Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1576/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara dəymiş zərərin əvəzi olaraq 7400 manat məbləğində pulun Cavabdehndən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh "Texmarin” LTD MMŞ-nin baş direktoru X5 ilə qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanmışdır. Bu müqavilələrə əsasən onlar sifarişçi olan cavabdeh “Texmarin” LTD MMŞ-nin baş direktoru X2 tələbi ilə sifarişçinin "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə 01 may 2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Günəşli gəmisində gəminin elektrik işlərini həyata keçirməli idilər. Bu işlərin görülməsinin ümumi məbləği 12 000 (on iki min) manat təşkil edir. Bu işlərə müxtəlif elektrik işləri aiddir: bütün elektromotorlar, generatorlar, işıqlandırma sistemləri, 220 və 240 Volt APS və KSO sistemi, Mərkəzi paylayıcı sisteminin və bütün işıq sistemlərinin təmiri və yuyulması. Bu işlərin görülməsinin əvvəlində onlara 5000 manat məbləğində vəsait ödənilmişdir. Bu vəsait onların hesablarına köçürülmüşdür. 2024-cü ilin yanvar ayında isə onlara 800 manat məbləğində pul nağd şəkildə verilmişdir. Bundan sonra isə hələ də ödənilməli olan məbləğ 6200 manat təşkil edirdi. Hələ də müqavilələr üzrə cavabdeh "Texmarin” LTD MMŞ-nin baş direktoru X5 onlara 6200 manat ödəməli olsa da, şirkətin sahibi Həsənov Həsən onlara yalnız 2000 manat verəcəyini bildirir. Bundan əlavə “Ələt beynəlxalq ticarət Limanı”nda yerləşən “Marko Polo” gəmisində də işlər görülmüşdür. Burada da fərqli üç sahəsi müxtəlif elektrik işləri görülmüşdür. Bu işlərin əsl dəyəri 2000 manat olsa da, bu işlərin görülməsi 1200 manata razılaşdırılmışdır. Lakin bu məbləğ də onlara ödənilməmişdir. Nəticədə, “Texmarin” LTD MMŞ-nin baş direktoru X5 onlara gördükləri işlər müqabilində ümumi olaraq 7400 manat ödəməlidir. Bütün bunları onlarla bağlanan müqavilələr də tam olaraq sübut edir. Həsənov Həsən bu məbləği onlara gördükləri işlər qarşılığında verməlidir. O bu işlərin görülməsindən əvvəl onlara bu məbləğlərin ödəniləcəyi ilə bağlı tam təminat vermişdi. Lakin işlərin görülməsindən sonra onlara bu məbləğlərin ödənilməyəcəyini dedi. Halbuki işlərin görülməsi üçün öncədən onlarla yaxınlıq qurmuş və özünə inandırmışdı. Bunun məqsədi isə sonradan görüləcək işlərin müqabilində ödənişin onlara əskik ödənilməsi olmuşdur. Bütün bunlardan da görünür ki, cavabdeh əvvəlcədən razılaşdıqları məbləği qəsdən onlara ödəməmişdir. Halbuki onlar razılaşdıqları kimi öz öhdəliklərini yerinə yetirmişlər. Nəticədə onlar aralarında bağlanan müqavilədə nəzərdə tutulmuş öhdəliklərini tam şəkildə yerinə yetirsələr də, cavabdeh öz öhdəliyini icra etməmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, iddi tələbində göstərilənlərə uyğun izahat verərək eləcə də bildirmişdir ki, cavabdehlə onun arasında bağlanmış 02 may 2023-cü il tarixli müqavilə onda olmadığına görə məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, cavabdeh Günəşli gəmisində gəminin elektrik işlərini həyata keçirilməsi ilə bağlı eyni şərtlərlə onunla da müqavilə bağladığını inkar etməmişdir. Müqavilədə ona 6.000 manat ödəniləcəyi göstərilmişdir. Lakin ona bank vasitəsilə 2500 manat, nağd olaraq isə 400 manat olmaqla, ümumilikdə 2900 manat məbləğində pul ödənilmişdir. Bundan sonra sifariş verilmiş kabellər onlara gec gətirildi. O da Rasimlə həmin müddətdə məcbur olaraq işi görə bilmirdilər. Ümumilikdə gəmidə olan 2 punkt üzrə problemləri onlar təhvil vermədilər. Gəmidə görülən işlərdə gecikmələr onlardan asılı olmayan səbəblərdən olurdu. Gəmidə onların görə bilmədiyi işi yerinə yetirmək üçün Soltan adlı şəxsi dəvət etdilər və onların görə bilmədiyi işi Soltan həll etdi. Lakin Soltanın gəmidə gördüyü iş böyük vaxt və xərc təhvil edən iş deyildi. Gəmidə olan əsas işləri onunla Rasim birlikdə görmüşdülər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, iddi tələbində göstərilənlərə uyğun izahat verərək eləcə də bildirmişdir ki, cavabdehlə onun arasında Günəşli gəmisində gəminin elektrik işlərini həyata keçirilməsi ilə bağlı bağlanmış 02 may 2023-cü il tarixli müqavilə müqavilə vardır. Müqavilədə ona 6.000 manat ödəniləcəyi göstərilmişdir. Lakin ona bank vasitəsilə 2500 manat, nağd olaraq isə 400 manat olmaqla, ümumilikdə 2900 manat məbləğində pul ödənilmişdir. Gəmidə görülən işlərin çox hissəsini İddiaçı1 ilə o görmüşdür. Gəmidə olan 2 iş başqa bir usta tərəfindən görülmüşdür. Gəmidə olan generatora görə onların işləri yarım qalırdı. Çünki generator işləməli idi ki, onlar öz işlərini görə bilsinlər. Həmçinin onlara lazım olan ləvazimatlar vaxtında alınmırdı. Hətta o özü rəhbərliyə də təklif edirdi ki, pul versinlər o özü gedib həmin şeyləri alsın. Sifariş verilmiş kabellər onlara gec gətirildi. Onlar da həmin müddətdə məcbur olaraq işi görə bilmirdilər. Gəmidə görülən işlərdə gecikmələr onlardan asılı olmayan səbəblərdən olurdu. Generator onlar tərəfindən sökülüb, aparılıb sexə, yuyulub sonra gətirilib gəmiyə. Sadəcə generatorun içində olan kabellərdə problem olub ki, onlar onu düzəldə bilmədilər və bu səbəbdən də işi tam təhvil verə bilmədilər. Ümumilikdə gəmidə olan 2 punkt üzrə problemləri onlar təhvil vermədilər. Gəmidə olan 2 punkt üzrə problemi Soltan adlı şəxs gördü. Lakin Soltanın gəmidə gördüyü iş böyük vaxt və xərc təhvil edən iş deyildi. Gəmidə olan əsas işləri onunla Kənan görmüşdü. Lakin müdiriyyət onlara söz verdiyi kimi, görülmüş işlərə görə vaxtlı vaxtında pulu vermədiyinə görə, ona etibarları qalmamışdı. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdehlə iddiaçılar araslında bağlanmış xx.xx.2023-cü il tarixli №TM-FŞ-BBDTL-QR-01/23 saylı müqavilələrə əsasən Günəşli gəmisində dəyəri 12000 manat olan elektrik işləri görülməli idi. İşlərin görülməsi üçün iddiaçılara əvvəlcə bank vasitəsilə 5000 manat, sonra isə nağd olaraq 800 manat ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli №TM-FŞ-BBDTL-QR-01/23 saylı müqavilənin 3.1-ci bəndinə əsasən həmin müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər tam və vaxtında yerinə yetirildikdən sonra Sifarişçi təyin olunmuş məbləği İcraçıya ödəyir. Görüləcək işlər (xidmətlər) iddiaçılar tərəfindən tam formada vaxtında yerinə yetirilməmiş və təhvil-təslim aktlarına uyğun olaraq təhvil verilməmişdir. Belə ki, iddiaçıların görə bilmədiyi işi cavabdeh tərəfindən dəvət edilmiş başqa bir işçi yerinə yetirmişdir. Ona görə də, iddia tələbi əsassız olduğundan, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahid X1 ifadəsində göstərmişdir ki, o, Beynəlxalq Bakı Dəniz Limanı “Günəşli” gəmisində baş mexanik işləmişdir və hal-hazırda da işləyir. İddiaçıları keçən ildən tanıyır. İddiaçıların gördükləri işlərə o nəzarət etmişdir. Onlar gəmidə olan problemləri aradan qaldırıb ona təhvil verirdilər. Gəmidə olan işıqlandırma işlərini də iddiaçılar görmüşlər. Gəmidə olan bəzi işlər iddiaçıları tərəfindən yerinə yetirilmədiyinə görə Soltan adlı şəxs həmin işi gəlib görmüşdür. Ümumilikdə isə əsas işlər Kənan və Rasim tərəfindən görülmüşdür. Hal-hazırda da gəmi işləyir heç bir problem yoxdur. Generator sexdə təmir olunub gətirilib qoyulmuşdu iddiaçılar tərəfindən, sadəcə generatordan cərəyan getmirdi. Lakin iddiaçılar onun səbəbini tapa bilmirdilər. Soltan bir müddət gəlib gedəndən sonra generatorda kabellərin yerini dəyişəndən sonra problem həll olundu. Soltanın gördüyü işi iddiaçılar həll edə bilməmişdilər. Soltan tərəfindən görülən iş çox xərci olan bir iş deyildi. Soltan işi görəndən sonra çıxıb getdi və o, hazırda xaricdədir. İddiaçılar yalnız 3 problemi həll edə bilmədilər. İşlər təhvil verilərkən şifahi formada olmuşdur. İşlər tam təhvil veriləndə təhvil-təslim aktı tərtib olunmamışdı. Qaralama dəftər var idi, qeydlər orada aparılmışdı. Görülən işlərlə bağlı onun tərəfindən heç bir narazıçılıq olmamışdır. Gəmidə olan əsas işləri iddiaçılar görüblər. Məhkəmə iclasında dindirilən şahid X3 ifadəsində göstərmişdir ki, o, Tex Marin şirkətində iş icraçısı işləyir və hər iki iddiaçını 2018-ci ildən tanıyır. Günəşli gəmisində elektrik işlərini görürdülər. Hasosları aparıb təmir edib gətirmişdilər. Bəzi işləri tam yerinə yetirmişdilər, lakin bəzi işlər yarımçıq qalmışdı. O işləri Kənan və Rasim çalışsalar da, həll edə bilmədilər. Həmin görülməmiş işləri isə Soltan oğlu ilə gəlib həll etmişdi. İşlər tam görülməmişdi. Bəzi punktlar təhvil verilməmişdir. İşə vaxtında gəlmirdilər. Daha sonra da rəhbərlik ilə aralarında problem yarandı. Gəmidə olan problemlərlə əlaqədar ilkin olaraq qüsur aktı tərtib olunur. Daha sonra təmir işləri başlayır, sonda isə təhvil-təslim aktı tərtib olunur. Tam görülüb başa çatdırılmış işləri o iddiaçılardan təhvil almışdı. Yarımçıq qalmış işləri isə təhvil almamışdı. Soltan adlı şəxs görülməmiş işlərlə bağlı çağırıldı və o da oğlu ilə gəldi, oğlu da ona kömək eləyirdi, təxminən 1 həftə, 10 gün ərzində həmin yarım qalmış işləri həll etdi. Tənzimləyicini də Soltan düzəltdi. Müdiriyyət dedi ki, işinizi tam görün, təhvil verin, pulunuzu verək. İddiaçılar işi tam görsə idilər, belə bir vəziyyət alınmazdı. Məhkəmə iclasında dindirilən şahid X6 ifadəsində göstərmişdir ki, o, Atlas şirkətində elektirik işləyir, əvvəl isə sahil elektrik işləyirdi Tex Marin şirkətində, hər iki iddiaçını tanıyır. İddiaçılar ümümi gəmidə olan elektrik işini öz üzərlərinə götürmüşdülər, o da onlara kömək edirdi. İşlərin təhvil-təslimini o etmirdi. Onun işi iddiaçılara köməkdən ibarət idi. İşlər tam görülməmişdi. 3 iş qalmışdı ki, həmin işləri görə bilməmişdilər. Bəzi problemlər qalmışdı. Onlar nə qədər çalışsa da, həmin işləri görə bilmədilər. Soltan adlı işçi gəldi yarımçıq qalmış işləri həll etdi. Soltan işləyən zaman iddiaçılar da bir iki gün öz işlərini gördülər. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan 02 may 2023-cü il tarixli, TM-FŞ-BBDTL-QR-01/23 saylı müqavilədən aydın olur ki, İddiaçı2 ilə “Texmarin” LTD MMŞ kimi fəaliyyət göstərən baş direktoru X5 arasında müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin tələbi ilə Sifarişçinin "xxxx" QSC ilə 01 may 2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Günəşli gəmisində gəminin elektrik işlərini həyata keçirir (material sifarişçidən). Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin qiyməti qiymətlərin razılaşdarırılma protokolunda qeyd olunacaq. Müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər tam və vaxtında yerinə yetirildikdən sonra sifarişçi təyin olunmuş məbləği icraçıya ödəyir. İş materiallarında olan TM-FŞ-BBDTL-QR-01/23 saylı, 01 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, sifarişçi “Texmarin” LTD MMŞ və icraçı İddiaçı2 Günəşli gəmisində gəminin elektrik işlərinin qiymətinin 6000 manat məbləğində müəyyənləşdirilməsi barədə razılığa gəlmişlər. Təqdim olunmuş Azərbaycan Beynəlxalq Bankının hesabdan çıxarışlarından görünür ki, xx.xx.2023-cü il tarixli №TM-FŞ-BBDTL-QR-01/23 saylı müqavilələrə əsasən İddiaçı2 bank hesabına xx.xx.2023-cü il tarixdə 2000 manat və İddiaçı1 bank hesabına xx.xx.2023-cü il tarixdə 2000 manat köçürülmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvapfiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında tərəflərin izahatları, şahid ifadələri və iş üzrə digər sübutlarla müəyyən olundu ki, iddiaçılarla cavabdehlər arasında Günəşli gəmisində gəminin elektrik işlərini həyata keçirilməsinə dair müqavilə bağlanmış, tərəflər görüləcək işlərin qiymətinin 6000 manat məbləğində müəyyənləşdirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, göstərilmiş işlər tam və vaxtında yerinə yetirildikdən sonra sifarişçi təyin olunmuş məbləği icraçıya ödəyir. Bununla yanaşı, sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçılar müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirib sifarişçiyə təhvil verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçılar Günəşli gəmisində gəminin elektrik işlərinin həyata keçirilməsi ilə bağlı müqavilələrdə göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərlərinə göstərilmiş işlərin tam və vaxtında yerinə yetirilməsi üzrə və cavabdeh isə təyin olunmuş məbləği iddiaçılara ödəmək üzrə öhdəlik götürmüşlər. Bununla yanaşı, iddiaçılar tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməməmişdir. Belə olduğu təqdirdə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1576/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1576/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver