Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1564/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti qeyd edilməklə) qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəqiqləşmə ərizəsi verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətini üçüncü şəxs kimi qeyd edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 17 fevral 2018-ci il tarixdən 17 fevral 2019-cu il tarixədək (müddətli) Cavabdeh1 MMC-də menecer səyahət vəzifəsində işləmişdir. Sonuncu iş günü 17 fevral 2019-cu il tarix olsada bu günədək o sistemnən çıxarılmayıb. Cavabdeh1 MMC-nin rəhbəri xarici ölkənin vətəndaşdır, hal-hazırda Respublikada yoxdur. Bu səbəbdən sistemdən çıxa bilmir. Hal-hazırda işsizdir, nə edəcəyini bilmir. İşdən azad olmağı ilə əlaqədar kimə müraciət edir, ona kömək edən yoxdur. İşlədiyi müddətdə əmək haqqı almamışdır. Müraciətinə cavabdeh Azərbaycan Respublikasının ƏƏSMN yanında X2 Xidməti 09 iyun 2023-cü il tarixdə cavab verərək, göstərmişdir ki, adınıza aktiv əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın surətindən görünür ki, Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 2 olmaqla xx.xx.2018-ci il tarixdə qanuni təmsilçi Rushabh Shah olmaqla qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən çıxarılmış bildirişdən görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə bir illik əmək müqaviləsi bağlanmış və o, Cavabdeh1 MMC-də menecer, səyahət agentliyi vəzifəsinə işə götürülmüşdür. Müqavilənin bitmə tarixi xx.xx.2019-cu il tarixi göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda məlum edirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi iiə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İş materiallarına əlavə olunmuş Səbail rayon Məhkəməsinin 2(009)-1771/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1988-cü il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Shah Rushabhin xx.xx.2018-ci il tarixdə ölkə hüdudlarından kənara çıxarılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1988-cü il təvəllüdlü Shah Rushabhin xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini tərk etmiş və bir daha qayıtmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMCnin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 2 olmaqla xx.xx.2018-ci il tarixdə qanuni təmsilçi Rushabh Shah olmaqla qeydiyyata alınmış, İddiaçı ilə Cavabdeh1 MMC arasında 17 fevral 2018-ci il tarixdən 17 fevral 2019-cu il tarixədək əmək müqaviləsi bağlanılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sisteminə daxil edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.1988-cü il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Shah Rushabhin xx.xx.2018-ci il tarixdə ölkə hüdudlarından kənara çıxarılmış və bir daha qayıtmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 2, qanuni təmsilçi Rushabh Shah olmaqla xx.xx.2018-ci il tarixdə qeydiyyata alınması ilə yanaşı həmçinin hüquqi şəxsin qanuni təmsilçisi Rushabh Shahın xx.xx.2018-ci il tarixdə ölkə hüdudlarından kənara çıxarılması və cavabdeh MMC-nin hazırda faktiki olaraq fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı onunla Cavabdeh1 MMC arasında bağlanmış 17 fevral 2018-ci il tarixli, müddətli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməyə cəhd etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-ci hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 35-ci maddəsinin İİİ-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 17 fevral 2018-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 17 fevral 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1564/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1564/2023
04.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver