Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1631/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) X6, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X15 iştirakları ilə, İddiaçı (X11 və X25 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı (X11 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Səbail rayonu C.Hasilov küçəsi ev 115, 11 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, iş üzrə üçüncü şəxs X11 ilə 2023-ci ilin fevral ayında nikaha daxil olmuşdur. Hazırki işə üçüncü şəxs kimi cəlb olunan X11 iş üzrə Cavabdeh2 ilə nikahda olmuşdur və Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında nikahları pozulmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1998-ci il tarixli order əsasında qayınatası X4 məxsus olmuşdur. X7 25 iyun 2006-cı il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departmanetinin 26 dekabr 2011-ci il tarixli 340 nömrəli əmrinə əsasən Bakı şəhəri, C.Hasilov küçəsi, 115 saylı evin yaşayış sahəsi olan 4 otaqdan ibarət 11 saylı mənzilin sosial kirayə müqaviləsi 8 nəfər ailə üzvü ilə (özü, oğlu Sahibov Xaqani, gəlini- Cavabdeh2, qızı-Sarıyeva Ruhiyyə, dörd nəvəsi - Sahibov Bəydadaş, Sahibov Fuad, Sahibov S, Sarıyev A) vətəndaş Cavabdeh1 adına dəyişdirilməsi və sonuncu ilə sosial kirayə müqaviləsi bağlanılması qərara alınmışdır. Hazırda o, iş üzrə üçüncü şəxs X11 ilə nikaha daxil olmağına və başqa yaşayış yeri olmamağına baxmayaraq, cavabdehlər onun Bakı şəhəri C.Hasilov küçəsi 115 saylı evin yaşayış sahəsi olan 4 otaqdan ibarət 11 saylı mənzilə daxil olmağına maneçilik törədir. Belə ki, yoldaşı iş üzrə üçüncü şəxs X1 mənzildə pasport qeydiyyatındadır və onların nikahı rəsmiləşdirildiyindən birgə yaşamaqları zəruridir. Lakin cavabdehlər onun mənzilə köçməyinə maneçilik törədir. İşin faktiki hallarında və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, iş üzrə üçüncü şəxs X11 ilə nikaha daxil olduqdan sonra Bakı şəhəri, C.Hasilov küçəsi, 115 saylı evin yaşayış sahəsi olan 4 otaqdan ibarət 11 saylı mənzilə köçməli olduğu halda, cavabdehlər maneçilik törətmişlər. İş üzrə üçüncü şəxs X11 mənzildə pasport qeydiyyatındadır. Belə ki, Cavabdeh2 münaqişəli vəziyyət yaratmağa meyillidir və o, mənzilə köçdükdən sonra onunla münaqişəli vəziyyət yaradacaq. Odur ki, Bakı şəhəri C.Hasilov küçəsi 115 saylı evin yaşayış sahəsi olan 4 otaqdan ibarət 11 saylı mənzilə köçürülmənin məhkəmə qaydasında həll edilməsi zəruridir. Etirazın dəlilləri: Cavabdeh2 məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu C.Hasilov küçəsi, ev 115, 11 saylı mənzil, orada yaşayan ailə üzvlərinin sayı və münasibətləri baxımından, eləcədə iddiaçının tələbinin hüquqi əsası olmadığından iddia təmin oluna bilməz və cavabdeh olaraq iddianı qəbul etmir. Belə ki, iddiaçı qeyd olunan mənzilə köçürülməsinin hüquqi əsası kimi xx.xx.2009-cu il tarix kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad edir. Qeyd olunan qanun norması o halda tətbiq edilə bilərdi ki, iddiaçı ilə cavabdehləri, eyni zamanda üçüncü şəxs kimi qeyd etdiyi X12 ilə münasibətləri xx.xx.2009-cu il tarixə kimi yaranmış olsun. Lakin iddiaçının öz qeyd etdiyi kimi Xəqani ilə nikahları 2023-cü ilin fevral ayında bağlandığından, onunla tərəflər arasında münasibətlərin axımı 2023-cü ilin fevral ayından başlandığı bəllidir. Ona görə də tələbinin hüquqi əsası kimi iddiaçının istinad etdiyi Mənzil Məcəlləsinin tələblərin təsir dairəsi qalıb xx.xx.2009-cu ildən o tərəfə mövcud olan münasibətlər üçün, ondan bu tərəfə olan müddətlər üçün münasibətlər yeni mənzil məcəlləsi və mülki qanunvericiliklə tənzimlənir və yeni qanunvericiliyə görə onun Xəqani ilə nikaha girməsi, iddia etdiyi mənzilə köçürülməsi üçün hüuqiq əsas yaratmır. İddiada üçüncü şəxs kimi adı çəkilən Xəqani Sahibov onun keçmiş əridir. Onların nikahı 1995-ci ilin sentyabr ayında bağlanmış və birgə nikahdan 3 oğlan övladı vardır. Nikah 2022-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Tələbin yönəldiyi 11 saylı mənzil onlara ailə üzvlərinin sayı nəzərə alınmaqla sonradan Dövlət tərəfindən mənzil fondundan verilmişdir və 4 otaqlıdır. Birgə təmir edib, 1998-ci ildə mənzilə köçmüşlər və hal hazıra kimi də ailəlikcə həmin mənzildə yaşayırlar. Mənzildə o, keçmiş əri, 3 övladı, qaynanası və baldızı olmaqla, hazırda 3 ailə yaşayır. Böyük oğlu Qarabağ veteranıdır, subaydır, mənzilin darısqallığından evlənə bilmir. Ortancıl oğlu evlidir. Balacası da hazırda əsgərdir. Bundan başqa, iddiaçı Xəqani ilə nikaha girəndə onun yaşadığı mənzil, orada yaşayan ailə üzvlərinin say və durumu barəsində geniş məlumatı var idi. Belə ki, əvvəllər də həmin mənzilə qonaq qismində gəlib-getmişdir. Əlavə olaraq, həmin mənzil ailə üzvləri olaraq onların hər biri nəzərə alınmaqla verilmişdir. Bu baxımdan hər biri həmin mənzildə bərabər pay və bərabər hüquqa malikdir. Məhz buna görə onların icazəsi olmadan qaynanası mənzili öz adına rəsmiləşdirilməsi ilə bağlı Bakı İnzibati Məhkəmədə qaldırdığı iddiası rədd olunmuşdur. İstər iddiaçı və istərsə başqası yalnız onların hamısının razılığı ilə mənzilə köçürülə bilər. Buna da onun və eləcə də oğlanlarının heç birinin razılığı yoxdur. Göründüyü kimi, hazırkı iddia tələbinin həm hüquqi əsası yoxdur, həm mənzilin faktiki durumuna və orada yaşayanların qarşılıqlı münasibətinə görə mümkün deyildir. Əxlaq baxımına görə heç yol verilməzdir. İddia ərizəsinə baxılarkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs) X11 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, order yoldaşının adınadır, ev Neft Şirkətinindir - Qarabağ əlili olduğundan yoldaşına verilmişdir. Mənzili özəlləşdirməyə Cavabdeh2 icazə vermir. Ev 4 otaqlıdır. Evin satılmasına və paylara uyğun bölüşdürülməsinə etiraz etmir. Həmçinin bildiri ki, oğlu yenidən ailə qurub, onun da ata evidir, həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamağa onun da hüququ var. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25, iddia tələbinə etiraz edərək bildirdi ki, anadan olandan orada yaşayır, ailə qurub həmin otaqda yaşamaq istəyir. Əvvəl divanda yatırdı, qış olanda, soyuq olur, ona görə digər otağa keçmişdir. Evdə iddiaçının köçüb yaşaması üçün şərait yoxdur. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X13 izahatında bildirdi ki, o da mübahisəli mənzildə yaşayır, hərdən oğlugildə qalır, qardaşı da orada yaşamalıdır. Digər bacısı Mehdiabadda yaşayır. Mübahisəli mənzil dörd otaqlı mənzildir. Razılaşmadıqları təqdirdə evin satılmasını təklif edilib. Sanitar qovşaq və mətbəx ayrıdır. Qardaşı indi kirayədə yaşayır. Dəfələrlə polisə müraciət edilib. Atasından qalan mülkdür. Qanunla nə düşürsə hərə öz payını götürə bilər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 iddia tələbinə etiraz etməyərək bildirdi ki, Cavabdeh1 anası, X11 isə qardaşıdır. Ailə həyatı qurmuş, üç övladı var. Qardaşı təzə ailə həyatı qurub. Hesab edir ki, qardaşı ailəsi ilə öz evində yaşamalıdır, anasına qulluq edən də qardaşının ailəsi olacaq. Qardaşı hazırda kirayə evdə yaşayır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Səbail rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 209 nömrəli sərəncamına əsasən verilmiş xx.xx.1998-ci il tarixli, 047865 nömrəli orderinin surətindən görünür ki, X7 7 nəfər ailəsi ilə birlikdə ünvan 2 ünvanında 4 otaqdan ibarət 58,29 kv.m yaşayış sahəsində yaşamaq hüququna malikdir. Ailə tərkibi: 1948-ci il təvəllüdlü özü X7, 1653-cü il təvəllüdlü həyat yoldaşı Cavabdeh1, 1972-ci il təvəllüdlü qızı S.B.Sahibova, 1976-cı il təvəllüdlü qızı R.B.Sahibova, 1971-ci il təvəllüdlü kürəkəni Q.N.Rəsulov, 1972-ci il təvəllüdlü nəvəsi F.Q.Rəsulov, 1996-cı il təvəllüdlü nəvəsi G.Q.Rəsulova. - Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 194466 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli 340 saylı Sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə Əmrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi 115 saylı evin yaşayış sahəsi 58,29 nr olan 4 otaqdan ibarət 11 saylı mənzilin sosial kirayə müqaviləsi 8 nəfər ailə üzvü ilə (özü, oğlu- Sahibov Xaqani, gəlini-Cavabdeh2, qızı-Sarıyeva Ruhiyyə, dörd nəvəsi- Sahibov Bəydadaş, Sahibov Fuad, Sarıyev S, Sarıyev A) vətəndaş Cavabdeh1 adına dəyişdirilməsi və onunla kirayə müqaviləsi bağlanması, X2 adına olan sosial kirayə müqaviləsinin bağlanılması və vətəndaş Cavabdeh1 adına yeni müqavilənin açılması MKXD- nin 20 saylı MİS-nə tapşırılması əmr edilmişdir. - Səbail rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X11 ilə Cavabdeh2 arasında nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir - Bakı İnzibati Məhkəmənin 2-1(112)-4031/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışına əsasən Cavabdeh1, X11 (xx.xx.1974-cü il təvəllüdlü), X26 (xx.xx.2012-ci il təvəllüdlü), X16 (xx.xx.2007-ci il təvəllüdlü), Cavabdeh2 (xx.xx.1977-ci il təvəllüdlü), X25 (xx.xx.1996-cı il təvəllüdlü), X17 (xx.xx.2005-ci il təvəllüdlü), X27 (xx.xx.2005-ci il təvəllüdlü) ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Bakı İnzibati Məhkəməsinin həmin Qərarından görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, BA-06316-2021 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının B.Sahibova order verilməsi haqqında xx.xx.1998-ci il tarixli, 209 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, B.Sahibovun mənzil-uçot işinə 2 nəvəsi və kürəkəninin daxil edilməsi, mənzil növbəsində 7 nəfər ailə üzvü ilə sayılması, B.Sahibova 7 nəfər ailə üzvü ilə Badamdar qəsəbəsi, Badamdar şossesi, 115 nömrəli evin 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən 4 otaqlı 58,29 kv.m sahəsi olan 11 nömrəli mənzilinə order verilməsi, orderə X7 (özü), Cavabdeh1 Qələndar qızı (yoldaşı), X13 (qızı), X10 (qızı), X9 (kürəkəni), X22 (nəvəsi) və X5 (nəvəsi) yazılması qərara alınmışdır. - 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 559810 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X18 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış və həmin nikah 379 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Sahibova” soyadı verilmişdir. Əsaslandırıcı hissə: Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 209 nömrəli sərəncamına əsasən X2 adına verilmiş ordedə ailə tərkibi B.H.Sahibov (özü), Cavabdeh1 (yoldaşı), S.B.Sahibova (qızı), R.B.Sahibova (qızı), Q.N.Rəsulov (kürəkəni), F.Q.Rəsulov (nəvəsi), G.Q.Rəsulova (nəvəsi) göstərilmişdir. X2 xx.xx.2006-cı il tarixdə vəfatından sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmtlər Departamentinin xx.xx.2011-ci il tarixli, 340 M saylı əmrinə əsasən Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi 115 saylı evin yaşayış sahəsi 58,29 kv.m olan 4 otaqdan oarət 11 saylı mənzilin sosial kirayə müqaviləsinin 8 nəfər ailə üzvü ilə (özü, oğlu- Sahibov Xaqani, gəlini-Cavabdeh2, qızı-Sarıyeva Ruhiyyə, dörd nəvəsi-Sahibov Bəydadaş, Sahibov Fuad, Sarıyev S, Sarıyev A) Cavabdeh1 adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, hazırda qeyd olunan ünvan sosial kirayə müqaviləsi ilə Cavabdeh1 adına dəyişdirilmiş və ailə üzvü kimi X11, Cavabdeh2, X8, X14, X25, X27, X16 göstərilmişdir. Hazırda həmin mənzildə müqavilədə adı qeyd olunmuş Cavabdeh1 ilə birlikdə Cavabdeh2, X25 və adı qeyd edilməyən X13 yaşayırlar. Mübahisəli mənzil özəlləşdirilməmiş və Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçməmişdir. İşin materiallarından görünür ki, mənzilin kirayəçisi Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik hüquqi şəcsin 1 saylı Bakı Ərazi İdarəsinə mübahisəli mənzilin adına özəlləşdirilməsi üçün müraciət etmiş, sonuncunun bundan imtinası ilə əlaqədar ona qarşı iddia ilə məhkəməyə müraciət etmiş və inzibati orqanın imtinası qanuni hesab edərək iddianı təmin etməyən Bakı İnzibati Məhkəməsi özünün 2-1(112)-4031/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında həmçinin ona əsaslanmışdır ki, ailə üzvləri Cavabdeh2, X14 və X15 özəlləşdirmə ilə bağlı razılıqları olmamış, etiraz etmişlər. Həmçinin işin materiallarından görünür ki, X11 xx.xx.2023-cü il tarixdə İddiaçı ilə nikaha daxil olmuşdur və nikaha daxil olmasını əsas gətirərək Bakı şəhəri Səbail rayonu C.Hasilov küçəsi ev 115, 11 saylı mənzilə köçürülməli olmasını iddia etmiş və tələbinin maddi əsası kimi xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mənzilə köçürülməli olmasını digər qanunvericilik normaları ilə yanaşı qeyd edilən Mənzil Məcəlləsinin müddəaları ilə də əsaslandırdığı üçün məhkəmə ilk növbədə onun həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasına qiymət verməyi zəruri sayır. Belə ki, mənzilə köçürülmə anlayışı ilk növbədə bu iddianı irəli sürən şəxsin köçürülməsini iddia etdiyi mənzilə hüquqi bağlılığını tələb edir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. - 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə X11 arasında hüquq münasibətləri nikah bağlandıqdan, yəni 2023-cü ilin fevral ayından sonra yarandığından bu münasibətlər həmin tarixdən sonra qüvvədə olan qanunvericilik müddəaları ilə nizamlanır və bu nikahın bağlanması iddiaçının mübahisəli mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından həm istifadə hüququnun yaranması, həm də köçürülməsi üçün hüquqi əsas yaratmır. Məhkəmə, İddiaçı nümayəndəsi olan X6 eyni zamanda iş üzrə üçüncü şəxs qismində verdiyi izahatlarına qiymət verərək qeyd edir ki, iddiaçının mənzilə köçürülməsinin əsasını məhz onlar arasında bağlanmış nikah təşkil edir ki, bu da qanunla yol verilməzdir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzildə qeydiyyatda olmaqla, həmin mənzilə istifadə hüququ olan X6 həmin mənzilə hazırki arvadını deyil, yalnız onun özünün hüquqları pozulduğu halda onun köçürülməsi barədə qaldırılan iddianın əsaslılığına hüquqi qiymət verilə bilərdi. Araşdırma zamanı isə onun şəxsən belə bir hüququnun pozulması halına yol verilməsi müəyyən edilməmiş və o özü də belə bir iddia irəli sürməmişdir. Məhkəmə həmçinin mənzilin kirayədarı Cavabdeh1 iddiaya etiraz etməməsinə qiymət verərək hesab edir ki, bu mövqe iddianın əsaslı olmasına hüquqi baxımdan təsir etmir. Belə ki, sözügedən cavabdeh xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından mübahisəli mənzilin icarədarı kimi yalnız özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə ailə üzvlərini, habelə həmin Məcəlləyə əsasən istifadə hüququ əldə etmiş başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Cavabdeh1 buna razılığının olmasına baxmayaraq, mübahisəli mənzildə qeydiyyatda olmaqla, həmin mənzilə istifadə hüququ olan icarədarın oğlu X11 ilə iddiaçının rəsmi nikahının xx.xx.2023-cü il tarixdə qeydiyyata alınması sonuncunun sözügedən mənzilə köçürülməsi üçün hüquqi əsas yaratmır. Belə ki, iddiaçı mübahisəli mənzil üzrə, sosial kirayə müqaviləsində adı olan ailə üzvü olmamaqla yanaşı, o, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan kirayəçinin ailə üzvü olmadığından onun mübahisəli yaşayış evinə hər hansı bir istifadə hüququ yaranmamışdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malik olsa da, hazırda ailə üzvü statusuna malik olan Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəflərin oğlu X25 iddia tələbini qəbul etmir və təmin edilməsinə etiraz edirlər. İddiaçı Cavabdeh1 ailə üzvü olmamaqla yanaşı, mübahisəli mənzilə istifadə hüququ olmadığı halda həmin yaşayış evinə orada ailə üzvləri ilə uzun müddət yaşayan Cavabdeh2 və oğlu X15 iradəsinə zidd köçürülməklə istifadəsi sonuncuların hüquqlarını pozmuş olar. Həmçinin tərəflərin izahatları və şahid ifadələri ilə də tam təsdiq olunur ki, X11 xx.xx.2023-cü il tarixdə İddiaçı ilə nikaha daxil olandan sonra hazırki vaxta kimi mübahisəli mənzildə deyil, digər ünvanda (kirayə mənzildə) yaşayırlar. X11 isə hərdən mübahisəli evə gedib-gəlir. Məhkəmə həmçinin X13 və X3 şahid ifadələrinin qardaşları X6 arvadı ilə mübahisəli mənzildə deyil, digər ünvanda yaşamalarına dair hissəsi istisna olmaqla digər hissələrinin iş üzrə sübut əhəmiyyətli olmaması qənaətinə gəlir. Belə ki, əvvəla onlar Cavabdeh1 övladları, X6 isə bacıları olmaqla onların maraq və mənafeyinə uyğun ifadə vermişlər. Həmçinin onların ifadəsində verilən məlumatlar iddianın əsasını təşkil edən maddi hüquq normaları baxımından uzlaşmayaraq işin predmetinə aid olmayan hallar ilə bağlı olmuşdur. Digər tərəfdən, iddiaçı ilə Cavabdeh1 oğlu arasında rəsmi nikahın xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmasını nəzərə alaraq məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mübahisəli mənzil özəlləşdirilmiş olsa idi belə qüvvədə olan qanunvericiliyin müddəaları baxımından da iddiaçının mübahisəli mənzilə hər hansı bir hüququ yaranmayacaqdı. Belə ki, qüvvədə olan ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, “1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və “mənzilə köçürülmə” tələbinə dair iddiasının əsassız olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı (X11 və X25 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilə köçürmə" tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1631/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1631/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver