Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1631/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçilərin nümayəndəsi və vəkili M.İ.Dəmirovun iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəçi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdilər ki, **-RA-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S400 4Matic” markalı, 2016-cı il buraxılışlı, tünd albalı metallik rəngli nəqliyyat vasitəsi mərhum X3 Ərizəçi1 və Ərizəçi2 miras qalmışdır. Belə ki, X11 29.01.2019-cu ildə vəfat etmişdir. T.Bağırov Ərizəçi1 ilə 28.07.1977-ci il tarixdə nikaha daxil olmuşlar və birgə nikahlarından iki övladı xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi2 və 23.04.1978-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir.X13 ölümündən sonra ondan miras qalmış avtomobil onun vərəsələri Ərizəçi1 və Ərizəçi2 faktiki sahibliyində və istifadəsində qalmışdır. Yəni miras qoyanın ölümündən sonra sözügedən vərəsələr avtomobilə sahiblik etməyə və onu idarə etməyə faktik başlamasa da həmin miras əmlakı qəbul etmişlər. Digər vərəsə isə ümumiyyətlə miras qalmış əmlakı bir gün belə olsun idarə etməmişdir. Odur ki, həmin miras əmlaka dair Ərizəçi1 və Ərizəçi2 vərəsəliyi müəyyən olunmalı və bu barədə hər ikisinə bərabər payda vərəsəlik şəhadətnaməsi verilməlidir.Müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı 1 saylı Notariat Ofisinə müraciət edilmişdir. Lakin bundan imtina olunmuş və cavabdeh olaraq bildirilmişdir ki, tələb olunan sənədlər təqdim edilməmiş və nəzərdə tutulmuş müddət buraxılmışdır. Bu səbəbdən də sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Miras qoyan Toğrul Bağırovun ikili vətəndaşlığı olmuş, həm əmlak mənafeləri, həm də mənəvi dəyərlər baxımından ölkəmizə bağlı olmuş, ömrünün bütün hissəsini Azərbaycanda, Bakı şəhərində yaşamış, son daimi yaşadığı yer Azərbaycan Respublikası olmuşdur. Məsələ ilə bağlı hər hansı mübahisə yoxdur. Avtomobil Azərbaycan Respublikası DİN baş X20 İdarəsində qeydiyyata alınmaqla həmişə Bakı şəhərində idarə edilmiş və 07.06.2016-cı il tarixli, 678997 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi miras qoyan X7 mülkiyyət hüququ ilə məxsus olan **-RA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz S400 4Matic” 2016-cı il buraxılışlı, tünd albalı metallik rəngli nəqliyyat vasitəsindən ibarət olan miras əmlakın birinci növbəli vərəsələr Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın ½ hissəsinə Ərizəçi1 mülkiyyət hüququnun tanınması, miras əmlakın digər ½ hissəsinə Ərizəçi1 və Ərizəçi2 miras paylarının müəyyən edilməsi hər iki vərəsəyə həmin hissə üzrə bərabər payda vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 1 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili X8 ərizəsini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili həmçinin izahatından göstərmişdir ki, daşınar əmlakın ½ hissəsi ərizəçilərdən Ərizəçi1 birgə əmlak kimi mülkiyyətidir. Digər ½ hissəsi isə miras kütləsinə daxildir. Ərizəçilərin arasında bərabər şəkildə bölünməlidir . Belə olan halda həmin əmlak üzərində Ərizəçi1 ¾, Ərizəçi2 isə ¼ hissədə mülkiyyət hüquqları müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin nümayəndəsinin və vəkilin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş 26.01.2021-ci il tarixli, 05/Q-34/69 saylı nikah haqqında arayışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X2 arasında 28.07.1977-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 2672 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1986-cı ildə Moskva şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında Ərizəçi1ovna göstərilmişdir. İş üzrə Bakı şəhəri Nərimanov RPİ tərəfindən verilmiş 21.05.2014-cü il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 06.05.1954-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş üzrə Rusiya Federasiyasının Moskvoreçye-Saburovo rayon Dövlət xidmətlərinin təqdim edilməsi üzrə çoxfunksiyalı mərkəz tərəfindən verilmiş 30.01.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı X11 29.01.2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmişdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş 07.06.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mercedes Benz S400 4Matic» minik markalı ** RA *** dövlət nömrə nişanlı avtomaşın X4 adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi X5 ünvanlanmış 03.05.2021-ci il tarixli məktubdan görünür ki, 29.01.2019-cu il tarixdə X4 vəfat etməsi ilə əlaqədar Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi X9 1 saylı Notariat X1 qalmış mirası qəbul etmə və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar müraciət etmişdir. Qanunvericilikdə mirasın qəbulu üçün tələb olunan sənədlər təqdim edilməmiş və nəzərdə tutulmuş müddət buraxılmışdır. Bu səbəbdən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X11 29.01.2019-cu il tarixdə vəfat etmişdir və onun vəfat etməsi miras açılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, miras qoyan Toğrul Bağırovun ikili vətəndaşlığı olmuş, yəni o, həm Azərbaycan Respublikasının, həm Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Miras qoyan X15 Federasiyasında 30.01.2019-cu il tarixdə vəfat etmişdir və onun adına qeydiyyata alınmış «Mercedes Benz S400 4Matic» minik markalı ** RA *** dövlət nömrə nişanlı avtomaşın üzrə miras açılmışdır. İş üzrə ərizəçilər – Ərizəçi1 miras qoyan arvadı, Ərizəçi2 isə miras qoyanın qızıdır. Məhkəmə ilk növbədə miras qalmış əmlaka dair vərəsələrin hüquqlarının olub-olmamasına məhkəmənin hüquqi qiymət vermək üçün səlahiyyətli olub-olmamasına münasibət bildirilməsini zəruri heab edir. 07.10 2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyasının 48.1-ci maddəsinə əsasən bu maddənin 2-ci bəndində nəzərdə tutulan haldan savayı, əmlaka vərəsəlik hüququ miras qoyanın son daimi yaşayış yeri olduğu Razılığa gələn tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən vərəsəlik üzrə münasibətlər miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir. 07.10.2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən dövlət reyestrinə daxil olmalı nəqliyyat vasitələri üzərində mülkiyyət hüququ nəqliyyat vasitəsini qeydiyyata almış orqanın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Mülkiyyət hüququnun yaranması və ona xitam verilməsi bu cür hüququn yaranmasına və ya ona xitam verilməsinə səbəb olan hərəkətin və ya digər halın baş verdiyi zaman əmlakın yerləşdiyi Razılığa gələn tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinə əşya hüquqları onların qeydiyyatdan keçdikləri ölkənin hüququ ilə müəyyən olunur. Məhkəmə qeyd edir ki, miras qoyan Rusiya Federasiyasının vətəndaşı olsa da, ondan miras qalmış əmlak – nəqliyyat vasitəsi Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir və bu səbəbdən ərizəçilər miras qoyandan miras qalmış əmlaka vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə tam haqlıdırlar. AR MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktları müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mərhum T.Bağırovun adına qeydiyyata alınmış və miras qalmış «Mercedes Benz S400 4Matic» markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşın hal-hazırda ərizəçilərin faktiki sahibliyində və istifadəsindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçilər miras qoyan Toğrul Bağırovun birinci növbəli vərəsəsi olmaqla miras əmlakı faktiki olaraq qəbul etmişlər və mirasa vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün 1 saylı Notariat Ofisinə müraciət etmişlər. Miras qoyanın digər birinci növbəli vərəsəsi (X12) barədə məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd (doğum haqqında şəhadətnamə) təqdim etməmişdir. Miras əmlakın qəbul edilməsi üçün X6 notariat kontoruna ərizə verilməsi müəyyən edilməmişdir. Miras əmlakın onun sahibliyində və ya istifadəsində olması müəyyən edilməmiş və həmin əmlaka vərəsəlik hüquqlarının tanınması üçün qanunda nəzərdə tutulmuş 6 aylıq müddət ötürülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, miras qalmış mübahisəli avtomaşın üzərində ərizəçilərin mirasın qəbul edilməsi faktı müəyyən edilməli və onların həmin avtomaşına vərəsəlik hüquqları tanınmalıdır. AR Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Mirasın qəbul edilməsi müddəti qanunla müəyyənləşdirilir. Mülki Məcəllə bu barədə müvafiq göstəriş ifadə edir. Buna görə, yəni qanun əsasında müəyyənləşdirildiyinə görə həmin müddət qanuni və ya normativ müddət növünə şamil edilir. Bu müddətin həm müqavilə əsasında, həm də məhkəmə qərarı ilə müəyyənləşdirilməsi istisna olunur. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə ounur. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər. Məhkəmə ərizənin daşınar əmlak üzərində ərizəçilərdən Ərizəçi1 ½ pay hüququ üzrə mülkiyyət hüququnun tanınması hissəsi üzrə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, miras qoyanla Ərizəçi1 arasında 28.07.1977-ci il tarixdə nikah bağlanılmışdır. Mübahisəli miras əmlak isə 07.06.2016-cı il tarixdə miras qoyanın adına qeydiyyatdan keçmişdir. Məhkəmə hesab edir ki, avtomaşın birgə nikahda əldə olunduğu üçün həmin əmlakın yalnız 1/2 hissəsi miras əmlak kimi çıxış edə bilər. Əmlakın digər 1/2 hissəsi birgə əmlak kimi Ərizəçi1 məxsusdur. Bu səbəbdən məhkəmə hesab edir ki, miras əmlakın yalnız ½ hissəsi üzərində ərizəçilərin bərabər paylarla vərəsəlik hüquqları tanınmalıdır(hər birinin 1/4 hissədə payları müəyyən edilməlidir). Digər ½ hissə üzrə Ərizəçi1 mülkiyyət hüququ müəyyən edilməlidir. AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 111-ci bəndinə əsasən notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Məhkəmə miras əmlakın digər ½ hissəsi üzrə ərizəçilərin vərəsəlik hüquqlarının tanınması ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göstərilən Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. AR Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçilərin miras əmlak olan avtomaşının ½ hissəsinin qəbul edilməsi faktı müəyyən edilməli, həmin əmlak üzərində onların bərabər paylarla vərəsəlik hüquqları tanınmalıdır (hər birinin ¼ pay hüququ). Məhkəmə miras əmlak üzərinə ərizəçilərinin mülkiyyət hüquqlarının tanınması ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyinin tələblərinə əsasən qəbul edilmiş miras onun açıldığı vaxtdan vərəsənin mülkiyyəti hesab edilir. AR Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə daşınar əmlak üzərində paylı mülkiyyət hüququ üzrə və vərəsəlik hüququ üzrə Ərizəçi1 ¾ hissədə, Ərizəçi2 isə ¼ hissədə mülkiyyət hüquqları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat orqanı tərəfindən verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, qətnamə müvafiq şəhadətnamələrin Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Miras qoyan X7 mülkiyyət hüququ ilə məxsus olan **-RA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz S400 4Matic” 2016-cı il buraxılışlı, tünd albalı metallik rəngli nəqliyyat vasitəsindən ibarət olan miras əmlakın ½ hissəsinə birinci növbəli vərəsələr - Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Həmin miras əmlakın (avtomaşının) ¼ hissəsinə Ərizəçi1 vərəsəlik hüquq üzrə mülkiyyət hüquqları, miras əmlakın digər ¼ hissəsinə Ərizəçi2 vərəsəlik hüquqları üzrə mülkiyyət hüquqları tanınsın. X7 mülkiyyət hüququ ilə məxsus olan **-RA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz S400 4Matic” 2016-cı il buraxılışlı, tünd albalı metallik rəngli nəqliyyat vasitəsinin ½ (2/4) hissəsinə Ərizəçi1 birgə nikah dövründə əldə olunan əmlak kimi mülkiyyət hüquqları tanınsın. Qətnamə Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən Ərizəçi1 və Ərizəçi2 adlarına ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1631/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1631/2021
18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver