Məhkəmə qərarları › İş №2(009)-159/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-159/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-159/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi– maraqlı şəxs kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı, Sumqayıt Bələdiyyəsi və Sumqayıt şəhər İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın təsdiqinə” dair ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın təsdiqinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından alınmış arxiv çıxarışından görünən, xx.xx.1966-cı il tarixli 7 saylı protokolda adı X3 qeyd edilmiş şəxsin X2 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialından alınmış arxiv çıxarışından görünən, xx.xx.1966-cı il tarixli 7 saylı protokolun və protokolda qeyd edilən torpaq sahəsinin Tovraxanım Qədir qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Əmək Deputatları Sovetinin İcraiyyə Komitəsinin 18 mart 1966-cı il tarixli 7 saylı protokoluna əsasən Saray qəsəbəsində yerləşən 90 ha torpaq sahəsi X5 ayrılmışdır. Ərizəçi qeyd edilən sənəddə anasının adının düzəldilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən anası X1 digər sənədlərdə X3 qeyd edilmiş şəxslə eynilik təşkil etməsinin müəyyən edilməsi üçün birbaşa ərizə ilə məhkəməyə müraciət etmiş, daha sonra isə torpaq sahəsinin Tovraxanım Qədir qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanından görünür ki, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilmiş və rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetlərinin "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərməsi müəyyən edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 saylı Fərmanından görünür ki, həmin fərman ilə 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmiş, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri ləğv edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”dən görünür ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi– maraqlı şəxs kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı, Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi və Sumqayıt şəhər İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın təsdiqinə” dair ərizəsi ərizəçi tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən və hər hansı bir şəkildə imtina və ya digər cavab alınmadığından baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı, Sumqayıt Bələdiyyəsi və Sumqayıt şəhər İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın təsdiqinə” dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra (zərurət yarandığı halda) onun ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə, MPM-nə 2 saylı əlavəyə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar