Məhkəmə qərarları › İş №2(102)-2022/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2022/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2022/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-347/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 01 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh Samayıl oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən, sonuncunun adına **********0944-075190 saylı kart hesabı açılmış və ona kart verilmişdir.

2. İddiaçı ASC tərəfindən təqdim edilmiş 3 sentyabr 2024-cü il tarixli hesabdan çıxarışdan və arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən Cavabdeh kart hesabına artıq ödənilmiş pul vəsaitinin kartdan çıxarılması nəticəsində 4828,11 manat məbləğində texniki overdraft (müqavilədən kənar) borcu yaranmış və bank tərəfindən həmin pul vəsaitinin qaytarılmamasına və özündə saxlamasına görə 183.87 manat faiz borcu hesablanmışdır.

3. İddiaçı ASC Cavabdeh xx.xx.2024-cü il tarixdə bildiriş ünvanlayaraq sonuncunun xx.xx.2024-cü il tarixə banka 4828.11 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 183.87 manat faiz borcu olmaqla cəmi 5011.89 manat borcunun olduğu bildirmiş və 3 iş günü müddətində həmin borcun ödənilməsi həmin şəxsdən tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borclu”) 5011,89 AZN məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71 manat dövlət rüsumu məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci tarixdə Banka yaxınlaşaraq 5320 mana t vəsaiti kassadan kartına mədaxil etmişdir. Sonradan həmin məbləği dəyişdirərək 5220 manat mədaxil yazılmasını istəmişdir. Birinci mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunmuş və müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən cavabdeh kart hesabından ona aid olmayan pulun bir qismini xx.xx.2022-ci il tarixdə nağdlaşdırmışdır. Nəticədə həmin pulun geri çəkildiyi zaman hesabda 4828,11 AZN overdraft borcu yaranmışdır. Bank tərəfindən cavabdehə bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB02/PK-4248 saylı bildiriş məktubu göndərilmiş, artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla Banka maddi zərər vurmuşdur.

6. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2010-cu ildə iddiaçı Bankdan kreditə pul götürmüş və həmin borcunu tam ödəmişdir. 2022-ci ildə isə bank tərəfindən onun kart hesabına pul köçürülmüş və o, həmin pulu çıxarıb xərcləmişdir. Lakin həmin vaxtdan sonra Bank ondan heç bir pul tələb etməmişdir. Həmçinin hazırda Bank tərəfindən müddət ötürülmüşdür. Buna görə də, iddia müddətinin ötürülməsi əsası ilə iddia rədd edilməlidir.

7. Qusar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(029)-908/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Anar Qasımov)

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin pul öhdəliyinin müqavilə əsası mövcud deyil və iddiaçının cavabdehə q arşı yönəlmiş iddia tələbinin hüquqi əsasını müqavilədən kənar öhdəlik, yəni əsassız varlanma nəticəsində əmələ gələn öhdəlik təşkil edir. Başqa sözlə, bank tərəfindən cavabdehin adına açılmış kart hesabına razılaşmaya uyğun deyil, yanlışlıqla pul vəsaitinin köçürülməsi nəticəsində overdraft borcu yaranmışdır.

9. İşin faktiki hallarına görə Bank 02 sentyabr 2022-ci il tarixdə cavabdehin pul vəsaitinin yanlışlıqla karta köçürülməsi nəticəsində 4828.11 manat overdraft borcunun yarandığını aşkar etmiş, bu, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışla da müəyyən olunmuşdur. Bununla belə, bank tərəfindən həmin vaxtdan sonra iki il ərzində cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş və iki il müddət keçdikdən sonra, yəni 20 sentyabr 2024-cü il tarixdə cavabdehə həmin borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və iddia ərizəsi 4 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, bankın əsassız varlanma obyekti olan həmin pul vəsaitinin geri qaytarılması hüququ qüvvədən düşmüşdür.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 375.1, 375.21091.1, 1091.2, 1093.1, 1095-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsinin predmeti olan pul bankın mülkiyyətində olmuş, cavabdeh onu qanunsuz olaraq saxlamış və mənimsəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınlnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 384-cü maddəsinə əsasən mülkiyyətin müdafiəsinə iddia müddəti şamil edilmir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-347/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-908/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, Almaz Süleymanova)

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bank tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin kart hesabına artıq ödənilmiş pul vəsaitinin kartdan çıxarılması nəticəsində 4828,11 manat məbləğində texniki overdraft (müqavilədən kənar) borcu yaranmışdır. Bank isə 2 illik müddət ötürərək, xx.xx.2024-cü il tarixdə məhkəməyə borcun ödənilməsi ilə bağlı müraciət etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən iddia müddətinin axımının dayandırılmasına və ya iddia müddətinin ötürülməməsinə səbəb olan sübutlar məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməməsi əsaslı olmuşdur.

16. Apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 372, 375, 376, 377, 1091, 1092, 1093, 1095-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh bankın pul vəsaitini özündə saxlayır və əsas borc məbləğinin onun mülkiyyətində olması üçün əsas yoxdur. Belə bir əsas nə birinci, nə də ki, apellyasiya icraatı qaydasında təqdim edilməmişdir. İş materiallarında belə bir sübut mövcud deyildir. Mülki Məcəllənin 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə bu tələblərə iddia müddəti şamil edilmir. Əsas borc tələbi ilə yanaşı, bankın əlavə olaraq özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdeh icranı gecikdirdiyi üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə faizləri də ödəməlidir. b) Kassasiya şikayətinə qarşı etir az

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İd dia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi: Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia m üddəti keçir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən l əğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

21. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu baxımdan həmin məhkəmə aktı tam yoxlanılır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

24. İddia tələbi öhdəlik münasibətlərindən kənar, cavabdehin hesabına artıq ödənilmiş pulun qaytarılması barədədir.

25. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bank tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin kart hesabına artıq ödənilmiş pul vəsaitinin kartdan çıxarılması nəticəsində 4828,11 manat məbləğində texniki overdraft (müqavilədən kənar) borcu yaranmışdır. Bank 2 illik müddəti ötürərək, xx.xx.2024-cü il tarixdə məhkəməyə borcun ödənilməsi ilə bağlı müraciət etmiş, cavabdeh də müddətin tətbiqi barədə ərizə vermişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr, o c ümlədən apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.

27. Məhkəmə kollegiyası iddianın hüquqi əsasını Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarının təşkil etməsi və həmin normalara uyğun olaraq iddia müddətinin keçməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).

29. Məhkəmə kollegiyası əsassız varlanmanını predmeti olan pulun iddiaçının mülkiyyəti olması və mülkiyyət hüquqlarının müdafiəsinə də iddia müddətinin şamil edilməməsi barədə kassasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il Qərarındakı hüquqi mövqeyi baxımından qəbul etmir.

30. Konstitusiya Məhkəməsinin həmin Qərarda hüquqi mövqeyi belə olub ki, Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhə miyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.”

31. Göründüyü kimi Konstitusiya Məhkəməsinin istinad edilən Qərarına görə də bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi halında əsassız va rlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Bu baxımdan, əsassız varlanmanın predmeti olan pulun iddiaçının mülkiyyəti olması və mülkiyyət hüquqlarının müdafiəsinə də iddia müddətinin şamil edilməməsi barədə kassasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Başqa sözlə, hazırki işdə də əsassız varlanmanın predmeti olan pul əvəzedilən əşya olduğu üçün tələbə iddia müddəti şamil edilir.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllə nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar