Məhkəmə qərarları › İş №2(009)-1540/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1540/2020

21.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1540/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı və onun vəkili oğlunun, Cavabdeh "Cavabdeh" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin nümayəndəsi oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 102b saylı əmrin ləğv edilməsi, Cavabdeh MMC-nin 4 saylı Poçt Filialının müştəri xidmətləri şöbəsində “əməliyyatçı” vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında mövcud Əmək müqaviləsinə əsasən xx xxxxxx 2011-ci il tarixdən Cavabdeh MMC-nin 4 saylı Poçt Filialına işə qəbul olunmuşdur və əmək müqaviləsinə xitam verildiyinə kimi son olaraq “müştəri xidmətləri şöbəsinin əməliyyatçısı” vəzifəsində çalışmışdır. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 102b saylı Əmrinə əsasən onunla mövcud əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İşdən azad olunmağı barədə əmr aşağıda göstərilən dəlillərə görə qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir. Belə ki, işlədiyi müddət ərzində əmək fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən ona heç bir irad olmamışdır. Əksinə işlədiyi bütün müddətlər ərzində keyfiyyətli işləri ilə seçildiyinə görə ona “əməliyyatçı sertifikatı” verilmiş, əlavə pul ödənişləri ilə mükafatlandırılmışdır. Onunla mövcud əmək müqaviləsinə bir tərəfli qaydada xitam verilməsinə əsas kimi cavabdeh tərəfindən etik davranış qaydalarını və daxili nizamintizam tələblərini pozaraq, sosial şəbəkədə işə götürənin qanuni mənafeyinə xələl gətirən davranışa yol verdiyinə istinad etmişdir. Cavabdehin göstərdiklərinin heç bir əsası olmayan, onun işdən çıxarılmağı üçün qanuni əsası olmayan, bəhanə olmaqla tam şəkildə ona qarşı qərəzli davranışdır. Digər tərəfdə onunla mövcud əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas hesab edilə bilməz. Belə ki, işçi ilə mövcud əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulduğu kimi hallar mövcud olmalıdır. Göründüyü kimi Əmək qanunvericiliyin qeyd edilən normaların tələbində “etik davranış qaydalarını və daxili nizam-intizam tələblərini pozmaq” kimi dəlillər mövcud deyildir. Digər tərəfdən əmrdə qeyd edilən “işə götürənin qanuni mənafeyinə xələl gətirən davranışa” gəlincə, bu hal adı çəkilən 72-ci maddənin “e” bəndində nəzərdə tutulmuşdur. 72-ci maddənin “e” bəndinə əsasən işçi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə bir başa hərəkətlərə yol verməlidir. Lakin cavabdeh onun mənafeyinə ciddi xələlin nədən ibarət olduğunu, həmçinin istinad etdiyi halların əmək fəalyyəti ilə bağlı olduğunu və işdə olduğu zamanı edildiyini açıqlamır. Ona görə ki, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən istinad etdiyi “sosial şəbəkədə yayımlanan” hal ümumiyyətlə onun əmək fəaliyyəti ilə bağlı deyildir, iş zamanı yayılmamışdır və ən əsası bunun onunla heç bir əlaqəsi olmamışdır. Belə ki, o, rəfiqəsi ilə eyni maşında gedərkən, onunla zarafatlaşıb və gülmək üçün bunu telefonla çəkmişdir. Daha sonra isə özü də bilməyərəkdən, həmin video sosial şəbəkədə yayılmışdır. Birincisi, həmin paylaşılan mövzuda cavabdehin və ya başqasının mənafeyinə xələl gətirə biləcək bir amil yoxdur. Digər tərəfdən bunun onunla heç bir əlaqəsi olmamış və tərəfindən törədilməmişdir. Bununla bağlı izahatları alınmış və baş verilənlər cavabdehə tam şəkildə aydın olmuşdur. Lakin, cavabdeh qeyd olunanları qanuna uyğun deyil, bəhanə kimi istifadə edərək, ona qarşı qərəzli mövqedə çıxış etmişdir. Bundan başqa əmrin məzmunundan görünür ki, onunla mövcud əmək müqaviləsinə xitam verilməsi üçün Həmkarlar Komitəsinin protokolu olmuşdur. Qeyd edir ki, Həmkarlar komitəsinin protokolu olması üçün sonuncu bu barədə iclası keçirilməlidir. Həm də məsələ onunla bağlı olduğundan iştirakı üçün iclas barədə məlumatlandırılmalı idi. Lakin bununla bağlı ona heç bir məlumat verilməmişdir və ümumiyyətlə bu barədə iclas keçirilməmişdir. Həmçinin xatırladır ki, qeyd olunan “sosial şəbəkədə yayılan” bir başa onun tərəfindən törədilsəydi belə, bu onunla mövcud əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi üçün əsas ola bilməzdi. Çünki cavabdeh tərəfindən əmrin əsası kimi istinad edilən halların heç biri Əmək Məcəlləsinin 70-ci maddəni “ç” bəndi və ya 72-ci maddədə nəzərdə tutulmuş normaların tələbləri altına düşmür. Bu baxımdan da hesab edir ki, qanunla ona verilən əmək hüququ cavabdeh tərəfindən qəsdən qərəzli şəkildə pozulmuşdur və bu aşkar pozuntunun aradan qaldırılması üçün hərəkətsizlikdə davam etdiyindən, məsələni məhkəmə qaydasında həll etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili oğlu izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. Hadisədən sonra polis əməkdaşları onu bölməyə dəvət ediblər. Pandemiya şəraitinə görə heç içəriyə belə dəvət olunmayıb. İdarənin girişində sadəcə bir iki sual verilib. Rəfiqəsi buna görə cəzalanıb, amma, iddiaçıya heç bir cəza tətbiq olunmayıb. Sorğudan da görünür ki, iddiaçı karantin müddəti ərzində heç bir inzibati məsuliyyətə cəlb olunmayıb. Hadisənin olduğu gün iş günü deyil, istirahət günü idi. Sosial şəbəkədə yayılmış videonu iddiaçının özü çəkməyib və yayılması üçün paylaşılmayıb. Lakin, sonraki gün rəis müavini iddiaçını dəvət edib və danlayıb. Onun otağından çıxdıqdan sonra iddiaçıya izahat yazdırılıb. Sonda isə əvvəlcədən heç bir xəbərdarlıq olunmadan işdən 70 ci maddənin “ç” bəndi ilə iddiaçını işdən azad ediblər. Halbuki, işlədiyi müddət ərzində iddiaçının heç bir səhvi olmayıb, əksinə, mükafatlar alıb. 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılma gənc bir xanım üçün qəbul olunmazdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmirlər. Fakt odur ki, iddiaçı poçtun adını hallandırıb. İnzibati tənbeh olunmasa da, nüfuzuna xələl yetirib. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC 02-05/299 saylı, xx xxx 2017-ci il tarixli əmrdən görünür ki, İddiaçı 4 saylı Poçt filialının müştəri xidmətləri şöbəsinə xx xxx 2017-ci il tarixdən əmək haqqı 170 manat olmaqla, müddətli əmək müqaviləsi ilə əməliyyatçı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 102b nömrəli əmrin surətində Cavabdeh MMC-nin 4 saylı Poçt filialının müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi qeyd edilmiş, əsas kimi isə 4 saylı PF-nın xx.xx.2020-ci il tarixli PMX-11/287 nömrəli təqdimatı, Həmkarlar Komitəsinin Protokolu və aidiyyəti izahat göstərilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş (sorğunu təqdim etmiş şəxs vasitəsilə) 055- 13987-1220 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə İddiaçı barəsində Xəzər RPİ-si tərəfindən karantin qaydalarının pozmasına dair inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Hazırkı işdə əmrin verilməsinə əsas kimi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə İddiaçı tərəfindən qaydaların pozması, İdarənin nüfuzuna xələl gətirməsi göstərilmişdir. Bu əsasa görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə istinad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin digər yarımbəndləri ilə yanaşı f) yarımbəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə hesab edir ki, əmrin verilməsinə səbəb olmuş hallar, İddiaçı 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılmasına əsas ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə baş vermiş hadisədə S.Quliyevanın təqsirli olması qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən, həmin hadisədə İddiaçı təqsirli bilinərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi qanunsuzdur. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Belə olan halda, məhkəmə, hesab edir ki, iddiaçının işdən azad edilməsinə dair xx.xx.2020-ci il tarixli, 102b nömrəli əmri əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən həmin əmr ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nin 4 saylı Poçt Filialının müştəri xidmətləri şöbəsində “əməliyyatçı” vəzifəsinə işə bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 102b saylı əmri ləğv edilsin. İddiaçı işlədiyi Cavabdeh MMC-nin 4 saylı Poçt Filialının müştəri xidmətləri şöbəsində “əməliyyatçı” vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar