Məhkəmə qərarları › İş №2(009)-1644/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1644/2025

17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1644/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi (video zəng vasitəsilə) iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1944-cü ildə mərhum X9 ilə mərhum X1 birgə yaşayışından Tovuz rayonu Çatax kəndində doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1944-cü ildə Tovuz rayonu Çatax kəndində mərhum X9 ilə mərhum X1 birgə yaşayışından doğulmuşdur. X4 xx.xx.1969-cu ildə, anası X3 isə xx.xx.2002-ci ildə vəfat etmişdir. Hazırda mərhum ata-anasından qalan mirasla bağlı ondan doğum haqqında şəhadətnamə tələb edilmişdir. Doğum haqqında şəhadətnaməsinin əsli olmadığına görə dublikatının verilməsi üçün Tovuz regional "ASAN XİDMƏT” X11nə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi onun barəsində doğum akt qeydinin tapılmadığını bildirərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Ona görə də onun xx.xx.1944-cü ildə doğulmağı faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Hesab edir ki, onun xx.xx.1944-cü ildə mərhum X9 ilə mərhum X1 birgə yaşayışından doğulmağı faktı məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun böyük qardaşıdır, o özü 1949-cu ildə anadan olmuşdur. Ərizəçi isə 1944-cü ildə Tovuz rayonu, Çatax kəndində anadan olmuşdur. Onların X4, anası X3 olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan Ərizəçi məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1944-cü ildə Tovuz rayonu, Çatax kəndində doğulmuşdur. - Tovuz rayonu, Çatax kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 1949-cu il təvəllüdlü X2 rayonu, Çatax kəndində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı X12, ana qrafasında milliyyəti azərbaycanlı X3 qeyd edilmişdir. - Tovuz rayon Çatax kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 476351 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 oktyabr 1969-cu ildə Tovuz rayonu, Çatax kəndində vəfat etmişdir. - Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 476350 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 may 2002-ci ildə Tovuz rayonu, Qandallar kəndində vəfat etmişdir. - Maraqlı şəxs 12 iyun 2025-ci il tarixli arayışından görünür ki, barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Tovuz rayon qeydiyyat şöbəsi üzrə 1950-1962-ci illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Tovuz rayon qeydiyyat şöbəsi üzrə 1935-1948-ci illər ilkin, 1936-1949-cu illər üzrə bərpa akt qeydləri saxlanılmır. - Maraqlı şəxs 20 iyun 2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə Bakı şəhəri Ö.F.Nemanzadə küçəsində yaşayan Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək Tovuz rayonunun Çatax kəndində doğulduğunu bildirmişdir. Vətəndaş Tovuz regional "ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsindən barəsində təkrar doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məlumat üçün bildiririk ki, "Vətəndaşlıq vəziyyəti Aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, vətəndaş Ərizəçi doğumu barəsində Tovuz rayonu üzrə heç bir məlumat aşkar olunmamışdır. Ərizəçi vətəndaş Ərizəçi doğum akt qeydinin bərра edilməsini xahiş etmiş, müvafiq sənədləri təqdim etmədiyindən Ərizəçi doğumunun bərpa edilməsi Tovuz regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində mümkün olmamışdır. Bu səbəbdən Ərizəçi doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Əsaslandırıcı hissə: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1944-cü il tarixində Tovuz rayonu, Çatax kəndində anadan olmuşdur. Qeyd edilən xüsusatlar tədqiq edilmiş sübutlarla, o cümlədən Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin surətində olan məlumatlarla və şahid ifadəsi ilə də öz təsdiqini tapır. İş materiallarında olan Tovuz rayonu, Çatax kənd Sovetliyi tərəfindən verilmiş ərizəçinin qardaşına məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 oktyabr 1949-cu il təvəllüdlü X2 rayonu, Çatax kəndində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı X12, ana qrafasında milliyyəti azərbaycanlı X3 qeyd edilmişdir. Məhkəmə, həmçinin ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsini və verilmiş sənəddə ona məxsus məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmiş və ərizəçi həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Sonradan doğum haqqında şəhadətnaməsini itirmiş, başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpası mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1944-cü ildə Tovuz rayonu, Çatax kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1944-cü ildə Tovuz rayonu, Çatax kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X9 - milliyyəti azərbaycanlı, ana qrafasında isə X3 - milliyyəti azərbaycanlı məlumatları qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4- cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1944-cü ildə Tovuz rayonu, Çatax kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X9 - milliyyəti azərbaycanlı, ana qrafasında isə X3 - milliyyəti azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi doğumu haqqında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar