Məhkəmə qərarları › İş №2(009)-1484/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1484/2022

04.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1484/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil2, Cavabdeh “Azneft” İB-nin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək “Azneft” X5 NQÇİ-nin xx.xx.2021-ci il tarixli, SOCAR**********00070020B00056 saylı əmrin qanunsuz hesab edilərək ləğv olunmasını, onun “Azneft” X5 NQÇİ-nin istehsal proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin istehsalat proseslərinin avtomatlaşdırılması xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə bərpa olunmasını, xx.xx.2022-ci tarixindən işə bərpa olunacağı günə qədər olan müddət ərzində məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildən Siyəzənneft NQÇİ-də işləyir. Uzun illərdir ki, Siyəzənneft NQÇİ-nin İPA və NÖC-nin xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində heç bir nöqsanı və ya xəbərdarlığı olmayıb. Əksinə xidmət sahəsinin tabelini, anbarın hesabatını həmişə o tərtib edib. 2020-ci il sentyabr ayının 12-si imtahan olmuş və keçid balı 50 olduğu halda, o, 81.5 bal yığmışdır. 2019-cu ildən Moskvanın “Sinerqiya” maliyyə-sənaye universitetində qiyabi formada təhsil alır və hal-hazırda 3-cü kursdadır. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək xəstəliyi ilə əlaqədar bülletendə olmuşdur. xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00056 saylı əmri ilə ƏM-nin 70-ci maddəsinin “b” bəndini rəhbər tutaraq və işçilərin sayının ixtisar edilməsini nəzərə alaraq onun əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. Həmin əmr qanunsuz və əsassız olmaqla Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul olunmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilən və qanunda nəzərdə tutulmuş hallara tərəfindən heç bir vaxt yol verilməmiş və işlədiyi müddət ərzində həmişə işəgötürənin mənafeyini əsas tutaraq vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, əmək haqqı alaraq ailəsinin maddi təminatını təmin etmişdir. SOCAR şirkətinə ünvanladığı məktuba xx.xx.2022-ci il tarixli, SOCAR**********210033B00397 saylı cavab məktubu ilə bildirilib ki, ƏM-nin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və burada əsas meyarlar (iş təcrübəsi, təhsil göstəricisi, səriştə qiymətləndirmə, rəhbər rəyi və test imtahan nəticələri) nəzərə alınmaqla qiymətləndirilir. Onun peşəsi üzrə ştat sayı 16 ştat vahidindən 6 ştat vahidinə kimi azaldılmışdır. Qiymətləndirmə zamanı onun qiymətləndirməsi 81.5% olmuşdur. M.Mətanətlə guya eyni balı toplayan X10 ilə onun arasında seçim aparılmaq zərurəti yarandığından peşə sınaq imtahanına cəlb olunmuşlar. Müvafiq komissiya tərəfindən X6 bacarıqları daha yüksək qiymətləndirilmiş və bu səbəbdən ona xəbərdarlıq bildirişi təqdim edilmişdir. İşçinin peşəkarlıq səviyyəsini əsas götürərkən nəzərə alınan meyarlardan biri olan iş təcrübəsi 27 ilə yaxındır. Təhsil göstəricisinə gəldikdə isə ali təhsil alır, 3-cü kursdadır.Test imtahan nəticələri 81.5% faizdir. Səriştə qiymətləndirmə və rəhbər rəyinə gəldikdə isə burada tam qərəzli mövqedən məsələyə yanaşılıb. Bununla əlaqədar ƏƏSMN X11 Xidmətinə də müraciət ünvanlamışdır. DƏM-nin Quba RƏŞ-nin **********6 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, ştat, struktur bölmələri ləğv etmək işəgötürənin səlahiyyətlərinə aid edilmişdir. Qüvvədə olan əmək müqaviləsinə əsasən onun işini davam etdirməsi bildirilmişdir. Siyəzənneft NQÇİ-nin kadrlar şöbəsi və hüquqşünası tərəfindən proqrama qoşulması barədə məlumatlandırılmışdır. Siyəzənneft NQÇİ-nin hüquqşünası onu bülletenə çıxaran həkimi bülletenin ləğv edilməsi barədə hədələmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsul ilə işçinin iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Onun iradəsinin əleyhinə olaraq uzun illər işlədiyi peşədən onu uzaqlaşdıraraq başqa işlə təmin edəcəklərini bildirmişlər. 31 may-02 iyun 2022-ci il tarixlərdə Siyəzənneft NQÇİ-nin rəhbər işçiləri və rəis Ayaz Bağırov onu dənizdə işlə təmin etmək istədiklərini bildirdilər. O, israrla bildirdi ki, onun səhhəti dənizdə işləməyə imkan vermir. “Premium Clinic”-dən “oturaq sinirin neyropatiyası” diaqnozu ilə xəstəlik məzuniyyətində olmuşdur. Həmçinin revmatizması vardır. Uzun təhdidlərdən sonra onu razı sala bilmədiklərini görüb xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00056 saylı əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini rəhbər tutaraq və işçilərin sayının ixtisar edilməsini nəzərə alaraq onun əmək müqaviləsini xx.xx.2022-ci il tarixdən ləğv ediblər. O, qanunsuz olaraq işdən çıxarılarkən orta aylıq əmək haqqı 600 manat idi. Qanunun tələbi baxımından işdən çıxarıldığı gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq qətnamə icra olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ona ödənilməlidir. Cavabdeh SOCAR «Azneft İB xx.xx.2022-ci il tarixdə iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı ilə “Siyəzənneft” NQÇİ arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru vəzifəsində işləmişdir. “Siyəzənneft” NQÇİ-nin Həmkarlar İttifaqı Komissiyasına “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq üçün müraciət edilmişdir. “Siyəzənneft” NQÇİ-nin X12 heyəti iclasının xx.xx.2022-ci il tarixli protokolu ilə “Siyəzənneft” NQÇİ-nin müraciətinə baxıldığını və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin SOCAR**********00070020B00056 saylı xx.xx.2022-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən ona on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçı eyni zamanda qərəzli olaraq işdən çıxarılmasını bildirsə də, həmin qərəzin nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə iddia ərizəsini əsaslandırmışdır. İddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM 79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında deyil. İddiaçı işlədiyi vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı işəgötürən tərəfindən reytinq cədvəli formalaşdırılmış və həmin cədvələ uyğun olaraq işçilər işdə saxlanılmaq hüququ əldə etmiş, digərləri ilə bağlanan əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Bundan başqa iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən məcburi mediasiya sessiyasında iştirak edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, müvafiq arayış aldıqdan sonra xx.xx.2022-ci il tarixdə prosessual məcəllənin tələblərini pozaraq iş üzrə icraatın təzələnməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə kobud prosessual pozuntuya yol verərək icraatı təzələmişdir. Belə ki, AR MPM-nin 260.4cü maddəsinə əsasən, məhkəmə tərəfindən icraat təzələnməməli idi. Bütün bu pozuntulara baxmayaraq, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün AR Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Buna görə də hazırki işə iddia müddəti də tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən, cavabdeh İddiaçı ona qarşı “işə bərpa olunma” tələbinə dair iddianın rədd edilməsi, eləcə də hazırki iş üzrə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı izahat verərək qeyd etmişdir ki, “Azneft” İB tərəfindən ona bildirmişlər ki,Telman adlı şəxslə eyni bal toplamışlar. Lakin 8 aydan sonra may ayında yenidən peşə sınaq imtahanı keçiriblər və onu fiziki cəhətdən ona uyğun olmayan tapşırığı yerinə yetirməyə cəlb ediblər. Telman ondan fərqli olaraq işıq dirəyinə çıxıb naqili oradan açmışdır. Bütün bunlara görə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndə və vəkili Vəkil2 bildirmişdir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq işəgötürən əsaslandırılmış şəkildə təqdimatla Həmkarlar İttifaqına müraciət etməlidir. Həmkarlar İttifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış qərarını işəgötürənə təqdim etməlidir. Həmkarlar ittifaqı, barəsində işə baxılan tərəfi məlumatlandırmalıdır. X9 məktub daxil olan kimi iclas keçirilir və razılıq verilir ki, işçi işdən çıxarılsın. Bu məsələ üçün 10 gün müddət təyin olunur və bu müddət ərzində qərar qəbul edilir. Lakin bununla bağlı iddiaçı məlumatlandırılmır, iclasa çağırılmır, heç bir izahatı alınmır. Bütün bunlar formal sənədlərdir. Bu sənəd Həmkarlar İttifaqının işçi ilə bağlı mövqeyini bildirən sənəd kimi qəbul edilə bilməz. İşçilərin peşə bacarıqlarının yoxlanılması üçün 12 sentyabr 2020-ci il tarixdə imtahan keçirilmişdir. İmtahan nəticəsində Mətanət xanım, 81.5 bal toplamışdır. 8 ay sonra yenidən 2021-ci ilin may ayında onunla eyni balı toplayan Əliyev Telman arasında peşə sınaq imtahanı keçirmişlər. İşıq dirəyinə çıxıb naqili oradan açmaq tələb olunmuşdur. Hesab edir ki, imtahanın nəticələri ədalətli deyil. Çünki fiziki cəhətdən qeyri-bərabər olan insanlar arasında imtahan keçirmişlər. Onların bu hərəkətləri qeyri-qanunidir. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azneft” İB-nin nümayəndəsi-vəkili Vəkil1 bildirmişdir ki, iddia ərizəsində göstərilən halların heç biri xanımın işə bərpa edilməsi üçün əsas deyildir. Hamısı formal mülahizələrdən ibarətdir. Mətanət xanımın diplomu yoxdur və özünün dediyi kimi o, hal-hazırda ali təhsil alır. Dünyada baş verən hadisələr Azərbaycana da təsir edir. Ölkədə neft emalı azalır və bununla bağlı təkcə Azneft” İB-də deyil, SOCAR-ın digər qurumlarında da optimallaşdırma ilə bağlı müvafiq ştatlarda ixtisarlar aparılmışdır. İşçilərin peşə səviyyəsinin yoxlanılması ilə əlaqədar imtahanlar keçirilmişdir. İşəgötürən də imtahanda eyni bal toplayan şəxslərin reytinqinin müəyyən olunması üçün meyarlar müəyyən etmişdir. Eyni zamanda həmin idarədə də ştatların sayı 16-dan 6-ya azaldılmışdır. İmtahanda iki nəfər-İddiaçı və Əliyev Telman eyni bal toplamışlar. İşəgötürən onlardan hansının peşəkar olduğunu müəyyən etmək üçün suallar vermişdir. Müəyyən etmişdir ki, Əliyev Telman daha peşəkardır. İşəgötürən tərəfindən qanunun tələblərinə əməl edilmişdir. İşəgötürən tərəfindən iddiaçıya başqa iş təklif edilsə də o qəbul etmir. “28 May” Neft və Qazçıxarma İdarəsində, Abşeron Neft NQÇİ-də iş təklif edilmişdir. Lakin o, təklif edilən işlərlə tanış olmamış və onları qəbul etməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. İddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli əmək müqaviləsindən görünür ki, “Siyəzənneft” NQÇİ İddiaçı 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə işə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin xx.xx.2021-ci il tarixli İşçilərin sayının azaldılması haqqında bildirişindən görünür ki, xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə onunla bağlanılmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 25 avqust 2021-ci il tarixdə ləğv ediləcəkdir. İş materiallarına əlavə edilmiş “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00056 saylı əmrindən görünür ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayının ixtisar edilməsi) işdən azad edilmişdir. Əsas qismində “ştat cədvəli, Həmkarlar ittifaqı təşkilatının razılığı” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş DƏM-nin Quba RƏŞ-nin xx.xx.2021-ci il tarixli, **********6 saylı cavab məktubundan görünür ki, AR Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ-hüquqi aktların tələblərinə əməl edilməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda qüvvədə olan əmək müqaviləsinə əsasən İddiaçı hal-hazırda “Siyəzənneft” NQÇİ-də peşəsi üzrə işini davam etdirir. İş materiallarına əlavə edilmiş SOCAR “Azneft” İB-nin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, 6 ştat vahidi üzrə 16 nəfər dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi üzrə reytinq siyahısında İddiaçı və X10 eyni bal toplayaraq 6-cı sırada yerləşdiyindən praktiki bacarıqların yoxlanması üçün peşə sınaq imtahanı keçirilmiş və nəticədə X10 daha yüksək bal topladığı üçün yerləşdirilmişdir. İddiaçı “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq, həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət almaq üçün müraciət etmək imkanları təklif edilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmadığından ona iş təklifi edilməsi nəzərdə tutulmamışdır. Həmçinin xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək fasiləsiz, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək bir neçə günlük fasilələrlə əmək qabiliyyətini müvəqqəti itirməyi ilə əlaqədar xəstəlik məzuniyyətində olması səbəbilə əmək münasibətləri barədə sənədləşdirilmə aparılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş “Premium Clinic” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində müraciətindən sonra “Oturaq sinirin neyropatiyası” diaqnozu müəyyən edilmiş, o, xx.xx.2022-ci il tarixinə qədər klinikada ambulator şəraitdə müalicə almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı “28 May” NQÇİ-nin Mənzil-kommunal təsərrüfatının Mədəni-məişət təminatı xidmət sahəsində vakant olan 5-ci dərəcəli anbardar peşəsi üzrə iş yeri ilə tanışlığa gəlməkdən və təklif olunan işdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş “Peşə sınaq imtahanı və Müsahibənin yekun protokolu”ndan görünür ki, müsahibə nəticəsində X6 orta balı 3.9 olmaqla müsahibəni keçmiş, İddiaçı orta balı 2.7 olmaqla müsahibəni keçməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “Azneft" İstehsalat Birliyinin (Birlik) İnsan resursları departamentinin (İRD) rəis müavini X13, "Azneft” İB-nin insan resursları departamentinin (İRD) İR əməliyyatlarının icrası qrupunun kadrların hazırlığı üzrə aparıcı mühəndisləri X4 və X8 bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2021-ci il tarixində Birliyin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi, struktur dəyişikliyi nəticəsində “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqramına qoşulmuş İddiaçı “Abşeronneff NQÇİnin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin Elektrik laboratoriyasında vakant olan 5-ci dərəcəli elektromexaniki sınaqlar və ölçü laborantı peşəsi təklif edilmiş, lakin İddiaçı tərəfindən Siyəzəndə işləmək istədiyi bildirilərək tərəfindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Azneft” istehsalat Birliyinin (Birlik) insan resursları departamentinin (İRD) rəis müavini X13, "28 May" Neft və Qazçıxarma idarəsinin (NQÇİ) Personalın uçotu xidmətinin rəisi X4 və NQÇİ-nin Personalın uçotu xidmətinin rəis müavini X7, bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2022ci il tarixində İRD tərəfindən Birliyin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin sabiq işçisi, struktur dəyişikliyi nəticəsində “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunmasına dair” Proqramına qoşulmuş İddiaçı “28 May” NQÇİ-nin Mənzil-kommunal təsərrüfatının Mədəni-məişət təminatı xidmət sahəsində vakant olan 5-ci dərəcəli anbardar peşəsi üzrə iş yeri ilə tanış olunması məqsədi ilə “28 May” NQÇİ-yə email ünvanlanmışdır. Göndərilmiş emailin icrasının təmin olunması məqsədi ilə İddiaçı ilə müxtəlif tarixlərdə (xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022) əlaqə saxlanılmış və o, iş yeri ilə tanışlıq üçün “28 May" Neft və Qazçıxarma İdarəsinin inzibati binasının yerləşdiyi Çilova dəvət edilmişdir. Lakin buna baxmayaraq, İddiaçı Çilov adasına gəlməkdən və təklif olunan işdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş “Siyəzənneft” NQÇİ-nin X12 heyəti iclasının xx.xx.2022-ci il tarixli 81 saylı protokolundan görünür ki, SOCAR-ın “Azneft” istesalat Birliyinin strukturunun optimallaşdırılması haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR**********0004002QA00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatlarının ixtisar olunması ilə ələqadar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilsin. İş materiallarına əlavə edilmiş imtahan nəticələrindən görünür ki, İddiaçı istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmət sahəsi struktur bölməsi üzrə istehsalat proseslərinin avtomatlaşdırılması qrupu xidmət sahəsində “Siyəzənneft” NQÇİ-də 4-cü dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru vəzifəsində çalışır. İddiaçı staja əsasən balı 30%, test imtahanı nəticəsinə əsasən balı 43%, rəhbər qiymətləndirmə nəticəsinə əsasən balı 9%, təhsilə əsasən balı 0% olmaqla yekun balı 81.50% kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən görünür ki, İddiaçı 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 2.6 olmaqla (hidravlik çəki indiqatırının quraşdırılması üzrə 2, telemexanika xətlərinin kooroziyadan təmizlənməsi üzrə 2, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 2, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 2 balla) qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən görünür ki, X10 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 4 olmaqla ( hidravlik çəki indiqatırının quraşdırılması üzrə 2, telemexanika xətlərinin kooroziyadan təmizlənməsi üzrə 4, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 5, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 4 balla) qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş imtahan nəticələrindən görünür ki, X10 istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmət sahəsi struktur bölməsi üzrə istehsalat proseslərinin avtomatlaşdırılması qrupu xidmət sahəsində, “Siyəzənneft” NQÇİ-də dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru vəzifəsində çalışır. X1 əsasən balı 30%, test imtahanı nəticəsinə əsasən balı 43%, rəhbər qiymətləndirmə nəticəsinə əsasən balı 9%, təhsilə əsasən balı 0% olmaqla yekun balı 81.50% kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, 24.08.21-26.08.21, 27.08.21-29.08.21, 30.08.21-08.09.21, 09.09.21-18.09.21, 19.09.21-28.09.21-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, 29.09.21-08.10.21, 09.10.21-18.10.21, 19.10.21-28.10.21-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, 29.10.21-07.11.21, 08.11.21-17.11.21, 18.11.21-27.11.21, 28.11.21-30.11.21-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, 17.01.22-19.01.22, 20.01.22-22.01.22, 23.01.22-24.01.22-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, 04.02.22-06.02.22, 07.02.22-09.02.22, 10.02.22-28.02.22-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, 01.03.22-10.03.22, 11.03.22-19.03.22, 20.03.22-28.03.22, 29.03.22-31.03.22-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, 04.04.22-18.04.22, 19.04.22-26.04.22, 27.04.22-06.05.22, 07.05.22-15.05.22-ci il tarixlərində İddiaçı işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00056 saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayının ixtisar edilməsi) işdən azad edilmişdir. İş materiallarından görünür ki, Məcidova X2 “Sinerqiya” maliyyə-sənaye universitetində qiyabi formada təhsil alır və hal-hazırda 3-cü kursdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.1999cu il tarixdə əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmət sahəsi struktur bölməsi üzrə istehsalat proseslərinin avtomatlaşdırılması qrupu xidmət sahəsində “Siyəzənneft” NQÇİ-də 5-ci dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru vəzifəsində işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və həmin xəbərdarlıq iddiaçı tərəfindən qəbul edilmişdir. xx.xx.2022-ci ildə işəgötürənin SOCAR**********00070020B00056 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci ildə Səbail rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçının peşəsi üzrə ştat sayı 16 ştat vahidindən 6 ştat vahidinə kimi azaldılmışdır. 12 sentyabr 2020-ci il tarixdə imtahan keçirilmişdir. İmtahan nəticəsində 81.5 bal toplamışdır. 8 ay sonra yenidən 2021-ci ilin may ayında onunla eyni balı toplayan Əliyev Telman peşə sınaq imtahanına cəlb olunmuşlar. Müvafiq komissiya tərəfindən X6 bacarıqları daha yüksək qiymətləndirilmiş və bu səbəbdən ona xəbərdarlıq bildirişi təqdim edilmişdir. Hesab edir ki, peşəkarlıq səviyyəsi əsas götürülsə, onun 27 ilə yaxın iş təcrübəsi var, təhsil göstəricisinə gəldikdə ali təhsil alır, 3-cü kursdadır, test imtahanının nəticəsi isə 81.5% faizdir. Qiymətləndirmə və rəhbər rəyi tam qərəzlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar). Məhkəmələrdə müraciətlərə (şikayətlərə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Beləliklə, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifələri əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün ixtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd. Məhkəmə 02 iyun 2022-ci il tarixdə həm əmrin, həm də Həmkarlar İttifaqı Komitəsinin razılığının verilməsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə görə HİK özünün yazılı qərarını 10 gün müddətində işəgötürənə təqdim etməlidir. Qanunvericilikdə əmrin verilməsi tarixi ilə HİK-nin yazılı qərarının verildiyi tarixin eyni günə təsadüf etməsinə heç bir qadağa yoxdur. Məhkəmə onu da qeyd edir ki, Həmkarlar İttifaqının protokolu xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, lakin iddiaçının Həmkarlar İttifaqının iclasında iştirakı təmin edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə bu əsasla xitam verilməsinə dair həmkarlar ittifaqının müvafiq razılığının olub-olmaması ilə bağlı qanunvericiliyin tələbinə əsasən həmkarlar ittifaqı tərəfindən yazılı formada tərtib olunmuş əsaslandırılmış qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, həmin məsələ ilə bağlı ümumiyyətlə həmkarlar ittifaqının hər hansı iclası keçirilməmiş, sadəcə formal olaraq iclas protokolu tərtib olunmuşdur. Göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin həmkarlar ittifaqının razılığının alınması ilə bağlı tələbi pozulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən İddiaçı əmək funksiyasına yüksəktezlikli sıxlıq sisteminin, yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronik qeydedici cihazların və kabel zəncirlərinin, mürəkkəb statik avadanlığının istismar-texniki xidməti və təmiri xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu funksiyalardan hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə işçiyə əlavə funksiyaların daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İş materiallarından görünür ki, eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsi və vəkilinin dəlilləri ilə razılaşmır. Məhkəmə hesab edir ki, iddiaçı mediasiyaya müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa belə, iddiaçının ilkin olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00056 saylı əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla verildiyindən ləğv edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********00070020B00056 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası “Azneft” X3 NQÇİ-nin 02 iyun 2022-ci il tarixli SOCAR **********00070020B00056 saylı əmri ləğv edilsin, İddiaçı 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə bərpa edilsin və xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər olan məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar