Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-162/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahşəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 5 saylı evin 4 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, valideynlərindən ona miras qalan evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli, seriya MA № ******* saylı hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. 2013-cü ildə cavabdehlər sözügedən mənzildən köçmüşlər. O, həyat yoldaşı ilə birlikdə orada yaşayır. Lakin buna baxmayaraq cavabdehlər onun mənzilində qeydiyyatda olmaqda davam edirlər. Əslində cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onların onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılıqlarının alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Dəfələrlə cavabdehlərin könüllü olaraq onun mənzilindən qeydiyyatdan çıxması barədə onlarla əlaqə yaratmağa çalışmış, lakin heç bir nəticəyə nail ola bilməmiş, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahat verərək bildirdi ki, Cavabdeh1 onun doğma bacısı, Cavabdeh2 isə bacısı oğludur. Onlar həmin mənzildə qeydiyyatda olsalar da, 2013-cü ildən Masazırda Yeni Bakı yaşayış kompleksində ev alaraq yeni evlərində yaşayırlar. Dəfələrlə onlara gəlib onun mənzilindən qeydiyyatdan çıxmalarını xahiş etsə də, onlar gəlib qeydiyyatdan çıxmamışlar. Ona məxsus mənzildə cavabdehlərin hər hansı əmlakı yoxdur. Cavabdehlər ona məxsus mənzillə əlaqələrini kəsmişlər və orada yaşamaq niyyətində deyillər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 5 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X3, X1, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzil 4 ünvanında qeydiyyatdadırlar. Təqdim olunmuş 149 saylı MKİS-nin 89 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 5 saylı evin 4 saylı mənzili İddiaçı valideyinlərindən miras qalmış və o, ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ******* saylı çıxarışa əsasən onun adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar, lakin mənzildə yaşamırlar, uzun müddətdir başqa ünvanda yaşamaqla mənzillə əlaqələrini kəsmişlər, həmin mənzildə cavabdehlərə məxsus əmlak yoxdur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 5 saylı evin 4 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Həmin qətnamə cavabdehlər X2 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 5 saylı evin, 4 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-162/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-162/2021
01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver