Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1614/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, 3-cü şəxslər “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”nın nümayəndəsi X2 və X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Ənənəvi İncəsənət Mərkəzinə ( qarşı “İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi” və X8 Xidməti Bakı şəhər idarəsi 3-cü şəxslər qismində) “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 sentyabr 2023cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Ənənəvi İncəsənət Mərkəzinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 may 2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi, iddiaçının mühasib vəzifəsinə bərpa olunması, əmək müqaviləsiz işlədiyi dövr üçün, həmçinin son haqq-hesab və məcburi iş buraxma üçün ona vurulmuş 6036,16 manat maddi ziyanın, 300 manat mənəvi ziyanın, 51,69 manat mediasiya xərcinin cavabdehdən tutulması, eləcə də cavabdehin iddiaçının əmək müqaviləsi bağlanmadan işə cəlb olunduğu üçün 25,000 manat məbləğində, cavabdehin direktorunun müavinət və digər ödənişlərin hesablanmasında qanun pozuntularına yol verdiyi üçün 1500 manat məbləğində, iddiaçının məzuniyyət hüquqlarının pozulmasına görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə 2000 manat məbləğində cərimə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mən İddiaçı xx.xx.2022-ci il tarixində eyni tarixli Mərkəz ilə aramda hər hansı rəsmi əmək münasibətləri başlamazdan öncə, yəni,''xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Mərkəzdə qanunvericiliyin imperativ normasından irəli gələn, əmək müqaviləsi bağlanılması zəruriliyinə məhəl qoyulmadan, qeyri-qanuni olaraq iş fəaliyyətinə cəlb olunmuşam. Belə ki, qeyd edilən dövrdə, həftənin 5 (beş) iş günü saat 09:00-dan 18:00-a qədər mühasiblik fəaliyyəti və digər əmək fəaliyyətim ilə bağlı mənə tapşırılan bütün işləri Mərkəzin mühasibatlıq ofisində, mənim üçün ayrılmış xüsusi çalışma masamda işləyərək icra etmişəm. Bunu həmin tarixlərdə şəxsi telefonumdan ofisdə çəkdiyim foto-şəkillər də təsdiq edir. Qeyd edilməsi zəruridir ki, aidiyyəti şəxslər tərəfindən müvafiq işimlə bağlı tapşırıqlar mənə, Mərkəzin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəsmi əməkdaşı olan şəxslər tərəfindən şəxsi və korporativ gmail hesabları vasitəsilə göndərilmiş, həmçinin rəhbərlik tərəfindən şifahi formada verilmişdir. Bu məsələ ilə əlaqədar Mərkəzin əməkdaşı olmuş Həqiqət Əliyeva xx.xx.2023-cü il tarixində, etdiyim şikayət xarakterli müraciət əsasında başlanan iş üzrə 5 saylı Dost Mərkəzində, icraçı Əmək Müfəttişinə izahat vermiş və mənim həqiqətən də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Mərkəzdə əmək müqaviləsi bağlanmadan işə cəlb olunmağımı təsdiq etmişdir. Nəzərə alınması zəruridir ki, işəgötürən mənimlə göstərilən müddət ərzində əmək müqaviləsi bağlamayaraq, mənə ödəməli olacağı təxminən 1210 AZN pul vəsaitini mənimsəmiş, eyni zamanda müvafiq vergi ödənişlərinin ( dsmf işsizlikdən sığorta, tibbi sığorta və s.) ödənilməsindən yayınmışdır və bu işin mübahisəsiz halıdır.Yüksək sevgi bəslədiyim, işə yenidən getmək üçün hər səhərin açılmasını səbirsizliklə gözlədiyim Cavabdeh ilə olan əmək münasibətlərimin bitməsi isə məhz xx.xx.2023-cü il tarixi ilə bağlıdır.Həmin tarixdə Mərkəzin direktoru X4 öncə mənə yer aldığım şöbə olan mühasibatlığın ləğv ediləcəyini bildirirərək işdən çıxma barədə ərizə yazmağımı israrla təkid etdi. Lakin mən bonunla razılaşmadım.O isə bundan sonra mənə qarşı müxtəlif təzyiq formalarından istifadə etməklə, habelə nalayiq sözlər, təhqir, böhtan xarakterli ifadələrişlətməklə, bu yetməzmiş kimi müxtəlif hədə-qorxu vasitələrinə əl atmaqla işdən çıxmağım barədə ərizəyazmağım üçün qanunsuz şəkildə, iradə ifadəmə zidd olaraq məni məcbur etdi.Halbuki, mən dəfələrləKəmalə xanıma etik normalara riayət edərək etiraz etdim, 2 yaşlı körpə uşağımın olması, həyat yoldaşımın şəkər və ürək xəstəliyindən əziyyət çəkməsi və ipoteka, kredit borclarıma görə işdən çıxmaq istəmədiyimi,maddi vəziyyətimiz yaxşı olmadığından bu işə ehtiyacım olduğunu bildirdim, lakin o mənə iradəmin əleyhinə, müxtəlif təzyiqlərlə əmək müqaviləmi ləğv etmək üçün ərizə yazdırdı.2 yaşlı körpə uşağımın olması, həyat yoldaşımın şəkər və ürək xəstəliyindən əziyyət çəkməsi və ipoteka, kredit borclarımın olması da özlüyündə mənim işdən çıxmaq niyyətimin olmamasının əsas göstəricilərindəndir. Həmin tarixdə günorta saatlarında Kəmalə xanımın zorla mənə ərizə yazdırmayacağını güman edərək öz günlük işlərimi icra edirdim və hətta ona “whatsapp” tətbiqindən“Ənnağı müəllim məndən asan imzanı 11:40-da təhvil aldı, amma niyə aldığını demədi. Mail yazdım kassa hesabatıyla bağlı, sizi kopyada qoydum” xarakterli mesaj göndərdim. Bu mesaj özü də mənim işdən çıxma niyyətimin olmadığını göstərir, belə ki, həmin gün Ənnağı müəllimin məndən nə üçün asan imzanı təhvil aldığından belə məlumatsız olmuşam və həmin tarixdə günlük işlərimlə məşğul idim. Mesajdan da aydın olur ki, Kəmalə xanım məni zorla işdən çıxarmaq istiqamətində tədbirlər görüb, yəni asan imzanı məndən təhvil aldırıb, mənim isə işdən çıxmaq kimi bir niyyətim olmayıb, həmin tarixdə heçnədən xəbərsiz günlük işlərimi icra etmişəm.Mən xx.xx.2023-cü il tarixdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəhbəri Şahin Seyidzadənin əlaqə nömrəsinə (*** *** ** **) əvvəlcə zəng etdim, sonra“whatsapp” tətbiqindən onun həmin əlaqə nömrəsinə baş vermiş qanunsuzluqlarla bağlı, yəni mənə direktor tərəfindən zorla ərizə yazdırıldığı barədə şikayət xarakterli mesaj yazdım və vəziyyəti izah edərək işdən çıxmaq istəmədiyimi bildirdim.Məlumat üçün qeyd edilməsi zəruridir ki, Ənənəvi İncəsənət Mərkəzi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin strukturuna daxildir.xx.xx.2023cü il tarixdə mən işdən çıxmaq istəməməyimlə və pozulmuş əmək "üquqlarımla bağlı müvafiq məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət etdim,sözügedən məktub xx.xx.2023-cü il tarixində X8 Xidmətinə, eyni zamanda həmin gün müvafiq məktubun nüsxələri İçərişəhər Dövlət Qoruq çarəsinə və Ənənəvi İncəsənət Mərkəzinəpoçt rabitəsi vasitəsilətəhvil verildi.Həmçinin, qeyd edilməsi zəruridir ki, müxtəlif təzyiqlərlə yazmağa məcbur edildiyim ərizə forması tərəfimdən aşağıdakı məzmunda yazılmışdır:“ Yazıb sizdən xahiş edirəm ki, məni 23 may 2023-cü il tarixdən işdən öz xahişimlə azad edəsiniz.X1 tərəfindən məcburi yazdırılmış işdən çıxma barədə ərizənin məzmununda işdən çıxmaq istədiyim tarix xx.xx.2023-cü il göstərilmiş, lakin nə üçün məhz xx.xx.2023-cü il tarixdə işdən çıxmaq istədiyim barədə ərizədə heç bir əsas göstərilməmişdir. Buna baxmayaraq Ənənəvi İncəsənət Mərkəzinin direktoru X5 1 ay xəbərdarlıq müddətini gözləmədən əmək qanunvericiliyinin tələblərini pozaraq məhz 22.05 2023-cü iltarixdə əmək müqaviləmə ƏMAS sistemdə xitam vermiş, xx.xx.2023-cü il tarixli, 30 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmri ƏMAS sistemindən çıxararaq təsdiqləmişdir. Bu cür tələsik formada tez bir şəkildə mənim əmək müqaviləmə xitam verilməsi də, Kəmalə xanımın məni qanunsuz formada işdən çıxarmaqda birbaşa maraqlı olduğunu, mənə zorla ərizə yazdırıldığını sübut edir.Həmçinin, xx.xx.2023-cü il tarixli, 30 nömrəli Əmək müqaviləsinin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd konkret olaraq göstərilməmişdir.Eyni zamanda diqqətinizə çatdırıram ki, əmək müqaviləmə xitam verilməsi barədə qeyd edilən Əmr xx.xx.2023-cü il tarixdə ƏMAS sistemindən çıxarılmasına baxmayaraq, xitam Əmri və əmək kitabçam mənə rəsmi qaydada həmin gün təqdim edilməmiş və sonhaqq-hesab aparılmamışdır. Bugünədək mənə əmək kitabçam və müvafiq əmrin surəti verilməmişdir. Həmin gün mən əmrin sadəcə foto-şəklini telefonumla çəkə bildim. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki, iddia ərizəsində qeyd olunub ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi qeyriqanuni olaraq iş fəaliyyətinə cəlb olunmuşdur. Bunu təkzib edən fakt odur ki, sözügedən müddətdə öz istəyi ilə müvafiq bilik və təcrübə yoxlamalarından keçmək üçün bir müddət 2-3 dəfə Mərkəzə gəlmiş, orada iş funksiyası ilə tanış olduqdan sonra xx.xx.2022-ci il tarixdə işə götürülməsi üçün ərizə ilə müraciət etmişdir. İddiaçı Mərkəzdə xx.xx.2022-ci il tarixli 44 saylı əmrlə Maliyyə-Təsərrüfat şöbəsinə ştatdankənar baş iqtisadçı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixli əmrlə mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin tələblə X8 Xidmətinə müraciət etmiş, Müfəttişliyin xx.xx.2023-cü il tarixli Qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçı işlədiyi dövrlər ərzində müxtəlif səhvlərə yol vermişdir. İşçilərin əmək haqlarını düzgün hesablamamışdır. Bundan əlavə kollektivdə həmkarları ilə yola getməmiş, işdə səhlənkarlığa yol vermişdir. İddiaçının işdən getməsinin könüllü olmasını sübut edən hallardan biri odur ki, o iş yerində işdən çıxmasını elan edərək işlədiyi həmkarları ilə vidalaşmaqla könüllü getməsini bildirmişdir. Həmçinin həmin günün axşamı işçilərin “whatsapp” proqramında yaradılmış qrupunda işdən getməsi ilə bağlı hamı ilə vidalaşmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məzuniyyətə çıxmış və tam şəkildə getdiyi məzuniyyətin təminatı hesablanmışdır. 23 may 2023-cü il tarixli 31 saylı əmrə əsasən son haqq-hesab günlərinin yenidən hesablanması və ödənişi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, 03 sentyabr tarixdən 29 sentyabr tarixə kimi əmək müqaviləsi bağlanmadan cavabdeh tərəfindən işə cəlb olunması ilə bağlı ilk gündən məlumatlı olmuşdur. Lakin işə çox ehtiyacı olduğu üçün bunu çox şişirtməmişdir. Hər gün ona onunla tez bir zamanda əmək müqaviləsi bağlanacağı ilə bağlı vədlər verilsə də, 29 sentyabr tarixə kimi bu baş tutmamışdır. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”nin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işdən azad olunmasına görə heç bir təsir göstərilməmişdir. İddiaçı öz xahişi ilə işdən azad olunmuşdur. 03 sentyabr tarixdən 29 sentyabr tarixə kimi iddiaçı cavabdeh tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edilməmişdir. Həmin dövrlər ərzində iddiaçı 2-3 dəfə gün ərzində 1-2 saat olmaqla təşkilatda olan iş rejimi və görüləcək işlərlə bağlı təcrübə qazanmaq üçün könüllü olaraq gəlib-getmişdir. Əgər iddiaçı cavabdeh tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edilsə idi, iddiaçı bununla bağlı mütləq X8 Xidmətinə şikayətlə müraciət edərdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi bildirmişdir ki, iddiaçı Xidmətə müraciət edərək, onun tərəfindən işdən azad olunma ilə bağlı cavabdehə müraciət edilmədən əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işdən azad edilmişdir. Bundan sonra Xidmət tərəfindən araşdırma aparılmış və cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan görünmüşdür ki, iddiaçı öz təşəbbüsü ilə ərizə ilə cavabdehə işdən azad olunması barədə müraciət etmiş və cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh tərəfindən iddiaçının işdən azad olunmasına qanun pozuntusu olmadığına görə inzibati icraata xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya işdən çıxma ilə bağlı ərizə yazmaqda hər hansı təsir göstərilməsi, hədə-qorxu gəlinməsi ilə bağlı araşdırma aparmaq Xidmətin səlahiyyətlərinə aid olmadığından işin bu halı araşdırılmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 29 sentyabr 2022-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Maliyyə-Təsərrüfat şöbəsinə ştatdankənar baş iqtisadçı vəzifəsinə işə qəbul edilmişdir 27 yanvar 2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Maliyyə-Təsərrüfat şöbəsinə mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən yazılmış ərizənin surətindən görünür ki, İddiaçı 23 may 2023-cü il tarixindən onun öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. 23 may 2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. X8 Xidmətinin xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı şikayəti əsasında Mərkəzin direktoru X5 barəsində başlanılmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, iddiaçı ilə eyni dövrdə cavabdeh təşkilatda çalışmışdır. İddiaçı 03 sentyabr tarixdən 29 sentyabr tarixə kimi əmək müqaviləsi bağlamadan çalışmışdır. Onun özü ilə bağlanmış əmək müqaviləsinə də cavabdeh tərəfindən qanunsuz olaraq xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya işdən çıxma ilə bağlı ərizə yazmaqda təsir edildiyi və əmək müqaviləsi bağlamadan iddiaçının işləməsinə dair onun özünün xəbəri olması barədə məlumatlı deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Ənənəvi İncəsənət Mərkəzində İddiaçı Maliyyə-Təsərrüfat şöbəsinə ştatdankənar baş iqtisadçı vəzifəsinə işə qəbul edilmiş və sonradan həmin şöbədə mühasib vəzifəsinə keçirilmişdir. İddiaçı 22 may 2023-cü il tarixdə öz xahişi ilə 23 may 2023-cü il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə eyni zamanda şahid ifadəsinə münasibətdə qeyd edir ki, şahidin özünün də bildirdiyinə görə o, cavabdeh təşkilatdan narazıdır. Belə ki, o özü də həmin təşkilatın keçmiş işçisi olmuşdur və onunla bağlanmış əmək müqaviləsinə də qanunsuz olaraq xitam verildiyini hesab edir. Şahidin bu ifadəsindən görünür ki, şahid cavabdeh tərəfə münasibətdə əvvəlcədən qərəzlidir. Bu səbəbdən məhkəmə şahid ifadəsini səmimi və inandırıcı qəbul etmir. Beləliklə, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işçi işdən çıxma ilə bağlı 22 may 2022ci il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində 23 may 2023-cü il tarixdə işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən isə onu özünün təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 23 may 2023-cü il tarixdə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işdən azad etmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini, hədə-qorxu gəlindiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan whatsapp proqramı ilə həyata keçirilmiş yazışmalardan görünür ki, iddiaçı özü işdən ayrılması ilə bağlı həmkarlarına bildirmiş və onlarla vidalaşmışdır. İddia tələbinin “cavabdehin iddiaçının əmək müqaviləsi bağlanmadan işə cəlb olunduğu üçün 25,000 manat məbləğində, cavabdehin direktorunun müavinət və digər ödənişlərin hesablanmasında qanun pozuntularına yol verdiyi üçün 1500 manat məbləğində, iddiaçının məzuniyyət hüquqlarının pozulmasına görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə 2000 manat məbləğində cərimə edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan X8 Xidmətinin 08 avqust 2023-cü il tarixli Qərarının surətindən də görünür ki, iddiaçı cavabdehin direktoru barəsində hazırki şikayətlə müraciət etmiş, qeyd olunan məsələlər X8 tərəfindən araşdırıldıqdan sonra öz təsdiqini tapmadığından cavabdeh barəsində başlanılmış inzibati icraata xitam verilmişdir. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı məhkəmə iclasında da əmək müqaviləsi bağlanmadan cavabdeh tərəfindən məcburi qaydada mütəmadi olaraq 23 gün işə cəlb olunduğunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, hətta iddiaçının 23 gün əmək müqaviləsi bağlamadan işə cəlb olunduğu məhkəmə tərəfindən indandırıcı qəbul ediləcəyi halda belə iddiaçının özünün də bildirdiyinə görə o, bu barədə məlumatlı olmuş, bunu qəbul edərək könüllü olaraq iş yerinə gəlib-getməkdə davam etmiş və bununla bağlı hər hansı aidiyyəti dövlət orqanına heç bir şikayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ənənəvi İncəsənət Mərkəzinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1614/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1614/2023
13.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver