Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1483/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi, iddiaçı X1, Cavabdeh1 iştiraklarıı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işə cəlb etməklə) Cavabdeh1, İsmayılova Zöhrə Hüseyn qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, İsmayılova Zöhrə Hüseyn qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 8 mənzil 13-dən istifadə hüququna xitam verilməsi evdən çıxarılması və evin boşaldılıb ona təhfil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 8/13 saylı mənzili xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarış almaqla ev xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, İsmayılova Zöhrə Hüseyn qızı, Cavabdeh3 və Cavabdeh4 Zəngilan rayonundan gələn məcburi köçkün olduqlarından ona məxsus olan evdə məskunlaşmışlar. Azərbaycan Respublikası Qacqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komissiyası tərəfindən cavabdehləri Qaradağ rayonu, Ümid qəsəbəsi bina 6 mənzil 44 ünvanında 2 otaqlı mənzillə təmin etmişdir. O, cavabdehlərdən dövlət tərəfindən ev ilə təmin olduqlarından onun mülkiyyətində olan evdən çıxmalarını və evin boşaldılmasını onlara təklif etmişdir. Lakin onlar bildirdilər ki, əgər o, onlara 1500 manat pul verilməsə onlar onun mülkiyyətində olan evdən çıxmayacaqlar. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izah etdi ki, o, mübahisəli evi boşaldaraq acarını mənzil istismar sahəsinə təqdim edəcək. Cavabdehlər İsmayılova Zöhrə Hüseyn qızı, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcbari Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 8, mənzil 13 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 216 saylı, xx.xx.2020-ci il tarixli Təşkilat-nəzarət və analitika şöbəsi tərəfindən 5 saylı Vəkil Bürosunun vəkili Toğrud Babayevə ünvanladığı məktubdan görünür ki, Cavabdeh1, İsmayılova Zöhrə Hüseyn qızı, Cavabdeh3, X7 və Cavabdeh4 (sorğuda ata adı Yusif kimi qeyd olunmuşdur) qızının adları Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış «məcburi köçkünlərin vahid elektron informasiya sistemində» yoxlanılmış və onların dövlət tərəfindən məcburi köçkünlər üçün Qaradağ rayonu, Ümid qəsəbəsində salınmış 300 mənzilli qəsəbədə bina 6, mənzil 44 ünvanında iki otaqlı mənzillə təmin olunmaları barədə məlumat aşkar olunmuşdur. Təqdim olunmuş 45 saylı MKİS-nin 154 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 8, mənzil 13 ünvana X2 adına 30/133872 saylı, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. X2 13 saylı mənzildə yaşadığı müddtdə təsərrüfat otağı kimi istifadə etdiyi sahədə (mən.16) Zəngilan rayonundan gəlmiş məcburi köçkün Cavabdeh1 ailəsi ilə birlikdə məskunlaşmışdır. Həmin 13 nömrəli mənzil X3 tərəfindən satılmışdır. Sonra yenidən 13 nömrəli mənzil bir neçə dəfə başqa şəxslərə satılmasına baxmayaraq məcburi köçkün Cavabdeh1 ailəsi həmin təsərrüfat otağında yaşamaqda davam edir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışına əsasən 13 nömrəli mənzilin sahibi İddiaçıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanman və qorunan hüququdur.Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və X5 haqqında» Konvensiyaya dair xx xxxx 1952-ci ildə Parisdə imzalanmış 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. X8 Məhkəməsi çıxardığı qərarlarında «hər bir şəxsin özünün mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu tanımaqla, 1-ci maddənin özünün məzmununa görə mülkiyyət hüququnun təminatçısı olmasını» qeyd etmişdir (Marckx v.Belgium-31, xx xxxx 1979-cu il tarixli qərarı; İnze v.Austria - 126, xx xxxxxxx 1987-ci il tarixli qəran). Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci cümləsinin məqsədləri üçün X8 Məhkəməsinin presedent təcrübəsində belə nəticə öz əksini tapmışdır ki, məhkəmə cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsinin zəruri şərtləri arasındakı ədalətli tarazlılığa riayət olunub olunmamasını müəyyən etməlidir (Sporrong and Lönnroth v.Sweden - 52, 23.09.82; Erkner and Hofauer v. Austria - 117, 23.04.87; Poiss v.Austria - 124-E, 29.09.87; Mellacher and Others v.Austria - 169, 19.12.89; Fredin v. Sweden - 192, 18.02.91; Katte Klitsche de la Grange v. İtaly - 293-B, 23/04/87 ). Tuleşovun və qeyrilərinin Rusiyaya qarşı işi üzrə isə «ictimai maraqların» təmin edilməsi, yəni qanuni mülkiyyətçinin hüquqlarının müdafiəsi məqsədi ilə ərizəçilərin mənzilinə hörmət hüququnun pozulmasında X8 Məhkəməsi müdaxilənin qanuni məqsədə mütənasib olmasının araşdırılmasının zəruriliyini vurğulamışdır (Tuleshov and Others v. Russia, № 32718/02, 24.05.07). Azərbaycan Respublikasının məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında xx xxx 1999-cu il tarixli Qanun 5-ci maddəsində deyilir: "Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Həmçinin həmin maddədə bildirilir: "məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər." Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydasının (Məcburi köçkünlərin köçürülməsi Qaydası") 4-cü maddəsinə əsasən müvəqqəti məskunlaşmış məcburi koçkunıər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məcburi köçkünlər tərəfindən order əsasında verilmiş mənzilin zəbt edilməsi nəticəsində 1 saylı Protokolun 1-ci maddəsinin pozulması barədə X8 Məhkəməsi (Məhkəmə) tərəfindən Azərbaycana qarşı qərar qəbul edilmişdir (Akimova Azərbaycana qarşı, xx xxxxxxxx 2007-ci il). Yerli məhkəmələr Akimovanın mübahisəli mənzildən məcburi köçkünlərin çıxarılması barədə iddia ərizəsini təmin etsələr də, qərarın icrasını Zəngilan rayonun işğaldan azad edilənə qədər təxirə salmasını qət etmişdilər. Həmin işlə bağlı Hökumətin (Azərbaycanın) yaşayış sahəsinə müdaxilənin müvəqqəti xarakter daşıması, bəzi normativ aktlarla nəzərdə tutulması, Azərbaycanda Ermənistanın işğalı altında olan ərazilərindən olan 700000-dən artıq məcburi köçkünün olması, məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunmasına ciddi ictimai ehtiyacın olması, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması nəticə etibarı ilə onları "evsiz qoya", "sosial gərginliyə və partlayışa gətirib çıxara" və "ictimai asayişə təhlükə yarada" bilməsi kimi arqumentlərinə dair Məhkəmə bildirmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanı tərəfindən hər hansı müdaxilə qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Məhkəmə həmçinin "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun 5-ci, habelə "Məcburi köçkünlərin məskunlaşdırılması Qaydasf'nm 4-cü maddəsinin müddəalarını nəzərə alaraq bildirdi ki: "həmin maddələr tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər. Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" xx xxxxxx 2006-cı il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə və Naxçıvan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. İnsan hüquqlarının və X5 haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentiərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası "İnsan hüquqlarının və X5 haqqında" Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə xx xxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cı il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Beləliklə, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə hesab edir ki, iş üzrə məcburi köçkünlərin mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi olan İddiaçı Məmimədəli qızının hüquqlarını pozduğuna görə iddia təmin edilməli, onların mübahisəli mənzilə istifadə hüququna xitam verilməli, onlar mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, İsmayılova Zöhrə Hüseyn qızı, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, X9 küçəsində olan ev 8 ünvanında yerləşən 13 saylı mənzildən istifadə hüququna xitam verilsin, onlar mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1483/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1483/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver