Məhkəmə qərarları › İş №2(009)-1640/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1640/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1640/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili X3, üçüncü şəxs Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili X2, tərcüməçi X4 iştirakları ilə, İddiaçı Cavabdeh2 MTK üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh1 qarşı “əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 MTK üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh1 “əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 mənzilin alınması üçün ödənilmiş 64000 (altmış dörd min) manatın, təmir üçün ödənilmiş 25000 (iyirmi beş min) manatın, cəmi 89.000 (səksən doqquz min) manatın tutularaq ona ödənilməsi, tələbin Cavabdeh2 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq küçəsi, 75 ünvanda inşa etdiyi binanın 69 nömrəli mənzilinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər olduğuna görə barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh1 mənzilin alınması üçün ödənilmiş 64000 (altmış dörd min) manatın, təmir üçün ödənilmiş 25000 (iyirmi beş min) manatın, cəmi 89.000 (səksən doqquz min) manatın tutularaq ona ödənilməsi, tələbin Cavabdeh2 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12 nömrəli binanın 69 nömrəli mənzilinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər olduğuna görə barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ukrayna vətəndaşıdır,Azərbaycan Respublikasında müvəqqəti yaşayır. Onunla “xxxxxxxxxxxxxxxxx” MTK (VÖEN: **********1) arasında “Kooperativ yaşayış binasında mənzil tikintisi haqqında” xx xxx 2018-ci il tarixli, 30 nömrəli Müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxx” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 9 ünvandakı 17 mərtəbəli yaşayış kompleksinin B1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.0 kv.m. olan 2 otaqlı, 73 saylı mənzilin dəyərini təşkil edən 149 952 manatdan 115 000 manat hissəsi tərəfindən ödənilmişdir. Sonradan qalan məbləğ də ödənilib. Bundan sonra “xxxxxxxxxxxxxxxxx” MTK-ya ərizə ilə müraciət edərək, mənzilə dair hüquqlarının başqa şəxsə keçməsi ilə əlaqədar rəsmiləşdirilmənin həyata keçirilməsini xahiş etmişdir. Həmin vaxt o, Cavabdeh1 ilə bir mənzildə yaşayırmış. Mənzilin satışından əldə etdiyi pul vəsaitlərindən 90 000 manatı və əlavə özündə olan 16 000 ABŞ dollarını həmin mənzildə saxlayırdı və Cavabdeh1 da bunu bilirdi. Sonradan həmin puldan 23 000 ABŞ dollarını başqa məqsədlər üçün götürüb, 78 000 manat isə mənzildə qalıb. Bundan sonra Cavabdeh1 ona "Cavabdeh2" MTK-nın (VÖEN: **********) Bakı şəhəri Nəsimi rayonu, Azadlıq küçəsi, 75 ünvanda inşa etdiyi binanın 69 nömrəli mənzilini tapıb. Həmin mənzilin mülkiyyətçisi Bağırova Növrəstə Seyfəddin qızı imiş. Mənzilin alğı-satqısı ilə bağlı “Zamin Əmlak” adı altında fəaliyyət göstərən fərdi sahibkar X1 (VÖENN: **********) iştirak etdiyi beh müqaviləsi bağlanan zaman da Cavabdeh1 həm Bağırova Növrəstə Seyfəddin qızına və onun oğluna, həm də makler firmasının əməkdaşlarına da bildirib ki, mənzil onun üçün alınır, onun yaxın günlərdə xaricə gedəcəyi səbəbindən müqavilə hələlik onun adına rəsmiləşdiriləcək, buna görə də beh müqaviləsində Cavabdeh1 adı göstərilir. O xaricdə olduğundan mənzilin alınması üçün pul vəsaitini Bağırova Növrəstə Seyfəddin qızına Cavabdeh1 vermişdir. O, həmçinin ona bildirib ki, burada olmadığına və etibarnamə olmadığına görə, mənzili hələlik öz adına rəsmiləşdirir, o qayıtdıqdan sonra isə mənzili onun adına rəsmiləşdirəcək. O xaricdən qayıtdıqdan sonra Cavabdeh1 ona bildirib ki, mənzil üçün 64 000 (altmış dörd min) manat ödəmişdir. Tərəfindən mənzilin təmirinə 25000 (iyirmi beş min) manat sərf edilmişdir. Sonradan həmin mənzilin onun adına rəsmiləşdirilməsini tələb etdikdə, Cavabdeh1 bundan imtina edib. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, mənzil onun pul vəsaitlərinə alınmışdır, Cavabdeh1 həm mənzilə baxanda mənzil mülkiyyətçisinin yanında, həm də sonralar başqa şəxslərin, o cümlədən beh müqaviləsi bağlanan zaman iştirak edən maklerlərin yanında dəfələrlə təsdiq etmişdir ki, mənzil onun üçün alır. Qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Nəmidə xanımın bacısı onun ingilis dili müəlliməsi olmuşdur. Oradan tanış olmuşlar. Evini satdığı üçün onun əlində pul var idi. O zaman onlar onu getməyə qoymamışdırlar, onlarla yaşamağını istəmişdirlər. Sonra ona demişlər ki, sən öz adıva ala bilməzsən, ona görə də Nəmidə xanımın adına mənzil almışlar. Pulunu isə o vermişdir. Onları neçə vaxt idi tanıdığı üçün güvənirdi, etibar edirdi. Düşünməzdi onu aldadarlar. Əşyalar və təmirlə birlikdə 25000 manat xərcləmişdir. Smetada hamısı qeyd olunmuşdur. 4000 manatdan bir az çox təmir xərcinə divar kağızı, dizayner, mühəndis, yəni hərşey daxildir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduqlarını nəzərə alaraq məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X8 izahat verərək bildirmişdir ki, həmin mebellərin hansı evə alındığı təqdim olunan sübutlardan görsənmir. Alınmış əşyaların həmin evdə olmağı da sübut olunmur. Kommunal xərclər isə həmin evdə yaşayırdısa, ödəməli idi. Bu demək deyil ki, evi də o alıb. Təmir xərclərinə gəldikdə isə, bir otaqlı evə bu qədər xərc çəkilə bilməz, eyni zamanda onu təmir etməyə kimsə məcbur etmirdi. Həmçinin Cavabdeh2 MTK ilə bağlanan müqavilədən də görünür ki, onlar evi təmirli şəkildə təhvil vermişlər. Təqdim olunan sübutlar mötəbər deyil. Əşyalar ona lazımdırsa gəlib götürüb apara bilər. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bacısının tələbəsi olduğu üçün tanıyırdı. Yavaş-yavaş münasibətləri yaranmışdır. Sonradan yaşamağa yeri olmadığı üçün ona evində yer vermişdir. Yoldaşından ayrılmışdır, onu uşaqları ilə birlikdə evdən çıxarmışdır. Evdə xəstə uşağı vardır, bununla belə onlarla birgə yaşamışdır, lakin onu qalmağa heçkəs məcbur etmirdi. O yaxşılıq edib evində yer vermişdir, indi isə ona böhtan atır. Eyni zamanda onun bacısının evində qeydiyyatdadır. Onlar ona bu qədər yaxşılıq etmişlər. Mübahisə gedən mənzil onundur, bacısının yoldaşının vəsaiti hesabına almışdır. Özü də həkim işləyir. Şahid sadəcə evi biraz baha sata bilmədiyi üçün hal-hazırda ona qarşı izahat verir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında şahid qismində dindirilən Bağırova Növrəstə Seyfəddin qızı izahatında bildirmişdir ki, İzzət Həmidov küçəsi 12, mənzil 69 ünvanında yerləşən 65 min manata satmaq istədiyi evi endirim etdirərək ondan 59 min manata Cavabdeh1 alıb. Lakin alınan zaman ona deib ki, Tatiana üçün alır, öz adına alıb, sonradan onun adına keçirəcək. Tələbə olduğunu dediyi üçün endirim etmişdir, həmin zaman pula ehtiyacı var idi. Tatiana rus dillidi, o da rus dilini bilmir, bu səbəbdən Nəmidə tərcümə edirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: İş materiallarında olan qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair "Cavabdeh2" MTK ilə X6 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilənin ksero surərindən görünür ki, Nəsimi rayonu Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə Bakı şəhəri, İzzət Həmidov küçəsi, ev 16, mənzil 3-də yerləşən, yaşayış üçün təhlükəli olan 1 mərtəbəli binanın birinci mərtəbəsində 1 otaqlı mənzili olduğu yaşayış binasının söküntüsünə və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, tikiləcək yeni binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 19.5 kv.m olduğu halda, faktiki ümumi sahəsi 20.39 kv.m həddində və ondan 15%-dək sahə əlavə edilməklə uyğun mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, sifarişçi isə inşa edilmiş bu mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh1 ilə Bağırova Növrəstə Seyfəddin qızı arasında bağlanan “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin xx.xx.2019-cu il tarixli beh müqaviləsindən görünür ki, Nəsimi rayonu, İ.Həmidov küçəsi 11-ci mərtəbə ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m olan əmlak 60.000 manata satılır, 3400 manat məbləğində beh verilmişdir. İş materiallarında olan "Cavabdeh2" MMC ilə Cavabdeh1 arasında bağlanan 07/02 saylı, xx xxxxxx 2019-cu il tarixli mənzil inşaatı müqaviləsinin ksero surətindən görünür ki, inşaatçı Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa etdiyi yaşayış binasının “”A” blokunun, 11-ci mərtəbəsində yerləşən, Süleyman Rüstəm küçəsi istiqamətində, ümumi inşaat sahəsi 37.03 kv.m 1 otaqlı olan təmirli mənzil ilə təmin etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 07/02 saylı Mənzil inşaatı müqaviləsi Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa etdiyi yaşayış binasının “A” blokunun, 11-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 37.03 kv.m 1 otaqlı olan təmirli mənzil üzrə "Cavabdeh2" MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan “xxxxxxxxx” Dizayn Studiyası MMC-nin xx.xx.2019-cu il tarixli, 13/19 saylı smetanın əslindən görünür ki, mənzilin təmiri ilə bağlı İddiaçı tərəfindən 4185.1 manat ödənilmişdir. İş materiallarında olan “xxxxxxxxx” Dizayn Studiyası MMC-nin xx.xx.2019-cu il tarixli, 15/19 saylı smetanın əslindən görünür ki, mənzilin təmiri ilə bağlı İddiaçı tərəfindən 4362 manat ödənilmişdir. İş materiallarında olan “xxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 557578 saylı və xx.xx.2019-cu il tarixli, 557579 saylı satış fakturalarının əslindən görünür ki, 1750.31 və 30 manat ödənilmişdir. İş materiallarında olan “xxxxxxxx” QSC-nin xx xxxxxx 2019-cu il tarixli, 94514 saylı hesab-fakturanın əslindən görünür ki, elektrik məişət əşyalarının alınması üçün 6440 manat ödənilmişdir. İş materiallarında olan kommunal xərclərin ödənilməsinə dair 4 ədəd qəbzlərdən görünür ki, 105 manat İddiaçı tərəfindən ödəniş edilmişdir. (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün) Məhkəmə iddia tələbinə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Belə ki, iş üzrə şahid kimi dindirilmiş mübahisəli mənzilin əvvəlki sahibinin qanuni nümayəndəsi Bağırova Növrəstə Seyfəddin qızının mənzili 59000 manata İddiaçı satdığını bildirməsini, yerli baxış zamanı "Cavabdeh2" MMC-nin nümayəndəsi tərəfindən eyni vəziyyətdə təhvil verilən mənzillərə baxış keçirilməklə hazırkı mənzildə fərqli təmir olduğunu, “xxxxxxxxx” Dizayn Studiyası MMC-nin 15/19 saylı, xx.xx.2019-cu il tarixli smetasında, “xxxxxxxx” QSC-nin xx xxxxxx 2019-cu il tarixli, 94514 saylı hesabfakturasında, “xxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 557578 saylı və xx.xx.2019-cu il tarixli, 557579 saylı satış fakturalarında qeyd edilənlərin həmin mənzildə aşkar edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mənzil iddiaçının əmlakı hesabına aldığı, iddiaçı tərəfindən cavabdehin mənzili təmir olunduğu və əşyalarla təmin olunduğu sübuta yetirildiyindən ödənilmiş pul və əşyalar cavabdehin qanunsuz sahibliyindən geri alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Tələbin əmlaka yönəldilməsi ilə bağlı məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələb icra sənədinin icrasını təmin edən məcburi icra tədbirlərindən biridir. İcra haqqında Qanunun 45-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (maddə 45.1). İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (maddə 45.2). Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur (maddə 45.3). Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər (maddə 45.4). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir (maddə 45.5). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (maddə 45.6). Cavabdeh1 əməlində CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməllər olduğuna görə xüsusi qərardad çıxarılıb prokurorluğa məlumat verilməsi ilə bağlı məhkəmə hesab edir ki, hazırkı mübahisə mülki xarakterli mübahisə olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir iddia qismən təmin edilməli, Cavabdeh1 59000 manat (mənzilin alınması üçün verilən pul), 4185.1 manat (təmir xərci), 1780.31 manat (sanitar avadanlıqların dəyəri), 200 manat (balkondakı plastik şkafın dəyəri), 1300 manat (mətbəx mebelinin dəyəri), 112 manat (8spotun dəyəri), 1000 manat (1 ədəd OCU kombinin dəyəri), 680 manat (mebelli arakəsmənin dəyəri), 700 manat (Gree GÜH12ACD-K3NNA1A kondisionerin dəyəri), 1200 manat (tv stendin dəyəri), 40 manat (balkondakı plafonun dəyəri), 105 manat (kommunal xərclər) ümumilikdə 70302.41 manat pul və 1 ədəd soyuducu Samsung RB 33J3200SA/ÜT (dəyəri 1300 manat), 1 ədəd Samsung WF8590NLM9YLP paltaryuyan maşın (dəyəri 600 manat), 1 ədəd Hotpoint- Ariston FA2 841 JH BL soba (dəyəri 630 manat), 1 ədəd Hotpoint Ariston PC 631 (BK)/HA bişirmə paneli (dəyəri 360 manat), 1 ədəd Bosch DHU662BQ aspirator (dəyəri 250 manat), 1 ədəd Samsung UE43NU7090UXRU TV (dəyəri 1500 manat), krovat+tumba (dəyəri 560 manat), 1 ədəd holl üçün tumba, 1 ədəd holl üçün güzgü (dəyəri 120 manat), jurnal masası və divan (dəyəri 1500 manat), matras (dəyəri 800 manat), 1 ədəd trumo (dəyəri 70 manat), 1 ədəd puff (dəyəri 80 manat) olan əşyalar və ya onların pul əvəzi tutulub İddiaçı verilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğu üçün ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehə aid edilməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 59000 manat (mənzilin alınması üçün verilən pul), 4185.1 manat (təmir xərci), 1780.31 manat (sanitar avadanlıqların dəyəri), 200 manat (balkondakı plastik şkafın dəyəri), 1300 manat (mətbəx mebelinin dəyəri), 112 manat (spotun dəyəri), 1000 manat (1 ədəd OCU kombinin dəyəri), 680 manat (mebelli arakəsmənin dəyəri), 700 manat (Gree GÜH12ACD-K3NNA1A kondisionerin dəyəri), 1200 manat (tv stendin dəyəri), 40 manat (balkondakı plafonun dəyəri), 105 manat (kommunal xərclər) ümumilikdə 70302.41 manat pul tutulsun və 1 ədəd soyuducu Samsung RB 33J3200SA/ÜT (dəyəri 1300 manat), 1 ədəd Samsung WF8590NLM9YLP paltaryuyan maşın (dəyəri 600 manat), 1 ədəd Hotpoint-Ariston FA2 841 JH BL soba (dəyəri 630 manat), 1 ədəd Hotpoint Ariston PC 631 (BK)/HA bişirmə paneli (dəyəri 360 manat), 1 ədəd Bosch DHU662BQ aspirator (dəyəri 250 manat), 1 ədəd Samsung UE43NU7090UXRU TV (dəyəri 1500 manat), krovat+tumba (dəyəri 560 manat), 1 ədəd holl üçün tumba, 1 ədəd holl üçün güzgü (dəyəri 120 manat), jurnal masası və divan (dəyəri 1500 manat), matras (dəyəri 800 manat), 1 ədəd trumo (dəyəri 70 manat), 1 ədəd puff (dəyəri 80 manat) olan əşyalar və ya onların pul əvəzi İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar