Məhkəmə qərarları › İş №2(009)-1532/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1532/2020

21.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1532/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçinin nümayəndəsi Ş.A.Baxşiyevin Maraqlı şəxs İddiaçı iştirakları ilə Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin maraqlı şəxs İddiaçı qarşı mülki işin icraatının bərpa edilməsi barədə ərizəsinə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi itirilmiş məhkəmə icraatının bərpasına dair ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin 2-1020/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə İddiaçı Məmməd oğlunun cavabdeh Azərbayccan Respublikası Müdafiə Nazirliyinə qarşı vəzifə maaşı və rütbəyə görə əmək haqqının ödənilməsinə dair tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd olunan qətnamənin mövcudluğu barədə yalnız Səbail rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 193418/18-16 15-10701 nömrəli müşayiət məktubu ilə Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsi daxil olduqdan (xx.xx.2018-ci il, d.o.No 16770) sonra məlumatlı olmuşdur. Müdafiə Nazirliyinin sorğusu əsasında qətnamə rəsmi olaraq xx.xx.2018-ci il tarixdə iş üzrə cavabdehə təqdim edilmişdir. Səbail rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1020/2002 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətinin buraxılmaması müəyyən edilmiş və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7093/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş materiallarında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müəyyən olunmadığından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiyası məhkəməsinə göndərilmişdir. Qərardadda “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi”nə dair Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə Əlavəyə müvafiq itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi hüququ tərəfə izah edilməsi barədə göstəriş əks olunmuşdur. Müdafiə Nazirliyinin nümayəndəsinin Səbail rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 11/5192 nömrəli ərizəsinə əsasən 2-1020/2002 saylı itirilmiş məhkəmə icraatının bərpasına dair qətnamənin çıxarılması xahiş olunmuşdur. Lakin ərizəni icraatına qəbul etmiş Səbail rayon Məhkəməsinin hakimi İ.Rüstəmli mülki-prosessual qanunvericiliyin istinad olunan tələblərinə zidd olaraq, 2-1020/2002 saylı itirilmiş məhkəmə icraatının bərpasına dair qətnamənin və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadın qəbul edilməsi əvəzinə Müdafiə Nazirliyinə ünvanlandığı xx.xx.2019-cu il tarixli, 2(009)-1020/2002 nömrəli məktubunda normanı şərhi və “Səbail rayon Məhkəməsinin icraatında olmuş 2(009)-1020/2002 saylı mülki iş üzrə iş materialları saxlama müddətinin ötməsi ilə əlaqədar ləğv edilmişdir” sözlərin əks edilməsi ilə kifayətlənmişdir. Göstərilənləri nəzərə alaraq maraqlı şəxs 2-1020/2002 saylı itirilmiş məhkəmə icraatının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin etibarnamə əsasında nümayəndəsi X1 ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs İddiaçı Məmməd oğlu öz izahatında göstərmişdir ki, qətnamə 2002-ci ildə qəbul edilsə də, bu günədək icra olunmamışdır. Müdafiə Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti vermək istəyir. O şikayətə apellyasiya qaydasında baxılmasını istəyir. Mülki iş bərpa olunmadan şikayətin apellyasiya məhkəməsinə göndərilməsi mümkün deyil. bu səbəbdən məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə İddiaçı Məmməd oğlunun iddia ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli qərarının, xx.xx.2000-ci il tarixdə hərbi qulluqçular sırasından təxris olunmuş ehtiyatda olan ədliyyə polkovniki İddiaçı Məmməd oğluna şamil edilməsi,həmin qərara müvafiq olaraq 1998-ci ilin iyunundan xx.xx.2000-ci il tarixə kimi vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılması, Azərbaycan Respublikası MN-dən 11000 manat məbləğində dövlət xeyrinə dövlət rüsumunun alınması qət edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi məlumat üçün tərəflərə göndərilmiş, lakin qətnamənin iddiaçı və cavabdeh tərəfindən alınması barədə heç bir sənəd yoxdur. İş üzrə Səbail rayon Məhkəməsinin Səbail rayon MN və Mİ Şöbəsinə göndərilmiş məktubundan görünür ki, Səbail rayon Məhkəməsinin 2-1020/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Səbail rayon MN və Mİ Şöbəsinə xx.xx.2002-ci il tarixdə imza olunmaqla təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məmməd oğlu xx.xx.2018-ci il tarixdə ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edərək, Səbail rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli 2- 1020/2002 saylı qətnaməsinin icraya yönəldilməsi barədə göstəriş verilməsini xahiş etmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1020/2002 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səbail rayon Məhkəməsinə müraciət edərək, Səbail rayon Məhkəməsi tərəfindən xx.xx.2002-ci il tarixdə qəbul olunmuş qətnamənin mövcudluğundan 16 il keçməsinə baxmayaraq Müdafiə Nazirliyində hər hansı məlumat olmadığından həmin qətnamənin rəsmi qaydada Müdafiə Nazirliyinə göndərilməsini xahiş etmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2- 1020/2002 saylı qətnaməsi xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmiş və Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə məhkəməyə apellyasiya şikayəti daxil olmuşdur. İş üzrə Səbail rayon Məhkəməsinin 2-1020/2002 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-1020/2002 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmaması müəyyən edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7093/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş materiallarında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müəyyən olunmadığından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1020/2002 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1020/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Saxlanılmalı olmayan məhkəmə sənədlərinin məhv edilmək üçün ayrılması” haqqında akta əsasən Səbail rayon Məhkəməsinin 2000-2010-cu illər üzrə saxlama müddəti keçmiş mülki işləri məhv edilmiş, həmin işlər üzrə isə qətnamə və qərardadlar çıxarılıb qovluqda saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2- 1020/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsi ilə İddiaçı Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi tələbinə dair iddia tələbi təmin edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2-1020/2002 saylı mülki iş məhv edilmiş və yalnız çıxarılmış məhkəmə qətnaməsi saxlanılmışdır. Həmin qətnamə təkrar icraya yönəldikdən sonra iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti əsasında məhv olunmuş mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin 2-1020/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsindən AR Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarında mülki iş bərpa olunmadan apellyasiya şikayətinə baxılmasının mümkün olmadığı göstərilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə AR Müdafiə Nazirliyinin apellyasiya şikayəti geri qaytarılmışdır. AR Müdafiə Nazirliyi tərəfindən itirilmiş məhkəmə icraatının bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əlavəsində «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» proseduru nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəlləsində saxlama müddəti keçdiyinə görə məhv edilmiş icraatın bərpa edilməsi proseduru isə nəzərdə tutulmamışdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında xüsusi vurğulanmışdır ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyriəmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır.Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, belə hüquq normasının olmaması işin baxılmasından imtina edilməsinə səbəb ola bilməz və MPM-nin «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» bölməsinin müddəaları anologiya üzrə tətbiq edilməlidir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 10-cu bəndində qeyd olunur ki, itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə xitam verilməsinə dair qəradadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, İddiaçı Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi tələbinə dair iddiası üzrə Səbail rayon Məhkəməsində baxılmış 2-1020/2002 saylı iş üzrə məhv edilmiş (itirilmiş) icraat bərpa olunmalı və məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-1020/2002 nömrəli mülki iş üzrə məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilsin. Həmin iş üzrə İddiaçı Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi tələbinə dair iddiasının təmin olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli qərarının, xx.xx.2000-ci il tarixdə hərbi qulluqçular sırasından təxris olunmuş ehtiyatda olan ədliyyə polkovniki İddiaçı Məmməd oğluna şamil edilməsi, həmin qərara müvafiq olaraq 1998-ci ilin iyunundan xx.xx.2000-ci il tarixə kimi vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılması, Azərbaycan Respublikası MN-dən 11000 manat məbləğində dövlət xeyrinə dövlət rüsumunun alınması barədə xx xxx 2002-ci il tarixli qətnamənin qəbul edilməsi müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar