Məhkəmə qərarları › İş №2(009)-1638/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1638/2021

14.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1638/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-yə (bundan sonra Cavabdeh MMC) qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin 29 mart 2021-ci il tarixli 550 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin 29 mart 2021-ci il tarixli 550 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 6 saylı poçt filialının 98 saylı poçt şöbəsinin əməliyyatçısı vəzifəsindən azad edilmiş, onunla bağlanılmış əmək müqaviləsinə isə xitam verilmişdir. Belə ki, 23.02.2021-ci il tarixdə şöbənin rəisinin məzuniyyətdə olması və işin çoxluğu ilə əlaqədar bütün əməkdaşlar biri-birinə kömək edirdilər. Saat 10:50 radələrində poçta daxil olan müştəri 900 ABŞ dolları pul dəyişmək istədiyini bildirmiş, o, xidmət göstərmiş, vətəndaş isə ona qəbz verilməsini gözləməyib çıxıb getmişdir. İş çox olduğu üçün məktubları çeşidləməyə başlamış, qaydalara müvafiq olaraq pulu dəyişməsini sistemə həmin an işləməyi unutmuşdur. Saat 13:30 radələrində Cavabdeh MMC-nin iki əməkdaşı şöbəyə gələrək qəbz verməməyi barədə izahat almışlar. 25.02.2021-ci il tarixdə Cavabdeh MMC kadrlar şöbəsinin rəisi, daha sonra isə özünü İsaq Cəfərov kimi təqdim edən əməkdaşı ona ərizə yazıb işdən çıxmağı təklif edərək əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunacağı ilə təhdid etmişdir. Bundan sonra səhhətində problem yarandığı üçün həkim müayinəsinə getmiş, ona bir neçə gün işə çıxmamaq tövsiyə edilmiş və tibbi arayış verilmişdir. İşə çıxdıqdan sonra həmkarlar ittifaqının sədri onu çağıraraq işdən azad edilməyi barədə Cavabdeh MMC-nin məktubu ilə onu tanış etmişdir. Bundan sonra onunla bağlı məsələ həmkarlar ittifaqının iclasında müzakirəyə çıxarılmış, qüsursuz fəaliyyəti, öhdəsində azyaşlı uşağının olması, ailənin yeganə gəlir gətirəni olması və bir sıra başqa hallar nəzərə alınaraq barəsində inzibati tədbir görülməsi qərara alınmamışdır. Lakin bununla belə, Cavabdeh MMC-nin yuxarıda qeyd olunan əmri ilə o, işdən azad edilmişdir. Bildirir ki, onun bu əsasla işdən azad edilməsi qanunsuz və əsassızdır, həmin ərəfədə yeni təyin olunmuş filial müdirinin ona qarşı qərəzli münasibəti ilə əlqədardır. İşdən azad olunmağına səbəb kimi yol vermiş olduğu pozuntu formal pozuntudur və yuxarıda qeyd olunduğu kimi həmin vaxt şöbədə işin çoxluğu ilə əlaqədar olmuşdur. Bundan başqa həmin pozuntu nəticəsində işlədiyi təşkilata heç bir maddi və başqa zərər dəyməmiş, başqa sözlə işəgötürənin mənafeyinə xələl gəlməmişdir. Əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. Onu da bildirir ki, işdən əsassız azad edilməyi barədə X7 Xidmətinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış, 08.05.2021-ci il tarixində ona təqdim olunmuş cavab məktubunda məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Bu səbəbdən Cavabdeh MMC-nin məlum əmrindən qanunla müəyyən olunmuş müddətdə məhkəməyə şikayət verə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, işdən azad olunma barədə əmrin surəti ona 3 və ya 4 aprel 2021-ci il tarixində təqdim edilmiş, lakin o, işdən əsassız azad edilməyi barədə X7 Xidmətinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış, ona təqdim olunmuş cavab məktubunda məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Daha sonra o, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətini ötürməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X9 izahat verərək iddiaçının işdən azad olunması prosesində heç bir qanunpozuntusuna yol verilmədiyini, eləcə də ərizə təqdim edərək iş üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddia müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 01.07.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı PF-nın 98 saylı PŞ-nə əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 23.07.2020-ci il tarixli, 2FK4ALJ000203 nömrəli məlumatdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı Cavabdeh MMC-nin 6 saylı PF-nın 110 saylı PŞ-də ceşidləyici vəzifəsindən Cavabdeh MMC-nin 6 saylı PF-nın 98 saylı PŞ-nə əməliyyatçı vəzifəsinə dəyişdirilməsi barədə əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 110 saylı Poçt şöbəsinin xəzinəsinin inventarizasiyasına dair 23.02.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin Xəzinədarlıq şöbəsinin 23.02.2021-ci il tarixli monitorinqinin nəticələri əsasında Cavabdeh MMC-nin Daxili audit şöbəsinin müdir müavini Coşqun Hüseynov və Xəzinədarlıq şöbəsinin sektor müdiri Əli Abdullayev tərəfindən 6 saylı poçt filialının 110 saylı Poçt şöbəsinin xəzinəsi 23.02.2021-ci il tarixdə saat 13:30-da qəfləti yoxlanılmış və müqayisə zamanı təqdim olunan faktiki nağd pul vəsaitləri ilə hesabat qalığı üzləşdirilərkən fərq aşkar edilməmişdir. Tərəfimizdən şöbədə nağd pul vəsaitinin milli valyutada vəziyyəti qiymətləndirilmiş və limitdən artıq vəsait kimi 40000 (qırx min) AZN Cavabdeh MMC-nin Baş xəzinəsinə göndərilmək üçün qiymətlilərin inkassasiyası üzrə daxili prosedur qaydalarına uyğun hazırlanmış və brezent kisəyə qoyularaq plomblanmış, inkassatora təhvil verilmişdir. 23.02.2021-ci il tarixdə saat 11:07-də Xəzinədarlıq şöbəsinin Valyuta Nəzarət sektorunun müdiri Əli Abdullayev xarici valyutanın “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş və Cavabdeh MMC-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş hüquqi sənədlərin tələbləri əsasında valyutanın alınması, satılması və dəyişdirilməsi vəziyyətinin monitorinqini aparmış və 900 dollar məbləğində 110 saylı poçt şöbəsində valyuta mübadiləsi əməliyyatı aparmışdır. Əməliyyat 110 saylı poçt şöbəsinin şöbə müdirinin otağında əməliyyatçı İddiaçı tərəfindən həyata keçirilmiş və Xəzinədarlıq şöbəsinin sektor müdiri Əli Abdullayev tərəfindən təqdim edilmiş 900 dollar 1.70 AZN alış məzənnəsi ilə mübadilə edilmişdir. Lakin “Colvir” sistemi üzərindən mübadilə əməliyyatı aparılmamışdır. Özünü 110 saylı poçt şöbəsinin əməliyyatçısı kimi təqdim etmiş əməliyyatçı İddiaçı sistemdən kənar 900.00 dollar və 100 dollar məbləğinin azərbaycan manatına mübadilə etdiyini yazılı izahatında təsdiq etmiş, səbəbini isə şəxsi məqsədləri üçün istifadə etdiyini və gələcəkdə bir daha qeyri-qanuni əməllərə yol verməyəcəyini bildirmişdir. X5 6 saylı Poçt Filialının 110 saylı poçt şöbəsinin əməkdaşlarının adlı siyahısı üzrə sorğu edilmiş və İnsan Resursları şöbəsindən təqdim edilən əmrlərə müvafiq olaraq İddiaçı 110 saylı şöbədə çalışmadığı aşkar edilmiş, təqdim edilmiş əmrlərə baxış zamanı məlum olmuşdur ki, İddiaçı 01.07.2020-ci il tarixdən Cavabdeh MMC-nin 1050 nömrəli əmri ilə təsdiq olunmuş yeni strukturuna və ştat cədvəlinə əsasən 6 saylı Poçt Filialının 98 saylı poçt şöbəsində 3 ay müddətinə əməliyyatçı vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən yazılmış 23.02.2021-ci il tarixli izahatdan görünür ki, 23.02.2021-ci il tarixdə, saat 11,07-də o, 900 ABŞ dolları alış etmiş, lakin sistemə işləməmiş, müştəriyə qəbz təqdim etməmiş, bundan əlavə 100 ABŞ dolları da almış, onu da sistemə vurmamış, vurmamasının səbəbini isə pulları şəxsi məqsədləri üçün istifadə etməsini və gələcəkdə bir daha qeyri-qanuni əməllərə yol verməyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 12.03.2021ci il tarixli Protokolundan görünür ki, İddiaçı işlədiyi müddətdə barəsində heç bir inzibati tədbir görülmədiyini, bu kimi halın ilk dəfə baş verdiyini, həmçinin himayəsində azyaşlı uşağının olması və ailədə tək işləyənin o olmasını, ölkəmizdə hökm sürən pandemiya şəraitinin yaratdığı çətinlikləri və qarşıdan gələn bayramları nəzərə alaraq onun barəsində inzibati tədbir görülməsi daha məqsədəuyğun olması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 6 saylı X6 İttifaqı Komitəsi iclasının 02 saylı, 19.03.2021-ci il tarixli Protokolundan görünür ki, İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsanlar onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas verir. İş materiallarına əlavə edilmiş Cavabdeh MM-nin 29.03.2021-ci il tarixli 550 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 98 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 29.03.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 29.03.2021-ci il tarixli, 2FK4ALJ0002X0 nömrəli məlumatdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi “29.03.2021” tarixli, “2FK4ALJ0002X0” nömrəli, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 6 saylı Poçt Filialı tərəfindən İddiaçı ünvanlanmış 29.03.2021-ci il tarixli teleqramdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar “Cavabdeh" MMC-nin təşkilatı işlər departamentinin X5 gələrək, əmək kitabçasını götürməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 tərəfindən İddiaçı ünvanlanmış 03.05.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, "Cavabdeh" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə X7 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və müraciətlə əlaqədar cəmiyyətin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq Həmkarlar İttifaqı Komitəsinin razılığı qabaqcadan alınaraq 29.03.2021-ci il tarixidə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda həmin sənədlərdən son haqq hesabının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq həmin gün əmək haqqı bank hesabına köçürüldüyü müəyyən edilmişdir. Qeyd edilənlərlə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair 23.07.2020-ci il tarixli, 2FK4ALJ000203 nömrəli məlumata əsasən, Cavabdeh MMC ilə İddiaçı Cavabdeh MMC-nin 6 saylı PF-nın 110 saylı PŞ-də ceşidləyici vəzifəsindən Cavabdeh MMC-nin 6 saylı PF-nın 98 saylı PŞ-nə əməliyyatçı vəzifəsinə dəyişdirilməsi barədə əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. 110 saylı Poçt şöbəsinin xəzinəsinin inventarizasiyasına dair 23.02.2021-ci il tarixli akta əsasən, 23.02.2021-ci il tarixdə əməliyyatçı İddiaçı sistemdən kənar 900.00 dollar və 100 dollar məbləğinin azərbaycan manatına mübadilə etmiş, bu halı yazılı izahatında təsdiq etmiş, səbəbini isə şəxsi məqsədləri üçün istifadə etdiyini və gələcəkdə bir daha qeyri-qanuni əməllərə yol verməyəcəyini bildirmişdir. Cavabdeh MMC-nin 6 saylı X6 İttifaqı Komitəsinin iclasının 02 saylı, 19.03.2021-ci il tarixli sonuncu Protokoluna əsasən, İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsanların onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas verməsi qərara alınmış, Cavabdeh MM-nin 29.03.2021-ci il tarixli 550 nömrəli əmri ilə, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 98 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 29.03.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01.07.2020-ci il tarixli əmək müqaviləsinin 3.1-ci maddəsinə əsasən İddiaçı əmək funksiyasının vəzifə təlimatlarına uyğun olaraq icrasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İddiaçı Əmək Müqaviləsinin 3-cü hissəsi və Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək öhdəliyini üzərinə götürməsinə baxmayaraq qeyd edilənlərə riayət etməmiş, 23.02.2021-ci il tarixdə sistemdən kənar 900.00 ABŞ dolları və 100 ABŞ dolları məbləğinin Azərbaycan manatına mübadilə etmiş, bu halı yazılı izahatında təsdiq etmiş, səbəbi kimi şəxsi məqsədləri üçün istifadə etdiyini və gələcəkdə bir daha qeyri-qanuni əməllərə yol verməyəcəyini bildirmiş, daha sonra Cavabdeh MMC-nin 6 saylı X6 İttifaqı Komitəsinin iclasının 02 saylı, 19.03.2021-ci il tarixli sonuncu Protokoluna əsasən, İddiaçı xidməti fəaliyyətində yol verdiyi nöqsanların onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas verməsi qərara alınmış, Cavabdeh MM-nin 29.03.2021-ci il tarixli 550 nömrəli əmri ilə, Cavabdeh MMC-nin 6 saylı Poçt Filialının 98 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 29.03.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq, işəgötürənin hərəkətlərində hər hansı bir qanunpozuntusuna yol verilməməsi və iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı məhkəmə iclasında işdən azad olunması barədə əmri 03 və ya 04 aprel 2021ci il tarixdə aldığını, lakin əmrinin ləğv edilməsi ilə bağlı X3 müraciət etdiyindən və onlardan cavab aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etdiyindən, işdən azad olunması ilə bağlı verilmiş əmrin ləğv edilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin ötmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı özü də məhkəmə iclasında müvafiq əmrin ona 03 və ya 04 aprel 2021-ci il tarixdə təqdim edildiyini və hazırki iddia tələbi ilə məhkəməyə hüququnun pozulmasının aşkar edildiyi gündən 1 ay müddət keçdikdən sonra müraciət etdiyini dolayı yolla etiraf etmiş, lakin müddəti ötürməsini X3 müraciət etməsilə əlaqələndirmişdir. Əmrin surətini özünün izahatına əsasən 03 və ya 04 aprel 2021-ci il tarixdə almasına və hüququnun pozulmasının aşkar edildiyi gündən 1 (bir) ay müddətində məhkəməyə müraciət etməli olduğunu bilməsinə baxmayaraq iddiaçı hazırki tələblə 25.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin “işə bərpa” hissəsi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə eyni zamanda iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddia tələbinin işə bərpa hissəsi əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilərək rədd edildiyindən, iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar