Məhkəmə qərarları › İş №2(009)-1511/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1511/2025

24.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1511/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinin ləğv edilməsi və İddiaçı ilə "MAS TRADİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsasları: xx.xx.2022-ci il tarixində Cavabdeh ilə aralarında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə vəzifəsi satıcı, iş yeri isə topdan və pərakəndə paltar satışı dükanı olmuşdur. Aylıq vəzifə maaşı 300 manat təyin olunmuşdur. “MAS TRADİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti xarici vətəndaşlara məxsus olmuşdur. Bir müddətdən sonra, yəni 2024-cü ildə Şirkətin təsisçiləri olan Pakistan vətəndaşları Azərbaycan Respublikasını tərk edib getmiş, təqribən iki-üç aydan sonra dükandakı malları bazar təhvil almışdır. Qeyd etmək istəyir ki, “MAS TRADİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi qüvvədə olsa da, 2024-cü ildən formal xarakter daşıyır. Əmək Müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023cü il müəyyənləşdirilmişdir. Odur ki, əmək müqaviləsi bildirişinin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsi üçün ilk növbədə Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya təşkilatında mediasiya sessiyası keçirilmiş və məhkəməyə müraciət etməyiylə əlaqədar olaraq bu barədə ona arayış təqdim edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmişdir. Cavabdeh MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı iş yeri Cavabdeh MMC-də satıcı, əmək haqqı 300 manat qeyd olunmuşdur. - İş materiallarına əlavə edilmiş vergi ödəyicisi barədə məlumatdan görünür ki, Cavabdeh MMC-nin (VÖEN:**********) passiv qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, Cavabdeh MMC-də satıcı vəzifəsinə işə götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, X1 hazırda Cavabdeh MMC-də satıcı vəzifəsində işləməsə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. -35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. - 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, müddətli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməyə cəhd etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar