.2-ci maddələrinə əsasən iddia tələblərinin təmin edilməsi xahiş edilir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh "xxxx" MTK-nə qarşı "mənzilin təqdim edilməsi və ya mənəvi və maddi zərərin tutulması" tələbinə dair ilkin iddia ilə məhkəməyə müraciət edərək "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57.750,00 manat məbləğində vəsaitin "xxxx" MTK-ya ödənilməsi şərti ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzilinin ona təqdim edilməsi, həmin mənzilinin ona verilməsinin mümkün olmayacağı təqdirdə xx.xx.2011-ci il tarixdə MTK-ya odəmiş olduğu 30.000,00 min manat məbləğində vəsaitə görə vurulmuş maddi zərərin əvəzi olaraq 100.000,00 manat, mənəvi zərərin əvəzi üçün 150.000,00 manat məbləğində olmaqla, ümumilikdə 250.000,00 manat məbləğində vəsaitin cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin mətnində xx.xx.2011-ci il tarixli 238 saylı müqavilənin tarixi bir neçə yerdə mexaniki səhvlik nəticəsində xx.xx.2011-ci il əvəzinə xx.xx.2021-ci il olaraq qeyd edilmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh "xxxx" MTK ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddaçı İddiaçı ona qarşı qaldırdığı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsindən ilkin iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə öhdəliklərin ilk iddia üzrə İddiaçı tərəfindən icra edilmədiyindən və hazırda həmin icraya maraqlarının itdiyindən mənzilin dəyərinin ödənilmiş 30.000 (otuz min) manat pulun ilk iddia üzrə İddiaçı ödənilməsi və tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbini qəbul etmirlər. İddia tələbini qeyri müəyyən hesab edirlər. Belə ki, iddia tələbi qeyri-müəyyəndir. Ona görə ki, iddia ərizəsinin «xahiş edirəm» hissəsində müqavilənin tarixinin xx.xx.2021-ci il olaraq qeyd etmişdir. İlk iddiaçı tələbinin davamında müqavilənin xx.xx.2011-ci il olaraq qeyd etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh MTK xx.xx.2021-ci il tarixdə ilk iddiaçı ilə müqavilə bağlamamışdır. Odur ki, ilk iddiaçı tərəfindən verilmiş iddia tələbi qeyri-müəyyəndir. Bundan başqa qeyd edirlər ki, tərəflərindən qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli Pretenziya məktubu ünvanlanmışdır. Həmin Pretenziya məktubunda qeyd edilmişdir ki, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra Kooperativ) arasında xx.xx.2011-ci il tarixdə Alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti Kooperativə ayrılmış ünvan 1 ünvanında yerləşən “Alıcı”lara inşa ediləcək yaşayış binasındakı 301 saylı mənzil təşkil edir. Müqavilənin 2.4-cü bəndinə görə mənzilin dəyəri 87.750 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33.34%-i miqdarında ilkin ödəniş edir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, tərəflərindən müqavilə bağlanan tarixdə yəni xx.xx.2011-ci ildə Kooperativə mənzilin dəyərinin 33.34%-ni təşkil edən 30.000 (otuz min) manat pul ödənilmişdir. Lakin həmin tarixdən bu günə kimi tərəfdən Kooperativə hər hansı pul ödənilməmişdir. Müqavilənin 3.2ci bəndinə əsasən mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatanadək ödənilməli idi. Bununla bağlı ona dəfələrlə Kooperativ tərəfindən şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də tərəfindən hər hansı ödəniş edilməmişdir. Qeyd olunmalıdır ki, hazırda Cavabdeh Mənzil Tikinti Kooperativinin adıçəkilən müqavilənin icrasına marağı itdiyindən qalan pul məbləğinin ödənilməsinə razılığı yoxdur. Odur ki, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış Müqavilə üzrə öhdəliklərini icra etmədiyini və hazırda həmin icraya maraqlarının itdiyini diqqətinə çatdırmaqla, mənzilin dəyərinin ödənilmiş 30.000 (otuz min) manat pulu 5 iş günü ərzində Cavabdeh Mənzil Tikinti Kooperativindən götürməyi və müqavilənin ləğvi barədə yazılı razılıq təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, ilk iddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlə tamamilə cəfəngiyatdan ibarətdir. Belə ki, qarşılıqlı iddiaya əlavə edəcəkləri video görüntüdən görünür ki, mübahisə predmeti olan bina uzun müddətdir ki, vətəndaşların istifadəsinə verilmiş və tam şəkildə istismardadır. Lakin ilk iddia üzrə iddiaçı 11 il ərzində yalnız ilkin ödənişi ödəməklə kifayətlənərək müqavilə üzrə öhdəliyini icra etməkdən yayınmışdır. İlk iddiaçının öz iddiasında göstərdiyi xüsusatlar reallığa uyğun deyildir. Belə ki, əgər İddiaçı həmin mənzili əldə etməsinə marağı olardısa o 11 il kimi uzun müddət ərzində hər hansı ödəniş həyata keçirməli idi. Yəni, ilk iddiaçı bu istəyini və marağını öz hərəkətləri ilə nümayiş etdirməli idi (mənzilin əldə edilməsi üçün ödənişlər etməli idi, əgər hər hansı bir narazılığı vardısa müvafiq orqanlara müraciətlər etməli idi). Bundan əlavə bildirirlər ki, ilk iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən MTK-nın nümayəndəsi və vəkili olaraq xx.xx.2022-ci il tarixdə ona saat 16:18-də sms bildiriş gələn zaman məlumatı olmuşdur. O bir müddət gözlədikdən sonra iddia ərizəsinin daxil olmadığını görüb xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək onun bu iş üzrə elektron məhkəmə sisteminə inteqrasiya olunmağını xahiş etmişdi. Məhkəmə ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə onun AZEMİS də olan vəkil kabinetini 2(009)-1470/2022 saylı işə əlavə etmişdir. Bu səbəbdən hesab edirlər ki, qarşılıqlı iddianın verilməsi üçün Mülki Prosessual Məcəllənin 155-ci maddəsinin tələbləri tərəflərindən pozulmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun vəkili Vəkil2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçı izahatında həmçinin göstərmişdir ki, o mənzili alanda məhz 301 saylı mənzilə baxaraq bəyənmiş və almaq istəmişdir, həmin mənzil binanın qeyri-yaşayış sahəsi olan İ mərtəbə nəzərə alındıqda yaşayışın 3-cü mərtəbəsində yerləşir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 oğlu iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmiş həmçinin göstərmişdir ki, müqavilədə göstərilən 301 saylı mənzil Cavabdeh tərəfindən inşa edilən binanın 4-cü mərtəbəsində yerləşir və İddiaçı müqaviləyə əsasən 301 saylı mənzilin satıldığı göstərilsə də, hazırda həmin mənzilin nömrəsi 297-dir. Binanın nə 297, nə də ki, 301 saylı mənzilləri heç kimə satılmamışdır, hazırda boşdur. Sadəcə olaraq sonradan mənzillərin mərtəbələrində və nömrələrində sürüşdürmələr baş vermiş və 301 saylı mənzil kimi göstərilən mənzilin nömrəsi 297 olmuşdur. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən hazırki qiymətlərə uyğun mənzilin qalıq məbləği ödənildiyi halda, iddiaçıya 297 və ya 301 saylı mənzilin təqdim ediləcəyinin cabadeh tərəf üçün əhəmiyyəti yoxdur. Bu halı yerində müayinə zamanı MTK-nın direktoru da bildirmişdir. Hazırda isə MTK-nın öhdəliyin icrasına marağı itdiyindən və müqavilənin ləğv edilməsini tələb etdiyindən bununla bağlı yazılı mövqe təqdim edilmir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Kooperativ Mənzil Tikintisi Haqqında Müqaviləsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 238 nömrəli müqavilədən görünür ki, ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binası “İdeal” İnşaata məxsusdur. Müqavilənin predmetini Kooperativə ayrılmış ünvan 1 ünvanda Alıcılara inşa ediləcək yaşayış binasının 301 saylı mənzili təşkil edir, mənzil 3 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 135 kv.m, mənzilin hesablaşma sahəsi 135 kv.m, mənzilin yaşayış sahəsi 73,47 kv.m, mənzilin dəyəri 87750 azn manat təşkil edir, mənzilin bayır divarı iki qat kərpiclə hörülür, mənzilin daxili divarları bir qat 180X180 ölçülü kərpiclə hörülür, mənzilin divarları mayak üsulu ilə suvanır və suvaqın altında elektrik xətlərinin çəkilməsi üçün xüsusi rezin borular yerləşdirilir, mənzil dəmir qapı ilə seyf qapısı təchiz olunur, mənzilin pəncərələri plastik materialdan hazırlanır, mənzil qazla təchiz olunur, mənzilin daxili tamamlama işləri görülmədən “Alıcı” ya təhvil verilir. - 29 noyabr 2011-ci il tarixli 0026 nömrəli qəbzdən görünür ki İddiaçı 238 nömrəli müqaviləyə əsasən 30.000 min manat ödəyib. - xx.xx.2021-ci il tarixli Pretenziyadan görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra Kooperativ) arasında xx.xx.2011-ci il tarixdə Alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti Kooperativə ayrılmış ünvan 1 ünvanında yerləşən “Alıcı”lara inşa ediləcək yaşayış binasındakı 297 saylı mənzil təşkil edir. Müqavilənin 2.4-cü bəndinə görə mənzilin dəyəri 87.750 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33.34%-i miqdarında ilkin ödəniş edir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, müqavilə bağlanan tarixdə yəni xx.xx.2011-ci ildə Kooperativə mənzilin dəyərinin 33.34%-ni təşkil edən 30.000 (otuz min) manat pul ödənilmişdir. Lakin həmin tarixdən bu günə kimi tərəflərindən Kooperativə hər hansı pul ödənilməmişdir. Bununla bağlı Sizə dəfələrlə Kooperativ tərəfindən şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də tərəfdən hər hansı ödəniş edilməmişdir. - İddiaçı tərəfindən verilən xx.xx.2021-ci il tarixli etiraz məktubundan görünür ki onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında xx.xx.2011 il tarixində mənzil alqısatqısı ilə bağlı bağlanmış müqavilə şərtlərinin icrası ilə əlaqədar ona ünvanlanan xx.xx.2021-ci il tarixli PRETENZİYA məktubunu xx.xx.2021 il tarixində alıb və məktubda göstərilənlərə görə onun ünvan 5 ünvanda yerləşən 297 saylı mənzilinin hazır olmasını öyrənib. Ona görə də o müvafiq müqaviləyə görə, Cavabdeh Mənzil Tikinti Kooperativinə olan 57750 (əlli yeddi min yeddi yüz əlli) manat borcunu ödəyərək, mənzili təhvil almaq üçün, xx.xx.2021-ci il tarixində onunla müqavilə imzalayan həmin Kooperativin direktoru S.Ş.Rüstəmovla görüşüb və ona həmin məbləği ödəmək istədiyini bildirib. Lakin, təəssüf ki, S.Ş.Rüstəmov həmin məbləğlə razılaşmayaraq, bu məbləğin iki qatını ödəməli olduğunu bildirib. Hesab edir ki, direktorun bu tələbi aralarında imzalanan müqavilə şərtlərinin kobud şəkildə pozulması və qanunazidd tələbdir. - xx.xx.2022-ci tarixli Pretenziyadan görünür ki Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra Kooperativ) arasında xx.xx.2011-ci il tarixdə alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti Kooperativə ayrılmış Baki şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən “Alıcı”lara ediləcək yaşayış binasındakı 301 saylı mənzil təşkil edir. Müqavilənin 2.4-cü bəndinə görə mənizlin dəyəri 87750 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı’’ müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 33.34%-i miqdarında ilkin ödəniş edir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Sizə verilmiş kassa mədaxil orderinin qəbzindən görünür ki, tərəfinizdən müqavilə bağlanan tarixdə yəni xx.xx.2011-ci ildə Kooperativə mənzilin dəyərinin 33.34%-ni təşkil edən 30.000 (otuz min) manat pul ödənilmişdir. Lakin həmin tarixdən bu günə kimi təfinizdən Kooperativə hər hansı pul ödənilməmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatanadək ödənilməli idi. Bununla bağlı ona dəfələrlə Kooperativ tərəfindən şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də, tərəfdən hər hansı ödəniş edilməmişdir. Qeyd olunmalıdır ki, hazırda Cavabdeh Mənzil Tikinti Kooperativinin adıçəkilən müqavilənin tərəfinizdən icrasına marağı itdiyindən qalan pul məbləğinin ödənilməsinə razılığı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Odur ki, onunla İdeal İnşaat Mənzil Tikinti Kooperativi arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmədiklərini və hazırda həmin icraya marağlarının itdiyini diqqətlərinə çatdırmaqla, mənzilin dəyərinin ödənilmiş 30.000 min manat pulu 5 iş günü ərzində İdeal inşaat Mənzil Tikinti Kooperativindən götürməyinizi və müqavilənin ləğvi barədə yazılı razılıq təqdim etməyi xahiş etmişdir. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən 11.10.22-ci il tarixli **********00 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Cavabdeh MTK tərəfindən ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasının istismarına icazə sənədi xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir. Məktubda həmçinin bildirilir ki, sözügedən binanın eskiz layihəsi İdarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-6691 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən Cavabdeh MTK-ya məxsus yaşayış binasını Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğu olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 001 nömrəli istismara icazə sənədinin təsdiq olunmuş surəti məhkəməyə göndərilib. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən elektron surəti təqdim edilən layihə və Komitə tərəfindən verilən istismara icazə gün müddətində “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməs haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrə Fərmanının 4-cü hissəsinə uyğun olaraq Komitə tərəfindən Azərbaycan Respublikasını Əmlak Məsələləri Dövlət Xidmətinə və digər aidiyyəti qurumlara göndərilməsi təmin edilmişdir. - Memarlıq planlaşdırılmasının eskiz həllindən çıxarışdan (əslinə iclasda baxış keçirilmişdir) görünür ki, ünvan 7 ünvanında yerləşən Cavabdeh MTK-tərəfindən inşa edilmiş yaşayış binası İ mərtəbəsi qeyri yaşayış, qalan 17 mərtəbə yaşayış olmaqla, ümumilikdə 18 mərtəbədən ibarətdir. Beləliklə də müəyyən edilmişdir ki, hər iki iddia üzrə tərəflər bir-birilərini müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq ilkin iddiaçı tələbinin əsası kimi cavabdehlə aralarında xx.xx.2011-ci il tarixli, 238 nömrəli “kooperativ mənzil tikintisi haqqında” müqavilənin 3-cü maddəsinin tələbinə uyğun olaraq ilkin ödəniş məbləği kimi 30000 (otuz min) manat məbləğində vəsait müqavilə bağlanılan gün tərəfindən MTK-nın kassasına nağd qaydada ödənilməsinə baxmayaraq yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzilin ona verilməməsini, cavabdeh isə qarşılıqlı iddia ilə müraciət edərək bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə öhdəliklərin İddiaçı tərəfindən icra edilmədiyindən və hazırda həmin icraya maraqlarının itdiyindən mənzilin dəyərinin ödənilmiş 30000 (otuz min) manat pulu ona qaytarmaqla tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsini iddia etmişlər. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçıların tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdikləri faktiki halların həmin iddia tələblərinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə hər iki iddianın qarşılıqlı olaraq bir-biri ilə əlaqəli olmasını, xüsusən ilk iddianın müqavilə öhdəlikləri ilə bağlı hissəsinə verilən hüquqi qiymətin qarşılıqlı iddiaya verilən hüquqi qiymətdən asılı olmasını nəzərə alaraq ilk növbədə qarşılıqlı iddiaya hüquqi qiymət verilməsini zəruri sayır. Məhkəmə qeyd edir ki, sözügedən müqavilənin “ödəniş qaydalarını tənzimləyən 3-cü maddəsinin şərtlərinə əsasən, “alıcı” müqavilə bağlanan gün mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin, 87.750 (səksən yeddi min yeddi yüz əlli) manat məbləğin 33.34 faizi miqdarında ilkin ödənişi etməli olduğunu, mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməli olduğu müəyyən edilmişdir. Həmçinin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və mənzil «Alıcı»ya təhvil verilənə qədər qüvvədədir. İşin araşdırılmış hallarından görünür ki, tikinti işləri 2011-ci ildə başlasa da, Cavabdeh MTK tərəfindən ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasının istismarına icazə sənədi xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir. Başqa sözlə, binanın inşası 7-8 il müddətində davam etmişdir. Bu müddət ərizində Cavabdeh MTK tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli Pretenziya məktubu istisna olmaqla ondan mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə ödənilməsinin tələb edilməsi barədə hər hansı formada müraciət etməsi işin materiallarından görünmür və iddia tərəfi bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli Pretenziya məktubunda Cavabdeh Mənzil Tikinti Kooperativi mənzilin dəyərinin ödənilməyən 57.750 manat pulu 5 iş günü ərzində ödənilməsini ondan tələb etmişdir. Göründüyü kimi, binanın inşasının 2019-cu ilə qədər həqiqətən də ləngiməsi qeyd edilən pretenziyanın tarixi ilə də müəyyən olunur və MTK bu pretenziya ilə ilkin iddiaçı ilə aralarında bağlanmış müqaviləni 2021-ci ildə də qüvvədə olmasını qəbul edərək müqavilə tərəfindən müqavilənin “ödəniş qaydalarını tənzimləyən 3-cü maddəsinin şərtlərinə tam əməl etməyi tələb edir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli Pretenziya məktubunda göstərilənləri icra etməməsinin səbəbləri onun bu pretenziya ilə bağlı xx.xx.2021-ci il tarixli etiraz məktubunun məzmununda öz əksini tapmışdır. Belə ki, cavab məktubuna əsasən o, Kooperativin direktoru S.Ş.Rüstəmovla görüşüb və ona 57.750 manat məbləği ödəmək istədikdə sonuncu həmin məbləğlə razılaşmayaraq, bu məbləğin iki qatını ödəməli olduğunu bildirdiyindən aralarında razılıq əldə edilməmişdir. Bundan sonra MTK tərəfindən Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, aralarında bağlanılmış müqavilənin ləğv edilməsi ilə bağlı qətnamənin çıxarılması xahiş edilmiş, lakin sonradan MTK tərəfindən rəsmi qaydada ərizə ilə müraciət edilərək iddia geri götürülməklə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)- 407/2022 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Daha sonra isə Cavabdeh Mənzil Tikinti Kooperativi xx.xx.2022-ci tarixli Pretenziya ilə İddiaçı müraciət edərək mənzilin dəyərinin ödənilmiş 30.000 min manat pulu 5 iş günü ərzində Kooperativindən götürməyini və müqavilənin ləğvi barədə yazılı razılıq təqdim etməyi xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, ona dəfələrlə Kooperativ tərəfindən şifahi formada xəbərdarlıqlar edilərək mənzilin dəyərini təşkil edən pulun digər hissəsinin ödənilməsi təklif edilsə də, onun tərəfindən hər hansı ödəniş edilməmiş və hazırda Cavabdeh Mənzil Tikinti Kooperativinin adıçəkilən müqavilənin onun tərəfindən icrasına marağı itdiyindən qalan pul məbləğinin ödənilməsinə razılığı yoxdur. Yuxarıda göstərilən işin hallarına əsasən məhkəmə Cavabdeh Mənzil Tikinti Kooperativinin qeyd edilən pretenziya məktublarına qiymət verərək hesab edir ki, cəmi iki pretenziya arasında 6 ay zaman kəsiyində MTK-nın ilk pretenziyasında aralarında bağlanmış qalıq qalan ödənişləri tələb etdiyi halda ödəniş olmadığı və müqavilənin ləğvinə dair pretenziya şərtlərinə riayət etmədən müqavilənin ləğvi ilə bağlı iddia qaldırsa da, sonradan onu geri götürməsi kimi hərəkətləri 2011-ci il tarixli müqaviləni tanıyaraq qəbul edilməsi və xx.xx.2022-ci tarixli Pretenziya ilə müraciət etməsini əhəmiyyətsiz sənəd kimi qiymətləndirir. Belə ki, Cavabdeh Mənzil Tikinti Kooperativi xx.xx.2011-ci il tarixli müqavilə şərtlərini vaxtında icra etməyərək binanı uzun müddət (2019-cu ilə kimi) inşa etməsinə baxmayaraq xx.xx.2021-ci il tarixə kimi İddiaçı qalıq qalan pulu tələb etməmiş, həmin tarixli pretenziyadan sonra sonuncunun tələb edilən pulu MTK-ya ödəmək niyyəti olduğu halda məlum olmayan səbəbdən ödənişi qəbul edilməyərək məhkəməyə yuxarıda qeyd edilən iddia ilə müraciət edilmişdir. İddiaçı müqavilə üzrə qalıq məbləği ödəmək niyyəti olduğu halda xx.xx.2022-ci tarixli yeni məzmunlu Pretenziya ilə müraciət etdikdən və ilk iddiaçının da xx.xx.2022-ci ildə hazırki iddia ilə müraciət etməsindən sonra MTK-nın yenidən mübahisələndirilən müqavilənin ləğvi ilə əlaqədar iş üzrə xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia qaldırması sonuncunun müqavilə şərtlərinə riayət etmək niyyətində olmamasını təsdiq edir. Məhkəmə bu qənaətə gələrkən MTK-nın həqiqətən də müqavilənin ləğvi ilə bağlı müstəqil qaydada ilk iddiaçıdan əvvəl bu iddia ilə əvvəlki iddia geri götürüldükdən sonra təkrar müraciət etməməsini qeyd edir. Qarşılıqlı iddia tələbinin əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. - 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: - 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; - 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; - 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; - 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. - 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici, müqavilənin ləğvini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə ləğv edilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfi təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin ləğvindən söhbət gedə bilməz. Məhkəmə daha sonra qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından hesab edir ki, qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini, yəni İddiaçı 29 noyabr 2011-ci il tarixli müqavilə əsasında ilk ödənişi etdikdən sonra onun qalan ödənişləri etməsindən yayınması niyyətinin olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı 11 il kimi uzun müddət ərzində aldığı mənzillə maraqlanmırdısa, Cavabdeh Mənzil Tikinti Kooperativi müqavilə üzrə qalıq borcun ödənilməsi ilə bağlı müəyyən addımlar atmaqda maraqlı olmalı idi. MTK-nın bu müddət ərzində müqavilə üzrə mənzilin qalıq borcunun ödənilməsi istiqamətində maraqlı olmadığı halda, İddiaçı bu ödənişin həyata keçirilməsində maraqlı olmamasına dair qarşılıqlı iddianın dəlillərini məhkəmə tam əsassız sayır və hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından heç bir hüquqi əsas mövcud deyildir. Beləliklə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğu üçün təmin edilə bilməz. Bu da o deməkdir ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 238 nömrəli alqı-satqı müqaviləsi hüquqi qüvvəyə malikdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli pretenziyasında müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti Kooperativə ayrılmış ünvan 1 ünvanında yerləşən “Alıcı”lara inşa ediləcək yaşayış binasındakı 297 saylı mənzil təşkil etməsi göstərilsə də, xx.xx.2022-ci tarixli Pretenziyada müqavilənin predmetini Kooperativə ayrılmış ünvan 1 ünvanında yerləşən “Alıcı”lara ediləcək yaşayış binasındakı 301 saylı mənzil təşkil edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, tərəflər arasında sözügedən 238 nömrəli müqavilənin məzmununun dəyişdirilməsi barədə razılıq olmaması və həmin müqavilənin predmetinin 301 saylı mənzil olması işin mübahisəsiz halıdır. Beləliklə də, Cavabdeh Mənzil Tikinti Kooperativi İddiaçı ilə bağlıdığı müqavilə şərtlərinə əsasən ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 6-cı giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzili təhvil verməyi, sonuncu isə mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öz öhdələrinə götürmüşdür. MTK-nın nümayəndəsi müqavilə predmeti olan 301 saylı mənzilin Cavabdeh inşa etdiyi binanın 4-cü mərtəbəsində yerləşməsini və İddiaçı da müqaviləyə əsasən göstərilən 301 saylı mənzilin deyil, 3-cü mərtəbədə olan 297 saylı mənzilin verilməli olmasını göstərmiş, bunu da sonradan mənzillərin mərtəbələrində və nömrələrində sürüşdürmələrin həyata keçirilməsi ilə əlaqələndirmişdir. Məhkəmə tərəfindən yerində müayinə aparılarkən müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binası 18 mərtəbəli olmaqla İ mərtəbəsi qeyri-yaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsi nəzərə alınmaqla 301 saylı mənzil 6-cı girişdə, yaşayışa münasibətdə 3-cü mərtəbədə yerləşməklə boşdur, yaşayış yoxdur. Başqa sözlə hər hansı bir digər şəxsə satılmamışdır. İddiaçı da izahatında məhz 301 saylı mənzilə baxaraq bəyəndiyini və almaq istədiyini bildirmiş, həmin mənzilin qeyri-yaşayış sahəsi olan İ mərtəbə nəzərə alındıqda yaşayışın 3-cü mərtəbəsində olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından ilk iddiaçı və ilk iddia üzrə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və ilk iddiaçının müqavilə üzrə mənzilin təhvil verilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq müqavilə predmeti olan ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzil İddiaçı təqdim edilməlidir. Məhkəmə bu qənaətə gələrkən cavabdeh MTK tərəfindən mənzilin nömrəsinə dair müqavilə şərtinin dəyişdirilməsi təşəbbüsü ilə iddiaçıya müraciət edilməməsini də nəzərə alır. Lakin, iddiaçının iddia tələbində göstərdiyi mövqe ilə yanaşı, müqavilə şərtlərini də nəzərə alaraq məhkəmə hesab edir ki, mənzil İddiaçı tərəfindən müqavilə üzrə ödənilməli qalıq məbləğ olan 57.750 manat vəsaitin "xxxx" MTK-ya ödənilməsi həyata keçirilməli və yalnız bu şərtlə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən 301 saylı mənzili "xxxx" MTK ona təqdim etməlidir. Məhkəmə ilk iddia tələblərinin digər hissələrinə qiymət verərək hesab edir ki, bu tələblər mənzilin təhvil verilməsi tələbinin təmin edilməsi hissəsindən asılı olduğu və tələbin qeyd edilən hissəsi də təmin olunduğu üçün digər tələblərə hüquqi qiymət verilməsi zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxx" MTK ilə ilkin iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57.750 manat məbləğində vəsaitin "xxxx" MTK-ya ödənilməsi şərti ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzil ona təqdim edilməli, ilkin iddia qalan hissələrdə və qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 238 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq məbləğ olan 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat məbləğində vəsaitin "xxxx" MTKya ödənilməsi şərti ilə ünvan 1 ünvanında ("xxxx" MTK tərəfindən) inşa edilən yaşayış binasının 6-cı girişində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 301 saylı mənzil cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı təqdim edilsin. İlkin iddia qalan hissələrdə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar