Məhkəmə qərarları › İş №2(009)-1572/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1572/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1572/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Xələfova (Zeynalova) Selbin İlqar qızına qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xələfova (Zeynalova) Selbin İlqar qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti Aparatı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqları qeydiyyat İdarəsinin reyestr kitabında 295 səhifə 42754 qeydəalma, No 30/42754 xx.xx.1994-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Oğlu X3 xx.xx.2013-cü ildə Xələfova (Zeynalova) Selbin İlqar qızı ilə nikah bağlayaraq ailə qurmuş və Selbin gəlin kimi onun evinə köçərək qeydiyyata düşmüşdür. X4 arasında münasibətlər pozulandan sonra, xx.xx.2016-cı il tarixdə gəlin könüllü olaraq öz əşyaları götürüb onun evindən getmişdir və həmin vaxtdan atasının yaşadığı ünvan 3 mənzil 65 ünvanında yerləşən yaşayış sahəsinə köçüb bu günədək orada yaşayır. Bundan sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahın pozulmasını tələb etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-411/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hal hazırda Xələfova (Zeynalova) Selbin İlqar qızı onun xüsusi mülkiyyətində olan evə qeydiyyata alınsa da, bu evdə yaşamır, atasının evində yaşayır, onun bu evdə heç bir əşyası yoxdur və o, cavabdehin əvəzində artıq kommunal xərclər ödəyir. Cavabdehə evdən qeydiyyatdan çıxmaq barədə təkliflər etsə də, Selbin bildirir ki, bu onun problemi deyil. Xələfova (Zeynalova) Selbin İlqar qızının onun evində qeydiyyatda qalması onun xüsusi mülkiyyət hüququnu pozur. Buna görə də onun qeydiyyatdan çıxarılmasından ötrü yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.Göstərilənləri nəzərə alaraq iddiaçı Xələfova (Zeynalova) Selbin İlqar qızının ünvan 1 mənzil 2-də yerləşən və onun xüsusi mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlə onun arasında mənzilin istifadə qaydaları tənzimləyən hər hansı razılaşma bağlanmamışdır. Cavabdeh Xələfova (Zeynalova) Selbin İlqar qızı nikaha daxil olandan sonra onun mülkiyyətində olan evə qeydiyyata alındıqdan bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, cavabdeh Xələfova (Zeynalova) Selbin İlqar qızının iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ rəsmi nikah münasibətinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin onun oğlu İlhamla cavabdeh arasında nikah münasibətlərinə xitam verilməsi onunla mənzil mülkiyyətçisi kimi Xələfova (Zeynalova) Səlbin İlqar qızı arasında olan ailə münasibətlərinə xitam verilməsinə səbəb olmuşdur. Cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi və yarandığını və bu hüquqa həmin nikah münasibətlərin pozulması ilə də xitam verildiyini, cavabdehin onun ailə üzvü artıq sayılmadığını və eyni zamanda aralarında mənzilin istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzildən istifadə etməsinin hər hansı hüquqi əsası qalmamışdır. Cavabdeh Xələfova (Zeynalova) Səlbin İlqar qızının onun xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsinə dair istifadə hüquqlarının olmamasının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Xələfova (Zeynalova) Selbin İlqar qızının xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsinə dair istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Xələfova (Zeynalova) Selbin İlqar qızı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış teleqramda iddia ilə razı olmasını, etiraz etməməsini göstərmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ididaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhər icra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş kserosurətinə əsasən Bakı şəhəri, Azərbaycan prospektində yerləşən 28 saylı evin 2 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-411/2020 saylı qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında Bakı Nikah Evi Səadət Sarayında xx.xx.2013-cü il tarixdə bağlanmış və 1540 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 iddiaçı (anası) Cavabdeh yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X1 hər ay qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş üzrə “Elektron Məhkəmə” Sistemi tərəfindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən 28 saylı evin 2 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 28 saylı evin 2 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə cavabdeh iddiaçının oğlunun keçmiş həyat yoldaşıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının oğlu İlham Xələfov ilə Cavabdeh (Zeynalova) arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanılmış və həmin nikah Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzilə ailə münasibətlərinə daxil olduqdan bir müddət sonra qeydiyyata düşmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin mülkiyyətində olan mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR MPM-nin 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qüvvədə olan AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən «gəlin» mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. Çünki qaynananın və gəlinin ailə qanunvericiliyin tələblərinə əsasən özlərinin saxlanılması üçün bir-birinə qarşı alimentin tutulması ilə bağlı tələb irəli sürmək hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının oğlu ilə cavabdeh xx.xx.2013-cü il tarixdə ailə həyatı qursalar da və cavabdeh mübahisəli mənzilə qeydiyyata alınsa da, o ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etməmişdir. Mənzil üzrə qeydiyyatın hər hansı hüquqi nəticəsi yoxdur və qeydiyyat mənzilə məhdud əşya hüququnun - istifadə hüququnun əmələ gəlməsinə əsas hesab edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, qanunun müddəalarından göründüyü kimi, qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyindən və mənzil qanunvericiliyin tələblərinə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün, o evin mülkiyyətçisinin ailə üzvü olmalıdır. Lakin cavabdeh evin mülkiyyətçisi olan iddiaçıya münasibətdə onun ailə üzvü olmadığından (gəlin ailə üzvü hesab olunmadığından) və onun həmin mənzilə istifadə hüquqları yaranmadığından, həmçinin cavabdehin qeydiyyatı mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, bu hal mülkiyyətçinin ərizəsi əsasında cavabdehin mübahisəli mənzilə qeydiyyatının ləğv edilməsi üçün əsas kimi çıxış edə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun tələblərinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması mülkiyyətçinin razılıq ərizəsi əsasında həyata keçirilir. Belə olan halda şəxsin mübahisəli mənzilə istifadə hüququ yaranmadığı halda, onun həmin mənzilə qeydiyyatı mülkiyyətçinin ərizəsi əsasında da ləğv edilə bilər. Hazırki iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilməsi ilə bağlı tələbin qaldırılması, cavabdehin qeydiyyatının ləğvi məqsədindən irəli gəlir. Lakin şəxsin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil (bu səlahiyyət müvafiq icra hakimiyyətinə məxsusdur). Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, bu hal cavabdehin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Xələfova (Zeynalova) Selbin İlqar qızının Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (indiki Z.Əliyeva küçəsi) yerləşən 28 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə Xələfova (Zeynalova) Selbin İlqar qızının Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (indiki Z.Əliyeva küçəsi) yerləşən 28 saylı evin 2 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar