Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-94/2025 25.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı “pul” tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş kommersiya işi üzrə Qərardadı Açar sözlər: apellyasiyanın mümkünlük əsasları, apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi, apellyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda, apellyasiya şikayətinin forma və məzmununa əməl edilmədikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədov Zahid Tahir oğlu (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(119)-128/2025 nömrəli qətnaməsindən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul vəsaitinin və 471 (dörd yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 MMC cavabdehlər İddiaçı MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə ayrıca iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı MMCdən 279535 (140000 + 56756 + 23000 + 59779) manat məbləğində borcun və 620 manat məbləğində dövlət rüsumunun, həmçinin Cavabdeh2 MMC-dən dəymiş maddi və mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, İddiaçı MMC-nin təsisçisi və direktoru Qanuni nümayəndə1 əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad qəbul etməklə prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-212/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı MMC-yə Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1nə qarşı “pul tələbi” barədə olan e-2-2(119)-128/2025 nömrəli kommersiya işinə birləşdirilmişdir Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı “pul tələbi” barədə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində borcun və 470,14 (dörd yüz yetmiş manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 180606,14 (yüz səksən min altı yüz altı manat on dörd qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı MMC-yə və “Formula Trans MMC-yə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin birləşdirilmiş iş üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC nümayəndəsi olan vəkil vasitəsi ilə qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi şikayəti işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Cavabdehin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində hazırkı işin materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2025-ci il tarixdə tərəflərin, o cümlədən Cavabdeh1 MMC-nin və onun nümayəndəsinin (vəkil Nümayəndə2) elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkil Nümayəndə2) tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 22:33:01-də və xx.xx.2025-ci il tarixdə saat 16:37:27-də iş üzrə qətnamədən oxşar məzmunlu iki müxtəlif apellyasiya şikayətləri təqdim edilmişdir. xx.xx.2025 tarixdə təqdim edilmiş apellyasiya şikayətinə 286,57 və 24,60 manat dövlət rüsumlarının ödənilməsinə dair qəbzlər, xx.xx.2025-ci il tarixdə təqdim edilmiş apellyasiya şikayətinə isə həmin qəbzlərdən əlavə 1.60 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair digər qəbz əlavə edilmişdir ki, bu da apellyasiya şikayəti verən Cavabdeh1 MMC tərəfindən cəmi 312 manat 77 qəpik dövlət rüsumunun ödənilməsini təsdiq edir. Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də müəyyən edilmiş apellyasiya şikayətinin formasında təqdim edilən hər iki apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində tələb “Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-128/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul etməyinizi xahiş edirəm” kimi göstərilmişdir. Bununla da apellyasiya şikayəti verən tərəf birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmadığından məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin hazırkı qərardadda göstərilməsini zəruri hesab etməmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə ...108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 108.3. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; ...112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə; ....112.3. Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa... 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. ... Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 2 Apellyasiya şikayətinin forması ...5. İşin halları - Bu hissədə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir.
6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər - Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
7. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər - Bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. ...12. Apellyasiya şikayəti verən şəxsin tələbi - Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi ....8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə - bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını öyrənib, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bir sıra mühüm qaydalar, məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu cür qaydalara MPM və “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan dövlət rüsumuna dair qaydalar, habelə MPM-nin 363.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar da aiddir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Belə ki, ki, Cavabdeh1 MMC tərəfindən cəmi 312 manat 77 qəpik dövlət rüsumunun ödənilməsi barədə qəbzlər təqdim olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Qanunun qeyd olunan normasında bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 122.1.1-ci maddəsinə görə pul vəsaiti alınması haqqındakı iddialarda - iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. MPM-in 112.3-cü maddəsinə əsasən isə qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Bu baxımdan hazırda baxılan iş üzrə iddianın qiyməti həm İddiaçı MMC-nin Cavabdeh1 MMC-dən tələb etdiyi və mübahisələndirilən qətnamə ilə təmin edilmiş 180136 (yüz səksən min yüz otuz altı) manat, həm də Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı MMC-dən tələb etdiyi 279535 manat və Cavabdeh2 MMC-dən tələb etdiyi 50000 manat pul vəsaitinin cəminin məbləği ilə müəyyən edilir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 MMC-yə qarşı 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində iddia təmin edilmiş, qətnamə tam mübahisələndirilsə də, Cavabdeh1 MMC tərəfindən yalnız öz iddiasının verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50% məbləğinə dair qəbzlər apellyasiya şikayətinə əlavə edilmişdir. Halbuki qətnamə tam mübahisələndirilərkən iddianın təmin olunan hissəsinə münasibətdə də apellyasiya şikayətinin verilməsi üçün müvafiq məbləğdə dövlət rüsumu ödənilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən apellyasiyanın mümkünlüyünü yoxlanılarkən təqdim edilmiş apellyasiya şikayətinin hər ikisində MPM-in tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı onun formasını müəyyənləşdirən Əlavə 2-də də şikayətlə bağlı mühüm tələblər öz əksini tapmışdır. Belə ki, apellyasiya şikayətində müvafiq hissələrdə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Bundan əlavə ayrı-ayrılıqda hər bir maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, ən mühümü isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir (yuxarıda istinad edilmiş 5,6,7 və 12-ci bəndlər). Lakin Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkil Nümayəndə2) tərəfindən elektron kabinet vasitəsi ilə təqdim edilmiş hər iki apellyasiya şikayətində göstərilən tələblərə əməl edilməmiş, işin faktiki halları ilə yanaşı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə bağlı əksər dəlillər “İşin halları” bəndində göstərilmiş, həmin dəlillərin bir hissəsi “Məhkəmənin gəldiyi nəticə üçün mühüməhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” bölməsində olduğu kimi təkrarlanmış və sonda 12-ci bəndin tələblərinə əməl olunmamaqla apellyasiya şikayəti verən şəxsin tələbi “Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-128/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul etməyinizi xahiş edirəm” kimi göstərilmişdir. Belə olan halda MMC-nin apellyasiya şikayətində qeyd olunan tələbini, yəni nəyi mübahisələndirdiyini və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsini xahiş etdiyini müəyyən etmək mümkün deyildir. Halbuki, həmin bənddə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hallara əhəmiyyət verməmiş, şikayəti geri qaytarmalı olduğu halda bunu etməmiş, apellyasiya şikayətini kommersiya işi ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmdığından və apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq qəbul olunmamış hesab edilməli və iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə MPM-nin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365, 366, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh1nə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(119)-128/2025 nömrəli qətnaməsindən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.