Məhkəmə qərarları › İş №2(009)-1608/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1608/2023

27.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1608/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı – Cavabdeh MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "VR ZONE” MMC-dən son haqq-hesaba görə 540 (beş yüz qırx) manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 1134 (min yüz otuz dörd) manat və bu iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 110 (yüz on) manat, ümumilikdə 1784 (min yeddi yüz səksən dörd) manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM 45.1) İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1ə, iddiaçı mövcud iddia tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı – Cavabdeh MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar