Məhkəmə qərarları › İş №2(009)-1613/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1613/2025

04.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1613/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi M.B.Seyidovun, 3-cü şəxs H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin direktoru S.Y.Əliyevanın iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbi 3-cü şəxs qismində cəlb edilməklə) əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1967-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif işinin təşkilatçı metodist fakültəsinə qəbul olunub 1990-cı ildə oranı bitirmişdir. 2004-cü ildə Lənkəran Musiqi kollecinin nəzəriyyə ixtisası üzrə qəbul olub 2008-ci ildə oranı bitmişdir. Əmək fəaliyyətinə 1983-cü ildə Salyan şəhər Qulu Əsgərov adına uşaq musiqi məktəbində nəzəriyyə müəlliməsi kimi fəaliyyətə başlamışdır. 2011-ci ildən Bakı şəhər 7 saylı H.Sarabski adına UMM-də nəzəriyyə müəllimi kimi işə başlamışdır. Məktəbdə işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar hər hansı nizamintizam məsuliyyətinə cəlb edilməmişdir. İşə əlavə olunmuş xasiyyətnamədən də göründüyü kimi pedaqoq kimi işini bacarıqla idarə edir, bir müəllim kimi şagirdlərinin təlim-tərbiyəsində əməyini əsirgəmir. İşlədiyi müddətdə diplom və təşəkkürnamə ilə təltif olunmuşdur. Bu ilin mart ayında təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsəd ilə məktəbdə keçirilmiş attestasiyada iştirak etmişdir. Elə bütün problemlər də məhz bundan sonra başlamışdır. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaların 1.2 bəndinə əsasən Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya barədə ona bir gün qalmış məlumat verilmiş və səhəri günü attestasiya olunmuşdur. O, uzun müddətdir ki, şəkər xəstəliyin ən yüksək stadiyası ilə müalicə olunur. Hər il xəstəxanalarda müalicə alır, dərmanlarla yaşayır. O, tənha qadındır, taleyi elə gətirmişdir ki, hər iki övladı cavan yaşda faciəli şəkildə vəfat edib. Heç yerdən əlavə gəliri yoxdur, müəllimlikdən aldığı əmək haqqı ilə dolanır. O, 41 ildir ki, müəllimə işləyir, təşəkkürnamələr almışdır, işində nöqsan olmamışdır. Attestasiyanın ani olaraq qısa vaxt ərzində keçirilməsi və hansı mövzudan sualların düşəcəyini bilmirdi. Bildiklərini danışmış, hesab edir ki, attestasiya şərtlərinə cavab vermişdir, ola bilər ki, cavabları komissiya üzvlərinin tələb etdiyi formada olmasa da ümumilikdə cavabları müsbət olub. Lakin xx.xx.2025-ci il tarixində Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Samirə Əliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilməklə 81 saylı əmri ilə (əsas: 07 mart 2025-ci il tarixində keçirilmiş Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının Qərarı) o, tutduğu vəzifədən azad edilmişdir. Bildirmək istəyir ki, o, qeyd olunan Qərar ilə razı deyil və hesab edir ki, xx.xx.2025ci il tarixli, 81 saylı əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, Əmrdə yazılmışdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçidən həmin maddənin 1-ci hissəsinin təsirinə düşmüş hallarla bağlı sənəd təqdim edilməsi tələb edilsə də təqdim etməmiş və bu barədə Akt tərtib edilmişdi. Birincisi, 2019-cu il tarixindən məktəbə işçinin şəkərli diabetlə mütəmadi müalicə alması barədə sənəd təqdim edilib. Bütün məktəb və onun rəhbərliyi məlumatlıdır. Eyni zamanda attestasiya keçiriləndən əvvəl də işçi tərəfindən rəhbərliyə şəkərli diabet olması barədə bir daha məlumatlandırılmış və ona məktəb direktoru tərəfindən bildirilmişdir ki, bu barədə onlar və baş idarə məlumatlıdır, “sizin attestasiyada iştirakınız tələb edilməyəcək”. Xəstəliklə bağlı arayışın onun tərəfdən verilməməsinə gəlincə əgər Əmrdə göstərilən kimi imtina barədə akt varsa qoy məhkəməyə təqdim edilsin. İkincisi, əgər işçi attestasiyadan “keçməməsinə” görə çıxarılırsa onda 79-cu maddədəki xəstəliklə bağlı sənəd nə üçün tələb edilir? Yox, həqiqətən 79-cu maddəsinin təsirinə düşürsə onda niyə müqaviləyə xitam verilib? Niyə işçi onda attestasiyaya cəlb edilib? Niyə əmrdə 79-cu maddəyə istinad edilir və onun əsasında işdən azad edilir? Əmək Məcəlləsinin 79-cü maddəsinə əsasən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin məktəb rəhbərliyi Əmək Məcəllənin tələbini pozmaqla qanunsuz əmr vermişdir. Əmr giriş hissəsindəki izahata görə birbaşa ləğv olunmalıdır. Hesab edir ki, bu Atestasiyanın Qərarı ləğv olunmalıdır. Ona görə də onun işdən azad olunması qanuni hesab oluna bilməz və xx.xx.2025-ci il tarixli Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Samirə Əliyevanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən tutduğu vəzifədən azad olunması barədə 81 saylı əmri də ləğv edilməlidir. Ona görə də o, əmrin ləğv edilməsi və işinə bərpa olunması üçün ilkin olaraq qanunvericiliyin tələbinə əsasən nümayəndəsi əmək mübahisəsi üzrə (işə bərpa) mediasiya sessiyasında iştirak etmədiyinə görə mediator tərəfindən ona xx.xx.2025-ci il tarixli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbin direktoru Samirə Əliyeva tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 81 nömrəli, xx.xx.2025-ci il tarixli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi nəzəriyyə müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbin direktoru Samirə Əliyeva tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 81 nömrəli, xx.xx.2025-ci il tarixli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi nəzəriyyə müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi, Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənilən 400 manat ödənişin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 2019-cu ildən o, şəkərli diabetdir, mütəmadi olaraq müalicə alır. İşlədiyi müəssisədə Attestasiya komissiyası yaradıldıqdan sonra müəllimlərə Baş İdarədən bildirilmişdir ki, Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv edilmə əsaslarını istisna edən hallar kimdə vardırsa sənədləri təqdim etsinlər. Onlar bildirilmişlər ki, kimin şəkər xəstəliyi varsa onlar attestasiyadan keçməyəcək və attestasiya üçün hazırlaşmağa zərurət yoxdur. Şəkərli diabet xəstəsi olması barədə arayışı məktəb direktoruna təqdim etmişdir və attestasiyaya hazırlaşmamışdır. Attestasiyadan bir gün qabaq ona bildirmişlər ki, getsin arayışı Komissiyaya təqdim etsin. O, Attestasiya keçirilən otağa daxil olub, xəstəliyi barədə arayışı Komissiya üzvlərinə təqdim etdikdə ona bildirmişlər ki, o, suallara cavab verməlidir. O, şoka düşmüş, şəkəri qalxmış, ona görə suallara cavab verə bilməmişdir. O, 42 ildən yuxarıdır müəllim vəzifəsində işləyir, səhv məlumat verilməsə idi və hazırlaşsa idi asanlıqla attestasiyadan keçəcək idi. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçıya şəkərli diabet xəstəsi olması ilə bağlı arayışın təqdim edilməsi bildirilmiş və həmin sənədin təqdim olunması zamanı Attestasiyadan keçməyəcəyi barədə məlumat verilmişdir. İddiaçı uzun müddətdir ki, şəkər xəstəsidir, arayışı rəhbərliyə təqdim etmişdir. Attestasiya barədə isə iddiaçıya bir gün qabaq məolumat verilmişdir. İddiaçı şəkərli xəstə olması barədə sənədi Komissiya üzvlərinə təqdim etsə də, Komissiya üzvləri suallar verməyə başlamış, iddiaçı xəstəlik vəziyyətinə görə özünü itirmiş və sualları cavablandıra bilməmişdir. Hesab edir ki, düzgün məlumat verilməməsi nəticəsində qanunsuz işdən azad olunma əmri qəbul edilmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, Baş İdarədə 2025-ci ilin aprel ayından işləyir. Komissiyanın yaradılması barədə qərar 2024-cü ilin sonlarında qəbul olunmuşdur. İmtiyazlı şəxslərin dairəsi müzakirə olunarkən müvafiq xəstə müəllimlərə güzəşt olunması qərara gəlinmişdir. Belə şəxslər onkoloji xəstəliyin 3-cü etapında olan şəxslərdir. Şəkərli diabet xəstəliyi isə geniş yayılmış xəstəlikdir, belə xəstələrə güzəştlərin tətbiq olunması nəzərdə tutulmamışdır. Attestasiya Komissiyası qanuni əsaslarla aparılmış, iddiaçıya suallar verilmiş və verilən cavablara uyğun qanuni qərar qəbul edilmişdir. Hesab edir ki, iddiaçının işdən azad olunma əmri əsaslıdır, bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin direktoru X9 öz izahatında göstərmişdir ki, Attestasiya Komissiyasının yaradılması barədə qərar qəbul edilmişdir. Baş İdarədən bildirilmişdir ki, onkoloji və şəkər xəstəsi olan müəllimlərin sənədləri əldə olunsun, onlara güzəşt tətbiq oluna bilər. O, da müəllimlərə bu xəstəliklə bağlı arayışın təqdim olunmasını bildirmiş və Səkinə xanım xəstəliyi ilə bağlı arayışı təqdim etdikdən sonra həmin arayışı Baş İdarəyə göndərmişdir. Səkinə xanım uzun müddətdir ki, müəllim vəzifəsində işləyir. O, 5 ildir ki, direktor vəzifəsində işləyir, bu müddət ərzində Səkinə xanımla bağlı hər hansı bir irad və narazılıq olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2011-ci il tarixdə H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinə nəzəriyyə ixtisası üzrə əsas müəllim vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. İş üzrə Bakı “Respublika Endokrinoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ambulator müalicədə olmuş və ona “D/Z E11.9 Şəkərli diabet tip 2” diaqnozu təyin edilmişdir. İş üzrə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyalan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi (bənd 1), H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 nəfərdən ibarət 2 Attestasiya Komissiyasının yaradılması və tərkibləri təsdiq edilməsi (1 və 2 nömrəli əlavələr) (bənd 2), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci il fevralın 5-dən iyunun 5-dək attestasiyadan keçirilməsi (bənd 3) əmr edilmişdir. İş üzrə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən həmin məktəbin nəzəriyyə şöbəsinin müəllimi vəzifəsində çalışan İddiaçı verilmiş xasiyyətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən nəzəriyyə müəllimi vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə o, özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə seçilib. İddiaçı tədris prosesinə məsuliyyətlə yanaşmışdır. O, (İddiaçı) kollektivin dərin hörmətini qazanmış, tələbkar və eyni zamanda qayğıkeş bir müəllim kimi tanınmışdır. İddiaçı dərs prosesini maraqlı və interaktiv formada təşkil edir, bu da şagirdlərdə musiqiyə qarşı motivasiya və marağın artmasına səbəb olur. O, işlədiyi dövrlərdə heç vaxt intizam tənbehi almamışdır. İddiaçı işlədiyi dövrlərdə nizam-intizamlı olmağı, səmimiyyəti və gülərüzlüyü ilə seçilmişdir. Kollektivdə həmkarları ilə heç bir problem yaşamamış, valideyn və şagirdlərin sevimli müəllimsəsi olmuşdur. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin surətindən görünür ki, Komissiyasnın fəaliyyətinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsinin yoxlamaq üçün attestasiyanı həyata keçirmək, attestasiya nəticələrini nəzərə alaraq, peşəkarlıq səviyyəsini artırmaq üçün təlimlərin istiqamətini və təlim iştirakçılarını müəyyən etmək, attestasiyadan keçmiş işçiləri vəzifədə irəli çəkmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək və qanunvericiliklə nəzərdə tutulan digər məsələlərə dair Məktəbin direktoruna tövsiyyələr verməkdir (bənd 2.1). Komissiyanın bu Əsasnamə ilə müəyyən olunmuş əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 3.1.1.Məktəbin hər bir işçisini əməyin xarakterinin və şəraitinin dəyişməsi halları istisna olmaqla 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməsi; 3.1.2.Attestasiyanın aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılması; 3.1.3.İşçilərin potensial və professional imkanlarından istifadə etmək mümkünlüyünü aşkara çıxarmaq, onların peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması; 3.1.4.Məktəbin hər bir İşçisinin tutduğu vəzifəsinə uyğunluğunu müəyyənləşdirmək, vəzifədə irəli çəkilməsi, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyat bazasının müəyyən edilməsi; 3.1.5.Komissiyanın fəaliyyəti çərçivəsində zəruri məlumatların yayılmasının qarşısının alınması üzrə tədbirlərin görülməsi; 3.1.6.Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyətin göstərilməsi. İş üzrə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən İddiaçı ünvanlanmış və İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə tanış olmuş müəllimlərin attestasiyası haqqında 34 nömrəli xəbərdarlıq bildirişinin surətindən görünür ki, bildirirlər ki, H.Sarabski adına H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmrinə görə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmışdır. Nəzərinə çatdırırlar ki, İddiaçı attestasiya olunacaqlar işçilər kateqoriyasına aiddir. Məlumat üçün bildirirlər ki, Attestasiya Komissiyasının yaradılması haqqında sənədlə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində tanış ola bilər. Attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunur. Tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yəni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədləri (sertifikat, diplom və s.) Attestasiya Komissiyasına təqdim etməsi xahiş olunur. Attestasiya zamanı aşağıdakı məsələlərlə əlaqədar suallarının verilməsi nəzərdə tutulur (əlavə 1). Bu xəbərdarlıq işçi tərəfindən rəsmi qaydada alındığı tarixdən qüvvəyə minir. İş üzrə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Nəzəriyyə Şöbəsinin müəllimi İddiaçı attestasiya üzrə xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiya vərəqəsinin “Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar”ını nəzərdə tutulan 7-ci bəndinə əsasən “Borodin haqqında nə deyə bilərsiniz – cavab verə bilmədi. M.Maqomayevin hansı simfonik əsərlərinin adlarını çəkə bilərsiniz – cavab verə bilmədi. Çaykovskinin neçə simfoniyası var - cavab verə bilmədi. İİ yarıildə 5 illik təhsil sisteminin 2-ci sinif musiqi ədəbiyyatında hansı mövzular keçilir – düzgün cavab vermədi. Proqramlı musiqidə hansı nümunələri şagirdlərə göstərirsiniz – cavab verə bilmədi. Sülh uğrunda neçə hissəli əsərdir – cavab verə bilmədi. Karmen kimin əsəridir – cavab verə bilmədi. Si majorun neçə işarəsi var – cavab verə bilmədi. Solfecio nömrələrinin oxunması – ifa edə bilmədi. Musiqi nömrəsinin ifası – ifa edə bilmədi. Musiqi nömrələrinin dinlənməsi – heç birinə cavab verə bilmədi” kimi qeydlər göstərilmişdir. Attestasiya vərəqəsinin “Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi”ni nəzərdə tutulan 10-cu bəndinə əsasən Attestasiya komissiyası tərəfindən “İş fəaliyyətinə uyğun deyil” kimi qeyd edilmişdir. İş üzrə Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli 3 nömrəli protokolun surətindən görünür ki, işçilər X5, X3 tutduqları vəzifəyə uyğun hesab edilməsi, işçilər İddiaçı və qeyriləri tutduqları vəzifələrə uyğun hesab edilməməsi qərara alınmışdır. İş üzrə Attestasiya Komissiyasının sədri X6, üzvləri X10, X4, X11 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, nəzəriyyə şöbəsinin müəllimi İddiaçı Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiya komissiyasının iclasında iştirak etmiş, lakin attestasiya vərəqəsini imzalamaqdan imtina etmişdir. İş üzrə Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli 04 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin nəzəriyyə müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdə attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 12 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 12 ədədinə cavab verə bilməmiş, 0 ədədinə qismən cavab vermiş, yalnız 0 ədədinə tam cavab verə bilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır. İş üzrə Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 81 nömrəli əmrindən görünür ki, Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası xx.xx.2025-ci il tarixli qərarı ilə həmin məktəbin nəzəriyyə müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığını qərara almışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin o, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş hallara malik olmamasına dair məlumat verməkdən imtina etmişdir. Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (b) bəndi və 83-cü maddəsini və “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.2-ci bəndinin 13-cü abzasını nəzərə alaraq Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq 41 gün son haqq-hesabının ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Əmrin əsası kimi Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokolu göstərilmişdir. İş üzrə xxxxxxx0002X1 saylı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 81 saylı, xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Bakı 2 saylı mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/2-00496 saylı arayışın surətindən görünür ki, İddiaçı işə bərpa tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 09.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında H.Sarabski adına 7 No-li Uşaq Musiqi Məktəbinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 15.09.211-ci il tarixdən H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinə nəzəriyyə ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı uzun müddətdir ki, şəkər xəstəliyi ilə müalicə olunur, Bakı “Respublika Endokrinoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə ambulator müalicədə olmuş və ona “D/Z E11.9 Şəkərli diabet tip 2” diaqnozu təyin edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyadan keçirilməsi ilə bağlı komissiya yaradılmış və komissiya tərəfindən məktəbin nəzəriyyə müəllimi vəzifəsində çalışan İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün suallar verilmişdir. İddiaçı 12 sualdan 12 sualına cavab verə bilməmişdir. Həmin attestasiyada İddiaçı cavabları attestasiya komissiyasını qane etməmiş və komissiya tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlinmiş, keçirilmiş attestasiyanın nəticələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə əmr qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. O, 2011-ci ildən Bakı şəhər 7 saylı H.Sarabski adına UMMdə nəzəriyyə müəllimi kimi işə başlamışdır. Məktəbdə işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar hər hansı nizam-intizam məsuliyyətinə cəlb edilməmişdir. İşlədiyi müddətdə diplom və təşəkkürnamə ilə təltif olunmuşdur. Bu ilin mart ayında təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsəd ilə məktəbdə keçirilmiş attestasiyada iştirak etmişdir. Attestasiya barədə ona bir gün qalmış məlumat verilmiş və səhəri günü attestasiya olunmuşdur. O, uzun müddətdir ki, şəkər xəstəliyin ən yüksək stadiyası ilə müalicə olunur. Hər il xəstəxanalarda müalicə alır, dərmanlarla yaşayır. O, tənha qadındır, taleyi elə gətirmişdir ki, hər iki övladı cavan yaşda faciəli şəkildə vəfat edib. Heç yerdən əlavə gəliri yoxdur, müəllimlikdən aldığı əmək haqqı ilə dolanır. O, 41 ildir ki, müəllimə işləyir, təşəkkürnamələr almışdır, işində nöqsan olmamışdır. Attestasiyanın ani olaraq qısa vaxt ərzində keçirilməsi və hansı mövzudan sualların düşəcəyini bilmirdi. Bildiklərini danışmış, hesab edir ki, attestasiya şərtlərinə cavab vermişdir, ola bilər ki, cavabları komissiya üzvlərinin tələb etdiyi formada olmasa da ümumilikdə cavabları müsbət olub. Lakin xx.xx.2025-ci il tarixində Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Samirə Əliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilməklə 81 saylı əmri ilə (əsas: 07 mart 2025-ci il tarixində keçirilmiş Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Qərarı) o, tutduğu vəzifədən azad edilmişdir. O, qeyd olunan Qərar ilə razı deyil və hesab edir ki, xx.xx.2025-ci il tarixli, 81 saylı əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, Əmrdə yazılmışdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçidən həmin maddənin 1-ci hissəsinin təsirinə düşmüş hallarla bağlı sənəd təqdim edilməsi tələb edilsə də təqdim etməmiş və bu barədə Akt tərtib edilmişdi. Birincisi, 2019-cu il tarixindən məktəbə işçinin şəkərli diabetlə mütəmadi müalicə alması barədə sənəd təqdim edilib. Bütün məktəb və onun rəhbərliyi məlumatlıdır. Eyni zamanda attestasiya keçiriləndən əvvəl də işçi tərəfindən rəhbərliyə şəkərli diabet olması barədə bir daha məlumatlandırılmış və ona məktəb direktoru tərəfindən bildirilmişdir ki, bu barədə onlar və baş idarə məlumatlıdır, “sizin attestasiyada iştirakınız tələb edilməyəcək”. Xəstəliklə bağlı arayışın onun tərəfdən verilməməsinə gəlincə əgər Əmrdə göstərilən kimi imtina barədə akt varsa qoy məhkəməyə təqdim edilsin. İkincisi, əgər işçi attestasiyadan “keçməməsinə” görə çıxarılırsa onda 79-cu maddədəki xəstəliklə bağlı sənəd nə üçün tələb edilir? Yox, həqiqətən 79-cu maddəsinin təsirinə düşürsə onda niyə müqaviləyə xitam verilib? Niyə işçi onda attestasiyaya cəlb edilib? Niyə əmrdə 79-cu maddəyə istinad edilir və onun əsasında işdən azad edilir? Əmək Məcəlləsinin 79-cü maddəsinə əsasən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin məktəb rəhbərliyi Əmək Məcəllənin tələbini pozmaqla qanunsuz əmr vermişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbin direktoru Samirə Əliyeva tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 81 nömrəli, xx.xx.2025-ci il tarixli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi nəzəriyyə müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi, Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənilən 400 manat ödənişin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Məlum olduğu kimi sosial dövlət prinsiri ədalətli sosial quruluşun təmin edilməsini dövlət hüququ vəzifəsi kimi tanıyır. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsi təmin edir. Əmək Məcəlləsinin əmək müqaviləsinin anlayışını müəyyən edən 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əməyin azadlığı, eləcə də əmək müqaviləsi azadlığı təkcə əmək münasibətlərinə daxil olmada iradə azadlığını deyil, həm də tərəflərin qarşılıqlı razılığı, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tərəflərin birinin təşəbbüsü ilə ona xitam verilməsini mümkünlüyünü nəzərdə tutur. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfi (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədi ilə qanunvericilik bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Əmək Məcəlləsində əmək şəraiti - işçinin əmək münasibətində olduğu iş yerində öz əmək funksiyalarını səmərəli və faydalı yerinə yetirilməsi üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş minimum normalar, habelə əmək müqaviləsində tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normalarının məcmusu kimi qəbul edilir. Qeyd edilən normaların yerinə yetirmə səviyyəsində və istehsalat amillərindən asılı olmayaraq bütün müəssisələrdə işəgötürən iş yerlərinin attestasiyasını həyata keçirilməlidirlər. Attestasiyanın keçirilməsi əməyin mühafizəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi ilə yanaşı, müəssisələrdə sağlam, əmək və iş mühitini formalaşması işinə xidmət edir və olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən:

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və müəssisənin işçilərinə Əmək Məcəlləsinin 79-cu maddəsində müəyyən edilmiş imtiyazlara malik olmalarına dair sübutların təqdim olunması təklif olunmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıya da şəkərli diabet xəstəsi olmasına dair sənədin təqdim edilməsi təklif olunmuş və ona bildirilmişdir ki, həmin sənəd təqdim olunduğu təqdirdə Attestasiyadan keçməyəcəkdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən 79-cu maddəsinin 1-ci hissəsində işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə işdən azad olunması işəgötürənə qadağan edilir. Yəni işçinin şəkərli diabet xəstəsi olması onun attestasiyadan keçməməsi üçün əsas hesab edilə bilməzdir. Bu hal yalnız işəgötürənə həmin xəstəlik səbəbilə işçinin işdən azad olunmasını qadağan edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən şəkərli diabet xəstəsi olması barədə sənədin təqdim ediləcəyi təqdirdə attestasiyadan azad olacağı barədə iddiaçıya səhv məlumat verməklə iddiaçının faktiki olaraq attestasiyadan keçməsi ilə əlaqədar müvafiq hazırlaşmanın həyata keçirilməsini mümkünsüz etmişdir. Başqa sözlə iddiaçı attestasiyada iştirakının tələb edilməyəcəyi qənaətinə gələrək (bu qənaətə gəlinməyə səbəb işəgötürənin səhv məlumatı olmuşdur) attestasiya ilə bağlı hazırlanmış proqram üzrə hazırlaşmamışdır. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, iddiaçının işdən azad olunma əmrinin verilməsinə əsas onun attestasiyadan keçmədiyi üçün tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar olsa da, hazırkı işin faktiki halları ilə müəyyən edilir ki, işçinin məhz attestasiyadan keçə bilməməsi işəgötürənin işçini səhv məlumatlandırması olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, Komissiya üzvləri iddiaçının komissiyadan keçərkən ona düzgün məlumat verilməməsi barədə məlumatı bildirdiyi təqdirdə Komissiya üzvləri həmin tarixdə işçini attestasiyadan keçirməməli, vaxt verməklə onun Komissiyadan keçmə müddətini təxirə salmalı idilər. Lakin Komissiya üzləri iddiaçının qeyd etdiklərini nəzərə almamış, suallar vermiş, nəticə olaraq iddiaçının iş fəaliyyətinə uyğun olmaması qənaətinə gəlinərək qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. AR Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 60 (altmış) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 400 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə 300 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardım xərcinin tutulması hissəsində qismən təmin edilməli, hüquqi xidmətə görə ödənilmiş 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin İddiaçı işdən azad olunması barədə 81 saylı xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə o, H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi vəzifəsinə bərpa edilsin. Bakı şəhər Mədəniyyət Baş İdarəsindən məhkəmə xərclərinin əvəzi kimi İddiaçı xeyrinə 60 manat (mediasiya xərci), həmçinin hüquqi xidmət üçün ödənilən 300 manat, cəmi 360 (üç yüz altmış) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar