Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1629/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi H.R.Həzizadənin iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, uzun illər yəni xx.xx.2010-cu ildən xx.xx.2023-cü il tarixinə qədər “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2023-cü il tarixli 14-2-1-5/3-1 k-45/2023 saylı əmr ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq yaşa görə təqaüdə çıxması ilə əlaqədar öz müraciəti ilə işdən azad olunmuşdur. Ödənilmiş işdən çıxmaya görə müavinətinin az olması səbəbindən bu barədə mühasibatlığa müraciət etmiş və ona bildirilmişdir ki, ödənilmiş son haqq-hesabdan tutulmalar olmuşdur. Təqdim edilən haqq-hesab vərəqəsindən də görünür ki, ona ödənilməli olan cəmi 11.224,52 manat məbləğində puldan 2479 manat gəlir vergisi tutulmuşdur. Hesab edir ki, bu tutulmalar qanunsuz və əsassızdır. Belə ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il (əmək müqaviləsinə xitam verilən gün) tarixli razılaşmanın 2.1-ci bəndinə əsasən işəgötürən həmin razılaşma ilə müəyyən edilmiş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 10059,25 manat məbləğində müavinat ödəməyi öhdəsinə götürmuşdur. Lakin buna baxmayaraq həmin məbləği tam ödəməmişdir. Bununla əlaqədar idarəyə müraciət edərək əmək haqqından qanunsuz tutulmaların qısa zamanda qaytarılmasını bildirmişdir. Lakin buna baxmayaraq heç bir nəticə olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən ona ödənilmiş müavinətdən tutulmaların qanunsuz və əsassız hesab edilərək tutulmuş 2479 manat və 50 manat mediasiya xərcini, ümumilikdə 2529 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuşdur. İddiaçı ilə “Azneft” İB xx.xx.2023cü il tarixdə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik ödəniş edilməsinə dair razılaşma bağlanmışdır. “Azneft” İB-nin xx.xx.2023-cü il tarixdə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik ödəniş edilməsinə dair razılaşma bağlanmışdır. “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli 14-2-1-5/3-1K-45/2023 saylı əmr ilə İddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə və ARDNŞnin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 112/07-22Ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin verəcəyindən xəbəri olmuşdur. 02/2023 tarixli haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli miqdarından və digər ödənişlərdən vergi tutulmuş və İddiaçı bundan xəbəri olmuşdur. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilib, ARDNŞ-nin ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində birdəfəlik müavinəti də daxildir. İddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinəti olaraq 10.059,25 manat pul hesablanmış, həmin puldan 1989,81 manat gəlir vergisi tutulmuşdur. Həmin Əmr-Qərarın girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin xx.xx.2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrinin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə” xərclərin, azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir”. Sözügedən əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Göründüyü kimi iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçılara ödənilmişdir. Vəsatətin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları, Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olunması üçün heç bir qanuni əsası yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70-ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c” və “e” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Müqaviləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Həmçinin Azərbaycan Respublikası VM-nin 102.1.4-cü maddəsində (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır) hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlərdən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir və qanunsuzdur. Bundan əlavə, işçinin ərizəsi əsasında əmək müqaviləsi ləğv olunduqda, əmək müqaviləsinin müddəti başa çatdığı üçün ləğv olunduqda, işçi attestasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsi ləğv olunduqda, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunduqda (məsələn, üzürsüz səbəbdən və xəbərdarlıq etmədən bir iş günü ərzində işə gəlmədiyinə görə və s.) sınaq müddəti ərzində (mak.3 ay) işçi özünü doğrultmadığına görə əmək müqaviləsi ləğv olunduqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə (65 yaş) çatdığına görə işdən azad edildikdə, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə, əmək müqaviləsində tərəflərin müəyyən etdiyi hər hansı digər bir səbəbə görə əmək müqaviləsi xitam olunduqda işçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir. Bundan əlavə, Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Bundan əlavə iddiaçı iddia ərizəsində ona ödənilməli olan 10.059,25 manat məbləğində puldan 2479 manat tutulmasını qeyd etməsi əsassızdır. Belə ki, 02/2023 saylı haqqhesab vərəqəsindən görünür ki, iddiaçıya hesablanmış 2479 manat gəlir vergisinə həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ölənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ-nin Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsas ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmr qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. Əmək Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. İddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırda halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2009-cu il tarixli 57 və 06-19ə nömrəli “ARDNŞ işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarından görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşmanın imzalanması qərara alınmışdır. İş üzrə ARDNŞ-nin və ANQSİHİRK-nin 14 avqust 2009-cu il tarixli ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” birgə əmr-qərara dəyişiklik edilməsi haqqında əmrqərarından görünür ki, 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bənddə “qərarı olduğu tarixdən” sözlərindən sonra “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözləri əlavə edilmişdir. İş üzrə SOCAR “Azneft” İB tərəfindən “Azəriqaz” İB-yə ünvanlanmış məktubun surətindən görünür ki, “Azəriqaz” İB-nin xx.xx.2017-ci il tarixli SOCAR**********30740457X00044 nömrəli “əlil pensiyaçılara birdəfəlik işdənçıxma müavinətinin ödənilməsi haqqında” məktubuna baxılmış, SOCAR-a ünvanladığı məktubda əlil işçilərin qanunvericiliklə müəyyən edilmiş təqaüd yaşına çatdıqda, onlarla bağlanmış əmək müqaviləsinin xitamı zamanı orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətin bu kateqoriyaları şəxslərə şamil olub-olunmamasına münasibət bildirilməsi xahiş edilmişdir. Bununla əlaqədar bildirilir ki, SOCAR-ın və Azərbaycani Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarının (Əmr-Qərar) 4-cü bəndinə əsasən, işdənçıxarma müavinəti həmin Əmr-Qərarın verildiyi, eləcə də xx.xx.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdığı tarixdən bir ay müddətində öz təşəbbüsü ilə işdən çıxan və yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənlə müvafiq razılaşma imzalayan şəxslərə verilə bilər. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində əmək pensiyalarının 3 növü, yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya növü müəyyən olunmuşdur. Qeyd olunan Əmr-Qərarda da işçinin yaşa görə əmək pensiya almaq hüququnun yarandığı vaxt, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma ödənilməsi nəzərdə tutulur və əlilliyə görə əmək pensiyası təyin olunmuş işçilər də qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bu hüququndan istifadə edə bilərlər. İş üzrə “İşəgötürən” qismində “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin rəisi ilə “İşçi” qismində İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair İşəgötürənlə işçi arasında xx.xx.2023-cü il tarixli Razılaşmanın surətindən görünür ki, tərəflər ARDNŞ və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarının 4-cü bəndinə və ARDNŞ və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 112/07-22ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən işçi müvafiq müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət edərsə, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi qaydası müəyyən edildiyini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəlmişlər: -İşçi Razılaşmanın şərtlərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada İşəgötürənlə bağlanmıq xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi məqsədi ilə müraciət edir (bənd 1.1); -İşçi əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxarma müavinətdən və son haqq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını bəyan edir və təsdiqləyir (bənd 1.3); - İşəgötürən Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə İşçiyə cəmi 10059,25 manat məbləğində müavinəti ödəməyi öhdəsinə götürür (bənd 2.1); - Bu Razılaşma işçi tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş qaydada xitam verildiyi halda və ARDNŞ və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarının 57/06-19ə nömrəli Əmr- Qərarının 4-cü bəndi və ARDNŞ və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 112/07-22ə nömrəli Əmr-Qərarının 1-ci bəndi ilə Kollektiv müqavilənin 5.16-cı bəndinin qüvvədə olduğu müddət ərzində tətbiq edilir. İş üzrə İddiaçı işlədiyi müddət ərzində aldığı əmək haqqı hesablaşması barədə məlumatdan görünür ki, İddiaçı 172,09 manat (kompensasiya-cari il), 1.524,81 manat (kompen.1-ci əvvəlki dövr), 1.524,81 manat (kompen.2-ci əvvəlki dövr), 450,32 manat (saatlıq tarif maaşı), 54,04 manat (oklad/tarif-Zərərli iş), 337,74 manat (oklad/tarif-Dəniz əmsalı), 242,48 manat (norm.artıq. vaxt. növbə), 96,99 manat (gecə saat işə ödəniş), 72,74 manat (gecə saatı – Dəniz əmsalı), 21,65 manat (işə gediş-gəlişə görə ödən.), 45,03 manat (iş staj.görə əlavə ödəniş), 10.059,25 manat (müav.-əm.müqav.iş.təş.xitam), cəmi 14.601,95 manat hesablanmış, həmin məbləğdən 73,01 manat (işsizlik ödənişi-işçidən), 438,06 manat (3% ə/h-dan DSMF-a tutulma), 146,02 manat (Həmkarlar İttifaqı), 2.479,00 manat (gəlir vergisi), 241,34 manat (icbari tibbi sığorta-işçi), cəmi 3.377,43 manat tutulmuş, ödəniləcək məbləğ 11.224,52 manat təşkil etmişdir. İş üzrə İddiaçı tərəfindən “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və SOCAR və ANQSİHİRK arasında 2022-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin ödənilməsin icazə verilməsini xahiş etmişdir. İş üzrə SOCAR Cavabdeh “Neft Daşları” NQÇİ-nin xx.xx.2023-cü il tarixli 14-2-1-5/3-1K- 45/2023 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsini rəhbər tutaraq və yaşa görə təqaüdə çıxması ilə əlaqədar Cavabdeh “Neft Daşları” NQÇİ-nin QKS-nin Vakuum kompressor xidmət sahəsinin 05-ci dərəcəli kompressor qurğularının maşinisti İddiaçı ilə xx.xx.2013-cü il tarixli, 294 nömrəli əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi, SOCAR və ANQSİHİRK arasında 2022-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinətinin ödənilməsi əmr verilmişdir. Əsas: İddiaçı şəxsi ərizəsi. İş üzrə “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən verilmiş arayışına əsasən “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsinin 5-ci dərəcəli kompressor qurğularının maşinisti İddiaçı xx.xx.2023-cü il tarixə orta aylıq əmək haqqından vergi tutulmayan hissənin 5 misli 10.059,25 manat təşkil edir. İş üzrə “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən verilmiş arayışından görünür ki, “Azneft” İB “Neft Daşları” NQÇİ-nin işçisi olmuş İsgəndərov X1 xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə öz ərizəsinə (AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmişdir. İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19a nömrəliəmr qərarının 4-cü bəndinə və ona edilmiş xx.xx.2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli 10.059,25 manat məbləğində işdən çıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 1989,81 manat təşkil edir. İş üzrə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-02664 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 14.00-dan 14.30dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin və Azərbaycan Respublikası Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” birgə əmr-qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşmanın imzalanması qərara alınmışdır. ARDNŞnin və ANQSİHİRK-nin 14 avqust 2009-cu il tarixli ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” birgə əmr-qərara dəyişiklik edilməsi haqqında əmr-qərarından görünür ki, 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bənddə “qərarı olduğu tarixdən” sözlərindən sonra “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözləri əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı uzun illər Cavabdeh “Neft Daşları” NQÇİ-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Eyni zamanda iddiaçıya ARDNŞ-nin və ANQSİHİRK-nn 2022-2023-cü il üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin müavinətdən 1989,81 manat gəlir vergisi tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur və onunla əmək müqaviləsinə xitam verilərək əmək haqqının 5 misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilərkən ondan qanunsuz olaraq vergi çıxılmışdır. İddiaçı hesab edir ki, ona ödənilən müavinətdən verginin tutulması qanunsuz olmuşdur və bu səbəbdən iddiaçı müavinətin ödənilməyən hissəsinin (vergiyə çıxılmış hissəsinin) cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındadır. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işə işəgötürənin təminatı prinsipinə zidd olmamalıdır. Eyni Məcəllənin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur (hissə 2(a)). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir (hissə 4). Qanunun yuxarıda göstərilən tələblərinə əsasən işdənçıxma müavinətindən vergi məbləğlərin tutulmasına yol verilmir. AR Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin işəgötürən tərəfindən təmin edilməli olan təminatları müəyyən edilmişdir. Lakin həmin maddədə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Lakin məhkəmə iddiaçıya ödənilən müavinətin işəgötürənin daxili əmrinə əsasən həyata keçirilməsini alaraq hesab edir ki, bu halda da həmin məbləğdən vergilərin tutulması yolverilməzdir. Belə ki, işdən çıxma ilə bağlı işçiyə ödənilən müavinət onun təminatının yaxşılaşdırılması məqsədi güdür və qanunun tələblərinə əsasən həmin ödənişlərdən vergilərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4.1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsininn 97.3-cü maddəsinə əsasən gəlirlərə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aid edilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Göstərilən Məcəllənin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Yuxarıda qeyd olunan maddi hüquq normasının mənasından göründüyü kimi təqaüdə çıxması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Hazırkı halda iddiaçıya ödənilmiş birdəfəlik müavinətlərin vergiyə cəlb edilməsini, yalnız onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilməsi ilə əsaslandırmaq formal yanaşma kimi qəbul edilməlidir. Belə ki, iddiaçıya ödənilmiş birdəfəlik müavinətin tədaüdə çıxmasına görə ödənilməsi həm də 22 aprel 2009-cu il tarixli əmr-qərarın adından müəyyən edilir: “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında”. Yuxarıda istinad edilən hüquq normasında fiziki şəxslərin gəlir vergisindən azad edildiyi hallardan biri kimi təqaüdə çıxması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar göstərilmişdir. Məhkəmə qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilərin təminatı kimi işdənçıxarma müavinətinin verilməsini müəyyən edilmişdir. Bu hal həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. O da nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilərkən işçilər üçün nəzərdə tutulmuş təminatlar minumum xarakter daşıyır və ayrı-ayrı aktlarda işin xarakteri, əmək şəraiti və s. hallar nəzərə alınmaqla işçilərin vəziyyətini yaxşılaşdıran daha əlverişli təminatlar nəzərdə tutula bilər. Mübahisə predmeti olan ödənişlərin verilməsinin əsası qismində çıxış edən ARDNŞ-nin və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli əmr-qərarı məhz belə xarakterli aktdır. Belə ki, həmin əmr-qərarın məzmunundan göründüyü kimi, qeyd edilən əmr-qərar ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi, eləcə də əmr-qərarda qeyd olunan əsaslarla əmək müqavilələrinə xitam verilmiş şəxslərin maddi vəziyyətinin yaxşılaşdırmaq və s. məqsədlər üçün qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya ödənilmiş həmin müavinətdən vergi tutulması istinad edilən yanaşmaya zidd hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində ona ödənilməli olan müavinətdən gəlir vergisi kimi 2479 manat pulun əsassız tutulmasını iddia etsə də, məhkəmə iclasında ödənilmiş müavinətdən tutulan gəlir vergisinin məbləği 1989,81 manat təşkil etməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş müavinətdən tutulmuş 2479 manat məbləğinin ödənilməsi hissəsində qismən təmin edilməli və iddiaçının xeyrinə ödənilmiş müavinətdən gəlir vergisi kimi çıxılmış 1989,81 manat məbləğində pul tutulmalıdır. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun əvəzi kimi 39,89 (otuz doqquz manat, səksən doqquz qəpik) manat dövlət hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə ödənilmiş müavinətdən gəlir vergisi kimi çıxılmış və iddiaçıya müavinətin ödənilməyən hissəsini təşkil edən 1989,81 manat, həmçinin mediasiya xərcləri kimi ödənilən 50 manat, cəmi 2039,81 (iki min otuz doqquz manat, səksən bir qəpik) manat məbləğində pul tutulsun. Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 39,89 (otuz doqquz manat, səksən doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1629/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1629/2023
22.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver